ACI HƏQİQƏT

126

(Əvvəli ötən saylarımızda)

Firudin müəllim sovet dövründə Naxçıvan Dəmiryolu hissəsinin Həmkarlar Təşkilatının sədri vəzifəsində işləyirdi. Dəmiryol işçiləri arasında nüfuz sahibiydi, öz işini yaxşı bilən, yaxşını pisdən seçən və qanunlara hörmətlə yanaşan bir şəxs idi.

Keçmiş tanışlar keçən günləri yada salıb, SSRİ-nin süqutunun törətdiyi faciələri təhlil edib belə nəticəyə gəlirdilər ki, həmin illərdə insanlar daha qayğısız yaşayırdılar. Keçmiş günlərin xiffətini çəksələr də, hər ikisi indiki real vəziyyətin də o qədər pis olmadığını, lakin hakimiyyətsizlik dövrünün başıpozuq rəhbərlərinin vəzifə üstə apardıqları didişmələrin ölkəni uçuruma apardığını etiraf edirdilər.

–Firudin müəllim, mən məmnunam ki, siz vəziyyəti düzgün qiymətləndirirsiniz. Belə bir vəziyyətdə qanunlarımız bütün sərtliyi ilə işləməsə, qayda-qanun və əmin-amanlıq bərqərar ola bilməz, vətəndaşlarımız əzab-əziyyət içində olacaqlar. Onda biz xarici düşmənlərimizlə mübarizədə, müharibədə qələbə qazana bilməyəcəyik.

Firudin müəllim, sizinçün nə qədər ağrılı olsa da, açıq deyirəm. Daxili işlər nazirinin müavini olan oğlunuz Siyavuşun ayağında bir neçə cinayət var. Onun sərbəst gəzməsi, cinayət məsuliyyətindən kənar qalması dövlət ida- rəçiliyində xaos yaradır. Cəzasızlıq yeni cinayət əməllərinin törədilməsinə yollar açır. Sizi buraya dəvət etməkdə məqsədim odur sizə deyim ki, oğlunuz Siyavuşun həbs edilməsinə göstəriş vermişəm. Əgər o, müqavimət göstərsə, silah tətbiq etməklə onu zərərsizləşdirə bilərlər.

Prokuror susdu, amma nəzərlərini Firudin müəllimdən çəkmədi. Araya uzun sürən sükut çökdü.

Firudin müəllim susurdu. Onun qəlbində hansı hissləri keçirdiyini anlamaq o qədər də asan deyildi. Bircə bunu başa düşmək olurdu ki, o, bir ata kimi qəti qərar qəbul etməkdə çətinlik çəkir.

Sabiq müstəntiq artıq beşinci siqareti dərin qullabla sinəsinə çəkərək ağciyərini zəhərləyirdi. Lakin atanın bu anda çəkdiyi iztirablı hisslərin yanında bu, demək olar ki, heç nə idi.

Firudin müəllim dərindən köksünü ötürdü. Qəmli nəzərlərlə prokurora baxıb soyuqqanlılıqla sakitcə dedi:

–  İsa müəllim, siz nə təklif edirsiniz?

– Firudin müəllim, mən istəyirəm ki, siz gedib oğlunuz Siyavuşu prokurorluğa mənim qəbuluma gətirəsiniz. Mən onu həbs edəcəyəm.

– Yaxşı, yarım saatdan sonra biz burada olacağıq, – bunu deyərək Firudin müəllim kabineti tərk etdi.

Yarım saat keçməmiş katibə ona Firudin müəllimin oğlu Siyavuşla qəbul otağında gözlədiklərini bildirdi.

– Buyurub gəlsinlər.

Firudin müəllim qabaqda, Siyavuş isə onun arxasınca içəri daxil oldular. Baş prokuror onlara əyləşmək üçün yer göstərdi. Sonra vəziyyəti, işin mahiyyətini Siyavuşa başa saldı və cinayət işinin istintaqını aparan müstəntiqi yanına dəvət etdi.

– İndi Siyavuş müəllimi kabinetinə apar. Ittihamı, müqəssirlik qərarını ona elan et. Dindir və barəsində həbs qətimkan tədbiri seç. Sanksiyanı gətir, təsdiq edim. Aydındır? Sualınız yoxdur ki?

– Hər şey aydındır, İsa müəllim, – deyə müstəntiq Siyavuşa onunla getməyi təklif etdi.

Ata və oğul qalxaraq prokurorla sağollaşıb kabineti tərk etdilər. Qapı örtüldükdən sonra Nəcəfov qutudan növ- bəti siqareti götürdü. Peşəsinin insan ruhuna nəşə gətirmə- diyini fəaliyyətinin ilk günündən bilirdi. Hətta ərizə yazıb işdən çıxmaq qərarına da gəlmişdi. Lakin ilk prokuror Vladimir Yakovleviç Zazulya onu bu fikrindən daşındır- mışdı. İnsanın azadlıqdan məhrum edilməsinə heç vaxt biganə yanaşmamışdı, heç indi də əhvalı yaxşı deyildi.

