ADP koronavirusa yoluxma hallarının kəskin artmasının səbəbini açıqladı

171

“Vətəndaşların böyük əksəriyyətinin real gəlirləri vaxtında tibbi müayinələrdən keçməyə imkan vermir”

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantının gündəliyində ölkədə son günlər koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının kəskin artması məsələsi müzakirə olunub. Müzakirələrdə qeyd edilib ki, xəstəliyin yayılmasının və çoxlu sayda insan tələfatına səbəb olmasının obyektiv səbəblərindən biri bu günədək bu virusa qarşı effektli müalicə vasitələrinin hələ də olmamasıdır. Odur ki, cəmiyyətimizin bu bəladan qorunması üçün hər bir vətəndaş şəxsi qorunma vasitələrindən istifadə etməlidir.

İdarə Heyəti ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının kəskin artmasını nəzərə alaraq bir daha ölkə vətəndaşlarını zərurət olmadan kütləvi toplantılardan yayınmağa, sosial məsafə saxlamağa və davamlı olaraq şəxsi gigiyena vasitələrindən istifadə etməyə çağırıb.

İdarə Heyəti daha sonra ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının kəskin artmasının səbəblərindən biri kimi vətəndaşların böyük əksəriyyətinin real gəlirlərinin vaxtında tibbi müayinələrdən keçməyə imkan vermədiyini nəzərə alaraq, dövlətin aztəminatlı ailələrə bu sahədə güzəştlər tətbiq etməsinin vacibliyini bildirib və dövlət orqanlarını bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçirməyə çağırıb.

İdarə Heyəti son günlər iqtidar-müxalifət münasibətlərinin kəskinləşməsinə xidmət edən bəzi cəhdləri də müzakirə edərək baş verənləri qınadığını, hər iki düşərgəni Qarabağ probleminin tam və son həllinə çatmayana qədər milli birliyə ziyan verən bütün çıxışlardan imtina etməyə çağırıb. Eyni zamanda qeyd edilib ki, qarşıdakı mərhələdə dövlət və cəmiyyət olaraq qarşımızda duran bütün problemlərin həllində milli birliyimiz həlledici rol oynayacaq.

KƏNAN