ACI HƏQİQƏT

96

(Əvvəli ötən saylarımızda)

Səhərisi gün, yəni 15.04.2000-ci il tarixdə prokuror Tahir Kazımov istintaq qrupunun üzvü Seyfəddin Abdullayevlə birlikdə 8-ci polis bölməsinin rəisi Fikrət Əliyevin kabinetində, Dəyanət Kərimovun ifadəsinin yerində yoxlanılmasında iştirak edən şəxslə Səbail rayon polis idarəsinin rəisi Nazim Nağıyev, 8-ci bölmənin əməliyyat müvəkkilləri – Məhərrəm Həsənov, İlqar Abıyev, Daxili İşlər Nazirliyinin baş cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili Seyfəddin Əkbərov, kriminalist Çingiz Ağayevin iştirakı ilə kiçik bir müşavirə keçirib görəcəkləri işin hüquqi əhəmiyyətindən danışdı. Sonra müstəntiqlərə hal şahidlərinin içəri dəvət edilməsini tapşırdı.

Polis bölməsinin iş otağına daxil olan hal şahidləri Rövşən Məmmədov və Ələsgər Hüseynova oturmaq üçün yer təklif etdi. Bundan sonra Tahir Kazımov sözə başladı:

– Hörmətli cənablar, bu gün sizin iştirakınızla Dəyanət Kərimovun ibtidai istintaqa verdiyi ifadəsi yerində yoxlanılacaqdır. Lakin biz hadisə yerinə getməzdən öncə onun etdiyi cinayəti necə törətməsini təkrarən bizim hamımıza danışmasını tələb edəcəyik. Yalnız bundan sonra onun ifadəsini yerində yoxlayacağıq. Sualı olan yoxdursa, Abdullayev, siz hal şahidlərinə onların Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edin.

Abdullayev Cinayət Prosessul Məcəlləsini götürüb açdı, 142-ci maddəsini tapıb hal şahidlərinə yaxınlaşdı. Həmin maddəni astadan oxudu və qurtaranda hal şahidlərindən soruşdu:

– Hüquq və vəzifələriniz sizə aydındırmı?

Hal şahidləri çox sakit tərzdə müstəntiqə baxıb:

–  Bəli, – dedilər.

***

Dəyanət səhər yeməyini yeyib kameranın bir küncünə qoyulmuş və yerə bərkidilmiş kətilin üstündə oturdu və gözlərini qapıya dikib qulaqlarını şəklədi. O, hadisə yerinə aparılacağını səbirsizliklə gözləməyə başladı. Xəyalən sonra yaşayacağı anları götür-qoy edirdi: “Yolboyu şütüyən maşınlara baxacam. Yol kənarında, səkidə harasa tələsən və ya qayğısız gəzintiyə çıxan insanları görəcəm. Görəsən, bu illər ərzində Bakı dəyişibmi? Yox, mən gərək elə insanları və ya elə şeyləri görüm ki, kameraya qayıtdıqdan sonra onları xatırlamaq mənə asan olsun. Gördüklərimi xəyalımda canlandıraraq soyuq, üfunətli divarları heç olmasa bir müddət unuda bilim. Yox, ən başlıcası, dərindən çoxlu hava almalıyam ki, ciyərlərim təmizlənsin. Axı insanı yaşadan, onun ömrünü uzadan təmiz havadır!

İnsan qəlbini sevindirən, onda həyat eşqi yaradan ətrafda mövcud olan füsunkar gözəlliklərdir. Aydın hava, gündüzün təbii işığı, ondan qopan həyat enerjisi və sonsuz azadlıq sevgisi insan ömrünün varidatıdır. Çünki gündüzün aydın havasında qaranlıq gecədən fərqli olaraq, heç bir qəlb sıxıntısı yoxdur. İnsan füsunkar təbiətin hər bir guşəsinin cazibədar gözəlliyini öz baxışları ilə süzə bilir.

Xəyallar uzandıqca vaxt da ötüb keçirdi. Lakin dəhlizdən nə ayaq səsi, nə də ki, açılıb-bağlanan dəmir qapıların taqqıltısı gəlirdi. Dəyanət gecəyə kimi gözləsə də, o dəmir barmaqlıqlı qapı üzünə açılmadı.

