ACI HƏQİQƏT

117

“Hürriyyət” İsa Nəcəfovun eyni adlı kitabını ixtisarla oxucularına təqdim edir

Azərbaycan Respublikasının sabiq Baş prokuroru Eldar Həsənovun həbsinin bir çox detalları hələ ictimaiyyətə qaranlıq olsa da, onun bağlı olduğu qüvvələr, keçmişdə və səfir olduğu dönəmdə göstərdiyi fəaliyyət haqda məlumatlar da az deyil. 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifəsində işləyən İsa Nəcəfovun müəllifi olduğu “Acı həqiqət” kitabında da bu haqda kifayət qədər geniş məlumat yer alır. Ümumilikdə,  bu kitabın keçmişlə bağlı bir sıra proseslərə aydınlıq gətirdiyini nəzərə alıb, “Acı həqiqət”i ixtisarla oxucularımıza təqdim etməyi qərara aldıq. Buyurun, izləyin!

***

(Əvvəli ötən sayımızda)

Çağırış

Vəziyyət anbaan gərginləşirdi. Prezident Aparatının binası qasırğaya düşmüş bir gəmini xatırladırdı. Qasırğa isə getdikcə şiddətlənir, dalğalar şahə qalxırdı. Artıq siçovullar gəmini tərk etməyə başlamışdılar. Hüquq-mühafizə və güc strukturlarının rəhbərləri vəziyyətə nəzarət edə bilmədiklərini və çarəsizliklərini etiraf edirdilər. Onlar Prezidenti daha təhlükəsiz məkana getməsi üçün dilə tutur, yola gətirməyə çalışırdılar. Prezidentdən isə hələ cavab yox idi. Hamı nara- hatlıq içində, səksəkədə idi. Hər dəqiqə silahlı dəstələrin bi- naya soxulması gözlənilirdi. Hər tərəfdən üzücü və ümidsiz xəbərlər gəlirdi. Ölkə təlaş, təşviş və nigarançılıq içində idi. Nəhayət, axşamtərəfi aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə müşavirə başlandı.

– Cənab Prezident, vəziyyəti öyrəndim. Gəncədə bütün dövlət orqanlarını, polisi, icra hakimiyyətini, hava limanını Surətin adamları götürüb. Bakıda hakimiyyət orqanlarını müdafiə edəcək qüvvəmiz yoxdur, xalqa müraciət etmək lazımdır, – daxili işlər naziri məruzəsini yekunlaşdırdı.

Müşavirə iştirakçılarının çöhrəsinə dərin xof çökdü. Xüsusilə Rəsul Quliyevin rəngi daha çox qaralmışdı.  Yanında oturanlar onun ürək döyüntülərini fonendoskopsuz da eşidə bilərdilər. Onun daxili işlər nazirinə dikilən nifrətli baxışlarını hamı açıq-aydın ayırd edə bildi. “Görün təhlükəsizliyimizi kimlərə etibar etmişik” deyə düşünən Rəsul Quliyev az qaldı ki, qışqırsın:

– Cənab Heydər Əliyeviç, yalnız xalq bizi, dövləti bu bəladan xilas edə bilər. Gec də olsa, Siz xalqa müraciət etməlisiniz. Vaxt itirmək olmaz.

Hamıdan yaşlı müşavirə iştirakçısı ayağa durdu:

– Heydər Əliyeviç, mən məsləhət görərdim ki, siz Prezident Aparatından kənarda xalqa müraciət edəsiniz. Hər dəqiqə bura hücum ola bilər.

Onun təklifini bir neçə müşavirə iştirakçısı da müda- fiə etdi.

– Başqa sözü, təklifi olan yoxdur ki? – deyə Prezident çox soyuqqanlılıqla və diqqətlə müşavirə iştirakçılarını baxışları ilə süzdü. Bir anlıq diqqətini Rəsulun çöhrəsində saxladı.  Hamıya “badbaxt” deyən bu insanın üzündə bədbəxtlik əhval-ruhiyyəsi vardı, miskin və yazıq bir görkəm almışdı. Prezidentin çöhrəsində bir anlıq istehzalı təbəssüm görünüb çəkildi. Çoxları bunu sezmədi. Rəsul Quliyevin yanında əyləşmiş milli təhlükəsizlik naziri Nəriman İmranov isə dillənmirdi. Lakin həyəcan keçirdiyi hiss olunurdu.

“Yetişməmiş çekist”, – Prezident özlüyündə fikrindən keçirdi.

– Nəriman, siz nə deyə bilərsiniz?

Prezidentin müraciətindən Nəriman İmranov diksindi. O, Prezident Aparatını tərk etmək təklifinin Heydər Əliyev tərəfindən qəbul edilib-edilməyəcəyini götür-qoy edirdi. Digər tərəfdən, bu gecə vaxtı xalqa müraciət etməsini dəyərləndirirdi. Çünki bu varianti o proqnozlaşdıra bilməmişdi. Əgər Prezident xalqı hakimiyyəti və dövləti müdafiə etməyə çağırsa, demək “işlər bitdi”. Özünü toplayıb dedi:

– Cənab Prezident, vəziyyət, həqiqətən, çox ağırdır. Tədbir görmək lazımdır.

