ACI HƏQİQƏT

20

“Hürriyyət” İsa Nəcəfovun eyni adlı kitabını ixtisarla oxucularına təqdim edir

VI HİSSƏ

Azərbaycan Respublikasının sabiq Baş prokuroru Eldar Həsənovun həbsinin bir çox detalları hələ ictimaiyyətə qaranlıq olsa da, onun bağlı olduğu qüvvələr, keçmişdə və səfir olduğu dönəmdə göstərdiyi fəaliyyət haqda məlumatlar da az deyil. 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifəsində işləyən İsa Nəcəfovun müəllifi olduğu “Acı həqiqət” kitabında da bu haqda kifayət qədər geniş məlumat yer alır. Ümumilikdə,  bu kitabın keçmişlə bağlı bir sıra proseslərə aydınlıq gətirdiyini nəzərə alıb, “Acı həqiqət”i ixtisarla oxucularımıza təqdim etməyi qərara aldıq. Buyurun, izləyin!

***

(Əvvəli ötən saylarımızda)

Səhər saat 9-a qalmış 20-ci polis bölməsinin əməkdaşlarının əksəriyyəti iş yerində idi.

Bir neçə hərbi geyimli “omon”çu bölmənin həyətinə daxil oldu. Növbətçinin yanından ötüb birbaşa bölmə rəisinin kabinetinə yan aldılar. Növbətçi bir söz deyə bilmədi. Makedon qapını itələdi, amma açılmadı. Qonşu otaqda kimsə telefonla danışırdı. Makedon qapıdakı lövhədən bildi ki, bu otaqda rəis müavini Azər İbrahimov oturur. Zərblə qapını vurub açdı, salamsız-kəlamsız içəri keçdi. Arxada gələn “omon”çu isə əlində avtomat qapının girişində dayandı. Hikkəli hökmlə, rus hərbiçilərinə xas olan qaydada İbrahimova özünü təqdim etdi.

– Mən OMON-un taqım komandirinin müaviniyəm. Sizə 30-40 dəqiqə vaxt veririk. Bu müddət ərzində həyətdə duran qara rəngli VAZ-2108 “Jiquli”ni onun salonundan götürdüyünüz qumbaraatanı qumbaralarla birlikdə, ratsiyaları və digər şeyləri qaytarıb yerinə qoymaqla aparmaq üçün hazır edin. Yoxsa buranı başınıza uçuracağıq.

İbrahimov soyuqqanlılıqla Makedona yer göstərdi. Lakin Makedon ona məhəl qoymadan çönüb getdi. Azər İbrahimov onun arxasınca çıxsa da, artıq Makedon “Jiquli”yə oturub bölmənin həyətini tərk etmişdi.

Tezliklə bölmə rəisi Aslan Dəmirov gəldi və öz ota- ğına keçdi. Azər İbrahimov hadisəni rəisə məruzə etdi. Onu dinlədikdən sonra Dəmirov telefonu götürdü. Nəsimi rayon Polis İdarəsi rəisinin nömrəsini yığdı. Dəstəkdən Əfəndiye- vin səsi gəldi:

–  Eşidirəm.

– Rəis, danışan Aslan Dəmirovdur. Beş-on dəqiqə bundan əvvəl OMON-dan gəlmişdilər. Tələbləri bu idi ki, VAZ-2108-i və onun salonundan götürdüyümüz əşyaları onlara təhvil verək.

– Dəmirov, narahat olma. Mən polis idarəsinin rəhbər heyəti ilə oraya gəlirəm.

– Gözləyirəm sizi, cənab polkovnik.

Çox keçmədən Natiq Əfəndiyev dediyi adamlarla birlikdə 20-ci polis bölməsinə daxil oldu. Növbətçinin məruzəsini dinləyib, bölmə rəisi Aslan Dəmirovun müşayiəti ilə onun iş otağına daxil oldu. Keçib iş stolunun arxasında əyləşdi. Onu müşayiət edənlər isə divar boyu yan tərəfdə cərgə ilə qoyulmuş stullarda oturdular. Sonra üzünü zabit- lərə tutub dedi:

– Siz son günlər necə gərgin yaşadığımızı bilirsiniz. Vəziyyət çox ağırdır. Özünüz də görürsünüz ki, OMON-un bazası hərbiçilər tərəfindən mühasirəyə alınsa da, onlar çox sərbəst hərəkət edirlər. Silahla bazanı tərk edir, hərbiçilərin postunu asanlıqla keçir, istədikləri azğınlığı törədirlər. Görünür, Milli Orduda kimlərisə də var. Xahiş edirəm, ara qarışdıranların hərəkətlərinə cavab verməyin. Soyuqqanlı olun. Deyəcəyim bu qədər. İndisə, Dəmirov, VAZ-2108 “Jiquli”dən götürülmüş silahlardan birini gətir baxaq.

