ACI HƏQİQƏT

258

“Hürriyyət” İsa Nəcəfovun eyni adlı kitabını ixtisarla oxucularına təqdim edir

VIII HİSSƏ

Azərbaycan Respublikasının sabiq Baş prokuroru Eldar Həsənovun həbsinin bir çox detalları hələ ictimaiyyətə qaranlıq olsa da, onun bağlı olduğu qüvvələr, keçmişdə və səfir olduğu dönəmdə göstərdiyi fəaliyyət haqda məlumatlar da az deyil. 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifəsində işləyən İsa Nəcəfovun müəllifi olduğu “Acı həqiqət” kitabında da bu haqda kifayət qədər geniş məlumat yer alır. Ümumilikdə,  bu kitabın keçmişlə bağlı bir sıra proseslərə aydınlıq gətirdiyini nəzərə alıb, “Acı həqiqət”i ixtisarla oxucularımıza təqdim etməyi qərara aldıq. Buyurun, izləyin!

***

(Əvvəli ötən saylarımızda)

Kəsişən yollar

İlk vaxtlar cinayət işinin ibtidai istintaqına prokuror nəzarətini həyata keçirməyim Baş prokuror Eldar Həsənovun ürəyincə olmadı. Bunlardan biri ibtidai istintaqı dayandırılan “Azərnəşriyyat”ın direktoru Əjdər Xanbabayevin öldürülməsinə dair cinayət işiydi. Cinayət işinin materiallarını öyrəndikdə mənə məlum oldu ki, bu qətl DTK (KQB) tərəfindən planlaşdırılıb və həyata keçirilib, müstəntiq Tatlıyevə və Hüseyn Əlixanova isə bu işlə bağlı təzyiqlər olunub. Hətta Hüseyn Əlixanova qəsd də edilib. Bütün bu hallar “Naşirin ölümü” kitabında ətraflı yazılmışdır. Həmin dövrdə Eldar Həsənov Bakı şəhər Daxili İşlər İdarəsinin cinayət-axtarış şöbəsində işləyirdi. Hətta Əjdər Xanbabayevin ətrafında aparılan əməliyyat-axtarış qrupunun iştirakçısı olmuşdu. Digər tərəfdən, yaralı Əjdər Xanbabayevi xəstəxanaya gətirdikdən sonra onun yanına heç kimi, hətta həkimləri belə buraxmamışdı.

Digər iki iş isə Şəmsi Rəhimovla Afiyəddin Cəlilovun qətlə yetirilməsi ilə bağlı idi.

Bundan əlavə, Respublika Prokurorluğuna, başda Mahir Cavadov olmaqla “omon”çuların silahlı basqın faktına görə başlanmış cinayət işiydi. İbtidai istintaq qeyri-obyektiv aparılırdı. İlk vaxtlar bu cinayət işinin istintaqına müstəntiq Əziz Seyidov rəhbərlik edirdi.

Respublika Prokurorluğunun təhlükəsizlik orqanlarında və silahlı qüvvələrdə qanunların icrasına nəzarət şö- bəsi vəzifə bölgüsünə görə mənim  ixtiyarımda idi.

Bu cinayət işinin istintaqı ilə bağlı bəzi əməliyyat sənədlərini məktub əsasında Milli Təhlükəsizlik Nazirliyindən aldım. Sənədlərlə tanış olarkən bir daha əmin oldum ki, cinayət işinin istintaqı heç də obyektiv aparılmır. Dindiriləcək “omon”çuların ifadələri Mahir Cavadovun göstərişi əsasında, Xətai rayon Prokurorluğunda işləyən Lyuda tərəfindən rus dilində tərtib edilir, prokurorluqda ictimai əsaslarla işlə- yən sabiq prokurorluq əməkdaşı, Naxçıvan şəhər prokuroru işləmiş Rafiq Orucov tərəfindən isə tərcümə olunur. Bu ifadələri də OMON-un əməkdaşları müstəntiqə təqdim edir. O da üzünü köçürərək dindirməni bitmiş hesab edir. İstintaq sənədlərindən belə bir nəticəyə gəlmək olurdu ki, prokurorluğa hücumda nə Mahir Cavadov, nə “omon”çular təqsirkardırlar. Onlar zəruriyyətdən müdafiə vəziyyətində olmuşlar.