– Sizcə, nə tədbir görməliyik? – Prezident soruşdu.

Prezidentin səsinin tonundakı təmkin, arxayınçılıq, soyuqqanlılıq dərhal bir neçə şəxsin ruhuna təsir göstərdi. Onlar dövlətin bu bəladan Ali Baş Komandanın uzaqgörənliyi, qətiyyəti və cəsarəti nəticəsində xilas olacağına inanırdılar. Bunu onların çöhrəsindəki ümid şöləsindən də görmək olurdu.

– Heydər Əliyeviç, mən konkret heç nə deyə bilmə- rəm. Siz bilən məsləhətdir. Dövlət orqanlarının bugünkü durumu sizə bəllidir.

Prezident onun sualına nazirin belə cavab verəcəyini bilirdi. Lakin düşünürdü ki, üstündə zəhməti olan bu Allah bəndəsinə elədiyi yaxşılıqlara görə heç olmasa vicdanı oya nıb ölkədə olan real vəziyyət haqqında ona nəsə deyəcək. Ancaq belə olmadı. “Qurani-Kərim”in surələrinin birində  deyilən “insan nankordur” ifadəsinin doğruluğuna bir daha əmin oldu.

Hər kəsə söz verildi, mövcud vəziyyət təhlil olundu….

Prezident özünəməxsus bir inamla, qətiyyət və cəsarətlə ayağa durub sözə başladı:

– Mən hadisələri diqqətlə izləyirəm. Vəziyyət, doğrudan da, ürəkaçan deyil. Dövlətimiz və dövlətçiliyimiz təhlükədədir. Səhərdən burada əyləşən yoldaşlar bir neçə dəfə  binanı tərk etməyimi, daha təhlükəsiz yerə getməyimi israr edirlər. Onların narahatçılığı başadüşüləndir. Amma eşidin və bilin, mən burdayam, iş yerindəyəm, bircə addım da kənara atmaq fikrində deyiləm, son anıma, nəfəsimə qədər burdayam. Lazım gələrsə, mən və ailəm Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda şəhid olmağa hazırıq. Artıq əmin oldum ki, siz vəziyyətə nəzarəti itirmisiniz, qanunsuz silahlı dəstələri zərərsizləşdirməkdə gücsüzsünüz. Deməli, sizdən kömək yoxdur. Belə olan halda, mən köməyi və dəstəyi xalqdan istəyəcəyəm. Çünki mən həmişə ona arxalanmışam. İnanıram ki, mənim xalqım öz dövlətini və Prezidentini darda qoymayacaq.

Prezident müşavirədən dərhal sonra canlı yayım etmək üçün televiziyadan çəkiliş qrupunun gəlməsinə göstəriş verdi. O zaman səyyar, stasionar çəkilişləri aparmaq üçün obyektlərə ağır tonnajlı maşınlar göndərilirdi. Maşınların gəlməsi, çəkiliş avadanlıqlarının yerləşdirilməsi, çəkilişə hazırlıq vəziyyətinə gətirilməsi üçün xeyli vaxt keçdi. Nəhayət, briqadanın çəkilişə hazır vəziyyətdə olduğu Prezidentə məruzə edildi. O, ağır, mətin addımlarla geniş müşavirə zalına daxil oldu, onun üçün nəzərdə tutulmuş kresloda əyləşdi, mikrafonları yoxladı. Sonra qəribə bir baxışla otaqdakıları nəzərdən keçirdi. Onun baxışlarında neçə günün yuxusuzluğu, yorğunluğu, narahatlığı aydın hiss olunurdu. Onun baxışlarında həyat eşqi ilə çırpınan bir təlatüm, bir nigarançılıq var idi. Hər kəsin çöhrəsində nəzərlərini bir neçə saniyə saxlayır, sanki bir daha bu insanların qəlbindən keçənləri bilmək istəyirdi. Onun baxışlarında həyəcan, niga- rançılıq, məhəbbət və inam duyulurdu. Prezidentin baxışları teleşirkətin işçilərini riqqətə gətirmişdi. Onun bir anlıq kövrəldiyini də gözlərindən görmək olardı.

Rejissor pultundan xalqa müraciətə hazırlıq vəziyyəti barədə məlumat verildi. Bircə anda vəziyyət tamamilə dəyişdi. Prezident özünə düzən verib ciddi görkəm aldı. Ətrafı bir daha süzdü, baxışları tamam dəyişmişdi. Onun inamı, qətiyyəti, ülgüc kimi kəsib doğrayan kəskinliyi kövrək ovqata köklənmiş hər kəsi silkələdi, sanki yuxudan oyatdı. Hər kəsin qəlbində özünə, sabaha inam duyğuları yaratdı. Verilişdə iştirak edən hər bir kəs özünü güclü bir sərkərdənin əmrə müntəzir əsgəri kimi hiss edirdi. Prezident çağırışına gələn minlərlə insanın qarşısında əsrlər boyu yaşayacaq tarixi çıxışını etdi, xalqını, vətəndaşları Ali Baş Komandan olaraq döyüşə çağırdı! Ağır itkilər bahasına əldə edilmiş müstəqilliyi qorumaq naminə! Xoş gələcək naminə!!!

