ACI HƏQİQƏT

225

(Əvvəli ötən saylarımızda)

 Əməliyyat müşavirəsi bir saata yaxın idi ki, bitmişdi. Hərəkətlərində çox ehtiyatlı olan Tahir Kazımov hələ də tam qərara gələ bilməmişdi ki, işi birinci kimə məruzə etsin: “Hər bir halda, idarəçilikdə iyerarxiya mövcuddur. Digər tərəfdən, Eldar Həsənovla tanışlığımızın bir tarixçəsi vardır. Yəqin ki, onun birinci müavini mənim bu hərəkətimi normal qarşılayacaq”.

Kazımov hökumət telefonunun dəstəyini götürüb baş prokurorun telefon nömrəsini yığdı.

Zənginə katibə cavab verdi. Salam verib Baş prokurorla danışmaq istədiyini bildirdi. Katibə dərhal da onları rabitə xəttində calaşdırdı. Eldar Həsənovun “eşidirəm” kəlməsindən sonra Kazımov bir az şən səslə sözünə başladı:

– Eldar müəllim, salam, sizə şad xəbər verəcəyəm. Məruzə edirəm ki, cinayət işi açılmışdır. Afiyəddin Cəlilovu və onun sürücüsünü Dəyanət Kərimov öldürüb. Qətlin icra edilməsində də bir neçə “omon”çu iştirak edib.

– Əəə, qardaş, səni şad xəbər olasan. Tez dur gəl yanıma. Mən bunu çoxdan gözləyirdim.

Tahir Kazımov Baş prokurorun beşillik təyinat müddətinin bitməsinə baxmayaraq, bir aya yaxın idi ki, yenidən təyin olmadığını bilirdi. Bu işin açılmasına onun belə sevin- məsinin səbəbini də dərhal başa düşdü. Telefonun dəstəyini yerinə qoyub qalstukunu taxdı, kabinetdən çıxaraq ayaqüstü katibəyə: “Baş prokurorun qəbuluna gedirəm”, – deyib cəld addımlarla tələsik binanı tərk etdi.

Eldar Həsənovun katibəsi onu təbəssümlə qarşıladı, dərhal da:

–  Eldar müəllim sizi gözləyir, içəri keçə bilərsiniz, – dedi.

O, qapının ikinci layını açıb-örtməmiş Eldar Həsənov yerindən qalxdı, masanın arxasından durub Kazımovla  sevincək salamlaşdı.

– Səni təbrik edirəm. Sən mənim üzümü ağartdın, bu lap yerinə düşdü. Əyləş, danış görüm işi necə açdınız? Daha doğrusu, sandığı açıb pambığı necə yerə tökdünüz? (Bu onun ən sevimli ifadəsiydi. Kazımov da bunu gözəl bilirdi).

Eldar Həsənovun mavi gözləri sevincindən sərhədçi projektoru kimi yanırdı.

– Qardaş, neçə illərdi mən bu işdə saçımı ağ…, – bu sözlərdən sonra bir anlıq nəzərlərini onun daz başına dikən Kazımovun üzünün ifadəsini görcək, dərhal, – saçımı tökmüşəm, – dedi. – Necə oldu ki, sən bu müəmmalı cinayətin üstünü aça bildın?

– Eldar müəllim, cinayət işini icraatıma qəbul etdikdən sonra Afiyəddin Cəlilovun qətli ilə bağlı bir neçə versiyalar əsasında işimi qurdum. Hər bir versiya ayrı-ayrılıqda ibtidai istintaqın gedişində yoxlanıldı, lakin heç biri təsdiq olunmadı. “Omon”çuların bu cinayəti etməsi versiyası üstündə işləməyə başlayanda biz cinayətin izinə düşdük və əmin oldum ki, İsa Nəcəfov haqlıymış. Çünki ilk görü- şümüzdə o, bu versiyanın düzgünlüyünü işdə olan bəzi materiallar və faktlarla isbat edirdi. Şəmsi Abdullayev Azərbaycana ekstradisiya olunduqdan sonra onun istintaqa verdiyi ifadə əsasında bizə məlum oldu ki, bu cinayət əməli necə təşkil olunub və kimlər tərəfindən icra edilib. Qısaca, sizə onu deyə bilərəm ki, əsas təşkilatçı OMON-la, xüsusilə Rövşən Cavadovla əlaqəsi olan “Cin Fikrət” ləqəbli şəxsdir və o, axtarışdadır. Bir çox qətllərin onun tərəfindən təşkil və icra edilməsi haqda istintaqda məlumatlar var. Bu cinayətlərin təşkilatçı və icraçılarından biri də Elçin Əmiras- lanovdur. Onun barəsində siz kifayət qədər məlumatlısınız. Dəyanət Kərimovun ifadələri dəfələrlə yerində yoxlanılıb.

