ACI HƏQİQƏT

180

(Əvvəli ötən saylarımızda)

Kimdir müqəssir?

2000-ci il aprel ayının 21-də Respublika Pokurorluğunun rəhbər heyəti Prezident Aparatına dəvət edildi. Prezident prokurorluqda yaranmış vəziyyəti araşdırıb, nəticəsindən asılı olaraq qərar qəbul etmək istəyirdi.

Kiçik iclas salonunda iştirakçılar bu qaydada əyləşmişdilər: oval stolun baş tərəfində Prezident əyləşmişdi. Prezidentdən sağda Baş nazir Artur Rəsizadə, ondan sonra milli təhlükəsizlik naziri Namiq Abbasov, Baş prokuror Eldar Həsənov, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev, ictimai şöbənin müdiri Əli Həsənov, Prezidentin mühafizə xidmətinin rəis müavini Bəylər Eyyubov, hüquq-mühafizə orqanları ilə işlər şöbəsinin müdiri Fuad Ələsgərov, humanitar şöbənin müdiri Fatma Abdullazadə, Prezidentin sol tərəfində Parlamentin Sədr müavini Arif Rəhimzadə, daxili işlər naziri Ramil Usubov, Baş prokurorun birinci müavini İsa Nəcəfov, müavinlər Xanlar Vəliyev, Nazim Allahverdiyev və respublika hərbi prokuroru Ramiz Rzayev əyləşmişdi. İclasın gedişi iki videokamera vasitəsilə lentə alınırdı. Tarix üçün?!..

İclası Prezident açdı:

–Bildiyimiz kimi, son günlər Respublika Prokurorluğunda vəziyyət çox xoşagəlməz hal alıb. Sizi buraya toplamaqda məqsədim Eldar Həsənovla İsa Nəcəfovun bir-birinə olan iradlarını dinləyib, kimin haqlı, kimin haqsız olduğunu müəyyən etməkdir.[1]  Eldar, buyurun, sözü sizə verirəm. İsa Nəcəfov barəsində nə iradınız varsa deyin.

Eldar Həsənov ayağa qalxdı.

– Cənab Prezident, birincisi, kim İsa Nəcəfovun yanına gedir, onlara deyir ki, darıxmayın, səbir edin. Niyə onlara belə deyir? Gözləsin, mən gedəndə o, bu sözləri desin. İkincisi, Kar Qəhrəman onun dostudur. 1998-ci ildə Prezident seçkilərində o, Etibar Məmmədovun şikayət ərizəsini Mərkəzi Seçki Komissiyasına göndərib. Eləcə də işlər üzrə öz qərarlarını tez-tez dəyişdirir. Cənab Prezident, bir də vay o günə ki, mən bir naxçıvanlı və ya ermənistanlıya barmağımı toxunduram. İsa Nəcəfov ilan kimi qalxıb məni çalır.

Cənab Prezident, bir də Elçin Əmiraslanovun istintaqı gedəndə müstəntiq Əli Əliyev Elçinlə görüşüb. Müstəntiq Əli Elçinə deyib ki, sən Eldar Həsənov haqqında mənə ifadə ver. İsa Nəcəfov səni “vışkadan” (vışaya nakazaniya – ölüm cəzasından) qurtaracaq.[2] Özü də Elçin bu haqda mənim adıma ərizə yazıb.

Bundan sonra Eldar Həsənov susdu.

– Eldar, dediklərinizə əlavəniz yoxdur ki? – Prezident sual verdi.

– Xeyr, cənab Prezident. Deyəcəklərim elə bu qədərdi.

– Yaxşı, oturun.

Prezident  İsa Nəcəfova  müraciət etdi:

– İsa, sizin Eldar Həsənova nə iradınız var?

Eldar Həsənovun arqumentsiz çıxışlarını soyuqqanlılıqla dinləyən Nəcəfov ayağa qalxdı. O, bu günü çoxdan gözləyirdi. Bu gün sonuncu döyüş günü olmalı idi. Onun üçün də, ona iradlar tutan Baş prokuror üçün də…

İndi deyəcəyi ittihamları bir il öncə Baş prokurorun onun yanına göndərdiyi “elçilərinə” sənədlər əsasında bəyan etmişdi.

Eyni zamanda ona da əmin idi ki, Eldar Həsənov onun ittihamlarına heç cür cavab verə bilməyəcək. Çünki peşəkar əməliyyatçının peşəkar istintaqçı ilə qarşıdurması birincinin məğlubiyyətilə nəticələnməyə bilməzdi. On beş dəqiqəlik çıxışda Eldar Həsənov tutarlı heç nə deyə bilmədi. Nəcəfovu hansısa qanun pozuntusunda ittiham etməyi bacarmadı.

