Adamları gözyaşardıcı qazla qovdurub, əlində İncillə şəkil çəkdirdi – TRAMPI QINADILAR

90

Hurriyyet.org xəbər verir ki, ABŞ-da Corc Floyd adlı qaradərili amerikalının polis tərəfindən qətl edilməsindən sonra ölkə ərazisində etiraz nümayişlərinin yayılması ilə əlaqədar 40-dan artıq şəhərdə küçəyə çıxmaq qadağan edilib. Vaşinqton da daxil olmaqla, ən azı 24 ştatda milli qvardiyaçılar səfərbər edilib. Noyabrda yenidən prezident seçkilərində iştirak eləməyə hazırlaşan Tramp karyerasının ən ağır günlərini yaşayır.

ABŞ prezidenti D.Trampın polisin müşayiəti ilə Müqəddəs Con (İohann) kilsəsinə gedib əlində İncil kitabı ilə şəkil çəkdirməsi Amerikada qızğın müzakirələrə səbəb olub. Şahidlərin sözlərinə görə, Trampın oraya gəlməsindən əvvəl polis və asayiş qüvvələri bibər qazı və güc tətbiq edərək ətraf ərazini təmizləyiblər. Trampın fotosessiyası 17 dəqiqəyə yaxın çəkib. Tramp çəkiliş zamanı deyib: “Dünyanın ən böyük ölkəsinə malikik. Onun təhlükəsizliyini qoruyun”.

CNN-ə məlumat verən mənbənin sözlərinə görə, kilsənin qarşısındakı fotosessiyanın əsas səbəbi Trampın etirazlar zamanı bunkerdə gizlənməsi il bağlı yayılan şayiələrdən qəzəblənməsi olub. Ona görə də Ağ Evdən kənarda görünmək istəyib. Görünür, etirazçılar da buna görə qovulub. Ağ Evdən isə bildiriblər ki, ətraf ərazi bir neçə xəbərdarlıqdan sonra və yalnız etirazçıların Vaşinqtonda tətbiq edilən komendant saatına riayət etmədikləri üçün təmizlənib. Komendant saatı saat 7-də başlanır, Tramp isə Ağ Evdən 7.01-də çıxıb.

Müqəddəs Con (İohann) kilsəsinin yepiskopu Mariann Budde Trampın bu addımına etiraz edərək deyib: “O, kilsədən xəbər üçün fon kimi istifadə edib. Bu isə Məsihin təlimi və kilsəmizin dəyərləri ilə bir yerə sığmır”.

ABŞ-ın Yepiskopal kilsəsinin baş yepiskopu Maykl Karri də prezidentin kilsədən öz siyasi maraqları üçün istifadə eləməsini pisləyib.

Sosial şəbək istifadəçilərindən biri yazıb: “Bir kilsənin qarşısında əlində İncil tutmaq üçün, daha yaxşı bir dünya istəyən gənclərin üzərinə gözyaşardıcı qaz atılmasına icazə verib. Bu, ölkə üçün nə qədər də utandırıcıdır”.

Qeyd edək ki, srağagün gecə yarısından əvvəl Ağ Ev yaxınlığında bir neçə yerdə yanğın törədilib. Yanğınsöndürənlər Ağ Evdən bir neçə kvartallıq məsafədə yerləşən Müqəddəs Con Yepiskop Kilsəsinin zirzəmisində də  yanğın törədildiyini bildirmişdilər..

Hurriyyet.org