Adnan Oktarı 150 ildən 1365 ilə qədər həbs cəzası gözləyir

135

Türkiyədə “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktarın (Harun Yəhya) cinayət işi üzrə məhkəmə prosesi davam edib. Türkiyəli teoloq, yəqin ki, ömrünün sonuna qədər həbsxanadan çıxa bilməyəcək.

Belə ki, bir çox cinayətlərdə, o cümlədən dövlətə qarşı əməllər törətməkdə ittiham olunaraq həbs edilən din adamına prokuror 150 ildən 1365 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib.

“Hürriyyət” xəbər verir ki, prokurorluq Adnan Oktarın mütəşəkkil cinayətkar dəstə yaratdığını hesab etmişdi. İstintaqa ümumilikdə 236 nəfər cəlb olunmuşdu, həmin şəxslərdən 78-i həbsə atılmışdı. Prokuror Adnan Oktara azı 150, çoxu isə 1365 il cəza verilməsini istəyir. Yəni teoloqun ömürlük cəza alması müzakirə mövzusudur. Eyni zamanda, digər təqsirləndirilən 13 nəfərə isə 5 ildən 12 ilə qədər həbs cəzası istənilib.

Cinayət işində çox maraqlı məsələlərdən danışılır. Məsələn, istintaqa ifadə verənlərin əksəri onun İmam Mehdi olduğuna inandığını bildirib. Dəstə üzvləri onun gördüyü hər işdə bir hikmət olduğuna inanıb.

Qeyd edək ki, cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunan A. Oktar 2019-cu ildə həbs olunub. Dini təriqət lideri olan A. Oktar sahibi olduğu kanalda “Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb.

Adnan Oktar 1956-cı ildə paytaxt Ankarada doğulub. Hələ 1986-cı ildə “Yəhudilik və Masonluq” kitabına görə həbs olunmuşdu. Bir müddət Bakırköy Ağıl Xəstəlikləri Xəstəxanasında yatıb.