ACI HƏQİQƏT

126

(Əvvəli ötən saylarımızda)

Baş prokuror birinci müavini ilə Namiq Abbasovun kabinetinə daxil olanda Ramil Usubovun orada olduğunu gördülər. Əl verib görüşdülər. Namiq müəllim oturmalarını təklif etdi. Eldar Həsənov yerini rahatladıqdan sonra birinci müavininə müraciət etdi:

– İsa müəllim, Prezidentin tapşırığına əsasən biz sizinlə bir məsələni araşdırmalıyıq. Prezident bu tapşırığı üçümüzə tapşırıb. Namiq müəllim, xahiş edirəm,  o ərizəni və sənədləri mənə verəsiniz.

Namiq müəllim stolun üstündən səliqə ilə tikilmiş, ağ cildli qalın iş qovluğunu götürdü və onu Eldar Həsənova uzatdı. İki dəftər vərəqi həcmində yazılan ərizəni də dostuna ötürdü.

Baş prokuror ərizəni qovluğun üstünə qoyub birinci müavininin qarşısına itələdi. Kinayəli bir təbəssümlə dedi:

– İsa müəllim, tanış olun. Ərizəni oxuyun və sənədlərə baxın. Diqqətli olun, çünki cavab verməli olacaqsınız.

Eldar Həsənovun hərəkətlərini, üzünün mimikalarını diqqətlə izləyən Nəcəfov ürəyindən keçirdi: “Vay nadan əlindən!”

O, sakitcə ərizəni götürüb sürətlə oxumağa başladı. Kənardan bu səhnəni müşahidə edən Ramil Usubov dərindən köksünü ötürdü. Etirazlı  bir tonla dedi:

– Vallah, bunların hamısı cəfəngiyyatdır. Bu İbadov dələduzun biridir, mən ona inanmıram.

Özünü çəkib oturmuş Namıq Abbasov da təkəbbürlə dedi:

– Ramil müəllim, xüsusi əhəmiyyət kəsb edən hər bir məlumatı yoxlamaq bizim borcumuzdur. Bu məlumat cənab Prezidentin xüsusi nəzarətindədir.

Soyuqqanlılığını qoruyub saxlayan, rəqiblərin hər bir hərəkətini və sözlərini diqqətdən qaçırmayan İsa Nəcəfov ərizəni qovluğun üzərinə qoydu. Ərizədəki ilk üç cümlənin məzmunu ona kifayət elədi ki,  rəqiblərini asanlıqla məğlub etsin, çünki ərizədəki faktlar həqiqətə uyğun deyildi.

– Eldar müəllim, İbadov yalan deyir. O dediyi məsələ ilə mənim qəbuluma gəlməmişdi. Onun tələbi başqaydı.

Ramil Usubovun eyni açıldı.

– Axı neçə gündür sizə deyirəm ki, o, yalan danışır.

Eldar Həsənov hikkəli halda:

– İsa müəllim, ərizəni axıracan oxuyub sənədlə tanış olmadınız. Axı onlar sizə gələcəkdə lazım olacaq.

– Eldar müəllim, bu sənədlər  nə indi, nə də gələcəkdə mənə lazım olacaq.  (O, burada səhvə yol verirdi, çünki bir zaman gələcəkdi ki, o, toplanmış bu sənədlər əsasında deyil, faktlar haqqında xatirələrini yazacaqdı – müəllif.). Bəlkə, elə sizə lazım oldu.

Baş prokuror üzünü Namiq Abbasova tutdu:

–  Namiq müəllim, siz nə deyirsiniz?

– Eldar müəllim, əgər İsa müəllim faktı təkzib edirsə, onu İbadovla üzləşdirərik.

Namiq Abbasovun təklifini eşitdikdən sonra Eldar Həsənov üzünü Ramil Usubova tutdu:

–  Ramil müəllim, siz nə deyirsiniz?

– Özünüz bilin, mən sözümü demişəm. İbadov maşennikdir. Özünüz görəcəksiniz.