– Baş üstə, rəis, – Dəmirov qumbaraatanı gətirdi.

Əfəndiyev silahı alıb baxmağa başladı.

Əfəndiyevin polis bölməsinə gəlməsindən bir neçə dəqiqə keçməmişdi ki, iki istiqamətdən hərbi geyimli, əlisilahlı, kəmərlərindən əl qumbaraları asılmış 30 nəfərə yaxın OMON əməkdaşı oraya hücum etdi. Öndə qrupun rəhbəri Elçin Əmiraslanov gəlirdi. O, növbətçi otağının qarşısında  dayandı. Yanındakına: “Sən üç nəfərlə “Jiquli”ni ərazidən çıxarıb yedəklə OMON-un bazasına apararsan”, – dedi. Digər əməkdaşa isə: “Silah otağından bizim silah-sursatlarımızı götürün”, – deyib bölmə rəisinin kabinetinə tərəf addımladı.

Dəmirovun kabinetində oturanlar hərbiçi çəkmələrinin tappıltısını eşitdilər. Kabinetin qapısı şaqqıltı ilə açıldı. Hərbi geyimli 20-25 yaşlarında bir qrup silahlı “omon”çu içəri daxil oldu. Balacaboylunun əlində Makarov tipli ta- panca, qalanlarında isə Kalaşnikov avtomatı vardı. “Omon”çulardan biri qapının astanasında dayandı. Ayaqlarını çiyinləri bərabərində aralı qoyub silahı atəş vəziyyətinə gətirərək hazır saxladı. Başqa birisi əlində avtomat istirahət otağına açılan qapının qarşısında qərar tutdu. O da silahı atəş vəziyyətində hazır tutmuşdu.

Balacaboy hərbiçi Qazax OMON-nun bölük komandiri, “Parabeyin” ləqəbli Elçin Əmiraslanov idi. Çünki onun baş nahiyəsinin qafa hissəsində bir parça sümük “çatışmırdı”- onu qəlpə aparmışdı.

Elçin qışqırıb polis zabitlərinə komanda verdi:

–  Üzünüzü divara çevirin.

Hövlanak yerindən qalxan polis zabitləri əsir düşmüş məzlumlar kimi əmrə tabe olaraq üzlərini divara çevirdilər.

Parabeyin əsirləri ağır söyüşlərlə təhqir etdi. Sonra Əfəndiyevin qulağından yapışaraq üzünü özünə tərəf çevirdi. Tapancasını qaldırıb Natiq Əfəndiyevə tuşladı. Əfəndiyev:

– Öldürmək istəyirsənsə, buyur öldür,  ancaq təhqirə keçmə, – dedi.

Zabitlərdən biri yerindən qalxıb Elçinə yaxınlaşdı və onu qucaqlayıb kənara çəkmək istədi. Tapançadan açılan atəşdən güllə döşəməyə dəydi. Elçin onu da söydü, amma öldürməkdən vaz keçdi, Əfəndiyevi bir daha söyüb üzünə bir-iki sillə çəkdi. Polis idarəsinin rəisi cınqırını da çıxarma- dı. Zabitlər əsirlər kimi qaliblərin qarşısında müti vəziyyətdə dayanmışdılar.

Bir azdan qapıdan boylanan “omon”çu qışqırdı:

–  Elçin, “Jiquli”ni bazaya yola saldıq.

– Yaxşı, gəlirəm, – deyərək polislərə nəzər yetirdi, bir daha onları ağır söyüşlərlə təhqir etdi, sonra qumbaraatanın götürülməsinə göstəriş verərək kabineti tərk etdi. Bölmənin silah otağında saxlanılan əşyalarını alıb OMON-un bazasına qayıtdılar.

Bir dəqiqə ərzində “omon”çular bölmədən çıxıb getdilər. Lakin şərəf və ləyaqətlərinin alçaldılması, təhqir olun- maları zabitlərin qəlbində ağır yaralar açdı, yaddaşlarında isə silinməz acı xatirələr buraxdı.

