ACI HƏQİQƏT

117

(Əvvəli ötən saylarımızda)

Prezident nəzərlərini Nəcəfovdan ayırmadan fikirlərini deyib dayandı.

Prezidentə çatdırılmış ittihamedici dəlillər birinci müavində heç bir nigarançılıq, hiss-həyəcan doğurmadı.  O, təşviş keçirmədən sakit halda dedi:

– Cənab Prezident, verilən məlumatlar həqiqətə uyğun deyil. Elman Qəmbərov sabiq işçisini Kiyevdən özü gedib gətirib. Əgər icazə versəniz, bu faktı yoxlayıb nəticəsini sizə məruzə edərəm. Bu barədə sizə verilən məlumatlar qərəzlidir. Çünki Namiq Abbasov Elman Qəmbərovun simasında öz rəqibini görür. Digər tərəfdən, onu mənə yaxın adam hesab edirlər. Bu faktdan da istifadə edib onu gözdən salmaq istəyirlər. Müşfiq işinə isə mən qətiyyən qarışmamışam. Heç onun vəkilinin kim olduğunu belə bilmirəm. Müşfiqlə mən pambıq alveri də etməmişəm.

Heydər Əliyev onu dinləyib sakitcə dedi:

–  Elmanla bağlı olan faktı yoxlayın. İndi isə gedin, qəbul otağında gözləyin.

İsa Nəcəfov sakitcə durub kabinetdən çıxdı. Tariyelin sual dolu baxışlarını gördü. Bu şəxs nədənsə ilk gündən onda xoş bir təəssürat oyatmışdı. Ona şəxsi hörməti və rəğbəti vardı. Ona görə də Tariyelin sual dolu baxışlarına səmimi, əmin-amanlıq ifadə edən təbəssümlə cavab verdi.

Tariyelin kabinetindən çıxanda “dostlarının” baxışları onda bir təbəssüm oyatdı, çünki bu baxışlardan onların na- rahatçılığını, həyəcan keçirdiklərini açıq-aydın sezmək olur- dı. Özündən asılı olmadan Nəcəfov onlara tənbehedici, qınayıcı nəzərlərlə deyil, yazıq, məzlum bəndələrə baxan kimi baxdı və həm də onların öz başlarına açdıqları gülünc oyuna qəlbən acıdı.

“Dostlar” isə İsa Nəcəfovun halını baxışları ilə öyrənməyə, vəziyyəti dəyərləndirməyə çalışırdılar.

İsa Nəcəfov Baş prokurora baxıb başını yellədi,  pəncərənin qarşısında dayanıb onları nəzərdən keçirdi. Prezidentin kabinetinin qapısı açıldı. Tariyel əlindəki qovluğu bir kənara qoyub qəbul otağına açılan qapının  astanasında dayandı və Nəcəfovun “dostlarına” Prezidentin kabinetinə təşrif buyurmalarını bildirdi.

“Dostlar” cəld yerlərindən durub Prezidentin kabinetinə sarı yeridilər. Qabaqda Namiq Abbasov idi. Həmişəki kimi Ramil müəllim “qızıl” ortada, sonda isə Eldar Həsənov gedirdi.

Aradan 4-5 dəqiqə keçdi. Tariyelin səsi eşidildi:

– İsa müəllim, siz də keçin içəri.

İsa Nəcəfov pəncərənin qarşısından kənara çəkildi. Ona xas olan sürətli addımlarla qapıya yaxınlaşdı.  İçəri keçəndə artıq Prezidentin iclas stolunun baş tərəfində əyləşdiyini, Namiq Abbasovun Prezidentin solunda, Ramil Usubovun onun yanında, Prezidentin sağında isə Eldar Həsənovun əyləşdiyini gördü.

Prezident dedi:

–  Keçin əyləşin.

İsa Nəcəfov Baş prokurorun yanında əyləşib nəzərlərini Ramil Usubovun üzünə dikdi. O, bu baxışlardan canını qurtarmaq üçün danışmağa başlayan Prezidentə baxırdı.

