ACI HƏQİQƏT

243

(Əvvəli ötən saylarımızda)

Müstəntiq Seyfəddin Abdullayev səhərisi Dəyanət Kərimovu dindirmək üçün sənədləri qovluğa qoyub kabinetdən çıxarkən bir an ayaq saxladı. Prokurorun hər hansı bir göstərişinin olub-olmamasını öyrənmək üçün daxili telefonun dəstəyini qaldırdı. Dərhal Tahir Kazımovun həmişəki kimi yorğun səsini eşitdi:

– Seyfəddin müəllim, salam. Dindirməyə gedirsiniz?

– Salam, Tahir müəllim. Bəli, danışdığımız kimi gedirəm Dəyanəti dindirməyə. Bəlkə, bir tapşırığınız, göstəri- şiniz ola?

–Seyfəddin müəllim, yenə əvvəlki qaydada Dəyanəti dindirin. Lakin bilin, ola bilsin ki, Dəyanət bizə məlum ol- mayan cinayətlər barədə də ifadə versin. Səbirlə onu dinləyin, ifadəsini makinada çap edin. Mən bildiyimə görə, bunu intiusiyama görə deyirəm, o, bu qətllərin təsirindən yaranmış üzüntüdən canını qurtarmaq istəyir. Ona tam sərbəstlik verin, ürəyini boşalda bilsin. Dindirmədən çıxıb bura qayıdanda gəlin qəbuluma. Yerimdə olacağam.

– Tahir müəllim, sizi başa düşdüm. Sağ olun.

Abdullayev telefonun dəstəyini yerinə qoyub stolun üstündəki makinanı qutusuna yerləşdirdi və sonra götürüb otaqdan çıxdı.

Bu gün əvvəki günlərdən fərqli olaraq, Dəyanət əhvalı durulmuş vəziyyətdə dindirmə otağına daxil oldu. Salam verib xoş baxışlarını müstəntiqə dikdi. Müstəntiq onun istintaqla əməkdaşlığa hazır olduğunu dərhal duydu, polis əməkdaşlarına qollarına vurulan qandalların açılması barədə göstəriş verdi. Qandal açılandan sonra Dəyanət həmişə oturduğu stulda oturub biləklərini bir qədər ovuşdurdu.

Söhbətə başlayarkən polis nəfərləri artıq qapıdan çıxıb örtülü qapı arxasında dayanmış, dindirmənin başa çatmasını gözləyirdilər.

Müstəntiq:

–  Dəyanət, sən gəl, daşı ətəyindən tök, heç olmasa, bu dəfə istintaqa tam  səmimi ol. Onsuz da istintaq gec-tez törətdiyiniz və iştirakçısı olduğunuz cinayətləri aşkar edəcək. Onda isə sizin üçün gec olacaq. Cinayətləriniz barədə könüllü məlumat versəniz, bu, sizin üçün daha yaxşı olar.   Afiyəddin Cəlilovun və onun sürücüsünün qətliylə bağlı ifadəniz tam deyil. Hadisə yerini tərk etdikdən sonra hara və necə getməniz, eləcə də sonrakı günlər nə etdiyiniz barədə istintaqa tam ifadə verin. Sizi dinləyirəm.

– Seyfəddin müəllim, indi verəcəyim ifadələrimlə mən sizə sübut edəcəyəm ki, deyəcəklərim tam həqiqətdir. Hətta əvvəllər verdiyim ifadələrimdəki bəzi yalanlarımı da  düzəltməyə çalışacam.

Əvvəlki ifadələrimdə mən göstərmişdim ki, guya 1994-cü ilin yanvar-fevral aylarında QAZ-2410 markalı taksinin sürücüsü Əhsən Nuruyevi arvadım Samirə ilə öldür- məmişik. İndi isə bildirirəm ki, onu mən və arvadım Samirə kasıbçılıq ucbatından öldürmüşük. Tariyelin də öldürülməsi barədə əvvəllər düz ifadə verməmişəm. Onu da Fikrət, Ay- dın və mən birlikdə öldürmüşük. Aydın Fikrətin qohumu- dur.