OMON isə öz fəaliyyət tarixinə yeni bir qara səhifə yazdı, cinayət siyahısının düzüm sırasını bir qədər də artırdı. Necə deyərlər: “İslanmışın yağışdan nə qorxusu”.

Bu ağır cinayət hadisəsinə nə Nəsimi rayon Prokurorluğu, nə Bakı şəhər Prokurorluğu, nə də ki, Respublika Prokurorluğu reaksiya verdi. Sanki bu ağır cinayət çox uzaqlarda, Azərbaycan Respublikasının qanunlarının işləmədiyi bir məkanda baş vermişdi, gözlər kor, qulaqlar kar olmuşdu.

Dərhal 20-ci polis bölməsinin rəisi Aslan Dəmirov rayon prokuroru Yusif İldırımzadəyə telefonla hadisə barədə məlumat verdi, hətta yazılı müraciət etdi, lakin  bir tədbir görülmədi. Niyə? OMON-un qorxusundanmı?! Bütün bunlar ən azı Cavadov qardaşlarının qarşısında pis adam olmamaqdan ötrü atılmış addımlar idi.

Hamı da qorxu içində susurdu – səlahiyyət sahibləri olanlar da, olmayanlar da, kriminogen vəziyyətlərə nəzarət edənlər də, cinayətkarlığa qarşı mübarizə aparan vəzifə sahibləri də. Yalnız bir şəxsdən başqa, hansı ki, hamı ümi- dini ona bağlamışdı.

 

Hesabat

Nəriman İmranov işə hamıdan tez gəlmişdi. Köməkçisi onu qarşılayıb axşam baş vermiş hadisə barədə məruzə etdi.

– Cənab nazir, gecə istintaq təcridxanasından Arif Paşayev, Əlikram Hümbətov, Baba Nəzərli və Rəhim Qazıyev qaçıb. Baş nəzarətçi Faiq Mirzəyev də yoxa çıxıb, tapa bilmirlər. Görünür, bu işi təşkil edən də elə odur.

Nəriman İmranov sifətinə bir hiddət, təəccüb ifadəsi verdi. Tez iş otağına keçib istintaq təcridxanasına məsul müavini Namiq Abbasovu yanına çağırdı.

Qapı döyüldü, Namiq Abbasov içəri daxil oldu.

– Sabahınız xeyir, Nəriman müəllim.

– Gəlin əyləşin, Namiq müəllim. Axı bu necə ola bilər?! Kimin vasitəçiliyi və köməkliyi ilə onlar qaçıblar?

Namiq Abbasov stol arxasına keçib əyləşdi. Bir azca gövdəsini sağa çevirib üzünü İmranova tutaraq dedi:

– Təfsilatı ilə heç nə deyə bilmərəm. Lakin baş nəzarətçi Faiq Mirzəyevin olmaması mənə əsas verir deyim ki, dustaqların qaçışını o təşkil edib. Bunu bir fakt da sübut edir ki, Faiq gecə növbədə olan nəzarətçiləri bir şüşə arağa qonaq edib. Yemək vaxtı onlar araq içiblər. Sonra da hamısı yatıb. Bundan sonra nə baş verdiyini özləri də yadlarına sala bilmirlər.

Bu anda Prezidentin birbaşa telefonu zəng çaldı. Nəriman İmranov bu zəngi gözləsə də, diksindi. Cəld dəstəyi qaldırdı.

– Sizdə nə hadisələr baş verir? Bu ki, biabırçılıqdır. İndiyə qədər KQB tarixində belə eybəcər hadisə baş verməyib. Dərhal hadisəni araşdırıb mənə məlumat verin.

– Baş üstə, cənab Prezident, Namiq Abbasov da yanımdadır, istintaq təcridxanasına o baxır, indi araşdırıram.

Prezident dəstəyi yerinə qoydu, rabitə kəsildi. Nəriman İmranov Prezidentin səsinin ahəngindən başa düşdü ki, başladığı bu əməliyyatın sonu heç də onun üçün yaxşı qurtarmayacaq. Telefonun dəstəyini ehmalca yerinə qoydu.

– Namiq müəllim, təcili hadisə ilə bağlı aidiyyəti olan əməkdaşların izahatlarını alın.