– Mən sizi bura üzləşdirmək üçün toplamışam! Namiq, Ramil, Eldar! Siz deyirsiniz ki, İsa Müşfiq Mədətovun cinayət işinin istintaqına maneçilik törədir. Mən onunla sizdən qabaq söhbət etdim. İsa bildirdi ki, siz yalan danışır- sınız. O, istintaqın gedişinə heç vaxt müdaxilə etməyib. Mən də qərara aldım ki, həqiqəti müəyyən etmək üçün ədalət naminə sizləri üzləşdirim. Ramil, buyur!

Ramil Usubov ayağa qalxdı:

– Cənab Prezident, Respublika Prokurorluğunun giriş qapısındakı mühafizədə polis işçiləri dururlar. Xidmət edirlər. Onlar mənim adamlarımdır. Müşfiq Mədətovun vəkili İsa müəllimin yanına gələndə mənə məruzə edirlər.

Ramil müəllim bunu deyib dayandı. İsa Nəcəfov dərsini bilən şagird kimi əlini qaldırıb Prezidentə baxdı:

–  Cənab Prezident, icazə verirsiniz mən Ramil müəllimə bircə sual verim?

– Buyurun, – Prezident ona icazə verdi.

– Ramil müəllim, siz deyə bilərsinizmi Müşfiqin vəkilinin adı və soyadı nədir? Onunla hansı tarixdə, hansı gündə, saat neçədə görüşmüşəm?

Ramil Usubov soyuqqanlılıqla onun üzünə baxdı:

– İsa müəllim, o polis işçiləri mənə işləyirlər. Vəkil  sizin qəbulunuza gələndə onlar mənə məruzə edirlər.

– Ramil müəllim, axı bu vəkilin bir adı və soyadı olmalıdır, yoxsa yox?! Görüşə gəldiyi günün də tarixi və saatı olmalıdır, ya yox?!

– İsa müəllim, prokurorluqdakı polis işçiləri mənim adamlarımdır, mənə işləyirlər.

Ramil Usubov sual-cavaba son qoymaq üçün qınayıcı bir tərzdə:

– İsa müəllim, axı biz yaxın dost olmuşuq. Ağır, çətin anlar yaşamışıq. İndi siz başqaları ilə dostluq edirsiniz. Bir sıra hallarda da yollarımız kəsişir.

O, bunu deyib oturdu.

Prezident Eldar Həsənova müraciətlə:

–  Eldar, sən nə deyə bilərsən?

Eldar ayağa qalxdı:

– Cənab Prezident, o günü müstəntiq, Müşfiq Mədətova müqəssirçilik ittihamını elan edəndə, o, qərara qol çəkmək istəyib. Vəkili isə onun əlini tutub deyib ki: “Ə, sən neynirsən? “Vışka”ya qol çəkirsən?”  O da vəkilə deyib ki, sən get İsa müəllimdən öyrən ki, mən hansı sənədə qol çəkə bilərəm, hansına yox.

O, sözünü bitirib Prezidentə baxdı.

Birinci müavin yenə əlini qaldırıb Prezidentdən Eldar Həsənova sual verməsi üçün icazə istədi. Prezidentdən icazə aldıqdan sonra dedi:

– Eldar müəllim, siz əməkdaşlarınıza tapşırmısınız ki, həm içəridən, eləcə də bayırdan mənim qəbuluma gələn- lərin siyahısını tutsunlar və orada kimin hansı tarixdə və saat neçədə mənim qəbulumda olmasını, nə vaxt qəbulumdan çıxıb getmələrini dəqiq göstərsinlər. İndi siz deyin görək, Müşfiq Mədətovun vəkili kimdir? Onun adı və soyadı nədir? O, hansı tarixlərdə və hansı saatlarda mənim qəbulumda olub?

Yerində oturan Baş prokuror başını qaldırıb maddım-maddım müavininin üzünə baxdı. İndi o, deyəcəyi şeirin ilk misrasını unudan şagirdə bənzəyirdi. Birdən Baş prokurorun mavi gözləri əks istiqamətdə hərlənməyə başladı. Üzünü Namiq Abbasova tutub dedi:

– Namiq müəllim, danışın da?! Niyə demirsiniz?