Dəyanət həyəcanlı vəziyyətdə danışırdı. Fikirləri ardıcıl olsa da, təfsilatı, ətraflılığı yox idi. Ona görə də müs- təntiq dedi:

– Dəyanət, özünü ələ al, tələsmə. Hər şeyi ardıcıllıqla danış. Mən isə çap edim.

Abdullayev Dəyanəti bir qədər sakitləşdirəndən sonra onun söylədiklərini tələsmədən dindirmə protokolunda çap etməyə başladı. Dəyanət Tariyelin qətlini bütün təfər- rüatı ilə danışdı.

Dindirmə başa çatdı. Dəyanət ifadəsini oxuyub onun düzgün yazıldığını imzasıyla təsdiq etdikdən sonra Abdul- layev də dindirmənin başa çatmasının təsdiqi olaraq özü də protokolda imza etdi. Lakin Tariyelin qətlə yetirilməsində Fikrətin istifadə etdiyi “Beretta” tapancası onun düşün- cələrində dolaşdığından, bir qədər fikirləşəndən sonra pro- tokolu yenidən makinaya saldı və protokolda yeni bir sual əlavə edib Dəyanətə dedi:

– Fikrətin Tariyeli qətlə yetirdiyi “Beretta” tipli tapancadan daha kimlərin qətlə yetirilməsində istifadə olunmuşdur?

Dəyanət fikirləşmədən dedi:

–  Həmin “Beretta” tipli tapanca ilə Fikrət 1993-cü ilin yaz aylarında Bakı şəhərinin Zığ qəsəbəsində hərbi mək- təbin direktoru kontr-admiralın qətlə yetirməsində istifadə etmişdi. Həmin tapancadan başqa cinayətlərin törədilməsində istifadə olunub-olmamasından xəbərim yoxdur.

Dindirmənin gedişində müstəntiq qan təzyiqinin get- dikcə qalxdığını hiss edir və psixoloji olaraq onun qarşısını almağa çalışırdı. Lakin buna nail ola bilmirdi. Gözləri get- dikcə qaralırdı. Başında artmaqda olan küt ağrı ona düzgün mühakimə yürütməyə və işləməyə  imkan vermirdi.

İndi necə etsin? Ağır bir cinayəti açmasına fürsət yarandığı halda, səhhəti buna imkan vermirdi. Lakin, heç ol- masa, bir sualına cavab almaqla nəsə əldə edə bilmişdi. Son sualının cavabını Dəyanət təsdiq etdikdən sonra bugünlük dindirməni bitirdi.

Dəyanəti polis nəfərləri apardıqdan sonra cibindən bir neçə həb çıxardı. Birini su ilə içib, digərini dilinin altına qoydu. Gözlərini yumub təzyiqin məngənəsindən xilas olmaq üçün bir müddət hərəkətsiz, tərpənmədən masa arxasında oturub qaldı.

Təxminən 15-20 dəqiqə keçdi. Deyəsən, “Raupatin” öz işini görmüş, vəziyyəti bir qədər düzəlmişdi. Müstəntiq makinanı qutusuna qoydu və sənədləri qovluğunda  yerbəyer edib dindirmə otağından çıxdı. Polis şöbəsindən çıxandan sonra maşına oturub prokurora zəng etdi.

Mobil telefonun ahəstə səsi Kazımovu “kargüzarlıq” işindən ayırdı. Ekranda Abdullayevin mobil telefonunun nömrəsini görcək cavab düyməsini basıb onu qulağına tut- du:

–  Abdullayev, eşidirəm, – dedi.

