ACI HƏQİQƏT

240

“Hürriyyət” İsa Nəcəfovun eyni adlı kitabını ixtisarla oxucularına təqdim edir

Azərbaycan Respublikasının sabiq Baş prokuroru Eldar Həsənovun həbsinin bir çox detalları hələ ictimaiyyətə qaranlıq olsa da, onun bağlı olduğu qüvvələr, keçmişdə və səfir olduğu dönəmdə göstərdiyi fəaliyyət haqda məlumatlar da az deyil. 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifəsində işləyən İsa Nəcəfovun müəllifi olduğu “Acı həqiqət” kitabında da bu haqda kifayət qədər geniş məlumat yer alır. Ümumilikdə,  bu kitabın keçmişlə bağlı bir sıra proseslərə aydınlıq gətirdiyini nəzərə alıb, “Acı həqiqət”i ixtisarla oxucularımıza təqdim etməyi qərara aldıq. Buyurun, izləyin!

 

***

(Əvvəli ötən saylarımızda)

 

Ölüm ayrılmaz kölgəmizdir!!!

 

Polkovnik, siz əvvəlcə OMON-un şəhərdəki özbaşınalıqlarının qarşısını alın. Azğınlıq etməsinlər, cinayət törətməsinlər, qanunlara tabe olsunlar. Bu, sizin xidməti vəzifənizdir. Qalan məsələlərə, xüsusilə mənim işlərimə qarış- mağa ixtiyarınız yoxdur. Sağ olun, – deyə Parlamentin Sədr müavini Afiyəddin Cəlilov telefon dəstəyini əsəbiliklə yerinə qoydu.

Bir anlıq pəncərədən bayıra baxdı. Artıq qaranlıq düşmüşdü. Sonra saatına baxdı, gecə saat 10-a işləyirdi. Daxili telefonun dəstəyini götürdü.

– Bəli, Afiyəddin müəllim! – sədr Rəsul Quliyevin yoğun səsi eşidildi.

– Salam, Rəsul müəllim! Axşamınız xeyir. Necəsiniz?

– Hər vaxtınız xeyir. Sağ olun, Afiyəddin müəllim. Siz necəsiniz? Səsinizdən əsəbiləşdiyiniz hiss olunur. Nəsə olub?

– Sağ olun, Rəsul müəllim, yaxşıyam. Elə-belə bir nəfərlə kəskin danışığımız oldu. İnanıram bu da ötüb keçər.

– Afiyəddin müəllim, acılı-ağrılı anlar yaşayırıq. Süleyman peyğəmbər demişkən, bu da ötüb keçər.

– Rəsul müəllim, mənimlə işiniz yoxdursa, icazə verin gedim evə!

– Afiyəddin müəllim, gedə bilərsiniz, bir işim yoxdur. Gecəniz xeyrə qalsın.

– Xeyrə qarşı. Sağ olun. Səhər görüşənədək.

– Afiyəddin müəllim, ehtiyatlı olun.

– Oldu, Rəsul müəllim, evə gedirəm.

Telefon dəstəkləri yerinə qoyuldu.

***

1993-cü ildə Parlamentin iclaslarından birində iclasın gedişindən narazı qalan Baş nazir Surət Hüseynov hid dətləndi. Üzünü deputatlara tutub dedi:

–Mən gərək sizlərin bir qismini Azadlıq meydanında dar ağacından asdıraydım.

Bu an Parlament “qurbağa gölünə atılan daş”ın yaratdığı vəziyyəti andırdı. Deputatlardan heç kəs cürət edib Surətin bu hegemonluğuna, fironluğuna qarşı cavab vermədi. Ona görə ki, şirin canlarını daha üstün tutdular.

***

Afiyəddin Cəlilov kreslosundan qalxmadan selektorun düyməsini basıb köməkçisinə dedi:

– Mayıla deyin maşını hazırlasın, aşağı düşürəm.

Sonra ayağa qalxıb qapıya sarı getdi. O, sonuncu  dəfə iş otağını tərk edirdi, bir daha buraya qayıtmayacaqdı. O, sonuncu dəfə köməkçisinə:  “Gecəniz xeyrə qalsın, qapını bağlayıb möhürləyin, evinizə gedin”, – dedi. Sonuncu dəfə tanış pillələri enib xidməti avtomobilinə mindi. Sonuncu dəfə Milli Məclisin binasını və həyətini tərk etdi.

Həqiqətən, nəyin başlanğıcı varsa, onun sonu da var. Bu iki anlayış – başlamaq və sona çatdırmaq, həyatımız və ömrümüzlə qırılmaz tellərlə bağlıdır.

– Mayıl, axşamın xeyir, – o, avtomaşının arxa sağ oturacağına oturub salamlaşdı, – sür evə.