Sözsüz ki, sonradan istintaqın düzgün, obyektiv aparılması Baş prokuroru çox mütəəssir etmişdi. Bunda isə mənim heç bir təqsirim yox idi. Müstəntiqlər və mən öz borcumuzu qanun çərçivəsində icra edirdik.

Milli Təhlükəsizlik Nazirliyinin istintaq şöbəsi tərəfindən Şəmsi Rəhimovun və Afiyəddin  Cəlilovun qətlə yetirilmələri ilə əlaqədar başlanmış cinayət işlərinin ibtidai is- tintaqı ləng və həqiqətə uyğun olmayan versiyalarla aparıl- dığından o işləri prokurorluğun icraatına qəbul etməyi qərara aldım. Əvvəlcə birinci işi götürdüm. 1995-ci ilin okt-yabr ayında bu cinayət işi açılmışdı və istintaq da başa çatırdı. Mən bu işdə o qədər də müqavimətlə rastlaşmadım.

 

Milli Təhlükəsizlik Nazirliyi

 

Prezident 15 dəqiqədən çox idi ki, milli təhlükəsizlik naziri Namiq Abbasovun ölkədə son günlərdə baş verən hadisələr barədə məruzəsini dinləyirdi. Ara-sıra suallar verməklə lazımi məsələləri dəqiqləşdirirdi.

– Namiq, sən Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun qətlə yetirilmələri ilə bağlı cinayət işlərinin istintaqından heç nə demədin. İstintaqda bir irəliləyiş varmı?

– Xeyr, cənab Prezident, – Namiq Abbasovun həlim səsi telefon dəstəyində daha da həlimləşdi, – hələlik bu işlərlə bağlı heç nə yoxdur. Əməliyyat işini gücləndirmişik.

– 20-ci polis bölməsinə “omon”çuların hücumun- dan məlumatın necə, varmı?

– Xeyr, cənab Prezident.

– Onların zorla apardıqları avtomobilin içindən Kalaşnikov avtomatının qundağı və lüləsinin alovsöndürəni tapılıb. Məgər bu məlumat sənə nəsə demir? Əgər nəzərə alsaq ki, salonda digər hərbi sursatlar və silahlar da olub, bu, onu göstərir ki, “omon”çular üçün xüsusi əhəmiyyət kəsb etdiyindən onlar bölməyə hücum ediblər. Görünür, avtomobil sübut kimi hansısa işin açılmasına yarıya bilər. Sübut- ları məhv etmək üçün də onu zorla alıb aparıblar. Bu hadi- səni təfsilatı ilə yoxlayın və nəticəsini mənə məruzə edin. Digər cinayət işinə də məsuliyyətlə yanaşın.

– Baş üstə, cənab Prezident.

Dəstəkdən siqnal səsləri gəldi. Prezident selektorun dəstəyini yerinə qoymuşdu. Abbasovu fikir götürdü. O, niyə polisin və prokurorluğun işini görməlidi? Telefona baxıb dəstəyi astaca yerinə qoydu, zəngin düyməsini basıb kö- məkçisini içəri çağırdı.

– İyirmi beş dəqiqədən sonra Qalib Xalıqovu, Rüfət Mansurovu, Ramin Nağıyevi, Tariyel Hüseynovu  və Azər Qarayevi yanıma çağırın.

– Baş üstə, Namiq müəllim.

İyirmi dəqiqə keçməmişdi ki, növbətçi qapının astanasında göründü.

– Cənab general, əməkdaşlar sizi gözləyirlər.

– İçəri gəlsinlər, – Namiq Abbasov göstəriş verdi.

Birinci Qalib Xalıqov içəri daxil oldu. Dəvət olunanlar Namiq Abbasova yaxınlaşdılar. Abbasov kreslodan qalxıb gələnlərlə görüşdü və oturmağı təklif etdi.

Hərə öz rütbəsinə uyğun yerdə əyləşdi və nəzərlərini Namiq Abbasova dikdi. Milli təhlükəsizlik naziri vəzifəsini icra edən Namiq müəllimin söhbəti nədən başlayacağını bilsələr də, etika xatirinə susurdular.

Namiq Abbasov əməliyyat iştirakçılarını diqqətlə süzdükdən sonra dedi:

– Rüfət müəllim, xahiş edirəm dövlət nümayəndələrinin qətli ilə bağlı cinayət işlərini məruzə edəsiniz.

