ACI HƏQİQƏT

318

(Əvvəli ötən saylarımızda)

Prokuror şöbə rəisi ilə bərabər xidməti maşınında əyləşib irəlidə hərəkət edən mikroavtobusun arxasına düşdü. Maşınlar Neftçilər prospekti ilə irəliləyərək öz sərnişinlərini dəmiryol vağzalına aparırdı.

Dəyanət bu anlarda məftun olduğu və ancaq onun ağuşunda özünü rahat hiss edən bir korsar[1] kimi maşının pəncərəsindən gah sağa, gah sola baxaraq qaynayan həyatın bir damlası  olma istəyini  qəlbində təsdiq etmək arzusu  ilə yaşayırdı.

Dəniz limanına yaxınlaşanda Dəyanət qabaqda, yolun solundakı işıqforu eksperiment iştirakçılarına göstərib dedi:

–  Fikrətin tapşırığına əsasən, mən birinci dəfə burada dayanıb Afiyəddin Cəlilovun maşınının hansı istiqa- mətdə getdiyini izləmişəm.

Mikroavtobus Səməd Vurğun bağına çatıb dayandı. Hamıdan öncə kriminalist maşından düşüb oradan bir neçə metr aralandı. Sonra videokameranın obyektivini maşının qapısına tuşlayıb maşından düşən eksperiment iştirakçılarını çəkməyə başladı.

Dəyanət mikroavtobusdan çıxıb müstəntiqə bildirdi:

–  Mən Fikrətlə burada görüşmüşəm. On beş dəqiqə sonra Səxavət gəlib çıxdı.

Sonra heç kimə məhəl qoymayıb ətrafa baxmağa başladı. Yaxınlıqdan bir neçə kişi və qadın keçirdi. Onlar qoluqandallı adamı və polis nəfərini, eləcə də videokame- ranı gördükdə duruxub dayandılar. Lakin polis nəfəri onlardan yollarına davam etməyi tələb etdi. Göstərişə tabe olan adamlar öz aralarında pıçıldaşıb oradan uzaqlaşdılar.

Dəyanət hər şeyə biganə adam kimi yenə də öz xoş anlarını yaşamağa başladı. Təmiz hava alsın deyə, acgöz- lüklə dərindən nəfəs alıb buludların parça-parça olduğu səmaya baxır, təzəcə yarpaqlamağa başlamış çinarları seyr edirdi. Küçədə maşınların sayı ötən illərə nisbətən artmışdı.

Müstəntiqin müraciəti Dəyanəti öz aləmindən ayırdı:

– Dəyanət, siz sonra hara getdiniz?

O, müstəntiqə heç bir söz demədən cənub istiqamətində, tələsmədən ətrafı doyunca müşayiət edə-edə 1994-cü ilin sentyabr ayının 29-da axşam getdiyi səmtlə addımladı.

Yaşayış binaları arasında VAZ-2108 markalı maşının saxlandığı yeri göstərdi. Sonra Fikrət və Səxavətlə Afiyəddin Cəlilovun yaşadığı binaya getdikləri yolla yeridi. O tələsmirdi,  əksinə, addımlarını astaca, tənbəlcəsinə ataraq yeriyirdi. Bu, eksperiment iştirakçılarından bəzilərini əsəbləşdirsə də, lakin ümumi məqsədə olan cəhdləri, istəkləri onları susmağa vadar edirdi.

Cinayətkarların hadisə yerinə necə gəlib-getmələrinin müəyyən edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini prokuror və müstəntiq bildiyindən məhkumun asta hərəkətləri onları məmnun salırdı.

Dəyanətin törətdiyi qətli necə icra etməsini istintaqa dəqiqliklə göstərməsi lazım idi.

Müstəntiq hər bir halın videoçəkilişə düşməsinə çalışır, arada Dəyanətə suallar verir və ondan müvafiq cavablar alırdı. Heç bir hərəkət videokameranın obyektivindən kənarda qalmırdı.

Eksperimentin keçirilməsində iştirak edənlər hadisə yerinə çatdıqda yaşayış binasının həyətində, demək olar ki, heç kim yox idi.

Dəyanət ifadələrində göstərdiyi halları bir-bir təkrar edib binanın birinci blokuna girdi. Onun vicdan əzabı çəkmədən hadisəni soyuqqanlılıqla danışması eksperiment işti- rakçılarına qəribə gəlmədi.