Hava həmişəki kimi yenə küləkli idi. Bir neçə dəqiqə sonra avtomobil Prezident Aparatının qarşısından aşağı endi. Afiyəddin Cəlilov Ağ evin beşinci mərtəbəsinə baxdı. Prezident beşinci mərtəbədə otururdu. Onun kabinetinin pəncərələrindən işıq gəlmirdi. İndi o, çox-çox uzaqlardaydı. Azərbaycanın xoş gələcəyi üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış etməli idi. Vacib görüşlər keçirirdi. Xüsusilə ABŞ-ın prezidenti Bill Klinton ilə görüşü mühüm əhəmiyyət kəsb edəcəkdi. Ürəyində: “O sanki özünə qəsd edir, yorulmaq bilmir”,- dedi. Bu, onun sonuncu dəfə Prezidentin fəaliyyəti haqqında düşüncələri idi.

Maşın yoldan sağ tərəfə buruldu, iki binanın arasından keçib sola döndü, birinci blokun girəcəyinə yaxın dayandı. Girəcəkdə işıq yanmırdı.

– Afiyəddin müəllim, uşaqlar yenə də girişdəki elektrik lampasını sındırıblar. Siz bircə dəqiqə gözləyin, mən maşının işıqlarını girəcəyə salım ki, siz düşüb evə gedə biləsiniz , – dedi.

–  Yaxşı.

Mayıl dərhal maşının işığını binanın girəcəyinə saldı.

“Gecən xeyrə qalsın”, – deyə Cəlilov “Mersedes”in qapısını açıb düşdü və qapını arxasınca örtdü. O, sonuncu dəfə xidməti avtomobilinin qapısını örtürdü və yaşadığı  binaya da sonuncu girişi olacaqdı. Lakin Afiyəddin Cəlilov bunların sonuncu olduğunu, ömrünün son dəqiqəsi və son anları olduğunu bilmirdi. Acı və şirin duyğular hərarətli qəlbində yaşamaqda idi.

O, mənzilinə çatmaq üçün pilləkənlərlə yuxarı qalxdı. Sağ ayağını axırıncı pilləyə qoydu və liftin düyməsini basmaq üçün sola döndü. Düyməni basdı və bu zaman qapı açıldı. Ancaq liftə daxil ola bilmədi. “Geri dönün” komandasını eşitdi. Liftdən düşən işıqda avtomat lüləsinin ona tərəf tuşlandığını gördü. Silah bəstəboy, əynində plaş materialından idman forması geymiş 28-30 yaşlı bir gəncin əlindəydi. Onun arxasında isə eyni idman forması geyinmiş, lakin boyu bir qədər hündür olan əli avtomatlı başqa bir gənc də dayanmışdı.

Afiyəddin Cəlilov sol çiyni üstə geri çevrildi. Boğuq səs eşidildi. Boynunun ardından aldığı atəş zərbəsi onu irəli atdı, bir anda gözləri qaraldı, arxa divara qırmızı qan damlaları çiləndi . O, yerə yıxıldı`və heç nə deyə bilmədi.

Avtomobilin yanında dayanan Mayıl Afiyəddin  Cəlilovun yıxıldığını görüb içəri yüyürdü. Pilləkənin başına çatanda maskalı, əli avtomatlı bir nəfəri gördü, məsələnin mahiyyətini dərk edərək cəld geri dönüb bayıra qaçdı. Lakin arxadan atılan güllədən canını qurtara bilmədi, üzüüstə yerə yıxıldı. Bu, onun son qaçışı, son dəfə qorxu duyğusu oldu. Bir neçə dəqiqədən sonra artıq heç bir ağrı hiss etmirdi. Onun üçün bu həyatın labüd qayğıları, əzab-əziyyətləri, nigarançılıqları sona çatmışdı. Elə Afiyəddin Cəlilov üçün də…

Girəcəkdən bir-birinin arxasınca idman kostyumunda və birinin əlində idman çantası olan iki nəfər çıxdı. Onlar sağa buruldular. Sürətli addımlarla qonşu binanın arxasına doğru irəlilədilər. Səməd Vurğun bağının yanında üçüncü şəxs onlara yanaşdı. Bəstəboy gənc dedi:

–  Fikrət, komandirə de ki, tapşırıq yerinə yetirildi,  Afiyəddin Cəlilovu və sürücüsünü də qətlə yetirdik.

Sonra onlar idman çantasını VAZ-2108 markalı avtomobilin baqajına yerləşdirdilər. Dəmiryolu vağzalının yanındakı küçədə UAZ markalı avtomaşına minib oradan uzaqlaşdılar.

