ADP xalqımızı İlham Əliyevin ətrafında birləşməyə çağırdı

69

“Bu nailiyyətlər düşmən üzərində tam qələbə əldə edilənə qədər davam etdirilməlidir”

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbvuat xidmətindən verilən məlumata görə, toplantıda Azərbaycan dövlətinin işğal altında olan torpaqlarının işğaldan azad edilməsi istiqamətində apardığı hərbi əməliyyatlar müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq bəyanat qəbul edilib. Bəyanatda qeyd olunur:

ADP dövlətimizin Dağlıq Qarabağın erməni faşistlərindən azad olunması istiqamətində başlatdığı hərbi-siyasi strategiyanı, ordumuzun işğal olunmuş ərazilərimizin düşmən qüvvələrindən xilas olunması üçün göstərdiyi rəşadətli döyüş qabiliyyəti nəticəsində əldə etdiyi hərbi naliyyətləri yüksək dəyərləndirir və bu nailiyyətlərin düşmən üzərində tam qələbə əldə edilənə qədər davam etdirilməsininın vacibliyini bildirir.

ADP eyni zamanda hazırkı şəraitdə dövlət başçısı İ.Əliyevin işğal olunmuş torpaqlarımızın erməni təcavüzündən azad edilməsi üçün üzərinə düşən ali vəzifənin layiqincə öhdəsindən gəldiyini bildirir, onun bu müharibəni beynəlxalq hüquq çərçivəsində aparılması üçün göstərdiyi səyləri, ayrı-ayrı kürsülərdən Ermənistan rəhbərliyinin təcavüzkar niyyətlərini ifşa etmək bacarığını yüksək qiymətləndirir və bütün siyasi qüvvələri, eləcə də xalqımızı Ali Baş Komandan ətrafında yumruq kimi birləşməyə və tək bir can olmağa səsləyir.

ADP haqq davamızın getdiyi bir vaxtda Milli Ordumuzun düşmən üzərində parlaq qələbələr əldə etməsini, hər cür təxribatlara, avantürist cəhdlərə, işğal edilmiş ərazilərimizdə ermənilərin illər ərzində qurduğu mühəndis istehkam qurğularının olmasına baxmayaraq əzmlə, milli ruhla irəliləyərək misli görünməyən hərbi üstünlüklər əldə etməsini alqışlayır və xalqımızın bütün təbəqələrini ordumuzla bir nəfəs almağa, onun uğurlar qazanması üçün malından, mülkündən, canından keçməyə hazır olmağa çağırır.

ADP Azərbaycanın şanlı ordusunun erməni faşistləri üzərində əldə etdiyi hərbi nailiyyətlərdən əndişəyə düşən Ermənistan hərbi-siyasi rəhbərliyinin təxribatlara əl atmasını, öz zəifliyini anladıqca müharibənin aparıldığı Qarabağ ərazisindən kənar ərazilərə beynəlxalq hüququn ziddinə olaraq raket zərbələri endirməsini, mülki, dinc əhalimizi atəşə tutmasını qətiyyətlə pisləyib və bu cür antiinsani hərəkətlərin onların məkirli niyyətlərindən irəli gəldiyini və əsas məqsədlərinin Azərbaycanı iç savaşdan yayındıraraq müharibə coğrafiyasını iki ölkə sərhədlərinə keçirməklə üçüncü qüvvələrin də bu müharibəyə cəlb edilməsi olduğunu bildirir.

ADP Milli Ordumuzu bu hərbi provakasiyaların qarşısını qətiyyətlə almağa, yeri gələrsə bu hərbi hücumların istinad nöqtələrini susdurmaq üçün adekvat addımlar atmağa, hərbi obyektlərimizin, strateji əhəmiyyətli ərazilərimizin qorunması üçün ən radikal əks hücumlar təşkil etməyə və bütün cəbhə boyu düşmənin susdurulması, onların dislokasiya olunduğu hərbi bazaları, hədəf nöqtələrini darmadağın etməyə və tarixi ərazilərimizin işğaldan tam azad edilməsi üçün öz döyüş qabiliyyətini tam ortaya qoymağa çağırıb.

ADP dövlətimizin erməni təcavüzünə qarşı apardığı mübarizədə, işğal olunmuş tarixi, əzəli ərazilərimizin geri qaytarılmasında bizimlə həmrəy olan, haqq davamızı müdafiə edən dövlətlərə, ilk növbədə qardaş Türkiyə, Pakistan və digər dövlətlərə öz minnətdarlığını ifadə edib və digər türk və müsəlman dövlətlərini öz dini, milli qardaşlıq borcunu yerinə yetirmək naminə Azərbaycan xalqına dəstək olmağa çağırıb.

KƏNAN