Prezidentin mətbuat konfransı da gərgin keçdi. Tədbirdə dünyanın müxtəlif informasiya vasitələrini təmsil edən yüzə qədər jurnalist iştirak edirdi. Gözlənilməz, kəskin, bəzən də hadisələrə aidiyyəti olmayan suallar yağdırdılar. Amerikalı jurnalist Tomas Qold: “Cənab Prezident, Sizin fikriniz nədir? Hansı addımları atmaq fikrindəsiniz?”

Prezident Heydər Əliyev dedi:

– Tomas, bizim fikrimiz aydındır. Azərbaycanı təhlükələrdən qurtarmaq, inkişaf etmiş, dünya dəyərlərinə uyğun ölkəyə çevirmək istəyirik. Qaranlıq olan sizin fikrinizdir. Sizin nə istədiyiniz isə bizə hələ məlum deyil.

Prezidentin bu cavabı iştirakçıların gülüşünə səbəb oldu, gərginliyi bir qədər azaltdı, Tomas Qold pərt oldu.

Tədbirdən dərhal sonra Prezidentin mətbuat xidməti informasiyanın yayılma tezliyinə, keyfiyyətinə nəzarət üçün informasiya kanalları ilə operativ əlaqələr yaratmağa başladı. Elə bu vaxt Prezidentin köməkçisi Tariyel mətbuat xidmətinin rəhbəri Səlahəddin Quliyevə zəng edib: “Təcili Prezidentin yanına gəlin”, – dedi.

Səlahəddin cəld yerindən qalxıb Prezidentin iş otağına doğru getdi. Qapını döyüb içəri keçdi. Prezident işlərin gedişi ilə maraqlandı və Səlahəddinə dedi:

– Mən sualları cavablandırarkən kameralara baxırdım. AzTV-nin operatoru Fazil Hadıyevdən soldakı 5-ci kamera çəkmirdi. Öyrən gör o hansı teleşirkətə məxsusdur, niyə çəkmirdi və təcili olaraq onu AzTV-nin materialları ilə təmin edin.

Araşdırma nəticəsində bəlli oldu ki, həmin kamera TQRT-yə məxsusdur. Doğrudan da, operator texniki nasazlıq səbəbindən çəkiliş apara bilməmişdi. Prezidentin tapşırığını Səlahəddin tez bir zamanda icra etdi və TQRT lazımi materiallarla təmin edildi.

Fikrimcə, şərhə ehtiyac yoxdur. Elə təkcə bu faktın özü Heydər Əliyev fenomeninin miqyası barədə tam təsəvvür yaradır.

Rusiyanın hakimiyyət dairələri bu tarixi hadisəyə qəzəb və qısqanclıq duyğusu ilə yanaşacaqdı. Çalışacaqdı ki, onlara rəğbət bəsləyən qüvvələr vasitəsi ilə dövlət çevrilişinə cəhd etsinlər. Azərbaycan dövlətini daxildən qoruyan Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi bu çevrilişin qarşısını almaq iqtidarında deyildilər. Ona görə ki:

–  Müstəqilliyin ilk illərini yaşayırdıq. Bir  çoxlarının ruhu Moskva adlı mərkəzlə hələ də bağlı idi;

– Yanvar hadisələrindən sonra polis əməkdaşları hələ ruh düşkünlüyündən azad olmamış, ümumi qorxu hissləri onların canından çıxmamışdı;

– Bazar iqtisadiyyatının insanlarda yaratdığı var-dövlət meyli güclənməkdə idi;

– Özünə inam hissi sönükləşmişdi və bir qisim məmur müstəqil yaşamaq iqtidarında olmadığımızı açıq söyləyirdi;

– Dövlət intizamı hələ də tələb edilən səviyyədə deyildi.

Lakin bir çoxlarının bilmədiyi, ağıl kəsb etmədiyi bir silah Prezidentin ehtiyat arsenalında idi. Bu elə bir qüvvə idi ki, dağlardan axan gur sellər kimi qarşısına çıxan keçilməz maneələri bir anda yuyub aparmağa, məhv etməyə hazır olan, dövlətin onurğa sütunu Azərbaycan xalqı idi. O, əmin idi ki, bircə çağırışı xalqın öz dövlət müstəqilliyini, azadlığını, sərbəstliyini, heç kəsdən asılı olmadığını, öz taleyini özü həll etmək istəyini qoruması üçün bir anda ayağa qalxmasına kifayət edər.

Bəşər tarixində elə bir hal olmamışdır ki, müdriklər fələyin oyununu bütünlüklə qabaqcadan görə bilsinlər.

 

Ölüm ayrılmaz kölgəmizdir!!!

 

(Ardı var)