Selektorun zəngi ona siqaretini yandırmağa imkan vermədi. Düyməni basdı. Zəng edən birinci mərtəbədə giriş qapısında əyləşən növbətçi idi.

–  Eşidirəm, – dedi.

– İsa müəllim, burada foyedə 60 nəfərəcən polis var. Foyeyə sığışmırlar.

– Polislərin orada nə işi var? Kim onları dəvət edib? – deyə soruşdu.

– Bilmirəm, İsa müəllim!

O, bir anlıq düşünüb polisin prokurorluğa gəlişinin  səbəbini anladı. Siyavuşa görə idi. Bu tədbiri, yəqin ki, daxili işlər naziri görmüşdü.

İsa Nəcəfov hökumət telefonunun dəstəyini götürdü və nazir Ramil Usubovun nömrəsini yığdı. İki-üç siqnaldan sonra Ramil müəllim cavab verdi:

– Bəli, Usubov eşidir.

– Ramil müəllim, salam. Prokurorluğa 60 nəfər polis əməkdaşını siz göndərmisiniz?

– İsa müəllim, cəmi 20 nəfərini mən göndərmişəm. Görünür, 40 nəfərini də şəhər polisinin rəisi Sahib göndərib. Ehtiyat igidin yaraşığıdır. Dedim birdən aranı qarışdırarlar.

– Ramil müəllim, xahiş edirəm, göstəriş verin, onlar geri qayıtsınlar. Heç bir hadisə baş verməyib. Siyavuşu hal-hazırda müstəntiq dindirir. Foyedə yalnız bircə nəfər qalsın.

–Yox, İsa müəllim. Heç olmasa bir 5-10 polis əməkdaşı orda qalıb təhlükəsizliyi gözləsinlər. Birdən…

– Ramil müəllim, birdən heç nə olası deyil. Xahiş edirəm, əməkdaşlarınızı prokurorluqdan geri çağırın.

– Özünüz bilin, İsa müəllim. Əməkdaşlarımızın geri qayıtmasına indi göstəriş verərəm.

–  Sağ olun, Ramil müəllim.

– Siz də salamat qalın, İsa müəllim. Yəqin ki, axşam şam yeməyində görüşəcəyik.

– Bəli, elədir.

Görəsən, bəşər övladı birgə yaşadıqları ağır məsuliyyətli anları nə üçün unudur. İnsanı yalan danışmağa vadar edən nədir? Nə üçün bu bəşər övladları çox hallarda yaxşı- lığa pisliklə cavab verirlər? Sirr mahiyyətdə, yoxsa yaranışdadır? Bəlkə, Həmid müəllim haqlıydı: “İsa müəllim, əməliyyat işçilərinə inanmayın və bel bağlamayın”.

Ramilin mənə böhtan atıb üzümə dirənməsinin səbəbi nədir?!  Axı…

Siyavuş Mustafayevin həbsindən bir neçə gün sonra İsa Nəcəfov Ramil Usubovla onun xidməti avtomobilində  Naxçıvan Hava Limanına daxil olarkən gözlənilməz bir hadisə baş verdi.

Hava qaralmışdı. Demək olar ki, göz-gözü görmürdü. Uçuşa tələsənlər və onları yola salanlar, demək olar ki, maşınların faralarından düşən işıqların hesabına maneəsiz hərəkət edə bilirdilər. Giriş darvazasının ağzında dayanıb onun açılmasını gözləyən, əynində kombinezon olan bir şəxs avtomobilə yaxınlaşdı. Sol arxa qapının şüşəsini tıqqıldatdı. Nazir səsə başını qaldırdı, şüşədən boylanan şəxsi tanıyaraq qapının şüşəsini bir az – təxminən 10-15 santimetr aşağı endirdi.

Bu anda sürücü Zülfüqar şüşəni döyən şəxsin kom- binezonunun cibindən tapança çıxartdığını gördü və onu tanıdı. Hündürdən: “Həsən, gicləmə”, – dedi. Sürücünün yanında oturan nazirin əliavtomatlı (AKSU) cangüdəni avtomobildən  düşdü və aradan çıxdı. Həsən dedi:

– Ramil müəllim, siz Siyavuşu niyə həbs elədiniz?

Ramil Usubov:

– Həsən, axmaqlama, çəkil get, qapını aç, – dedi.

