ACI HƏQİQƏT

63

(Əvvəli ötən saylarımızda)

Səhər saat 11-ə işləmiş 8-ci polis bölməsinin qarşısında Səbail rayon prokurorunun xidməti maşını dayandı. Prokuror Tahir Kazımov və müstəntiq Seyfəddin Abdullayev maşından düşüb polis bölməsinə daxil oldular. Növbətçi otağındakı polis nəfərinə salam verib sağ tərəfə döndülər. Polis nəfərlərinin nəzarəti altında olan, dəmir bar- maqlıqlı iki qapını keçərək dindirmə otağına daxil oldular.

Müstəntiq Seyfəddin Abdullayev həmişəki kimi masanın arxasına keçib çantasını onun üstünə qoydu. Çantadan bir neçə şahidi dindirmə protokolu çıxardı.

– Seyfəddin müəllim, – prokuror müstəntiqə müraciət etdi, – Səxavətlə söhbəti mən başlayacağam. “Omon”çularla çox söhbətim olub. Onların xasiyyətinə bələdəm. Siz diqqətlə bizi dinləyərsiniz. Onun dediklərinin stenoqramını aparın. Sonra da ifadəsini yazarsınız. Mənə belə gəlir ki, o, heç nəyi bizdən gizlətməyəcək. Sizin fikriniz nədir?

– Tahir müəllim, siz bilən məsləhətdir. Neçə ildir ki, “omon”çuların istintaqını aparan qruplara rəhbərlik edirsiniz.  Siz onları daha yaxşı tanıyırsınız.

– Seyfəddin müəllim, daxili telefonla zəng edin  Səxavəti gətirsinlər.

– Baş üstə, Tahir müəllim. Mənə belə gəlir ki, artıq növbətçi göstəriş verib. Çünki mən növbətçi otağının qarşısından keçəndə növbətçiyə Səxavətin gətirilməsini dərhal dedim. Ancaq yenə də zəng edərəm.

Seyfəddin telefonun dəstəyini götürüb növbətçi otağına yığdı. Dərhal səs eşidildi:

– Mayor Süleymanovdur. Bu dəqiqə Hümbətov Səxavəti gətirəcəklər.

Müstəntiq:

– Sağ olun, – deyib dəstəyi yerinə qoydu.

Həqiqətən, bir neçə dəqiqə keçməmiş dəmir barmaqlıqlı qapının açılmasının və az sonra zərblə bağlanmasının səsi eşidildi.

Qapı döyüldü və qapının arxasında olan şəxs “gəlin” sözünü eşitcək qapını açdı. Əvvəlcə qolları qandallı Səxavət Hümbətov, sonra polis serjantı içəri daxil oldu.

Serjant ayaqlarını cütləyərək sağ əlini gicgahına apardı:

– Cənab prokuror, məhkum Səxavət Hümbətov dindirilməsi üçün gətirilmişdir.

Prokuror:

– Səxavət, əyləşin. Siz isə, serjant, onun qandallarını  açın.

Serjant, Sexavət stula oturmazdan öncə onun qandallarını açdı. Səxavət salam verib ona göstərilən stulda oturdu, sonra Tahir Kazımovu və müstəntiq Abdullayevi süzdü.

Səxavət bəstəboylu, 35 yaşında bir adam idi. Fiziki cəhətdən nə güclü, nə də zəif adam təsiri bağışlayırdı. Sol gözündə bir az çəplik vardı. O, Rövşən Cavadovun sürücüsü olmuş, xidməti maşınını idarə etmişdi. Mənəviyyatca sarsılmış insan təəssüratı oyatmırdı. Zahiri görkəmindən həyatın keşməkeşlərindən keçdiyini və əzab-əziyyət  çəkdiyini hiss etmək olurdu. Onun Kazımova zillənən sual dolu həyəcanlı baxışları prokurora dindirməyə başlamağın vaxtı çatdığını deyirdi.

Tahir Kazımov:

–Vətəndaş Hümbətov, mənim adım Tahir, soyadım da Kazımovdur, Səbail rayonunun prokuroruyam. Masanın başında oturan isə Səbail Rayon Prokurorluğunun müstəntiqi Seyfəddin Abdullayevdir. Biz Afiyəddin Cəlilovun və sürücüsünün qətli ilə bağlı cinayət işinin istintaqını aparırıq.

