ACI HƏQİQƏT

60

(Əvvəli ötən saylarımızda)

Prokuror xidməti avtomaşınına oturan kimi baş prokurorun müavini Nazim Allahverdiyevin mobil telefon nömrəsini yığdı. Bir neçə çağırış siqnalından sonra Nazim Allahverdiyev cavab verdi:

–  Tahir müəllim, salam. Sizi eşidirəm.

– Nazim müəllim, sizdən bir nəfər “omon”çu barədə məlumat almaq istəyirəm. Apardığınız işlərdə Səxavət adlı adam olmayıb ki?

– Tahir müəllim, xahiş edirəm bir dəqiqə gözləyin. Onların siyahısı qarşımdadır. Nə üçün soruşursunuz?

– Elə-belə. Bir məsələ var, ondan ötəri.

– Xahiş edirəm gözləyin, – Allahverdiyev dilləndi.

Yarım dəqiqə keçməmiş Allahverdiyevin səsi gəldi:

– Tahir müəllim, Hümbətov Səxavət Vəli oğlu Rövşən Cavadovun sürücüsü olub, indi isə həbsdədir. Onun cəzasının qalan hissəsini çəkməkdən azad olunması üçün sənədlər hazırlayırıq.

Tahir Kazımov Allahverdiyevin məlumatını dinləyib ona dedi:

– Nazim müəllim, tələsməyin, heç bir sənəd də hazırlamayın. Səbəbini sizə sonra deyəcəm. Məlumatınıza görə çox sağ olun.

Cavabında:

– Hələlik, Tahir müəllim, – sözünü eşitcək, danışığın kəsilməsi üçün mobil telefonun düyməsini basdı.

Tahir Kazımov kabinetə daxil olub, stol arxasına keçdi. Gözü stolun üstündəki sənəd qovluqlarına sataşanda əhvalı bir qədər pərişan oldu. Çünki prokurorluğa daxil olan sənədlər həddindən artıq çox idi. O, bunların hər birini oxuyub, lazımi göstərişlərlə prokurorluğun əməkdaşlarına ünvanlamalıydı.

Lakin peşəkar müstəntiq xarakteri ona bu sənədləri kənara qoyub, Hümbətov Səxavətlə bağlı lazımi, təxirəsalınmaz prosessual hərəkətləri etməyə sövq edirdi.

İlk öncə Hümbətov Səxavət Vəli oğlunun 6 nömrəli İslah Əmək Müəssisəsindən 1 saylı İstintaq Təcridxanasına etap edilməsi haqqında qərarın və onun göndəriş məktubunun layihəsini hazırlayıb çap edilməsi üçün katibəsinə verdi və tez çap etməyi ona tapşırdı. Digər tərəfdən, Səxavət haqqında məlumat əldə etmək istədi.

Bundan ötrü, hakimiyyəti devirmək məqsədilə 1995-ci ilin mart ayında rəsmi qaydada ləğv edilərək fəaliyyətinə xitam verilmiş XTPD-nin “sahibləri”, Rövşən və Mahir Cavadovların rəhbərlik etdikləri, sui-qəsd baş tutmadıqda həbs edilən sabiq “omon”çular barəsində başlanmış cinayət işinin istintaqına rəhbərlik edən prokurorluq əməkdaşları ilə əlaqə yaratmağa qərar verdi. Onların hamısını tanıyırdı. Özü həmin illərdə böyük istintaq briqadasına rəhbərlik etmişdi. Ona görə Hümbətov Səxavət barədə tez bir zamanda ətraflı məlumat əldə etməyə nail oldu. Səxavət Qarabağ cəbhə- sində hərbi əməliyyatlarda iştirak etmiş, mətanətlə vuruşmuş, Rövşən Cavadova sədaqətli olması ilə fərqlənmişdi.

Hökumət telefonunun zəngi Tahir Kazımovu bir anlıq cari kargüzarlıq işlərindən ayırdı. Telefonun dəstəyini götürüb cavab verdi:

–  Tahir Kazımov sizi eşidir.

Və dərhal Baş prokuror Eldar Həsənovun “şirin təbəssümlü” səsini eşitdi.

– Tahir müəllim, salam. Qardaş, necəsiniz?

– Salam, Eldar müəllim, sağ olun, canınıza dua edirik.

– Tahir müəllim, eşitdiyimə görə, Cəlilovun qətlə yetirilməsinə dair cinayət işinin istintaqında irəliləyiş var!