Səhər tezdən yuxudan ayılanda yenə qaranlığa qərq olmuş öz taleyi haqqında düşünməyə başladı. Axı onun bədbəxtliyinə nə səbəb olmuşdu? Çoxları ilə müqayisədə ali təhsili vardı. Az da olsa, mütaliə etmişdi. Cin Fikrət, Elçin, hətta Şəmsi belə ondan fərqli idilər. Hətta Rövşən belə Fikrətdən çəkinirdi. Lakin Fikrətdən qorxmasa da, ona tabe idi. Niyə? Dayan, dayan, tapdım. Mən tanışlığımızın ilk anından başlayaraq ona sitayış etmişəm. Özümü bilə-bilə ondan asılı etmişəm, onu özümə büt seçmişəm. Dediyinin qarşısına söz çıxarmamışam. O da məndən bir alət kimi istifadə etmişdi.

Qəflətən açılıb-bağlanan dəmir qapının gurultusu onu diksindirib xəyallardan ayırdı. Addım səsləri sürətlə kameraya yaxınlaşırdı. Budur, kimsə kameranın qapısı ağzında dayandı, açarı kilidə salıb burdu. Kandarda polis serjantı göründü və:

– Dəyanət, hazırlaşın. Paltarınızı geyinin, özünüzü səliqə-sahmana  salın. Saat 10-da sizi görüşə aparacağıq, – deyib qapını örtdü.

Sevincindən Dəyanətin ürəyi şiddətlə döyünməyə başladı. Ey mənim qüdrətli Allahım, bəlkə də, bu gün mən sənin günahkar bəndən olsam da, son dəfə həyatımda baharın cazibədar gözəlliyini görəcəyəm və onun ətrini duyacağam. Həsrətində olduğum çöl-bacanın sonsuz ümmanının bir künc-bucağında sərbəst olmasa belə, az da olsa, bir qəvvas kimi üzəcək, xoş anlar  yaşayacağam. Təmiz havanın ətrindən gen-bol içimə çəkəcəyəm, çoxlu sayda bəşər övladı görəcəyəm. Ya Rəbbim, mənim günahlarımdan keç, bu günü mənə qismət etdiyinə görə həyatım boyu sənə minnətdar olacağam. Sənin mənə verdiyin sərvətin dəyərini, xeyrini, möhtəşəmliyini indiyəcən bilməmişəm…

O, bu duyğuların təsirindən qəhərlənsə də, özü ilə götürdüyü təmiz şalvar və köynəyini geyindi. İstifadə olunsa da, ayaqqabılarını geyinib, saçını daradı. Sonra gödəkçəsini geyinib darısqal kamerada var-gəl etməyə başladı. Nəzarətçilər gələndə artıq hazır idi. Səhər yeməyini isə tamamilə unutmuşdu.

Gözlədiyinin əksinə olaraq, Dəyanəti dərhal hadisə yerinə aparmadılar. Şöbə rəisinin kabinetində müstəntiq öncə ona belə bir sual verdi:

– Kərimov Dəyanət Kərim oğlu, siz Afiyəddin Cəlilovu qətlə yetirdiyiniz barədə ifadə vermisiniz. Həmin ifadənin hadisənin yerində yoxlanılmasını keçirəcəyik və videoçəkiliş aparacağıq. İfadə verdiyinizə etiraz etmirsiniz ki?

Dəyanət Kərimov dedi:

–  Mənim etirazım yoxdur.

Müstəntiq  Abdullayev:

–  Siz bu cinayəti necə törətmisiniz? Kim təşkil edib və sair suallar ətrafında məlumat verməyinizi xahiş edirəm.

Dəyanət Kərimov:

– Mən hadisənin törədilməsi barədə bunu deyə bilərəm ki, əvvəllər tanıdığım “Fikrət” ləqəbli, əsl adı Əliyusif Tahirov olan adamın mənə tapşırdığı cinayətləri törətmişəm. Həmin törədilmiş cinayətləri hadisə yerində dəqiq göstərə bilərəm.