Tahir Kazımov bunları danışdıqca, Baş prokuror kitabçasında qeydlər aparırdı. Hərdənbir isə onu dayandıraraq dediklərini təkrar etməsini xahiş edirdi.

Tahir Kazımov Baş prokurorun qeydlər aparmasının səbəbini də başa düşürdü. O, cinayət işinin açılması barədə Prezidentə məruzə etmək istəyirdi.

Baş prokuror öz qeydlərini bitirib Kazımova:

– Dediklərinizə daha nə əlavə edə bilərsiniz? – dedi.

– Heç nə, Eldar müəllim. Mənə iki-üç həftə vaxt verin. Sonra sizə cinayət işinin istintaqını daha geniş məruzə edərəm.

–  Polisin bu işdən xəbəri var?

– Bəli, 8-ci polis bölməsinin rəisi və əməkdaşları, eləcə də DİN-nin kriminalistika idarəsinin əməkdaşları istintaq eksperimentinin keçirilməsində iştirak ediblər. Yəqin ki, daxili işlər naziri Ramil müəllimə də məruzə ediblər.

– Bəs İsa Nəcəfova necə, məruzə etmisən?

– Yox, burdan qayıdanda məruzə edəcəyəm. Unutmayın ki, iş üzrə prokuror nəzarətini o həyata keçirirdi. Və mütəmadi olaraq istintaqın gedişini mən ona məruzə edirdim. Eləcə də bəzi prosessual hərəkətlərin icrasını təmin etmək üçün qəbul etdiyim qərarları o təsdiq edirdi.

– Yaxşı, bir daha səni təbrik edirəm. Yerinizdə olun, bəlkə, sizə zəng elədim.

Baş prokuror cinayətin açılması barədə dərhal Prezidentə məruzə etmək istəyirdi, indiki vəziyyətində cinayət işinin açılmasının onun tərəfindən məruzə edilməsi ona hava-su kimi lazım idi. Onun ikinici müddət Baş prokuror vəzifəsinə təyin edilməsi hələ gündəlikdə durmurdu.

Tahir Kazımov kabinetdən çıxdıqdan sonra o, qeydlərini bir neçə dəfə oxudu. Oxuduqlarını yaddaşının süzgəcindən bir neçə dəfə keçirdi. Məruzəyə hazır olduğunu götür-qoy etdikdən sonra Prezidentin qəbulunda kimin olub-olmamasını öyrənmək üçün köməkçi Tariyelə zəng etdi.

Tariyeldən Prezidentin qəbulunda heç kimin olmadığını öyrənən kimi ölkə başçısı ilə birbaşa olan telefonun dəstəyini qaldırdı. İki siqnaldan sonra telefonun dəstəyini yerinə qoydu. “Görünür, Prezident məşğuldur”, –  deyə düşündü.

Heç bir neçə dəqiqə keçməmişdi ki, birbaşa telefonun zəngi çalındı.

Eldar Həsənov telefonun dəstəyini götürüb Prezidentlə salamlaşdı:

–  Salam, cənab Prezident.

– Salam, Eldar. Zəng etmişdin, eşidirəm, – Prezident cavab verdi.

– Cənab Prezident, sizə məlumat vermək istəyirəm ki, Afiyəddin Cəlilovun və onun sürücüsünün qətlə yetirilməsi barədə cinayət işi açılıb. Bu cinayəti “omon”çular həyata keçiriblər. Bu, əvvəlcədən planlaşdırılmış bir cinayətdir. İştirakçıları da bizə bəllidir. Cinayətin təşkilatçısı “Cin Fikrət”  ləqəbli Əliyusif Tahirovdur. İcraçı isə Dəyanət Kərimovdur. Cinayətkar dəstə yalnız üçüncü cəhddə Afiyəddin Cəlilovu və sürücüsünü qətlə yetirə biliblər. İstintaq davam etdirilir.