Rəqibinin çıxışı çox uzun çəkdi. Qəsdən adam öldürmə faktına əsasən başlanmış cinayət işlərinin əsassız və qanunsuz dayandırılması, yaxud təqsirsiz insanların məhkəməyə verilməsi, cinayətlərin gizlədilməsi və bu kimi ittihamlar ona qarşı sənədlər əsasında irəli sürüldü. İttihamlara dözə bilməyən Eldar Həsənov ayağa qalxdı. Əlini rəqibinə  sarı uzadaraq dedi:

– Cənab Prezident, İsa Nəcəfov az qala atam haqqında arxiv sənədlərini ələ keçirib ki, burada məni ittiham eləsin.

Nəcəfov susub ona cavab vermədi. Eldar Həsənov yerinə oturduqdan sonra çıxışına davam etdi.

– Eldar müəllim, siz prokurorluğun əməkdaşı İlham Məmmədovu dəfələrlə əsassız təqib etmisiniz. O nə naxçıvanlıdır, nə də ki ermənistanlı. Əhməd Əhmədov xüsusilə mühüm işlər üzrə müstəntiq işləyirdi. Əsassız olaraq onu vəzifədən azad edib Bərdə rayon Prokurorluğuna müstəntiq göndərdiniz. Cənab Prezident sizin bu haqsız qərarınıza imkan vermədi. Əhməd Əhmədov Əjdər Xanbabayevin qəsdən öldürülməsinə dair başlanmış cinayət işinin istintaqını aparan istintaq qrupunun üzvü idi. Bu işin açılmasına Baş prokuror mane olurdu. Hətta istintaq qrupuna prokurorluqda oturmasına belə imkan vermədi. Sonradan bəlli oldu ki, Eldar Həsənov Bakı şəhər Daxili İşlər İdarəsində işləyərkən Əjdər Xanbabayev barədə  açılmış əməliyyat işinə başçılıq edib. O da qeyd edilən regionlardan deyil. Bəs siz Əli Əliyevi niyə həbs etmək istəyirdiniz? Prezidentin işə qarışması sizin qanunsuz hərəkətlərinizin qarşısını aldı.

“Balta” ləqəbli polis mayoru Hüseyn Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə cinayət məsuliyyətinə alınıb məhkəməyə verilmişdi. Sizin səyiniz nəticəsində ona qarşı  irəli sürülən ittiham Sizin qərarınızla dəyişdirildi. Bir ildən sonra sizin protestiniz vasitəsi ilə ona bəraət verildi. Öz qərarlarını dəyişdirən, özü də tez-tez dəyişdirən kimdir?!  Siz, yoxsa mən?!

Bakı Soyuducular Zavodunun direktorunun həyatına qəsd edilmişdi. Cinayət törədən şəxslər kənarda qala-qala Həmkarlar Təşkilatının sədrinə verilən işgəncələr nəticəsində ondan bu cinayəti törətməsi barədə ifadə alınmışdır. İşgəncələrə dözməyən bu şəxs ölmüş, cinayət işinə xitam verilmişdi. Həmin şəxsin qohumlarının şikayətinə əsasən cinayət  işi üzrə qəbul edilmiş xətm qərarı mənim tərəfimdən ləğv edilmişdi. Aparılan istintaq nəticəsində əsl cinayətkarlar məsuliyyətə alınıb, məhkəmə məsuliyyətinə veriliblər. Məhkəmənin hökmü ilə onlar məhkum ediliblər. Qanunsuzluğa yol verib cinayət törədən əməliyyat və prokurorluq işçiləri də məhkum ediliblər. Siz isə onları təltif etmişdiniz.

Afiyəddin Cəlilovun qətlə yetirilməsiylə bağlı başlanmış cinayət işi üzrə siz Prezidentə yalan məlumat verdiniz. İşi başqa müstəntiqə ötürdünüz. Dediyiniz şəxslərin bu cinayətdə iştirakı sübut olunmadı. Prezidentə niyə yalan məlumat verirdiniz?! Məqsədiniz nə idi?! Axı mən sizə cinayətin kim tərəfindən törədildiyini demişdim. Sonrakı istintaq nəticəsində də mənim dediyim təsdiq olundu.

Prezident:

–  İsa, çıxışınızın başa çatmasına çox qalıb hələ?

– Bəli, cənab Prezident!

– Kifayətdir. Mənim vaxtım yoxdur. Otuz dəqiqəlik fasilə elan edirəm.

Fasilə bitdi. Hamı öz yerini tutdu. Prezident Eldar Həsənova müraciət etdi:

– Eldar, dediklərinə əlavən varmı?

– Bəli, cənab Prezident. İsa Nəcəfov Namiq müəllimin qardaşı haqqında cinayət işi başlamışdır.

Bunu deyib Prezidentə baxdı. İsa Nəcəfov əlini qaldırıb Prezidentdən söz istədi. Prezident icazə verdi.