Ertəsi gün bəstəboy gənc dünən gecə görüşdüyü şəxslə VAZ-2108 markalı avtomobilin yanında peyda oldu. Hər ikisi maşına oturub Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsindəki 23-cü binanın həyətinə gəldilər və avto- mobili orada saxladılar. Maşını idarə edən gənc yük yerin- dən idman çantasını götürdü. Qapıları bağladıqdan sonra çıxıb getdilər.

 

Onsuz da fanidir hər şeyin sonu!

 

Artıq gecə saat 11-ə işləmişdi. Mübariz Pənahov daxili işlər naziri Ramil Usubovun qəbuluna tələsirdi. Orta boylu və idmançı əzələli bu şəxsi çoxları “Laba” deyə çağırırdılar…

Mübariz nazirin qəbul otağına daxil oldu. Mühafizə- də xidmət edən qardaşı Əli onu qarşıladı və onlar salamlaşdılar. Əli:

– Mübariz, Ramil müəllim səni qəbul edə bilməyəcək. Çünki faciə baş verib. Afiyəddin müəllimi öldürüblər.

– Kim? Harda öldürüblər?

– Bilmirəm. Onu Semaşko xəstəxanasına aparıblar.

– Yaxşı, mən gedirəm ora. Sonra danışarıq, – Mübariz bunu deyib cəld qəbul otağını tərk etdi. Tez pilləkənlərlə aşağı düşüb Mərkəzi Univermağa (MUM) tərəf getdi. Yolu keçib binanın yanında saxladığı “Jiquli”sinə mindi. On dəqiqə keçməmiş xəstəxananın həyətinə daxil oldu, avtomobili  saxladı və təcili yardım şöbəsinə tələsdi. İlk gördüyü ağ xalatlı şəxslə salamlaşdı. Afiyəddin Cəlilovun harada yerləşdirildiyini soruşdu. Tibb işçisi:

– Ya reanimasiyada, ya da cərrahiyyə şöbəsindədir.

– Sağ olun.

Bu şöbələr ona tanış idi. Birinci cərrahiyyə şöbəsinə qalxdı. Dəhlizdə bir qadınla qız dayanmışdı. Onlar xısın-xısın ağlayırdılar. Mərhumun oğlu Nihadın isə üst-başı qan içində idi, dəhlizdə havalanmış kimi göz yaşları tökərək hönkür-hönkür ağlayırdı. Onlara təskinlik verən bircə adam da gözə dəymirdi. Mübarizi müşayiət edən idmançılar ona yaxınlaşıb təskinlik verməyə çalışsalar da, buna nail ola bilmədilər.

Qarşısına çıxan tibb bacısından yaralının harada olduğunu soruşdu. Qadın əli ilə irəlidəki sağ tərəfdə olan qapını göstərdi. Mübariz nişan verilən qapını açdı. Cərrahiyyə otağına gedən dəhlizdə təkərli xərəyin üstündə Afiyəddin Cəlilovun cənazəsini gördü. O, artıq həyatla vidalaşmışdı. Güllənin alnında açdığı deşik pambıqla tıxanmışdı. Yanında heç kim yox idi. Burnuna hava boruları keçirilmişdi. Artıq bu heç nəyə lazım olmayan bir tibbi yardım idi. Sol tərəfdəki xərəyə isə sürücü Mayılın cənazəsi qoyulmuşdu. Meyit ağ mələfə ilə örtülmüş, axmış qan ağ mələfəni qırmızı rəngə boyamışdı.

Tibb bacısı gəlib hava borularını cənazənin burnundan çıxartdı. Xərəyin baş tərəfində durub cənazənin üzərini ağ mələfə ilə ördü. Xərəyi qapıdan dəhlizə tərəf itələyib dedi:

– Təcili yardım gəlib meyiti evlərinə aparacaq.

Mübariz xərəyin arxasınca getdi. Hönkürtü ilə ağlayan qadın və qız da ona qoşuldu. Liftin qarşısında dayandılar. Liftçi qadın onları gözləyirdi. Xərəyi liftə saldılar. Sonra Mübariz pilləkənlə birinci mərtəbəyə endi. Liftdən xərəyi düşürəndə bəlli oldu ki, “təcili yardım” hələ də gəlməyib.

Tibb bacısı: “Yolu tutmasın”, – deyib Afiyəddin Cəlilovun cənazəsi olan xərəyi pilləkənin altındakı qaranlıq boşluğa itələdi və çıxıb getdi.

Laba bu hala dözməyib çölə çıxdı. Ölməz Cəfər Cabbarlının qələmə aldığı bu kəlamın, dərin fəlsəfəsinin həyatiliyinə bir daha heyran qaldı:

Ölmək – o böyük körpüdən hər kəs keçəcəkdir,

Bir badə ki, bütün aləm ondan içəcəkdir,

Hər süslü çiçək sonda saralmış quru yarpaq

İnsan da nədir? Əvvəli torpaq, sonu torpaq!!!

 

(Ardı var)