ACI HƏQİQƏT

477

(Əvvəli ötən saylarımızda)

Müşavirədə Baş prokurorun digər müavinləri, respublika hərbi prokuroru da çıxış etdilər və Prezidentin suallarına cavab verdilər. Baş prokuror və birinci müavin barədə öz fikirlərini bildirdilər.

Prezident müşavirəyə yekun vurdu.

– Mən hamını dinlədim. Baş prokuror Eldar Həsənovla onun birinci müavini İsa Nəcəfovun bir-birinə olan iradlarından belə nəticə çıxardım ki, yaranmış vəziyyətə uyğun olaraq qəti qərar qəbul etməliyəm. Eldar Həsənovun ikinci müddətə Baş prokuror vəzifəsində qalması məsələsini Parlament qarşısında irəli sürə bilmərəm. İsa Nəcəfov və Xanlar Vəliyev də tutduqları vəzifələrdən azad edilməlidilər. Baxmayaraq ki, onlar dövlət üçün lazımlı kadrlardır.

Müşavirə bitdi. İştirakçılar müşavirə otağını tərk etdilər. Onların gözlərində pərişanlıq və sevinc hissini görmək olurdu. Kimsə sevinirdi, kimsə qəm-qüssəyə qərq ol- muşdu.

Bir neçə insanın gözündə ona qarşı sel kimi axan nifrətli baxışları belə diqqətindən yayınmadı. Lakin bunun səbəbini başa düşmədi. Bu adamlar Prezidentin yaxın dairəsində olanlardı. Qəlbində baş qaldıran “Nəyə görə?” sualına o, uzun illər cavab axtarsa da, tapa bilmədi. Lakin istədiyinə nail olmuşdu. Sarayın əzablı, üzüntülü mühitindən əbədi olaraq ayrılmışdı.

Kimsə ona siqaret təklif etdi:

–  İsa müəllim, siqaret çəkib toxtayın.

O isə gülümsəyərək dedi: – Sağ olun, siqareti dörd ildir atmışam. Bu zəhrimarı bir daha dadmaq istəmirəm. Könlüm isə rahatdır, siz narahat olmayın.

O, kənarda tək-tənha dayanmış Xanlar Vəliyevə yaxınlaşdı:

– Xanlar, gəl gedək. Həyat hələ qabaqdadır. Heç kim deməsə də, mən yox, biz deyə bilərik ki, qələbə çaldıq.

Onlar Prezident Aparatını tərk edib piyada Respublika Prokurorluğuna tərəf üz tutdular.

Sabiq birinci müavin iş otağına daxil olarkən çox qəribə bir hadisənin şahidi oldu.

Respublika hərbi prokuroru Ramiz Rzayev çox pərişan halda yeyin-yeyin yuxarıbaşa gedib geri qayıdırdı. Qapıya çatanda əlləri ilə dizlərinə vurub öz-özünə deyirdi:

– Bu niyə belə oldu, ə ?!

Qəlbən çox saf olan bu insan, görünür, çəkdiyi daxili üzüntünün, narahatlığın təsiri altında könül tarazlığını itirmişdi. Lakin nə etmək olardı. Dövlətçilik mənafeyi hər şey- dən üstün tutulmalıydı. Kimsə və kiminsə haqqı bu maraqlar naminə qurban verilməliydi. Çünki əzəldən belə quru- lub bu dünyanın işləri!!!

 

***

Cinayət işinin bu günlərdə gedən istintaqından Tahir Kazımova bəlli olmuşdu ki, aparılacaq ibtidai istintaqın həcmi gözləmədiyi miqyasda genişlənmiş və iş yükü artmışdır. “Bu günün işini sabaha qoymaq olmaz” kəlamı onun və istintaq qrupunun üzvləri üçün bir həyat qayəsinə çevrilmişdi. Prokuror müstəntiqlərin hər birinin işini konkret istiqamətdə quraraq, vaxtaşırı özü də şəxsən prosessual hərəkətlərin icrasında iştirak edir, istintaqın effektivliyini və dəyərliliyini artırırdı. O, vaxtında Dəyanətin dilinin açılmasından səmərəli istifadə edilməsini dəyərləndirə bilmişdi.

19 aprel, səhər saat 11:30-da 8-ci polis bölməsində Dəyanət Kərimovun ifadəsinin yerində yoxlanılması üçün  növbəti istintaq eksperimentinin  keçirilməsi başlandı.

Müstəntiq:

– Kərimov Dəyanət Kərim oğlu, siz müəyyən cinayətlərdə şahid və iştirakçı kimi olduğunuz barədə istintaqa ifadə vermisiniz. Həmin cinayətlər barədə daha ətraflı məlumat verin.