– Tahir müəllim, dindirmə vaxtı təzyiqim qalxdı, dindirməni birtəhər başa çatdırdım. İcazə versəydiniz, bir təzyiqimi ölçdürərdim. Bir-iki saat istirahət edib, sonra gələrdim.

Prokuror isə qısaca:

–  Yaxşı, – dedi.

Prokurorluqda iş günü nominal xarakter daşısa da, müstəntiq Abdullayev iş gününün başa çatmasına bir saat qalmış iş yerinə gəldi. Makinanı stolun üstünə qoydu, qovluqdakı dindirmə protokolunu götürüb prokuror Kazımovun kabinetinə yollandı. Katibəyə salam verib prokurorun qəbulunda heç kimin olmadığını öyrəndikdən sonra qapını döyərək içəri keçdi.

O, astanada görünən kimi prokuror:

–Seyfəddin müəllim, təzyiqiniz düşdümü? Buyurun, oturun, – deyib onunla görüşmək üçün ayağa qalxdı.

Bunu görcək müstəntiq

– Tahir müəllim, zəhmət çəkib yerinizdən qalxmayın, – deyib gülümsədi.

Prokuror:

–Seyfəddin müəllim, mən hər dəfə stuldan qalx- dıqca ucalıram, – deyə zarafatla ona cavab verdi.

Müstəntiq Dəyanətin dindirilməsi protokolunu prokurora təqdim etdi. Kazımov ifadəni oxuyub qurtardı. Bir neçə saniyə diqqətlə müstəntiqə baxdı və sonra dedi:

–  Seyfəddin müəllim, bu gün biz bir çox bağlı qalan cinayətin açılma ərəfəsi anını yaşamışıq. Çox təəssüf edirəm ki, belə bir ərəfədə sizin qan təzyiqinizin qalxması Dəyanətin ifadəsində göstərdiyi faktları ətraflı dəqiqləşdirməkdə sizə mane olub. Yaxşı ki, sağlamlığınıza qəsd etməmisiniz. Dəyanət artıq üç qətlin – Tariyelin, DİN əməkdaşı Ələkbərin və Hərbi Dənizçilik Məktəbinin rəisi Eduard Hüseynovun öldürülməsi barədə ifadə verib. İfadə səthi olsa da, çox dəyərlidir. İndi durub gedərsiniz evə, sabah bazar gü- nüdür, bütün günü dincəlin. Birinci gün səhər tezdən 8-ci polis bölməsində onun dindirilməsi ilə məşğul olun. Göstərdiyi faktlar barədə ondan ətraflı ifadə alın. Eləcə də tək- rar yadınıza salıram ki, Fikrətin Afiyəddin Cəlilovu qətlə yetirmək üçün görüş yerinə hansı nəqliyyat vasitəsiylə və ya kimin idarə etdiyi avtomaşınla gəldiyini də dəqiqləşdirin. Mən özüm bunu tanışlarım vasitəsiylə müəyyən etmişəm. Bu, Səlimov Sultan Kərim oğludur. O, Fikrətin qohumudur. Bazarda balıq satır. Dövlət çevrilişində sui-qəsd baş verən gün OMON-nun bazasında olub. Lakin cinayət məsuliy- yətinə cəlb edilməyib, indi də azadlıqdadır. Bu adı heç yan- da çəkməyin. Özünüz bilirsiniz ki, cinayətkar aləmin öz rabitə və poçt şəbəkəsi vardır. Dəyanətin məktubları, hətta MTN-ə daxil ola bilir. Dəyanətin saf qalan hissi olmasa da, onunla mehriban və ləyaqətlə davranın. Mənə belə gəlir ki, onun Corat qəbiristanlığında dəfn etdiyi meyitlərlə bağlı başlanmış bütün cinayət işləri də açılacaq. Xatırlayın, istin- taq eksperimentini başa çatdırıb şöbəyə qayıdarkən bir uşaq qışqıraraq atasını çağırdı. Bu səs onu həyəcanlandırmışdı. Məndən başqa heç kim bunu hiss etmədi. Burada nəsə diqqət çəkən bir fakt var.