“Peşəkar qatillərin xarakteri cəllad xarakterindən heç də fərqli deyil. Çünki qatil hər qətldən sonra “təkmilləşmiş alətə” çevrilir. Bu isə bir aksiomadır”, – deyə Tahir Kazımov düşündü.

Dəyanət blokda harada dayandıqlarını, Fikrətdən ratsiya ilə iki dəfə siqnal aldıqdan sonra qətlə necə hazırlaşdıqlarını, Afiyəddin Cəlilova necə yaxınlaşdıqlarını, əvvəlcə sürücünü, sonra isə onu necə qətlə yetirdiyini göstərdi. Yenidən hər şeyi təfsilatı ilə danışdı.

Nəhayət, istintaq qrupu öz işini bitirib blokdan çıxdı və yaxınlıqda dayanan “Qazel”ə tərəf getdi.

Bu zaman birinci blokdan bir qədər aralı dayanmış on-on bir yaşlarında bir oğlan uşağı çox bərkdən və uzanan bir səslə “Paaaa-paaaa”  deyə qışqırdı. Dəyanətdən başqa heç kim buna bir reaksiya vermədi. Bu anda elə bil kimsə onun ayaqlarını yerə mıxladı. Narahat ürəyinin çırpıntısı bir qədər də artdı. Alnının damarları şişdi, solğun bənizi tamamilə ağardı, könül rahatlığı pozuldu. Qolu qoluna bağlanmış polis nəfəri ixtiyarsız olaraq addımını atdı, irəli yeriyə bilmədiyinə görə yerində silkələndi.

Dəyanət geri qanrılıb uşağa baxdı. İlk qətl səhnəsi gözləri önündən ani olaraq kino kadrları kimi gəlib keçdi.

İstintaq eksperimenti başa çatdıqdan sonra videoçəkiliş iştirakçıların baxışına təqdim edildi. Sonra çəkilişi tam izləyən Dəyanət Kərimov çəkilişə heç bir əlavəsi olmadığını bildirdi və müstəntiqin tərtib etdiyi protokolu tam oxuduqdan sonra imzaladı.

Şam yeməyi zamanı, elə ondan sonra da uşağın səsi hələ də qulaqlarından getmirdi.

Düz səkkiz il öncə gözləri qarşısında güllələnən ata- sının meyitini qucaqlayaraq “papa” deyərək fəryad qopa- ran 10-11 yaşlı oğlan uşağının səsinə necə də oxşayırdı?!

Ancaq onda bu acı hissləri keçirməmişdi. Elə o vaxt da aprel ayının ən gözəl günlərindən biri idi. Lakin o, həmin anda yazın gözəlliyi barədə düşünmürdü. Yalnız Fikrətə xoş gəlsin deyə, ona tabe olurdu. Bu cinayətdə iştirak edirdi.

Bəs sonralar? Axı mən öz doğma, isti yuvasına can atan neçə-neçə insanı – ataları kimlərinsə maraqları naminə qətlə yetirmişəm. Onda heç tüküm də tərpənmirdi.

Dəyanət, bəs indi sənə nə oldu ki, kövrəldin? Rəhim- dillik hissi qəlbində nədən oyandı? Yoxsa çoxdan məhv et- diyin vicdanın yenidən dirilərək daxildən səni didib- parçalayır, səni mühakimə edir?!

Yox, bu, ola bilməz.

O, çarpayıdan durub bu kiçik təcridxana kamerasında  var-gəl etməyə başladı. “Yox, mən heç vaxt zəif ola bilmərəm, hisslərimin əsiri olub it kimi gəbərə bilmərəm. Hələ bir neçə gün mən “azadlığın” şirinliyini, nəşəsini dadıb yaşamalıyam. Mən bütün cinayətlərimi bir gün ərzində deyil, bir neçə gün ərzində müstəntiqə danışacağam, səmimi etiraf edəcəyəm. Onsuz da Fikrət tutulub, qoy mən törədilən hər bir cinayəti ondan öncə özüm etiraf edim. Bəlkə, nə vaxtsa nəzərə aldılar… Bir də, köksümdə yumurlanıb daima məni sıxan bu ağır yükdən, bəlkə, xilas oldum?!”