Dəyanət Kərimov:

– 1992-ci ilin payız ayları olardı. Mən Banditizm idarəsinin rəis müavini Ələkbərovun qətlində iştirak etmişəm. Fikrətlə Binəqədi rayonunun 8-ci mikrorayonuna gəldik. Fikrət, mən, Həsən, Elçin Əmiraslanov və Rus Yaşar oraya gəldik. Mən, Həsən, Elçin binanın yanında dayanmışdıq. Fikrətlə Rus Yaşar isə binaya daxil oldular. Bundan sonra binaya Ələkbər daxil oldu. Bir-iki dəqiqədən sonra Fikrət və Rus Yaşar həmin şəxslə bir yerdə binadan çıxdılar. Biz də onların arxasınca gedirdik. Fikrət göstəriş vermişdi ki, özümüzü onlara göstərməyək. Həmin adamı avtomat silahla, kalibri yadımdan çıxıb, Fikrət qətlə yetirdi. Mən bu cinayət barəsində ifadəmdə ətraflı göstərmişəm. Həmin cinayətin törədildiyi yeri də göstərə bilərəm.

Bundan sonra Hərbi Dəniz Məktəbinin kontr-admiralının qətlə yetirilməsi 1993-cü ilin yay aylarında idi, isti vaxtlardı. Mən, Yaşar, Həsən və Fikrət Zığ qəsəbəsində ol- muşuq. Mənimlə Rus Yaşar VAZ-2109 markalı avtomaşında oturmuşduq. Onu qətlə yetirmək üçün Fikrətlə Həsən görüşdülər. Həmin şəxsi Fikrət qətlə yetirib. Fikrət həmin şəxsi “Beretta” markalı silahla qətlə yetirmişdir. Mən həmin yeri dəqiq olaraq hadisə yerində göstərə bilərəm.

Bundan sonra sabiq müdafiə naziri Rəhim Qazıyevin həyatına sui-qəsd törədilməsində Fikrət, Şəmsi, Həsən, mən, Elçin Əmiraslanov, Rus Yaşar iştirak etmişik. İcra edənlər Şəmsi ilə Fikrət olub. Bu hadisə 1993-cü ilin payız aylarında olmuşdur. Hava küləkli idi, yağış yağırdı. Biz doqquzmərtəbəli hündür binanın yanında dayanmışdıq. Fikrətlə Şəmsi qumbaraatandan atəş açdıqdan sonra Fikrət bizə ratsiya ilə işarə verməli idi ki, biz, yəni mən, Elçin, Həsən və Yaşar avtomat silahlardan havaya atəş açıb onların damdan düşməsinə şərait yaradaq. Belə də oldu. Mən həmin yeri dəqiq hadisə yerində göstərə bilərəm.

Bundan sonra, gecə vaxtı olardı, Fikrət məni Yasamal rayonu ərazisinə apardı. Orada bir şəxs maşını avtodayanacaqda saxladıqdan sonra və uşağı ilə gedəndə Fikrət həmin şəxsə yaxınlaşdı. Onu 5.45 çaplı AK tipli avtomat silahı ilə qətlə yetirdi.

Bundan sonra, mən Fikrətlə Həsənin qətlə yetirdiyi kolxoz bazarının müdirinin öldürülməsində də iştirak etmişəm. Biz gəlib onların yanında maşını saxladıq. Mən maşında oturmuşdum. Həsən isə 5.45 tipli AKSU tipli avtomat silahı ilə həmin şəxsi qətlə yetirdi. Fikrət camaatın fikrini yayındırmaq üçün əl qumbarasını yola atmışdı. Bundan sonra ratsiya vasitəsilə işarə vermişdi. Mən də maşını bazarın yanına sürdüm, onları mindirib hadisə yerindən  uzaqlaşdıq. Danışdıqlarımı mən hadisə yerində göstərə bilə- rəm.

Günün sonunda hava qaralarkən istintaq eksperimenti başa çatdı. İstintaq-əməliyyat qrupu geri qayıtdı. Eksperiment işçilərini daşıyan mikroavtobus 8-ci polis bölməsinin həyətinə daxil oldu. Sonuncu olaraq qolları qan- dallı Dəyanət maşından düşdü.

Axşamın toranlığı hələ gecənin qara örpəyinə çevrilməmişdi. O, sonuncu dəfə Bayıl təpələrinin arxasında gizlənməkdə olan Günəşin al qırmızı şəfəqlərinin zəifləmiş  şüalarını seyr etdi. Törətdiyi cinayətlər Dəyanəti əbədi olaraq məhbəsin qaranlıq ağuşuna çəkib apardı…

 

 

 

Epiloq

Mən bu kitabın üzərində işləyəndə, təsvir etdiyim hadisələrdən çox illər keçmişdi. Bu tarixi hadisələrin iştirakçılarının bir qismi artıq dünyasını dəyişmiş, bir qismi isə cəmiyyətdə və dövlət strukturlarında tutduqları mövqelərindən uzaqlaşmışdılar.