Bunu deyib Tahir Kazımov bir anlıq dayandı, Səxa- vətin sifətinə və gözlərinə diqqətlə baxıb onun reaksiyasını öyrənmək istədi. Onun bənizinin bir qədər ağardığını, gözlərində qorxu hissi olduğunu gördükdə dedi:

– Səxavət, sizin şəxsiyyətiniz, eləcə də bir neçə qətldə Fikrətlə bərabər iştirak etməyiniz haqda istintaqda sübuta ehtiyacı olmayan faktlar vardır. Əgər siz bizə qarşı səmimi olsanız, cinayətləri səmimi şəkildə etiraf etsəniz, cəza təyinində məhkəmə sizə kömək edəcəkdir. Qeyri-səmimi olsanız, onda bunu gözləməyin.

Kazımovun səsinin amiranə və sərt tonu Səxavətin vücudunda təlatüm oyatdı. O, fikrindən keçirdi: “Necə yəni bir neçə adam öldürməkdə iştirak edib? Axı o, yalnız bircə dəfə, özü də qətlin törədiləcəyini bilməyəcəyi halda Fikrətlə Dəyanətin planlaşdırdığı qətldə iştirak edib. Belə də ədalətsizlik olar?”

Qəlbində oyanan qorxulu həyəcanlar onu danışmağa və etirazını bildirməyə sövq etdi. Səxavət özündən asılı olmayaraq ayağa durub hər iki əlini çənəsi səviyyəsinə qaldıraraq dedi:

– Tahir müəllim, Həzrət Abbas haqqı, mən əvvəlcədən hara getdiyimi bilməmişəm. Allah haqqı, Fikrət bu haqda mənə heç nə deməyib. Dəyanət atəş açıb əvvəlcə Afiyəddini, sonra da onun sürücüsünü vuranda mən onların kim olduğunu belə bilməmişəm. Allaha and olsun ki, düz deyirəm.

Onun həyəcan dolu, iniltili, fəryadlı səsi Kazımovu dərhal əmin etdi ki, istintaq qrupu düz yolla hərəkət edir. İkincisi, doğrudan da, Səxavətin bu cinayətdə iştirakı ikinci dərəcəlidir. Üçüncüsü, bu ifadə cinayət işinin tam açılması demək idi. O:

– Səxavət, sakit olun, əyləşin. Ancaq sizə verəcəyim suallara düzgün cavab verin.

Bayaqdan bəri ayaq üstə dayanmış Kazımov Səxavətlə üzbəüz oturdu:

– Xüsusi Təyinatlı Polis Dəstəsində nə vaxtdan xidmət etməyə başlamısınız? Fikrəti nə vaxtdan tanıyırsınız? Münasibətiniz necə olub?

– 1992-ci ilin yanvarında XTPD-də xidmətə başlamışam. Laçın, Kəlbəcər, Ağdərə və Ağdam rayonlarında ermənilərə qarşı vuruşmuşam. Minaya düşüb yaralanmışam. 1992-ci ilin ortalarından da Fikrəti tanıyıram. O, 8-ci kilometr qəsəbəsindəki bazamıza gəlib-gedirdi. Deyirdilər ki, o, yaxşı idmançı və iş adamıdır. Həqiqi adını, soyadını və ata- sının adını isə bilmirəm. Fikrətin Rövşən Cavadovla yaxın münasibəti var idi.

– Dəyanətlə necə və nə vaxtdan tanış olmusan? Münasibətiniz necə idi?

– Məni onunla Fikrət tanış etmişdi. 1993-cü ilin yay aylarında Fikrətin ağ rəngli VAZ-2109 markalı maşını ilə Sumqayıta getmişdik. Bu, bizim ilk görüşümüz olub. Lakin onunla mənim yaxın münasibətim olmayıb.

– Sizi bu cinayətin törədilməsinə kim cəlb etmişdi? Cinayəti necə törətmisiniz?