– Eldar müəllim, sizə verilən məlumat hələ tam deyil. Sabah və ya birisi gün vəziyyət aydınlaşacaq. Onda sizə deyə bilərəm ki, cinayət açılıb, yoxsa yox. Narahat olmayın, məlumatı birinci siz biləcəksiniz, Ramil müəllim yox. İntensiv istintaq hərəkətləri aparırıq. Hələlik isə Dəyanət Kərimovu dindiririk.

– Xəbərim var, Tahir müəllim. Ümidvaram ki, şad xəbəri birinci mən alacağam.

–  Baş üstə, Eldar müəllim. Bəlkə, bir göstərişiniz var?

– Sağ olun, zənginizi gözləyirəm, – Baş prokuror bunu deyib telefonun dəstəyini  qoydu.

Prokuror dəstəyi yerinə qoyub fikrə getdi. “Görəsən, Dəyanətin ziddiyyətli etirafı barədə məlumatı ona kim çatdırıb? Müstəntiq Seyfəddin bunu etməz. Dəyanətin ifadəsi hələ yoxlanmayıb, Səxavət də hələ polis bölməsinə gətirilməyib. Bölmənin dindirmə otağında danışığa qulaq asma qurğusu ola bilməz. Bəs onda məlumat haradan sızıb?”

Katibənin daxili selektora etdiyi zəngin ahəstə səsi onu fikirlərindən yayındırmasa da, dinamikanın düyməsini biixtiyari basdı:

–  Eşidirəm – dedi.

Katibənin cır səsini köhnə selektorun dinamiki daha da cırlaşdırdı:

– Tahir müəllim, sənədlər hazırdır.

Cavabında:

–   Gətirin, – dedi.

Kazımov ondan üç nüsxə götürüb qərarı imzaladı. Təsdiq və icraya yönləndirilməsi üçün sənədləri qovluğa qoyub  kabinetdən çıxdı.

Respublika Prokurorluğuna çatanda nahardan qayı- dan əməkdaşlarla rastlaşdı. Onlarla görüşüb bir kəlmə də kəsmədən Baş prokurorun birinci müavininin yanına tələsdi. Bu gün Səxavət Hümbətovun etap edilməsi onun üçün çox vacib idi. Məlumatın maraqlı şəxslərə sızması ehtimalı vardı.

İsa Nəcəfovun qəbul otağına daxil olub katibəyə salam verdi və onun gəldiyini birinci müavinə xəbər  verməsini xahiş etdi. Katibə birbaşa telefonun dəstəyini götürüb:

– İsa müəllim, Tahir Kazımov gəlib, sizi görmək istəyir, – dedi və dərhal: “Tahir müəllim, buyurun keçin”.

O, kabinetə daxil olarkən Nəcəfovun kiminləsə telefonla danışdığını görüb geri qayıtmaq istədi. Lakin birinci müavinin oturması üçün etdiyi işarə onu istəyindən daşın- dırdı. İrəli yeriyib salam verdi. Ona təklif olunan stulda əyləşdi. Elə bu vaxt Nəcəfov da telefonun dəstəyini yerinə qoydu:

– Tahir müəllim, görürəm həyəcanlısınız. İşimizlə bağlı bir yenilik varmı?

– Bəli, İsa müəllim, – deyə Kazımov cavab verdi. – Bizə lazımdır ki, 6-cı İslah Əmək Müəssisəsində cəza çəkən Hümbətov Səxavət Vəli oğlunu dindirək. Yalnız bu dindirmədən sonra cinayətin açılıb-açılmaması barədə danışa bilərik. Mən sizə bundan artıq heç nə deyə bilmərəm. Qorxuram yalançı olum. Xahiş edirəm, məhbusun etap edilməsi haqqında qərarı təsdiq edəsiniz.

Kazımov qərarı, onun nüsxələrini və eləcə də göndəriş məktubunu, onun nüsxələrini Nəcəfova uzatdı. Nəcəfov sənədləri alıb heç bir söz demədən oxuyub imzaladı və Kazımova qaytardı.

–Tahir müəllim, dünyanın yeddi müdrikindən biri olan Salona görə, ömrünün son günündən asılı olaraq, müəyyən etmək olar ki, sən xoşbəxtsən, yoxsa bədbəxt. Biz, yəni prokurorluq əməkdaşları da işimizə və cəbhəmizdə apardığımız mübarizənin son anına görə deyə bilərik ki, həyatı şərəfli yaşamışıq, yoxsa yox. Sizə uğurlar diləyirəm. Dindirmənin nəticəsini də mənə bildirərsiniz.

Tahir Kazımov sənədləri alıb sağollaşdı. Qərara möhür vurdurmaq üçün kabinetdən çıxdı.