Zülfüqar naziri qorumaq üçün cəld qapını açıb Həsənin üstünə atıldı. Onlar əlbəyaxa oldular. Lakin Həsən, görünür, güclü olduğundan onu bir təkanla kənara atdı. Ramil müəllim vəziyyətin belə olacağını düşünmürdü. Lakin bu çətin və həyat üçün ən təhlükəli anda Zülfüqarı tək qoymadı, silahsız olmasına baxmayaraq, o da qapını açıb Həsənə hücum etdi. Lakin Həsənlə bacara bilmədi. Həsənin tapançası yanaşı dayanmış nazirlə sürücüsünə tuşlanmışdı. Komik, həm də faciəvi bu vəziyyəti müşayiət edən prokuror maşından cəld düşüb Həsənə yaxınlaşdı. Onu nəzərləri ilə müşahidə edən Həsən tapançanı ona tərəf tuşlamaqla hədə-qorxu gəlmək istədi, amma bunu bacarmadı. Çünki prokuror çevrilib Həsənin ona tuşlamaq istədiyi tapançanı sol əliylə tutdu, qolunu burub silahı onun əlindan almağa çalışdı.  Həsən tapançanın əlindən çıxacağını hiss edib çömbəldi, əlini dizləri arasına sıxaraq rəqibinin tapançanı ondan almasına imkan vermədi. Prokuror bu anda tapança lüləsinin düz qarnına dirəndiyini hiss edib tapançanı buraxdı. Bir addım sağa atıb belindəki TT markalı tapançasını çıxardı. Sol əliylə Həsənin sol çiynini aşağı sıxıb sağ əlindəki tapançanın dəstəyi ilə onun başına zərbələr vurdu. Bu vaxt Ramil Usubovun: “Qardaş, bərk vur!” – dediyini eşitdi.

Üçüncü zərbəni vurandan sonra kimsə onun sol çiynindən yapışaraq kənara çəkib:

– Əşi, sən çəkil kənara, neynirsən?! – dedi.

Bir anda hava limanının hərbiləşdirilmiş mühafizəsinin əməkdaşları Həsəni kənara çəkdilər. Prokuror onu kəna- ra çəkənin tələbə yoldaşı, Şərur rayon prokuroru Qasım olduğunu gördü.

Yaxınlıqda kimsə tapançanın sürgüsünü çəkib buraxdı və iki dəfə atəş açdı. Ramil Usubov və prokuror da başa düşdülər ki, Həsən onları hədələyəndə tapancanı atəşə hazır vəziyyətə gətirməyibmiş. Demə, “anaları namaz üstəymiş…”

…Avtomaşının dayanması onu xəyallardan ayırdı. Sənədləri götürüb Prezident Aparatına daxil oldu. Beşinci mərtəbəyə qalxıb Prezidentin köməkçisi Tariyelə:

– Tariyel müəllim, Prezidentə məruzə edin ki, mən yoxlamanın nəticəsini məruzə etmək istəyirəm, – dedi.

– İsa müəllim, Prezidentin qəbulunda olanlar var. Onlar çıxanda məruzə edərəm.

O, qəbul otağına keçdi, əyləşib gözləməyə başladı. İyirmi dəqiqə sonra prezidentin qəbulundakı xarici qonaqlar dəhlizdə göründülər. Beş dəqiqədən sonra Tariyel yaxınla- şıb onu Prezidentin iş otağına dəvət etdi.

İsa Nəcəfov sənədləri götürüb pencəyini düymələdi və Prezidentin kabinetinə daxil oldu. İş masasına yaxınlaşdı:

– Cənab Preziden! Məlum tarixlər üzrə Bakı-Kiyev və Kiyev-Bakı reysi ilə uçan sərnişinlərin siyahısını hava limanından götürdüm. Bu sənədlər təsdiq edir ki, Elman Qəmbərov, həqiqətən, özünün iki nəfər əməkdaşı ilə Kiyevə uçub, üç gündən sonra isə axtarışda olan sabiq işçisi ilə qayıtmışdır.

– İsa, məsələ aydın oldu. Gedə bilərsən.

– Bəs sənədləri kimə verim?

– Özündə saxla, – Prezident dedi.

– Sağ olun, cənab Prezident, – deyib kabineti tərk etdi.

***

Aylar bir-birini əvəz etsə də, istintaq və əməliyyat-axtarış fəaliyyəti aparılsa da, Afiyəddin Cəlilovun qətli ilə bağlı istintaqın gedişində heç bir irəliləyiş yox idi. Qətlin Dəyanət Kərimov tərəfindən törədilməsi nə Əlidə, nə də o versiyanı irəli sürən birinci müavin İsa Nəcəfovda şübhə doğururdu. Lakin Dəyanət susurdu.

Hər iki şəxs – müstəntiq və prokuror başa düşürdülər ki, cinayətin digər iştirakçıları müəyyən edilməyincə, o danışmayacaq. Odur ki, Dəyanət Kərimovun OMON-un digər əməkdaşları ilə əlaqəsini, xüsusilə 1995-ci ilin mart çevrilişində sui-qəsddə iştirak edib barəsində axtarış elan edilənlər arasında sıx əlaqəsi olanları müəyyən etmək üçün araşdırmalar, dindirmələr aparılırdı. Amma hələlik bir uğurlu nəticə əldə edilməmişdi.