Prezident kürəyini kreslosuna söykərəyək Baş pro- kurorun məruzəsini dinləyir və eyni zamanda xatirələr gözləri önündən gəlib keçirdi. Afiyəddin qabiliyyətli bir komsomolçu kimi nə vaxtsa onun diqqətini cəlb etmişdi. Əsli-nəcabəti sadə insanlardan idi. Lakin elmə həvəsi olduğundan, dövrün ideoloji təlimlərini dərindən mənimsəyərək öz gü- cü ilə müəyyən mənsəblərə yüksələ bilmişdi. Təşkilatçılıq qabiliyyəti ilə də fərqlənirdi. Lakin əqidəsində sabitqədəm deyildi. O qədər də uzaqgörənliyi yox idi, amma itiriləsi kadr da deyildi. Azərbaycan dövlətinin yaşadığı bu amansız zamanda dövlətin belə insanlara ehtiyacı olduqca çox idi.

– Cənab Prezident, qətli planlaşdırıb icra edənlərdən bir neçəsi artıq cəzaçəkmə müəssisəsindədir. 1997-ci ildə həbs etdiyimiz Elçin Əmiraslanov da bu cinayətin iştirakçılarındandır.

Prezident xatirələrə dalsa da, diqqəti Eldar Həsənovda idi. O soruşdu:

– Siz nə üçün onun barəsində cinayət işinin istintaqını apararkən bu faktla maraqlanmamısınız? Əməliyyat işi aparmamısınız?

– Cənab Prezident, “kamernıy razrabotka” aparmışdıq,  lakin heç bir nəticə vermədi.

– Yaxşı, axtarışda olanların tapılması ilə bağlı ciddi işlər aparın. Mütəmadi olaraq istintaqın gedişi barədə yeni  faktlar aşkar edilərsə, mənə məlumat verin, – Prezident dedi.

– Baş üstə, cənab Prezident, –  Baş prokuror cavab verdi.

Prezident telefonundan siqnal səsləri gəldi. Baş prokuror telefonun dəstəyini yerinə qoydu.

Prezident onun məruzəsindən məmnun qaldığına görə, Baş prokurorun əhvalı xeyli dəyişdi, ümidləri bir qədər də artdı.

Telefona gələn zəng həmişəki kimi nahardan sonra mütaliə edən Baş prokurorun birinci müavinini oxumağa ara verməyə məcbur etdi. O, divandan qalxıb telefona yaxınlaşdı. Dəstəyi qaldırdı:

–  Sizi eşidirəm, – dedi.

– İsa müəllim, salam. Zəng edən Tahir Kazımovdur.

– Salam, Tahir müəllim.

– İsa müəllim, Dəyanət Afiyəddin Cəlilovu və sürücüsünü qətlə yetirməsini etiraf etdi. İstintaq eksperimenti də keçirdik, onun ifadəsini də yerində yoxladıq. İndi biz deyə bilərik ki, bu cinayət işi açılıb.

Kazımov məruzəsini bitirdi.

– Sizi təbrik edirəm, Tahir müəllim. Mənə belə gəlir ki, siz hələ bağlı qalan çox cinayətləri açacaqsınız. Həftə sonu görüşərik. Başqa sözünüz varmı?

– Xeyr, yoxdur.

Onlar sağollaşdılar.

Bu, onların prokurorluqda son danışıqları oldu.

Kazımov dəstəyi yerinə qoyub fikrə getdi. Baş pro- kurordan fərqli olaraq, birinci müavini onun məlumatına heç də sevinmədi. “Niyə?” deyə o, özünə sual verdi. Nə qədər fikirləşdisə də, sualına cavab tapa bilmədi.

Yenidən kitabı əlinə götürən İsa Nəcəfov bir anlıq düşündü:

“Əvvəldən bəlli olan həqiqətdə qeyri-adi heç nə yoxdur”.

***

 

Həmin gün sanki Allahın ədalət məhkəməsi qurulur, əməllər tərəziyə qoyulur və buradan qaçış yolu olmur (“Qurani Kərim”dən Haqqə surəsi, 18-ci ayədən).

 

Kimdir müqəssir?

 

(Ardı var)