Abdullayev prokuroru dinləyə-dinləyə dəftərçəsində qeydlər apardı. Kazımovun sözünü yekunlaşdırdığını görüb dedi:

–Tahir müəllim, arxayın olun, dediklərinizi dəqiqliklə icra edəcəyəm. Tahir müəllim, siz işin açılmasını məruzə etmisinizmi?

– Yox, birinci gün məruzə edəcəm. Narahat olmayın. Mənə sözünüz yoxdursa, Seyfəddin müəllim, gedə bilərsiniz. Birinci gün işin axırında görüşərik. Əgər mühüm bir hadisə və ya məlumat olsa, mobil telefonla mənə xəbər verin.

Abdullayev sözü olmadığını bildirib kabinetdən çıxdı. Bir gün tam istirahət edəcəyinə sevinirdi. Çünki bazar günü övladlarından birinin ad günü idi.

Son məruzə

Prokuror işi rəhbərliyə məruzə etməmişdən qabaq istintaq qrupunun  üzvlərini toplayıb ibtidai istintaqın gedişini, əldə edilən sübutları bir daha təhlil və müzakirə etdi.

Şəmsi Abdullayevin, Səxavət Hümbətovun, Dəyanət Kərimovun ifadələri və ifadələrin yerində yoxlanılmasının nəticələri sübut edirdi ki, Afiyəddin Cəlilovun və onun sürücüsünün qətli əvvəlcədən planlaşdırılmış mütəşəkkil cinayətkar qrup tərəfindən həyata keçirilmişdir.

Cinayətin təşkili və icrasına rəhbərlik edən Əliyusif Tahirov tapılmasa da və eləcə də Sultan Səlimov hələ dindirilməsə də, bu cinayət işini açılmış hesab etmək olardı.

İstintaq qrupunun üzvləri yekdilliklə qərara gəldilər ki, Afiyəddin Cəlilovun və sürücüsünün qətlinə dair məlu- matları qrupun rəhbəri Tahir Kazımov prokurorluğun rəh- bərliyinə məruzə edə bilər.

Prokuror müstəntiqlərlə razılaşdı:

– Sizin mövqeyinizi bilmək mənim üçün çox vacib idi. Çünki bu qətl barədə şəhərdə dolaşan bir çox dedi-qodu hələ indiyədək səngiməmişdir. Digər tərəfdən, bu cinayətin həm açılmasında, həm də açılmamasında marağı olan qüv- vələr mövcuddur. Lakin zaman keçdikcə bu cinayətin açıl- masında marağı olan qüvvələrin sayı artmışdır. Sözsüz ki, bu da bizim işin xeyrinədir. Lakin işimizə daha məsuliyyətli yanaşmalıyıq. Bu cinayətkar dəstənin boynunda hələ ondan çox ölüm işinin olması da istisna olunmur. Seyfəddin müəllim, siz Dəyanəti bizə məlum olan qətllər üzrə təmkinlə dindirin. Dindirmə tam ətraflı olmalıdır. Hər gün bir epizod barədə ondan ifadə alın. İfadələri yerində  yoxlayaq. Cinayətin iştirakçısı olan Sultan Səlimov barəsində məlumat heç kimə sızdırılmamalıdır. Onu biz sakitcə, hay-küysüz götürməliyik. Mənə belə gəlir ki, o, Dəyanətdən daha çox bizə məlumat verəcək. Unutmayın ki, o, hazırda azadlıqdadır. Hətta onun barəsində prokurorluğun rəhbər- liyinə heç bir məlumat vermək lazım deyil. Çünki hələ deyə bilmərik ki, sabah və ya birisi gün prokurorluğa kim rəh- bərlik edəcək. İşimizdə məxfilik birinci yerdə durmalıdır.

(Ardı var)