Prokuror müəyyən dərəcədə Dəyanətin niyyətini başa düşdü. Lakin cinayətkarların məhkəmə prosesində ibtidai istintaqa verdikləri ifadələrdən imtina etməklə cəzadan qaçmağa çalışdıqlarını bildiyindən, ifadəni yerində yoxlamazdan əvvəl proses iştirakçılarının da iştirakı ilə şəxsin yeni- dən ifadə verməsini əsas götürərək Dəyanətə dedi:

– Siz hadisə yerinə getməzdən əvvəl həmin törədilmiş cinayətlər barədə ətraflı məlumat verin. Yalnız bundan sonra sizin təklifinizlə hadisə yerinə gedərik.

Dəyanət Kərimov sözə başladı:

– Yay ayları olardı. Fikrət mənim evimə saat təxminən gecə 2 radələrində gələrək məni küçəyə çağırdı və biz dəniz kənarına getdik. Orada Fikrət mənə dedi ki, Bakı şəhərində vəzifəli bir şəxs olur, o, ermənidir.

Dəyanət danışmağa başlayanda kabinetdə oturanlar nəfəslərini içlərinə salıb bu müdhiş cinayətin necə baş verməsini bilmək üçün aralarında olan söhbəti və pıçıldaşmaları kəsdilər. Hamının nəzər-diqqəti Dəyanətə dikildi.

Müstəntiq Abdullayev qeydlər edirdi.  Kriminalist isə “Panasonik-900” markalı videokamera ilə çəkiliş aparırdı. Kameranın obyektivi yalnız Dəyanətə tuşlanmışdı.

Tahir Kazımovun bütün diqqəti onda cəmlənmişdi. Dəyanətin bugünkü ifadəsini 13 apreldə verdiyi ifadə, eləcə də Səxavət Hümbətovun verdiyi ifadə ilə beynində müqayisə edərək onun düzgün danışıb-danışmadığını özü üçün müəyyən edirdi.

“Budur, yeni bir naqislik… Şəmsi ilə Afiyəddin Cəlilovu öldürmək məqsədilə etdikləri cəhdlər barədə söylədikləri Şəmsinin ifadəsində göstərdikləri xüsusatlarla heç də üst-üstə düşmür. Eləcə də cinayətin motivi barədə düz danışmaması…”

Dəyanət isə dayanmadan asta-asta danışırdı.

“Yox, qoy necə istəyir danışsın. Onun yalanını indi üzə vurmaq olmaz. Əsas məsələ Cəlilovun qətlə yetirilməsi ilə bağlı Dəyanətin etirafıdır. İstintaqın gedişatında aparılacaq başqa hərəkətlər əsl həqiqəti, hadisənin necə baş vermə səhnəsini aydınlaşdıracaqdır”, – prokuror ürəyində  fikirləşirdi.