– Tahir müəllim, dediyim kimi, Fikrət bazaya gəlib-gedirdi. 1994-cü ilin sentyabr ayında bazada onunla görüşdüm. Söhbət zamani Fikrət mənə dedi ki, Azərbaycana əks gedənlər var, onlarla özüm haqq-hesab çəkəcəyəm. Mən də ona dedim ki, bu iş mənlik deyil. Fikrət gülə-gülə mənə dedi ki, qorxma, sən güllə-zad atmayacaqsan. Hər şeyi özüm edəcəyəm. Olmaya qorxursan? Dedim ki, yox, mən qorxmu- ram. Fikrət dedi ki, onda axşam dəmiryol vağzalının yaxın- lığına gəl, orda gəzərsən. Mən özüm sənə yaxınlaşacağam.

Həmin gün, 29 sentyabr 1994-cü ildə axşamçağı getdim dəmiryolu vağzalına, bir qədər orada fırlandım. 20 dəqiqədən sonra Fikrət gəldi. Azca sonra Dəyanət də başqa yerdən gəlib çıxdı. Dəyanət özünün VAZ-2108 markalı qara rəngli maşınını görüşdüyümüz əraziyə yaxın yerdə, hardasa  bir həyətdə saxladı. Fikrət mənə yaxınlaşıb dedi ki, sən narahat olma, Dəyanət hər şeyi bilir, sənlik bir şey yoxdur.

Səxavət bunları deyib qəflətən dayandı. Kirpi kimi büzüşdü və fikrə getdi. Prezidentin vaxtından əvvəl onu bağışlaması, cəzasının qalan hissəsindən azad ediləcəyi barədə məlumatı olduğundan ani olaraq azadlığa gedən yolun üzünə  bağlandığını dərk etdi.

Yalvarış dolu yaşarmış gözlərini Tahir Kazımova dikdi:

– Tahir müəllim, axi bu, haqsızlıqdır. Vallah, mən bilmirdim ki, Dəyanət belə bir cinayət törədəcək. Tutulanda bir il deyil evlənmişdim. Həyatımda əzabdan savayı, heç nə görməmişəm. Müqəvva kimi Dəyanətin arxasında dayanmı- şam.

Titrək dodaqları bu dəqiqə ağlayacağına bir işarəydi. Onun bu halı Kazımovu da, Abdullayevi də kövrəltdi. “Ah, zavallı insan, sən də onlar kimi yarınmaq hissiylə yaşamısan. Ruhən bağlandığın rəhbərlər səni əldə oyuncaq kimi oynadaraq məqsədləri naminə məhvə məhkum ediblər. Bunu dərk etsən belə, yenə də yarınmaq naminə özünü məhv etmisən”.

Prokurorda yaranan bu fikir o dövrdə tabelikdə olan bəzi “omon”çular üçün adi bir həyat qayəsiydi.

– Səxavət, özünü ələ al. Nə Abdullayev, nə də mən sizi bu yola dəvət etmişik. Atalar yaxşı deyib: “Özü yıxılan ağlamaz”. Ən azı hara getdiyinizi Fikrət sənə demişdi. Getməyəydin, imtina edəydin.

– Tahir müəllim, axı necə getməyəydim?! Elə bilirsiniz bu, asan idi?

– Səxavət, gəlin mövzudan yayınmayaq. Sonra siz, Dəyanət və Fikrət nə etdiniz?