Rəqiblərinin pərt olmuş çöhrələrini müşayiət edən birinci müavin daxili istehzasını güclə gizlətməyə çalışırdı. Bu səhnə olduqca gülməli vəziyyət almışdı; iki əməliyyatçı bir istintaqçıya qarşı.  Bu isə əsl qarşıdurmaydı.

Eldar Həsənov dedi:

– Namiq müəllim, xahiş edirəm, göstəriş verin İbadovu gətirsinlər.

Namiq Abbasov Həsənovun xahişini yerinə yetirmək üçün lazımi göstərişi verdi. Sonra qonaqlara kabinetin girəcəyində qoyulmuş stolun ətrafında oturmağı təklif etdi. Çünki indiki masa üzləşmənin praktiki şəkildə aparılmasına imkan vermirdi.

Namiq Abbasov, Eldar Həsənov, İsa Nəcəfov və Ramil Usubov həmin stolun ətrafında əyləşdilər. İbadov üçün qoyulmuş stul hər birinə onu görməyə imkan verirdi. Nəcəfov çalışdı ki, İbadova daha yaxın əyləşsin və üzləşməni özü başlasın. Bu, taktiki gediş idi. Çünki kabinet özgə idarəyə məxsusdur. İkincisi, mənsəbcə hər üç şəxs ondan yüksəydəydi. Onların prosesə rəhbərliyi arzuolunmaz nəticəyə gətirib çıxara bilərdi. İbadovda yanlış fikirlər yarana bilərdi ki, onun böhtanı baş tutub və İsa Nəcəfovun vəziyyəti çıxılmazdır.

Bir neçə dəqiqədən sonra nəzarətçi İbadovu nazirin otağına gətirdi. Namiq müəllim İbadov üçün ayrılmış stulu ona göstərərək oturmasını tələb etdi. İbadov stula oturarkən Nəcəfovun təmkinli simasını gördü və dərhal başını aşağı saldı.

Birinci müavin heç kimə fürsət vermədən dedi:

– İbadov, başınızı qaldırın və diqqətlə mənə baxın. Siz mənim qəbulumda olanda məgər mənə dediniz ki, sizin qızınızın əri olan polis kapitanı öz qardaşı ilə birgə Afiyəddin Cəlilovu öldürüb? Siz mənim qəbuluma tək gəlmişdiniz, yoxsa sizi qəbula kimsə gətirmişdi?

– İsa müəllim, ərizəmdə göstərdiklərim düz deyil. Heç izahatlarım da düz deyil.  Mən onları düz yazmamışam. İstədim deyəm, ancaq qorxumdan deyə bilmədim.

– Nədən qorxdunuz? Kimsə sizə hədə-qorxu gəlirdi? Bunu hardan bilirsiniz ki, Afiyəddin Cəlilovu sizin qohumlar öldürüb?

Bundan sonra aləm qarışdı. Sarsılmış Namiq Abbasov və Baş prokuror təhdid etsələr də, İzzət İbadov dediyindən dönmədi. Araya bir anlıq sükut çökdü. İbadov bundan istifadə edərək dilləndi:

–  Ramil müəllim, Bayıl həbsxanasında çox yaxşı qayda-qanun var,  heç kimi incitmirlər, yeməkləri də yaxşıdır. Nəzarətçilər bizimlə insan kimi rəftar edirlər. Eldar müəllim,  içəridəkilər həmişə sizin ədalətinizdən danışırlar.

Vəziyyətin belə olacağını gözləməyən Baş prokuror Eldar Həsənov müavini İsa Nəcəfova İbadovu hazırlanmış kabinetə aparıb dindirməsinə göstəriş verdi.

– Eldar müəllim, bunun üçün müstəntiq var. O, İbadovu ərizəsi üzrə dindirəcək. Onu dindirmək mənim səviyyəmdə deyil.

– İsa müəllim, protokol-ifadə bizə lazımdır ki, onun təfsilatını məruzə edək.  Namiq müəllim, düz deyirəm?