Rüfət Mansurov məruzə üçün ayağa qalxmaq istədi. Nazir əvəzi dedi:

– Rüfət müəllim, yerinizdən durmadan məruzə edin. Xahiş edirəm, heç kim ayaq üstə məruzə etməsin. Oturdu- ğunuz yerdə məruzə edərsiniz. Bu, adi, lakin çox mühüm əməliyyat müşavirəsidir. Cənab Prezident işlərlə ma- raqlanır və tapşırıq verib. Bu barədə mən sonra sizə gös- təriş verəcəyəm. Buyurun, Rüfət müəllim!

– Namiq müəllim, Afiyəddin Cəlilovun qətli ilə əla- qədar cinayət işi Raminin icraatındadır. İş prokurorluqdan bizə daxil olan kimi dərhal hadisə yerinə getdik. Biz elə ilk andan hadisə yerinin müayinəsində iştirak etmişdik. Lakin prokurorluğun numayəndəsi hadisə yerinə bizdən bir az əvvəl gəldiyindən müayinəni onlar aparmışdılar. Hadisə yerində cinayətin izlərini aşkar etmək üçün hadisə yerini təkrarən daha dəqiq müayinə etdik. Bəzi əşyalar götürdük, lakin dəqiq versiyamız hələ yoxdur. Bir neçə versiya istiqamətində işləyirik. Şahidləri dindiririk ki, cinayətin motivlərini müəy- yən edək. Şəmsi Rəhimovun qətlilə əlaqədar saxlanılan şüb- həli şəxslər isə yeni heç nə demirlər, elə əvvəlki ifadələrini təkrar edirlər. Biz belə hesab edirik ki, Rəhimovu başqa cinayətkar qrup da qətlə yetirə bilər. Müstəntiq Hüseynovu işlə bağlı, nazirlikdən kənarda olduğuna görə müşavirəyə dəvət edə bilmədim. Deyəcəyim bu qədər. Rüfət Mansurov susdu.

– Nağıyev, sizin əlavəniz varmı?

– Xeyr, Namiq Rəşidoviç.

– Azər bəy, – deyə Namiq Rəşidoviç üzünü əks-kəşfiyyat idarəsinin rəis müavini Azər Qarayevə tərəf tutdu:

– Sizin baş vermiş bu hadisələr barədə hansısa bir məlumatınız varmı?

– Namiq Rəşidoviç, agenturanın məlumatlarına görə, deyə bilərəm ki, son günlərdə baş verən qətllər “omon”çular tərəfindən törədilmişdir. Xüsusi Təyinatlı Polis Dəstəsi cinayətkar bir qrupa çevrilmişdir. Düzdür, orada vətənpərvər, sağlam qüvvələr də var. Lakin bu silahlı dəstənin tərkibində bir qrup var ki, onlar azğınlıq edən qatillərdir. Yadınızdadırsa, 1992-ci ilin dekabr ayının 22-də Rövşən və Mahir Cavadovlar sabiq daxili işlər naziri İsgəndər Həmidovun kabinetini dağıtdılar. Lakin fakta görə heç bir cinayət işi qaldırılmadı. Halbuki İsgəndərin cangüdəni odlu silah yarası almışdı. Heç on gün keçmədi ki, DİN-nin Banditizm və Terrorizmlə Mübarizə İdarəsinin rəis müavini Ələkbər Əsgərov evindən bir qədər aralıda qətlə yetirildi. Cavadov qardaşları belə hesab edirdilər ki, İsgəndər Həmidovla onla- rın arasını Əsgərov vurub. Digər tərəfdən, Əsgərov OMON-la hesablaşmaq istəmirdi. Bizim məlumat mənbələrimiz bir yana, adi adamlar da dəqiq deyirdilər ki, bu, “omon”çuların işidir. Həm də bu hadisədə Elçin Əmiraslanovun adı hallan- mışdı. Mən belə hesab edirəm ki, Afiyəddin Cəlilovu onlar qətlə yetiriblər. 20-ci polis bölməsindən zorla aparılan VAZ-2108 “Jiquli”dən də bu cinayətin həyata keçirilməsində istifadə edilib. Ola bilsin ki, başqa cinayətlərdə də bu avtomaşından istifadə olunub. Digər tərəfdən, bizim aldığımız bəzi məlumatlar var. Əməkdaşlarımız bu məlumatları yoxlayırlar.

Azər Qarayev məruzəsini bitirib Namiq Rəşidoviçə baxdı.

–  Başqa sözü olan yoxdur ki?