– Dəyanət gedib maşından tünd rəngli idman çantasını götürüb qayıtdı. Fikrət bu vaxt bizdən aralandı. Sonra mən Dəyanətlə bir istiqamətə, Fikrət isə başqa istiqamətə getdik. Fikrətin əlində ratsiya var idi. Biz yolun kənarındakı bir doqquzmərtəbəli binaya çatdıq. Həyətə daxil olaraq 1-ci, ya da 2-ci bloka girib ikinci mərtəbəyə qalxdıq. Hava qa- ralmışdı. Saat 21 radələri olardı. Dəyanət çantadan iki dənə avtomat silah çıxardı. Onlar 7.62 kalibrli, qundağı qatlanan AKMS tipli avtomat silahlar idi. Dəyanətdəki avtomata səs- boğucu taxılmışdı. Yarım saatdan sonra pəncərədən həyətə baxanda açıq rəngli “Mersedes” maşınının gəlib blokun qar- şısında dayandığını gördük. Kimsə maşından düşüb bloka girdi. Maşının faraları isə yanırdı. Dəyanətdən soruşdum ki, bu, kimdir? O isə dedi ki, sənlik deyil, yanımda ol. Həmin şəxs bloka daxil olub yuxarı qalxdı və liftin yanında da- yandı. O, hündürboylu, dolubədənli adam idi. Dəyanət ona yaxınlaşıb başına avtomatdan bir dəfə atəş açdı. Onda mən əlimdə avtomat silah Dəyanətin arxasında dayanmışdım. Blok qaranlıq olduğundan dəqiq deyə bilmərəm ki, Dəyanət onun başının harasından vurmuşdu. Atəş açılmaqla həmin adamın böyrü üstə yıxılması bir oldu. Mən şoka düşmüşdüm. Vurulan şəxs yıxılandan bir neçə saniyə sonra onun sürücüsü qaça-qaça içəri girdi. Bu vaxt Dəyanət mənə qışqırıb dedi ki, sən niyə key kimi durmusan? Sürücü bunu eşitcək geri çevrildi, qaçıb blokdan çıxmaq istəyəndə Dəyanət ona arxadan üç, yoxsa dörd dəfə tək-tək avtomatdan atəş açdı. Sürücü yıxıldı. Dəyanət avtomatı məndən alıb çanta ilə birgə sinəsinə sıxdı və biz blokdan qaçıb çıxdıq. Oradan vağzala gəldik. Həyətdə saxladığı VAZ-2108 markalı maşının baqajını açdı, silahları çantaya qoyub baqaja atdı və baqajı bağladı. Həmin vaxtı Fikrət bizdən aralı dayanmışdı. Dəyanət Fikrətə yaxınlaşıb ona nəsə dedi.  Sonra biz ayrıldıq. Mən çıxıb evə getdim. Səhər isə eşitdim ki, Afiyəddin Cəlilovu və onun sürücüsünü öldürüblər. Tahir müəllim, mən məhv oluram, məni xilas edin.

Müstəntiq Abdullayev Səxavətin ifadəsini yazanda, dindirilən adamın hələ də həmin hadisənin həyəcanını yaşadığının şahidi oldu və daxilən: “Dəyanətdən fərqli olaraq, Səxavət sadəcə şəraitin qurbanıdır”, – deyə düşündü.

Araya sükut çökdü. Səxavət, demək olar ki, tamamilə özünə qapanmışdı. Suallara cavab vermirdi. Prokuror dindirmənin dayandırılmasına qərar verdi.

Müstəntiq yazdığı ifadəni Səxavətə təqdim etdi:

–  Səxavət, ifadənizi oxuyun. Əgər sizin sözlərinizlə düzgün yazılıbsa, ifadənin axırında bunu qeyd etməklə ifadənizi  imzanızla təsdiq edin.

Səxavət müstəntiqdən ifadəni alıb tələsmədən oxumağa başladı. Bu arada prokuror artıq sabahkı istintaq hərəkəti, yəni Dəyanətin verdiyi ifadənin yenidən yoxlanılması barədə düşünürdü.

Səhər nəinki Dəyanətin göstərdikləri, eyni zamanda Səxavətin ifadəsində göstərdiyi hallar da yoxlanılmalı idi. Çünki ifadələrin yoxlanılmasıyla hadisənin dəqiq ssenarisi və icra səhnəsi müəyyən edilməliydi. Yalnız ifadələrdə göstərilənlərin eyniliyi ibtidai istintaqın obyektivliyini təsdiq edə bilərdi.

Cinayətkarlara elan ediləcək ittihamın da əsaslı olması və ədalətliliyi bundan asılı idi.

Səxavət ifadəsini oxuyub bitirdi. Müstəntiqə baxıb dedi:

– Seyfəddin müəllim, verdiyim ifadəmi oxudum. Dindirmədə nə demişəmsə, siz də onları düz yazmısınız.

Müstəntiq:

–  Səxavət, onda axırıncı sətirin altından bunları yazın: “Protokolu oxudum, ifadəm mənim sözlərimlə düzgün yazılmışdır”  və imza edin.

Səxavət tələsmədən müstəntiqin dediklərini yazdı və imza etdi.  Digər səhifələri də imzaladı.

Müstəntiq onun yazdığı cümləyə baxıb Dəyanətin Səxavətdən çox savadlı olduğunu özü üçün müəyyən etdi.

(Ardı var)