Baş prokuror nazirə sual dolu nəzərlərlə baxdı.

– Bəli, Eldar müəllim.  Mən sizinlə razıyam.

Beş dəqiqə deyişmə və söz-söhbətdən sonra Nəcəfov Baş prokurorun göstərişinin icrasına razılıq verdi. İsa Nəcəfov dindirmənin onun tərəfindən icra edilməsinin hansı niyyətlə tələb edildiyini çox gözəl başa düşürdü. Bilərəkdən  situasiyanı bir qədər də gərginləşdirərək rəqiblərini daha gülünc vəziyyətə salmaq istəyirdi.

Nəhayət, Baş prokurora İbadovu dindirəcəyini bildirdi.  Ayağa qalxıb kabinetdən çıxdı. Qəbul otağındakı nəza- rətçiyə İbadovu dindirmə otağına aparmasını tapşırdı. Özü də onlara qoşuldu.

Onlar nazirlik binasının altıncı mərtəbəsinə qalxdılar. Dindirmə otağına bir neçə metr qalmış o, nəzarətçiyə postuna qayıtmağı tapşırdı, özü İbadova yaxınlaşıb astadan:

–  Sən ki polisdən mənə şikayətə gəlmişdin, indi isə onları tərifləyirsən?! – deyib kabinetə daxil oldu.

Stolun arxasına keçib oturdu, stolun üstündəki şahidi dindirmə protokolunu götürdü. İbadova da oturmağı göstəriş verdi. Protokolu doldurmağa başladı. Lakin İbadov özünü saxlaya bilmədi və Baş prokurorun, DİN-nin əməkdaşları barədə xoşagəlməz sözlər deməyə başladı.

– İbadov, atanızın adını deyin. Hansı ünvanda yaşayırsınız?

Sonra İbadovun hədyan danışmasına son qoymaq üçün dedi:

– İbadov, mən sizdən tələb edirəm, polis barədə nalayiq sözlər danışmayasınız. Polis qanunsuzluq edibsə, elə bu barədə Ramil müəllimə şikayət edərdiniz.

Nəcəfov sözünü təzəcə tamamlamışdı ki, Namiq Abbasovun köməkçisi kabinetə daxil oldu.

– İsa müəllim, Eldar müəllim xahiş edir ki, qoy İzzət İbadovu müstəntiq dindirsin. Sizi isə Namiq müəllimin kabinetində gözləyirlər.

– Yaxşı, indi gəlirəm.

Sonra üzünü İbadova tutdu:

– Nə etmək olar, görünür sizi dindirmək mənə qismət deyilmiş.

Bunu deyib ayağa qalxdı, yarımçıq doldurulmuş dindirmə protokolunu götürüb çırdı və zibil vedrəsinə atdı.

Kabinetə daxil olanda rəhbərlərin İzzət İbadov məlumatını necə yoxlayacaqları barədə fikir mübadiləsi apardıqlarının şahidi oldu. Lakin o, söhbətə qarışmadı. Çünki bu faktın yoxlanması mənasız bir şeydi, boş-boşuna vaxt itirmək idi.

Söhbətin səngidiyini gördükdə dedi:

–  Eldar müəllim, icazə verin mən işə qayıdım. Əlini tapıb ona İbadovu dindirməsini tapşırım. Burada mənim  qalmağıma heç bir ehtiyac yoxdur.

– Yaxşı, İsa müəllim, siz gedin. Müstəntiqə nə etmək lazım olduğunu başa salın. Ramil müəllim də ayıracağı əmə- liyyat işçilərinə göstəriş verər ki, müstəntiqlə əlaqə saxla- sınlar və birgə işləyərlər. Nəticəsini siz sonra mənə məruzə edərsiniz.

– Baş üstə, Eldar müəllim. Yəqin, bir neçə gün ərzində İbadovun versiyasını hərtərəfli yoxlayıb başa çatdıracağıq.