İstəməzdim ki, bu kitabı oxuyanlar ona mənim öz tarixcəm kimi baxsınlar. Əgər belə olarsa, oxucular fikirlərində yanılacaqlar. Çünki mən Azərbaycan adlı dövlətin insanları arasında yalnız kiçik bir zərrəciyəm, milyonlardan yalnız biriyəm.

Yazdığım, qələmə aldığım, bacarığım səviyyəsində təsvir etdiyim bəzi obrazlar isə bu qısa zaman kəsiyində müstəqil dövlətimizin həyatında iz qoymuş böyük və yaxud orta səviyyəli vəzifə adamlarıdır.

Hadisələrin cərəyan etdiyi günlər, aylar və illər isə həm dövlətimizin, həm də bu mühitdə yaşayan vətəndaşlarımızın tarixidir. Bu isə bir həqiqətdir.

….1994-cü ilin 4 noyabrında, 4 oktyabr dövlət çevrilişinə sui-qəsdlə bağlı hadisələrə həsr edilmiş Ümumres- publika toplantısında ölməz sənətkar Məlik Dadaşov çıxışında o dövrkü ictimai həyatımıza aid bir fikir irəli sürdü: “Heydər Əliyev bu gün bir Prezident kimi Amerika Birləşmiş Ştatlarını idarə edə bilər. Lakin Bill Klinton Azərbaycanı idarə edə bilməz”.

Bu nə gəlişixoş sözlər, nə də bəlağətli ifadələr idi. Bu,  həqiqət idi. Bir neçə yüz il dövlətçilik tarixinə malik olan ABŞ-ın artıq işlək, səriştəli kadrlardan təşkil edilmiş dövlət institutları var. Qanunun aliliyi həm federal dövlət, həm də ştat səviyyəsində təmin edilmişdir.

Müstəqilliyimizin ilk ilində hakimiyyətə gələn Ayaz Mütəllimov doqquz xarici dövlətin dəstəklədiyi “Xalq Cəbhəsi” partiyasının təzyiqi ilə hakimiyyəti təhvil verdi. Nəticədə, başları hakimiyyət davasına qarışanlar torpaqlarımızın itirilməsinə şərait yaratdılar. Müdafiə Nazirliyi yox səviyyəsində idi, xarici dövlətlərə xidmət edən mənsəbli müxalifət nümayəndələri anarxist əhval-ruhiyyəni var gücləri ilə alovlandırdılar. İdarəetmə mexanizmi nəzarətdən çıxdı. Xüsusilə güc və hüquq-mühafizə orqanlarının rəhbərləri özlərini cəmiyyətdə mütləqi-hakim kimi apardılar. Zorakılıqla hakimiyyətə gələn Xalq Cəbhəsi qısa bir müddətdə hakimiyyətdən getməli oldu. Zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan qonşu dövlətlər – Türkiyə, İran və Rusiya üçün yağlı bir tikəyə çevrildi. Bu illərdə üç silahlı qüvvə – Ağa Axundovun başçılıq etdiyi “Qardaşlıq Cəmiyyəti”, Rusiya tərəfindən dəstəklənən və polkovnik Şerbakın köməkliyindən istifadə edən “Lələ” – Sürət Hüseynov və Türkiyə tərəfindən himayə edilən Rövşən və Mahir Cavadov qardaşlarının rəhbərliyi və himayəsi altında olan, kriminallaşan və nəticədə insanların qorxduğu OMON – Xüsusi Təyinatlı Polis Dəstəsi mövcud idi. Belə bir şəraitdə hakimiyyətə gəlib idarəçilik mexaniz- mini işə salmaq, onun ahəngdar işləməsini təmin etmək hər kişinin işi deyildi.

Keçmişimizi yenidən yaddaş süzgəcindən keçirəndən sonra cəsarətlə deyə bilərəm ki, bugünkü əmin-amanlı- ğın bünövrəsi prokurorluğun, polisin və məhkəmənin ləya- qətli, şərəfli, peşəkar, qanunsevən, vətənpərvər adi əmək- daşlarının ağır zəhmətləri, bəzən isə həyatları hesabına qoyuldu və ucaldıldı. Hər addımbaşı xəyanətlərlə qarşılaşsalar da, haqqa sədaqətləri və gələcəyə olan inamları onları yenilməz etdi, onlar əbədi qaliblərə çevrildilər.

Siz bu şərəfli müstəqillik tariximizi dərindən öyrənin və heç vaxt da onu unutmayın!

(SON)