– Cənab Prezident, Eldar müəllim düz deyir. Namiq Abbasovun qardaşı kenquri ətindən hazırlanmış, istifadə vaxtı ötmüş konservləri Sərhəd Xidmətindəki əsgərlərə ve- rilməsi üçün satmışdır. Mən də bu haqda cinayət işi başlayıb Hərbi Prokurorluğa göndərmişəm. Onlar da onu istintaq ediblər. İşə məhkəmədə baxılıb.

Onun cavabına qarşı nə Eldar Həsənov, nə Namiq Abbasov bir söz dedi. Prezident Eldara sual verdi:

– Eldar, bəs sən deyirdin ki, İsa Nəcəfov Rəsul Quliyevə işləyir. Biz yoxladıq, amma bu, təsdiq olunmadı. Niyə yalan deyirdin?

Eldar Həsənov susub başını aşağı saldı. Prezident:

– Eldar, Elçin Əmiraslanovun məktubu sizə necə gəlib çatıb?

–Cənab Prezident, bu, məktubun əsli deyil, surətidir.

– Onu sənə kim verib?

– Onun vəkili, cənab Prezident.

– Onu mənə ver.

Eldar Həsənov surəti çıxarılmış A-4 formatlı məktubu Prezidentə təqdim etdi və sonra yerinə qayıtdı. Sənədi diqqətlə nəzərdən keçirən Prezidentə baxdı.

– Eldar, bu sənədi vəkilə kim verib?

– Arvadı, cənab Prezident. İzolyatordan göndərib.

– Eldar, Elçin bu məktubu, yəqin, zərfə qoyub göndərib də?

–  Bəli, cənab Prezident.

– Yəni zərfə qoyanda məktubu büküb göndərib də?

– Bəli, cənab Prezident. Onu büküb zərfə qoyub göndərib,  poçtla gəlib arvadına.

– Eldar, bəs onda nə üçün məktubun qatlanan hissələri surəti çıxarılanda qaralmayıb?

Bu sualdan sonra Eldarın göz almacıqları əks-istiqamətdə öz orbitində sürətlə fırlanmağa başladı. Sifətindən təbəssüm çəkildi, özünü itirib suala cavab verə bilmədi. Adi bir istintaqçı Elçin Əmiraslanovun məktubunu oxuyarkən buradakı fikirlərin birinin digəri ilə uzlaşmadığını o dəqiqə aşkar edərdi. O ki, Prezident ola! Məktub, sözsüz ki, Elçin tərəfindən şəxsən öz fikirləri əsasında yazılmamışdı.

Yalanı üzə çıxmış Eldar Həsənov Prezidentin sualına cavab verə bilməyərək çıxılmaz vəziyyətdə qaldı. Necə deyərlər: “Çoxbilmiş quş dimdiyindən tələyə düşər!”.

Prezident sonra Prezident Aparatının ictimai-siyasi şöbəsinin rəisi Əli Həsənova müraciət etdi:

–  Əli, mən sənə tapşırmışdım ki, son iki ay ərzində neçə qəzetin Eldar Həsənovu və neçə qəzetin İsa Nəcəfovu müdafiə etdiyini öyrənəsən. Bu haqda nə deyə bilərsən?

Əli Həsənov ayağa qalxdı:

– Cənab Prezident, sizin tapşırığınız əsasında iki aylıq kütləvi informasiya vasitələrini analiz etmişəm. Respublikanın ən aparıcı 25 qəzeti, demək olar ki, hər gün İsa Nəcəfovu tənqid, Eldar Həsənovu müdafiə edib. Bunlar “Azadlıq”, “Yeni Müsavat”, “Femida”, “Üç nöqtə”, “525-ci qəzet” və sair qəzetlərdir. 4 qəzet isə İsa Nəcəfovu müdafiə etmişdir. Bunlar aztirajlı qəzetlərdir: “Dövran”, “Elçi”, “Etimad” və “Cümhuriyyət”.  Bu dörd qəzet də Eldar Həsənovu tənqid etmişdir.

Prezident sual verdi:

– Eldar, bu necə olur, “tutan da sən, alan da sən”, sən olursan jurnalistlərin dostu, mənsə yox?

Eldar Həsənov ayağa qalxdı. Üzünü özünəməxsus təbəssümlə cilaladı və dedi:

– Cənab Prezident, mən bir neçə dəfə jurnalistlərin şikayətinə baxıb təmin eləmişəm. Görünür, ona görə mənə yaxşı münasibət bəsləyiblər.

– Yox, düz demirsən. Bu ona görə deyil. Onun səbəbi başqadır (Yuxarıda adları çəkilən qəzetlərdən birinin redaktorunun yaxın qohumu bildirmişdi ki, Eldar Həsənov hər ay on min dollar göndərirdi ki, İsa Nəcəfovu qəzetdə pisləsinlər – müəllif).

(Sonu növbəti sayımızda)