Nəcəfov Ramil Usubov və Namiq Abbasovla sağollaşıb Milli Təhlükəsizlik Nazirliyinin binasını tərk etdi.

 

Cihansız cəbhə

İdarəçilik sisteminin qəflətən dağılması, dövlət maşınının ahəngdar, ritmik işləməsini, demək olar, köklü surətdə pozmuşdu. Bu ahəngdarlıq vahid dövlət ideologiyası üzərin- də qurulduğundan, müstəqilliyimizin ilk illərində onu bərpa etmək və işə salmaq mümkün olmamışdı. İnsanların mənəvi dünyası bazar iqtisadiyyatına heç uyğunlaşmamışdı. Əksəriyyətində müstəqilliyin ilk illərində başqa bir meyil və istək vardı. Hansı yolla olursa olsun, yalnız varlanmaq. Sözsüz ki, belə istək öz növbəsində hüquq-mühafizə orqanlarından da kənarda qala bilməzdi.

Digər tərəfdən, siyasi proseslərə qoşulan vəzifəlilər hakimiyyətin tez-tez dəyişməsinə rəğmən vəzifədə qalmaq üçün dondan-dona girirdilər. Bu da qarşıdurmaya gətirib çıxarırdı. Hər kəs öz rəhbərinə sədaqətini nümayiş etdir- məklə əvəzolunmazlığını sübut etməyə çalışırdı. İntriqalar hakimiyyət daxilində qruplaşmaya gətirib çıxarırdı. Zəiflər güclülərin ətrafına yığışır, onların nüfuzundan istifadə edərək öz rifahlarını yüksəltməyə çalışırdılar. Rəqiblərin tikdiyi “torbaya” necə düşməyəsən, onlarla necə mübarizə aparasan? Eyni zamanda dövlət işini necə yerinə yetirəsən?

Sanki müqəddəs bir varlıq bizi sərt imtahana çəkirdi və özü də ən çətin anlarda dadına çatırdı. Lakin canımıza hopmuş, əsəb tellərimizə hakim kəsilən sarsıntılardan yaxa qurtarmaq mümkün deyildi. Xeyir və Şərin – Hörmüzə və Əhrimana xidmət edənlərin barışmaz mübarizəsi gedirdi. Kimin kim olmasını müəyyən etmək çox çətin idi. Belə bir imkana və qabiliyyətə yalnız Prezident Heydər Əliyev malik idi. Zəngin həyat təcrübəsi, fitri istedadı olan bu şəxsiyyətin acı həqiqətləri soyuqqanlılıqla dinləyib sağlam düşüncə əsasında düzgün qərar qəbul etmək qabiliyyəti ona imkan verirdi ki, həm hakimiyyət daxilində, həm də cəmiyyətdə qüvvələr tarazlığı yaratsın və onları öz iradəsinə tabe etsin. Dövlət maşınını lazımi istiqamətdə və sürətlə idarə etsin.

Ancaq çoxları, o cümlədən Baş prokurorun birinci müavini bunun mahiyyətinə vara bilmirdi. Ona görə ki, cəmiyyətin daxilində gedən parçalanmanın nə dərinliyini, nə də onu təşkil edən müxtəlif qruplaşmaların siyasi meyilliyini yetərincə bilirdi.

Xarici qüvvələrin daxili narazı siyasi qüvvələrlə çuğlaşmasını və fəaliyyətini yalnız qarşılaşdığı faktlar, hadisələr əsasında dərk edərək dəyərləndirirdi. O, qanuna fanatikcəsinə xidmət edən adi prokuror əməkdaşıydı. Sərt qərarlar tərəfdarıydı. Lakin bu qərarları dövlətin idarə olunmasında təsir dərəcəsini və nəticəsini heç də həmişə əvvəlcədən görə bilmirdi. Onunla razılığa gəlmək mümkün deyildi. Qanunun aliliyi onun üçün hər şeydən üstün idi.

(Ardı var)