Namiq Abbasov gözlərini bir-birinin üstünə qoyduğu  əllərinə zilləmişdi. O, dostu Eldarın müraciətinə məhəl qoymayıb susmağı daha üstün tutdu.

Prezident üzləşmə iştirakçılarına sual verdi:

– Kiminsə əlavəsi və ya sualı varmı?

Heç kim dillənmədi.

Prezident dedi:

– İşlərinizi ədalətli aparın, öz şəxsi hisslərinizə qa- pılmayın. İstintaqda həbs altında olan şəxs öz canını qurtarmaq üçün istənilən vəzifəli şəxsin adını çəkə bilər. Lakin bu, o demək deyil ki, həmin şəxs onunla cinayət əlaqəsindədir.  Yaxud da istintaqın gedişinə maneçilik törədə bilər. Belə hallarda bir-birinizi ləkələmək, gözdən salmaq üçün istifadə cəhdləri yolverilməzdir. Bu, prinsipiallıq deyil. Gedə bilərsiniz.

Prezident  qalxıb iş masasının arxasına keçdi. Müşavirə iştirakçıları Prezidentlə sağollaşıb qapıya sarı getdilər.

İsa Nəcəfov kabineti sonuncu tərk etdi və qapını astaca örtdü. Tariyelin maraq dolu baxışlarını görüb vidalaşmaq üçün əlini ona uzatdı: “Hər şey qaydasındadır”, – dedi.

Qəbul otağına daxil olanda  Ramil Usubovla Namiq Abbasovu görmədi. Görünür, onlar getmişdilər. Otaqda təkcə Eldar Həsənov qalmışdı. O, birinci müavinini gördükdə dedi: “Gəl gedək. Mən hava limanına tələsirəm, Moskvaya uçmalıyam. Maşında danışarıq”.

Liftə tərəf gedə-gedə dedi:

– Qardaş, bunlar heç kimdir. Əsas məsələ bizim yaxın olmağımızdır. Biz bir olsaq, hər şey yaxşı olacaq.

Həmsöhbəti ona diqqətlə qulaq asırdı. O artıq neçənci dəfə idi ki, eyni sözləri Baş prokurordan eşidirdi. Amma buna da tamamilə əmin idi ki, barışıq təklif edən bu şəxs öz məcazını tərgidən deyil. Səhəri gün yenə bəzi qəzetlər öz səhifələrində onun barəsində “şipşirin” sözlər yazacaqlar. Elə bil beş dəqiqə bundan əvvəl Prezidentin yanında müavininin üzünə müqəssirin yoxlanılmamış və təsdiqini tapmamış sözləri əsasında ittiham oxumağa can atan heç bu adam deyilmiş.

Həyat, doğrudan da, olduqca qəribədir. Görəsən, indiki “brutlar” təhlükəlidir, yoxsa qədim dövrlərdə yaşayanlar?! Axı Ramil Usubov ona böhtan atmamalı idi. Bu, onun üçün ağlasığmaz bir fakt idi. Görünür, hansısa həyati məqamlar Ramil Usubovu bu hərəkətlərə vadar etmişdir, – deyə düşündü. Lakin bu məqamların nələrdən ibarət olduğunu tapa bilmədi.

Yuli Sezar kürəkəni, qızı Yuliyanın əri Qay Qney Pompeyi məğlub etdikdən sonra əsirlər arasında Brutun olduğunu eşitdikdə çox şad olmuş, onu azad etdirib senatorluğa qədər yüksəltmişdi. Lakin Senatda ona qəsd edənlər arasında Brutu gördükdə buna heyrətlənmişdi.

Düzdür, nə mən Yuli Sezaram, nə də ki Ramil Usubov məğlub etdiyim düşmən ordusundan götürdüyüm əsir idi. Lakin altı ay Naxçıvan Muxtar Respublikasında birgə işlədiyimiz müddətdə ona və rəhbərlik etdiyi polisə arxa duran, başlarını ucaldan mən və mənim rəhbərlik etdiyim prokurorluq orqanları olmuşdu.