 

***

8-ci polis bölməsindən çıxandan sonra prokuror Tahir Kazımov və müstəntiq Seyfəddin Abdullayev yolüstü nahar etdilər. Kafedə müştəri az idi. Onlar küncdəki  boş masanın arxasında əyləşib ofisiantın yaxınlaşmasını gözlədilər. Kəlmə kəsməyə həvəsləri belə yox idi.

Bir neçə dəqiqə sonra bir cavan oğlan əlində menyü kitabı onlara yaxınlaşdı. Ofisiant hər birinin qarşısına menyü kitabını qoyub getmək istədi. Prokuror:

–  Cavan oğlan, biz tələsirik. Yeməyə nəyiniz var?

– Yeməyə vermişel şorbası, mərci şorbası və düşbərəmiz var. Məsləhət görərdim ki, düşbərəni seçəsiniz. Eləcə də kələm dolması, küftəmiz, yaxşı göy və ət qutablarımız var.

Kazımov Abdullayevə baxdı:

–  Seyfəddin, mən mərci şorbası və küftə yeyəcəm. Bəs sənin meylindən nə keçir?

Müstəntiq bu anda özünü generator səsindən başı şişmiş adam kimi hiss edirdi. Ona görə də fərqinə varmadan:

– Tahir müəllim, elə mən də siz istəyəndən yeyəcəyəm, – dedi.

Ofisiant:

– Bəs nə içəçəksiniz? – deyə müştərilərə sual verdi, – araq, şərab, pivə, kompot və ya meyvə şirələri?

– Cavan oğlan, adi su, bir də göy-göyərti və yaxşı pendir gətir. Vaxtımız yoxdur, xahiş edirəm, bir qədər cəld olun.

Kazımov bunu deyib ofisianta baxdı. Bununla da ona sifarişlərinin bitdiyini bildirdi.

Müstəntiq dirsəklərini stolun üstünə qoyub hər iki əli ilə əvvəl alnını, sonra isə gicgahlarını ovuşdurdu. On bir səhifəlik protokol yazmaq heç də asan məsələ deyildi. Çox yorulmuşdu.

Kazımov isə hərdən ona baxaraq halına yanırmış kimi gülümsəyir, sonra pəncərədən səkidən keçənləri izləyirdi. Lakin düşüncələri yenə də bu gün gördüklərinin ya-nına uçurdu. Hə, indi, demək olar ki, Cəlilovun qətlilə bağlı başlanmış cinayət işi açılmışdır. Cinayət iştirakçıları bunu tamamilə etiraf ediblər. Bircə qalır Fikrət. O, bu iş üçün çox lazımdır. Əgər o tapılmasa, qətlin sifarişçisinin kimliyi barədə olan dəlillər yetərli olmayacaq. Yox, indi əsas məsələ cinayətin açılmasıdır. Gec-tez Fikrəti də tapacağıq. Lakin bunun üçün vaxt lazımdır. Düzdür, polis hələ də arzuolunan səviyyədə işləyə bilmir. Lakin biz bu işin də öhdəsindən gəlmək iqtidarındayıq. Prokurorluğa qayıdandan sonra gərək dərhal Baş prokurora və birinci müavinə cinayətin açılması barədə məlumat verim. Lakin birinci kimə? Əcəb işə düşmüşük. Bunlar öz aralarında yola getmirlər, arada mən ziyan çəkə bilərəm. Hər halda, rəhbərin statusu üstündür. Birinci işi ona məruzə edəcəyəm. Onsuz da birinci müavin bu qətlin Dəyanət tərəfindən törədildiyini çoxdan bilirdi.

Stola qoyulan çəngəl-bıçağın və boşqabların cingil-  tisi Kazımovu düşüncələrindən ayırdı.

Mərci şorbasının xoş ətri Kazımovun iştahasını bir qədər də artırdı. İsti çörəyin və pendirin xoş tamı ağzını dada gətirdi. Xörək də isti olduğundan ağzını bir qədər yandırsa da, şorbanı qaşıqla tələsmədən mədəsinə ötürürdü.

Müstəntiq nədənsə bir tikə pendir-çörək yeyib, bir-iki qaşıq şorba içdikdən sonra  yeməkdən əl çəkdi, qaşqabağını sallayıb gözlərini qaba dikdi və danışmadı.

Kazımov tikəsini udub soruşdu:

– Seyfəddin müəllim, niyə yemirsiniz?

