ADP sədrindən Qərbi Azəbaycan Respublikasına DƏSTƏK

117

Sərdar Cəlaloğlu: “Bu ideya qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarında məskunlaşmasına gətirib çıxarmalıdır”

“Haqqı, ədaləti müdafiə edən bütün qüvvələr Qərbi Azərbaycan Respublikasına dəstək verməlidir”

“Təkcə Azərbaycan dövləti yox, buna həm Türkiyə, həm  də Pakistan, yəni Azərbaycan xalqının dostu olan, haqqı, ədaləti müdafiə edən bütün qüvvələr dəstək verməlidir”

Ötən ay elan olunan Mühacirətdə Qərbi Azəbaycan (İrəvan) Respublikası xalqımıza, dövlətimizə məxsus torpaqların qaytarılması yolunda uğurlu bir ideyadır. Məlum olduğu kimi, bu istiqamətdə xeyli işlər görülüb, artıq Respublikanının bəzi strukturları formalaşdırılıb. Qarşısına böyük hədəflər qoyan Mühacirətdə Qərbi Azəbaycan (İrəvan) Respublikası cəmiyyətdən, siyasi partiyalardan da ciddi dəstək almaqdadır. Maraqlıdır ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun bu ideyaya münasibəti necədir?

– Bundan qabaq da qərbi azərbyacanlılar Mühacirətdə Qərbi Azərbyacan Hakimiyyəti adında bir şey yaratmışdılar. Amma qeyri-ciddi adamlar bununla  məşğul olurdu. Təbii ki, bu, çox böyük bir ideyadır. Əslinə baxsan, Azərbaycanın tarixi torpaqlarına Azərbaycan xalqının iddiasıdır. Eləcə də dədə-baba torpaqlarından çıxarılmış insanların öz dədə-baba torpaqlarına sahib çıxmaq fikridir. Yəni faktiki olaraq kifayət qədər ciddi bir iş aparılarsa, prinsipial iş görülərsə, bunun elə bilirəm ki, çox böyük əhəmiyyəti olar. Zatən, İrəvan da daxil olmaqla, Ermənistan ərazisinin böyük bir hissəsi Azərbaycan xalqınındır. Ona görə də rusların köməyi ilə verilmiş torpaqları biz geri qaytarmağa çalışmalıyıq. Necə ki, yəhudilərin “sion” ideyası sonda onların İsrailə məskunlaşmasına gətirib çıxardı, eləcə də qərbi azərbaycanlıların Qərbi Azərbaycan (İrəvan) dövləti  ideyası da onların öz dədə-baba torpaqlarında məskunlaşmasına gətirib çıxarmalıdır. Amma bunun üçün çox ciddi işləmək lazımdır, ciddi adamlar bununla məşğul olmalıdır.

– Bu ideyanın perspektivlərini necə görürsünüz? Qarşıya qoyulan hədəflərə çatmaq mümkündür?

-Təbii ki, bu, indiki konyukturada mümkün deyil. Çünki  birmənalı şəkildə bu problemi Rusiya yaradıb. Ona görə, uzun müddətdir bu problem var. Rusiya zəifləcəyi təqdirdə və Azərbaycan öz arxasına kifayət qədər güc topladıqdan sonra mənə elə gəlir ki, bu, ideya çox realdır.

– Qərbi Azərbaycan (İrəvan) Respubilkası məsələsini gündəmə gətirməklə, Dağlıq Qarabağ və işğal olunan ətraf rayonlarla bağlı danışıqlar prosesində üstünlük əldə etmək mümkün olacaq?

– Bunun ona aidiyyatı yoxdur. Dağlıq Qarabağ  da, İrəvan və onun ətrafında olan torpaqlar da Azərbaycanındır. Ona görə də, biz bir torpaqlarımızı başqa bir torpaqlarımızı azad etməkdə vasitə kimi istifadə etməməliyik. Çünki həm Qarabağ, həm də İrəvan bizimdir. Bunları biri-birinə vasitə kimi istifadə etmək olmaz.

-Sərdar bəy, İrəvanın da hüdudlarına daxil olduğu bu Respublika Qərb dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən necə qarşılana bilər?

– Əgər bu ideya kifayət qədər beynəlxaql hüquq normaları ilə əsaslandırılsa, təbii ki, beynəlxalq hüquq çərçivəsində ciddi reaksiya olacaq. Amma bunu sadəcə olaraq bir populist ideya kimi ortalığıa atacaqlarsa və arxasınca getməyəcəklərsə, xüsüsən beynəlxalq hüquqa müraciət etməyəcəklərsə, Ermənistan-Azərbaycan arasındakı müqavilələri gündəmə gətirməyəcəklərsə, heç bir əsası olmayacaq.

– Sizcə, Azərbaycan dövləti Qərbi Azərbaycan (İrəvan) Respublikasına açıq şəkildə dəstək verməlidir?

-Təkcə Azərbaycan dövləti yox, buna həm Türkiyə, həm  də Pakistan, yəni Azərbaycan xalqının dostu olan, haqqı, ədaləti müdafiə edən bütün qüvvələr dəstək verməlidir.

Şamo EMİN, Hurriyyet.org