– Oldu, cənab nazir, – deyə Namiq Abbasov yerindən qalxdı. Nazirin gözlərinə bir anlıq diqqətlə baxıb qapıya doğru getdi. “Əməliyyatı özü qurub, indi də məni güdaza vermək istəyir. Gələndən bəri hansı müavininə müstəqillik verib ki?! Heç kimə. Elə baxışlarından da görünür ki, çox- bilmiş quş dimdiyindən tələyə düşən kimi elə bu da tələyə düşüb”, – Namiq Abbasov düşüncələr içində İmranovun iş otağını tərk edərək qəbul otağına çıxdı. Nazirin köməkçisi- nin də müəmmalı halını görüb dəhlizə açılan qapıya ya- naşdı, qapını açıb ayağını dəhlizə basdı.

Kabinetinə gedərkən daxilən özü-özünə sual verdi:  “Görəsən, nazir kim olacaq?” O, əmin idi ki, bu gün də olmasa, sabah Prezident Nəriman İmranovu işdən çıxaracaq. “O hətta həbs oluna  da bilər”, – deyə fikrindən keçirdi.

Abbasov kabinetinə daxil oldu. Masasının arxasına keçib kresloya oturdu. Bu anda PATS xəttinə qoşulmuş telefonun zəngi çalındı, dəstəyi götürdü.

– Salam, Namiq müəllim, Əli Ömərovdur. Rəhimgil qaçıblar? Bu, doğrudurmu?

– Əleykum salam, Əli müəllim. Belə bir hadisə olub. İndi xidməti yoxlama aparmağa başlamışıq.

– Xidməti yoxlamanızı aparın. Ancaq indi Respublika Prokurorluğunun xüsusi mühüm işlər üzrə baş müstəntiqi Füzuli Məmmədov nazirliyə gələcək. Ona şərait yaradın ki, faktla bağlı ilkin təhqiqat işləri aparsın. Cinayət işini başlasın.

Nəriman İmranovun qəlbi narahatlıqdan titrədi.

– Yaxşı, indi göstəriş verərəm, – deyib sağollaşdı.

Telefon bir də səsləndi, nazir dəstəyi qaldırdı:

–  Bəli, eşidirəm.

– Salam, Nəriman müəllim, on dəqiqəyə Prezidentin qəbulunda olmalısınız, – Tariyel həmişə olduğu kimi yeknəsəq səslə dedi.

Nəriman İmranov var gücünü toplayıb daxili həyəcanını boğmağa çalışdı. Bu görüşün olduqca pis nəticə ilə bitəcəyini dərk edirdi, lakin ümidini də üzmədi. Çünki daxili vəzifə bölgüsünə görə istintaq təcridxanasının kuratoru Namiq Abbasov idi. Lakin unudurdu ki, nazir vəzifəsini icra etməyə başlayan gündən müavinlərinin funksiyaları, səlahiyyətləri formal xarakter daşıyır. Çünki bu, hərbiləşdirilmiş xüsusi təyinatlı bir orqan idi. Sovet dövründən qalma əməkdaşlar arasında bir-birinə inam və rəhbərə danışıqsız tabeçilik hələ də öz qüvvəsində qalmışdı.

Nazir yerindən durub güzgüdə qalstukunu düzəldərək iş otağını tərk etdi.  Prezidentin qəbul otağına daxil olarkən müavinlərini orada gördü. Beş dəqiqədən sonra onları Prezidentin iş otağına dəvət etdilər.

Bir saatdan sonra onlar Prezidentin iş otağından çıx- dılar. Birinci Namiq Abbasov, sonra digərləri qapıda göründülər. İmranov bənizi ağarmış, ruhən çökmüş görkəmdə idi.

Tariyel və qəbul otağında olanlar başa düşdülər ki, Nəriman İmranov nazir vəzifəsindən azad edilmişdir.

Axşam xəbərlər proqramında Prezidentin Fərmanı oxundu:

Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Nəriman Şamo oğlu İmranovun Milli Təhlükəsizlik Nazirliyinin işinin təşkilində ciddi nöqsanlara, öz vəzifə borcunun yerinə yetirilməsində səhlənkarlığa yol verdiyini nəzərə alaraq, “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının qanununu rəhbər tutaraq qərara alıram:

Nəriman Şamo oğlu İmranov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev.

Bakı şəhəri, 22 sentyabr, 1994-cü il.

(Ardı var)