*  *  *

Baş prokuror özünün əks-tədbirlərindən hələ də əl çəkməmişdi. Lakin arabir o, münasibətlərinin normal olma- sını zahirən göstərən hərəkətlər etməkdə idi.

Belə günlərin birində birinci müavinin kabinetində Baş prokurorla birbaşa əlaqə yaradan daxili telefonun zəngi səsləndi. İsa Nəcəfov dəstəyi götürdü:

–  Bəli, Eldar müəllim, salam, yaxşıyam. Siz necəsiniz?

– Sağ olun, İsa müəllim, yaxşıyam. Nahardan sonra Milli Təhlükəsizlik Nazirliyinə gedəcəyik. Prezidentin tapşırığıdır!

– Nə məsələdir, Eldar müəllim?

–Vallah, dəqiq bilmirəm. Ucundan-qulağından bildiyim budur ki, kimsə Afiyəddin Cəlilovun qətli ilə bağlı cinayət işi haqqında Namiq müəllimə ərizə yazıb. Nazir də Prezidentə məruzə edib. Prezident də tapşırıq verib ki, araşdıraq.

–  Oldu, Eldar müəllim, gedərik. Saat neçədə?

– Saat iki tamamda, nahardan dərhal sonra. Siz, yəqin ki, nahara getməyəcəksiniz. Mən də burada nahar edəcəyəm. Elə mənim maşınımla gedərik.

–Yaxşı, Eldar müəllim. Mən düz saat iki tamamda həyətdə olacağam.

– Danışdıq.

Hər ikisi dəstəyi yerinə qoydu.

Baş prokuror hiyləgərcəsinə gülümsündü. “İndi görək kim nəyə qadirdi?! Namiq müəllim heç də pis əməliyyatçı deyil. İbadov Nəcəfovun üzünə, sözsüz ki, dirənəcək. Görəsən, o, nə cavab verəcək?! İbadovun şəxsiyyəti iki qara qəpiyə dəyməsə də, dediyində inadlı olacaq. Çünki bir aydan artıqdır ki, MTN-nin istintaq təcridxanasında saxlanılır. Məhkəmədə haqqında gedən cinayət işinin baxılması da dayandırılıb. Yəqin ki, cəza təyinatında da ona yardım ediləcək”.

O, bu düşüncələrin təsiri altında daxilən riqqətə gəldi. Əhvalında bir yüksəliş hiss elədi. Dəstəyi götürüb Na- miq Abbasovun telefon nömrəsini yığdı. İkinci siqnaldan sonra Namiq müəllim dəstəyi götürdü:

–  Bəli, eşidirəm.

– Namiq müəllim, saat 3-ə bir 5-10 dəqiqə işləmiş Nəcəfovla orda olacağıq. Siz hər şeyi hazır etmisinizmi?

– Hər şey hazırdır, Eldar müəllim. Ramil müəllimə də demişəm. O da burada olacaq.

– Kabineti necə, yaxşı hazırlayıbsınızmı? Dindirmə otağını deyirəm.

–Onu da hazırlamışıq, narahat olmayın. Əməkdaşlarımız peşəkardılar. Birinci dəfə deyil ki, belə iş görürlər. Özünüz görəcəksiniz.

–  Onda hələlik. Türklər demişkən, görüşəriz!

–  Sağ olun, Eldar müəllim.

Namiq Rəşidoviç PATS-ın dəstəyini yerinə qoyub selektorun düymələrindən birini basdı. Dərhal səs eşidildi:

– Bəli, Namiq Rəşidoviç, eşidirəm.

– Siz dindirmə otağına qalxın, əməkdaşlarımızdan da bir nəfər götürün. Otaqda müxtəlif tonda danışın, mən də buradan yoxlayım görüm necə eşidirəm.

– Baş üstə, Namiq Rəşidoviç.

İsa Nəcəfov telefonun dəstəyini yerinə qoyandan sonra köksündə iki gündən bəri təlatüm edən narahatlığın çəkildiyini hiss etdi. Axı iki gün idi ki, ruhunun çırpıntısının səbəbini tapa bilmirdi. Deməli, “yaxın” dostları bu müddət ərzində ona yenə “torba” tikməklə məşğul olublar. Onun ruhu da bunu hiss edirdi. Lakin…

“Nə isə… Qismət beləymiş. Görək qalib kim olacaq”, – deyə o düşündü. Dərhal məruzəni dinləmək üçün proku- rorluğun əməkdaşına dönüb: “ Davam edin”, – dedi.

İki generalın hiyləsi

(Ardı var)