Bu anda nə Nəcəfov, nə də Kazımov bildi ki, bu cinayət işi üzrə bugünkü görüş onların axırıncı görüşüdür.

Kreslosunda əyləşən Kazımov qalaqlanmış sənədlərə baxdı və dedi: “Hə, indi sizinlə məşğul ola bilərəm”.

Ancaq bu vaxt yenə katibənin zəngi onu ani olaraq istəyindən ayırdı. Katibə cır səslə:

–Tahir müəllim, müstəntiq Seyfəddin müəllim qəbulunuza  gəlib. Gəlsinmi?

–  Hə, qoy gəlsin, – dedi. İçində deyindi: “Bu zəhrimar telefonu da düzəltdirməyə vaxt tapa bilmədim”.

Müstəntiq Seyfəddin Abdullayev içəri daxil oldu. Baxışlarından və hərəkətlərindən yorğunluq hiss olunurdu.

Stolun arxasında əyləşib dinməzcə Dəyanət Kərimovun ifadəsini qovluqdan çıxardı və Kazımova uzatdı.

Prokuror bir söz demədən çap olunmuş dindirmə protokolunu alıb tələsmədən Dəyanət Kərimovun ifadəsini oxumağa başladı. Bir neçə dəqiqədən sonra müstəntiqə:

– Çay içirsən? – deyə soruşdu və yenə protokolu oxumağa  davam etdi.

– Yox, Tahir müəllim, sağ olun.

Prokuror ifadəni oxuyarkən hərdənbir başını astaca yırğalayır, dodaqlarında ani olaraq istehzalı təbəssüm görünür,  sonra da bu, tədricən çəkilib gedirdi.

Müstəntiq prokurorun Dəyanət Kərimovun ifadəsinə bu cür yanaşacağına adi hal kimi baxırdı. Çünki o, peşəsinin ustasıydı.

Dəyanət dindirmənin əvvəlində səmimi ifadə verəcə- yinə, həqiqəti danışacağına söz versə də, buna tamamilə əməl etməmişdi.

Nahəyət, Kazımov Dəyanətin ifadəsini tam oxuyub qurtardı. Dindirmə protokolunu Seyfəddinə qaytarıb dedi:

– Dəyanət bir neçə məqamı düz demir. Onu başa düşmək olar, canını qurtarmaq istəyir. Guya ki, onların fikri Afiyəddin Cəlilovu girov götürmək olub. Lakin vəziyyət də- yişdiyinə görə əvvəlcə sürücünü, sonra Cəlilovu avtomat- dan açdığı atəşlə qətlə yetirib. Ziyanı yoxdur, yavaş-yavaş həqiqəti istintaqa tam etiraf edəcək. Sabah Hümbətov Səxa- vəti dindirəcəyik, buna hazırlaş. Bu, çox mühüm dindirmədir. Ola bilsin ki, Səxavət əvvəlcədən planlaşdırılmış siyasi qətlin yalnız icra mərhələsində bu cinayətə cəlb edilib. La- kin onun ifadəsi obyektiv olarsa, Dəyanət də indi bizə verdiyi ifadəsində göstərdiyi bir sıra qeyri-obyektiv məqamları üzləşmədə və ya hadisə yerinə aparanda düzəldəcək. Dəyanətin bu ifadəsində göstərdiyi xüsusatlar əvvəlki ifadələrinə və cinayətin faktiki hallarına uyğun gəlmir. Hətta həyasızlığı o dərəcəyə çatıb ki, VAZ–2108 markalı qara “Jiquli”nin ona məxsus olmasını belə inkar edir. Onun ifadəsində ən dəyərli hal cinayətin törədilməsində Şəmsinin əvəzinə iştirak edən Səxavətin adını çəkməsidir. Bu gün görüləsi işlərimiz və ya mənə bir sözünüz varmı?

– Yox, Tahir müəllim. İcazə versəydiniz, bu gün evə tez gedərdim.

– Gedə bilərsiniz. Səxavət 8-ci polis bölməsinə gətirilənədək mən prokurorluqda qalacağam. Hə, az qala unudacaqdım. Baş prokuror zəng etmişdi, Dəyanət Kərimovun etirafından xəbəri var. İşi tam açmayınca heç kimə məlumat vermək olmaz. Bilirəm, bu, sənlik deyil. Amma diqqətli ol.

Gözündən yuxu tökülən Abdullayev ayağa qalxıb:

– Gecəniz xeyrə qalsın, Tahir müəllim, – deyib kabinetdən çıxdı.

(Ardı var)