Xəyallar özündən asılı olmayaraq, yaxın keçmişi onun yadına saldı. Həmin keçmişi ki, noyabr ayının şaxtalı bir günü o, Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna rəhbərlik etmək üçün onun binasına qədəm qoydu. Mərkəzi aparatdan heç kim gəlməmişdi. Onu Naxçıvan Ali Məclisinin Sədrinin birinci müavini Rəşid Həsənov təqdim etməli idi.

Adamın iliyinə işləyən soyuq iclas zalında onu prokurorluğun əməkdaşlarına təqdim etdilər. Əməkdaşların baxışlarından başa düşmək olardı ki, onlar yeni rəhbərlərinin  halına acıyırlar. Onun belə bir ictimai-siyasi şəraitdə bu diyara gəlməsinin səbəbini başa düşə bilmirdilər.

Heydər Əliyev İsa Nəcəfovla ilk görüşdə Naxçıvandakı mövcud vəziyyəti ona yığcam şəkildə, lakin hərtərəfli başa salmışdı: “Vəziyyət çox pisdir. Sən vəziyyəti düzəltməlisən. Daxili işlər naziri Ramil Usubovu təzə təyin etmişəm. Bugünlərdə Sərhəd Dəstəsinin Komandirini də təyin etdim. Briqada komandiri də bizim adamdır. Bir də mənim köməkçim Vasif. Gedin əl-ələ verib işləyin. Başqa adamımız yoxdur. Vəziyyəti düzəldin”.

İsa Nəcəfov prokurorluğun ikinci mərtəbəsinin dəhlizində dayanıb kabinetinin qızmasını gözləyirdi. İki solar yağı ilə işləyən soba bir saatdan artıq yansa da, hələ də otaqda hərarət hiss olunmurdu. Ona görə də burada dayanıb bir Allah bəndəsinin peyda olmasını gözləyirdi.

Giriş qapısı cırıldadı, kimsə gəlirdi. Gözətçiyə sual verəni səsindən tanıdı – gələn tələbə yoldaşı Qasım Məmişov idi.

Məmişov familiyası onun başına üç il oyun açmışdı. Hər gün Paşa Məmmədovun onun familiyasına sataşmasından yaxa qurtarmaq üçün rəhmətlik Rəhim babasının adını özünə yeni soyad kimi götürmüşdü.

Qasım Rəhimov ağır-ağır pillələri qalxırdı.

Qəribə işdir, tələbəlik illərində hərbi dərslərdə o, taqım komandiri, Qasım isə bölmə komandiri olurdu. İndi isə Qasım Şərur rayonunun prokuroru idi, o da tələbə yoldaşının rəhbəri olacaqdı.

Xasiyyətcə həlim olan bu insan qanuna hörməti, savadı, sərtliyi və sadəliyi ilə fərqlənirdi. İlk üç illik fəaliyyətləri dövründə onlar qonşu kabinetlərdə oturmuşdular.

Qasım sonuncu pilləni qalxıb qəddini düzəltdi. Başını qaldırıb tələbə yoldaşını görcək dedi:

– Xoş gəlmisən. Bu şaxtada, bu soyuqda Naxçıvana gəlməyin xeyir ola? Deyirlər yeni prokuror təyin ediblər. Kim olduğunu bilmirsən? Yollar buz bağladığından təqdi- mata çata bilmədim.

İsa Nəcəfov Qasımın ona uzandığı əlini sıxdı, özünə sarı çəkib qucaqladı. Sonra gözlərinin içinə baxıb gülümsədi:

–  Məni təyin ediblər!

Bir an Qasımın çənəsi sallandı, gözləri bərələ qaldi:

– Sənin burada nə itin azıb? Burda heç kim heç kimin ərizəsini oxumur, it yiyəsini tanımır. Deyəsən, hara gəldiyini hələ başa düşməmisən?!

– Qasım, bundan sonra daha hamının ərizəsi oxunacaq, it də öz yiyəsini tanıyacaq. Xahiş edirəm, sən mənə bir döşək, balış və yorğan gətirt.

– Gəl gedək, bizdə qalarsan. Bura soyuqdur. Ya da qonaq evinə gedək.

–  Razıyam, gedək qonaq evinə.

(Ardı var)