– Ertəsi gün Fikrət bizə gəldi və dedi ki, Şəmsi Etibar adlı bir adamla gedib Qazaxa. Orada Şəmsi qardaşı ilə dalaşıb və xəsarət alıb. Mən Fikrətə dedim ki, bu iş necə olacaq? O, mənə bildirdi ki, darıxma, sən evdə ol. 4-5 gün keçdikdən sonra Fikrət axşamüstü evimə gəldi və biz VAZ- 2109 markalı maşınla Bakıya gəldik. Biz dəmiryolu vağzalı tərəfdə maşını saxladıq. Təxminən axşam saat 21:00 radələri olardı, bir neçə müddətdən sonra bizə Səxavət adlı şəxs yaxınlaşdı. Fikrət mənə dedi ki, binaların birində bir maşın dayanıb, həmin maşının baqajında silahlar var. Həmin silahları götürüb Afiyəddin Cəlilovun yaşadığı binaya gedərsiniz. Afiyəddin Cəlilov gələndə onunla söhbət edərsiniz. Bizim dediklərimizlə razı olsa, onda onu da maşına əyləşdirməli, Fikrəti də yoldan götürməli və onun dediyi marşurutla getməli idik. Əgər bizim dediklərimizlə razı olmazsa, biz onu qətlə yetirməli idik. Fikrət dedi ki, bu işdən heç kimin xəbəri olmasın. Mən də bildirdim ki, mən heç kimə deməmişəm. Lakin qohumlarım ilə söhbət edəndə mən onlara demişdim ki, əgər mənim başıma bir iş gəlsə, bilin, orda Fikrətin əli var və Fikrətdən şübhələnməlidirlər. Biz- mən və Səxavət axşam saat 9-10-na işləmiş binanın qarşısında dayanan VAZ-2108 markalı qara rəngli maşına yaxınlaşdıq. Maşının baqajında idman çantası vardı. Çantanın içində iki ədəd 7.62 çaplı AK markalı avtomat, bir ədəd səsboğucu var idi. Çantanı götürüb onlarla birlikdə Afiyəddin Cəlilovun binasına tərəf getdik. Fikrətin göstərişi ilə biz binaya daxil olduq, ikinci mərtəbəyə qalxdıq. Mən çantanın içindən plaş parçadan olan idman formasını götürüb geyindim və Səxavətlə Fikrətin işarəsini gözlədim. Fikrət isə qarşı binanın damında oturub həmin maşının həyətə girməsini gözləyirdi. Biz binada olanda mən öz avtomatıma səsboğucunu taxdım. Biz Fikrətdən işarə aldıqdan sonra hazır vəziyyətdə olduq. Afiyəddin Cəlilov binaya daxil olub liftin qarşısında dayandıqdan sonra mən, Səxavətlə aşağı düşdüm. Mən avtomatı ona dirəyib pul verməsini və üzünü divara çevirməsini tələb etdim. Bu zaman onun sürücüsü maşını elə vəziyyətdə saxlamışdı ki, binanın blokuna işıq düşsün. Bundan sonra Afiyəddin Cəlilov üzünü divara çevirəndə onun sürücüsü binaya daxil oldu. Bizim əlimizdə silahı görüb sürücü qışqıraraq küçəyə qaçdı. Mən isə onun arxasınca 3-4 dəfə atəş açdım və o, üzüstə qapının qarşısında yıxıldı. Bundan sonra mən çevrilərək Afiyəddin Cəlilovun baş nahiyəsinə bir güllə vurdum. Sonra isə biz blokdan qaçıb yaxınlıqdakı bloka girdik, orada silahlarımızı idman çantasına yığdıq, mən Səxavətin hara getdiyini bilmədim, özüm isə dəmiryolu vağzalına sarı getdim. Orada mən həmin VAZ-2108 markalı maşının baqajına içində silahlar olan idman çantasını qoydum, özüm isə yaxınlıqda olan Fikrətin UAZ markalı maşınında oturub onu gözlədim. Fikrət gələndə nə baş verdiyini soruşdu. Mən dedim ki, bizim söhbətimiz alınmadı. Sürücü bloka daxil olduqdan sonra Səxavət onun qabağını bağlamadı. Səxavət özünü itirmişdi və bundan sonra nə baş verdiyini mən Fikrətə danışdım. Bundan sonra təxminən saat 22:30 radələrində Fikrət məni “20 yanvar” metrostansiyasının qabağında düşürdü. Mən evə qayıtdım.

Dəyanət ifadəsinin sonuncu cümləsini bitirib susdu. Prokuror və müstəntiq ona əlavə sual vermədilər. İndiki halda buna  ehtiyac da yox idi. Ona görə də Kazımov:

– Müstəntiqin sizə dediyi kimi hadisə yerini göstərin. İndi hərəkət marşurutu ilə siz avtomatları götürməyinizi,  Fikrətlə görüşməyinizi, Fikrətin göstərişi ilə həmin maşını izləməyinizi, o yerlərin hamısını göstərin. Birinci, müstəntiqin razılığı ilə avtomatları haradan götürdüyünüzü göstərin. Siz bizimlə razısınızmı?

–  Bəli, mən sizinlə razıyam və çalışaram ki, istin- taqa hadisə yerində dəqiq, ətraflı və daha dolğun məlumat verim. Mən indi sizə dəmiryolu vağzalı tərəfə getməyi təklif edirəm,  – Dəyanət cavab verdi.

Eksperiment iştirakçıları şöbə rəisinin kabinetindən çıxıb çöldə onları gözləyən “Qazel” markalı mikroavtobusa oturdular.

Dəyanətin sağ qoluna vurulan qandalın o biri tayı polis nəfərinin sol qoluna taxıldı və mikroavtobusun arxa oturacağında oturdular. Dəyanətin sol tərəfində başqa polis əməkdaşı, sürücünün yanında əlində videokamera tutmuş kriminalist və əməliyyat müvəkkilləri yerləşdilər. Müstəntiq isə orta sıradakı oturacaqda əyləşdi.

(Ardı var)