– Mən bu versiyaya çox da inanmıram, – deyə Man- surov dilləndi. – İnanmıram ki, cinayəti  törədəndən sonra “omon”çular avtomaşını aparıb küçədə saxlasınlar.

– Rüfət müəllim, biz bu faktı yoxlamalıyıq.

– Namiq Rəşidoviç, cinayət işinin materiallarında elə bir fakt yoxdur ki, biz bu hadisəyə dair materialları tələb edib, cinayət işinə əlavə edək və istintaq aparaq. Çünki hələlik bu faktın siyasi qətllərə aidiyyəti yoxdur. Prosessual qanunvericilik də yol vermir ki, bu cinayətin istintaqını biz aparaq. Bildiyimə görə, polis bölməsinə hücumla bağlı cina- yət işi belə başlanmayıb. Az-çox mənim də məlumatım var, – deyə Mansurov cavab verdi.

– Azər müəllim, bu hücumdan Daxili İşlər Nazirliyinin, Bakı şəhər Baş Polis İdarəsinin, rayon və respublika prokurorluqlarının məlumatı varmı?

– Namiq Rəşidoviç, əlbəttə, onların məlumatı olub. Prezident çox düzgün dedi ki, ölkədə kriminogen vəziyyətə nəzarət edən orqanlar funksiyalarını yerinə yetirmək iqtidarında deyillər. Bu hadisə dövlət çevrilişinə qəsd olan günün səhərisi baş verib. O gün DİN orqanları amorf vəziyyətdə idi.

– Azər müəllim, xahiş edirəm, bu faktla bağlı hüquqi müstəvidə ətraflı araşdırmalar aparın. Qanunvericilik sizə təhqiqat aparmağa imkan verir. İşinizi qanun çərçivəsində aparın, nəticəsini də mənə məruzə edin. Lazım gələrsə, yenə də məsləhətləşmələr apara bilərik.

– Qalib müəllim, sizdən xahiş edirəm, bu işlə yaxın- dan tanış olun. Çox az müddətdir ki, işə başlamısınız. Lakin sizin böyük təcrübəniz var. Cinayətkarların müəyyən edilib tutulmaları üçün bütün əməliyyat işlərinə siz rəhbərlik edəcəksiniz. İstənilən vaxt məsləhət üçün mənə müraciət edə bilərsiniz. Rüfət müəllim, siz də istintaqın gedişi barədə mənə mütəmadi məlumat verin, – bunları deyib Namiq Abbasov müşavirənin başa çatdığını bildirdi.

İş otağına qayıdan Azər Qarayev öz qəbul otağına daxil olarkən ayağa qalxan köməkçisinə: “3-cü şöbənin rəi- sini yanıma çağırın”, – dedi. Ayaq saxlamadan qapını açıb kabinetinə daxil oldu.

İki-üç dəqiqə keçməmiş şöbə rəisi qapını döyərək Azər Qarayevin kabinetinə daxil oldu. Onlar görüşdülər.  Azər Qarayev ona əyləşməyi təklif etdi və dərhal mətləbə keçdi:

– Mürsəl müəllim, (xidməti təlimata əsasən ad dəyişdirilmişdir – müəllif) xahiş edirəm öz adamlarınıza tapşırıq verin, 05.10.1994-cü il tarixdə Bakı şəhər 20-ci polis bölməsinə “omon”çular tərəfindən edilən hücum barədə məlumat toplasınlar. Məlumatlar yoxlanılıb təsdiqini tapdıqdan sonra xüsusi arayış tərtib edərsiniz. Bu işə ən səriştəli əməkdaşlarınızı cəlb edin. Tapşırıq verin ki, işə məsuliyyətlə yanaşsınlar. Ölkədə hələ də davam edən xaosa birdəfəlik son qoymaq lazımdır. Xalqın ümidi və nəzərləri bizdədir.

– Baş üstə. Sizi əmin edirəm ki, tapşırığınız ən yüksək səviyyədə icra ediləcəkdir. Azər bəy, başqa göstərişiniz yoxdursa, icazə verin gedim.

– Gedə bilərsiniz.

Azər Qarayev “D” xidmətini işə cəlb etmək üçün Namiq Abbasovun adına raport yazmağı qərara aldı. Əvvəl ünvanlar müəyyən edilməli idi. Raport hazır olduqdan sonra Azər Qarayev 20-ci polis bölməsinin rəisi Aslan Dəmirovun adına məktub hazırladı. İmza edib göndərilməsi üçün köməkçisinə verdi.

Üzləşmə

(Ardı var)