Müstəntiq narazı halda dedi:

–  Tahir müəllim, belə də şey olar?! Elə hey tələsirik, harasa qaçırıq. Səhər işə, ordan başqa iş dalınca, gecə evə, evdə də ailə üzvləri ilə bir kəlmə kəsmədən yatağımıza uzanırıq. Bir ucdan elə qaçaqaçdır.

Onun üzündən inciklik və narazılıq yağırdı. Seyfəddin özünü saxlaya bilmədi:

–  Əşi, bu boyda cinayəti açmışıq, başımız da şişib, olmaz ki, bir əlli qram araq vurub uğurumuzu qeyd edək?

Kazımov qəhqəhə çəkməkdən özünü güclə saxladı:

– Seyfəddin müəllim, əlbəttə, sizə olar, ancaq mənə qətiyyən olmaz. Birdən məni yuxarılara çağırdılar, bəs onda nə edərəm?

O,  geri çevrilib nəzərləri ilə ofisiantı axtardı. Ofisiant sanki belə bir hadisəni gözləyirmiş kimi yaxınlıqda dayanıb onlara baxırdı. Kazımovun işarəsini görüb onlara yaxınlaşdı.

– İçməyə hansı arağınız var?

Ofisiantın gözləri parladı. Sevinclə və fəxrlə:

– “Rasputin”, çox yaxşı araqdır, məsləhətdir, – dedi.

Kazımov:

– Seyfəddin müəllim, necə baxırsınız? Bəlkə, elə “Rasputin” içək? Bu bədbəxti də çar sarayında sevmədiklərinə görə qraf Yusubov və dostları qətlə yetiriblər.

– Necə məsləhət bilirsiniz, Tahir müəllim. İndi əsas məsələ uğurumuzu qeyd etməkdir. İstəyir “Rasputin” olsun, istəyirsə, naxçıvanlıların adlandırdığı “Donqili[2]” araq.

– Cavan oğlan, “Rasputin” gətirin, – prokuror dedi.

Ofisiant bir göz qırpımında stolun üstünə bir 750 qramlıq “Rasputin” arağı,  iki ədəd balaca qədəh qoydu.

Şəkli araq şüşəsinin üzərində əks olunmuş monarx libasında saqqallı Rasputin onların ovqatını bir qədər açdı, əhval-ruhiyyələrini qaldırdı. Ofisiant qədəhlərə araq süzüb kənara çəkildi.

Kazımov qədəhi əlinə alıb dedi:

– Seyfəddin müəllim, fələyin çərxi sürətlə geriyə fırlanaraq keçmiş sovet vətəndaşlarının rifahına, əmin-amanlıqlarına son qoydu. Çox qanlar hesabına biz müstəqillik qazandıq. Qanun keşiyində duran bizlərin çiyninə ağır yük düşdü – məsuliyyət yükü. Vətəndaşlarımızın həyatını müdafiə edən kəslər qorxaqlıq hisslərinə dərhal təslim olduqlarından ölkəmizdə ikinci bir dalğa- qətl dalğa- ları çövlan etdi. Belə bir anda bizim- şərəfli tarixi ənənəyə malik olan prokurorluğun qanundan kənar mövqe tutması tarixi xəyanətə gətirib çıxaracaqdı. Aramızda xainlər, qorxaqlar çox azdır, lakin sərkərdəmiz olmadığından qolla- rımız bağlıydı. Lakin Allahın xalqımıza yazığı gəldi, Heydər Əliyev qayıtdı. İndi nə qədər bizə çətin və ağır olsa da, fiziki məhrumiyyətlərə və mənəvi sıxıntılara düçar olsaq da, apardığımız bu şərəfli vuruşda qalib çıxmalıyıq. İçək qalib pro- kurorluq əməkdaşlarının sağlığına. O kəslər ki, qanunun aliliyinə sadiq qalaraq heç zaman şərəf və ləyaqətlərini, haqqı heç nəyə və heç kimə satmamış və satmayacaqlar da.

Badələr toqquşdu. Seyfəddinin üzündə xoş təbəssüm cilvələndi:

–  Tahir müəllim, sizin sağlığınıza, – deyib qədəhi dodaqlarına apardı, başını arxaya əyməklə qədəhi boşaltması bir oldu.

 (Ardı var)