ACI HƏQİQƏT

84

(Əvvəli ötən saylarımızda)

1985-ci ildə bir cinayət işinin istintaqı zamanı kiçik bir mətbəənin direktoru, sabiq Azərbaycan SSR daxili işlər naziri Əlizadə Məmməd Əli oğlu ilə söhbət edən zaman mən ona Mircəfər Bağırov haqqında bir neçə sual verdim. O vaxt mərhum Məmməd Əlizadə mənə bunları dedi:

– Mircəfər Bağırov haqqında ölüm hökmü çıxarıldıqdan sonra Nikita Xruşşov dövlət ittihamını müdafiə edən SSRİ Baş prokuroru Rudenkoya hökm icra olunmadan Moskvaya qayıtmamaq göstərişini vermişdi. Doqquz gündən sonra Mircəfər Bağırov barəsində ölüm hökmünün ləğv edilməsi haqqında müraciətinin SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən rədd edildiyini deyərkən bildirmişdi ki, onun belə müraciəti olmayıb. Güllələnməmişdən öncə ondan son istəyini soruşduqda, Mircəfər Bağırov  İkinci Dünya müharibəsində həlak olmuş oğlunun qəbrini ziyarət etmək arzusunda olduğunu bildirmişdi. Onun arzusu yerinə yetirilmiş və o, oğlunun məzarını ziyarət etmişdi.

Onun son sözü bu olmuşdur: “Övladım, mən çox istərdim ki, sənin yanında, səninlə qoşa uyuyum. Lakin bu arzuma çatmadım. Məni bağışla”.

Mircəfər Bağırovu DTK-nın həyətində güllələdilər. Yalnız bundan sonra Rudinko Moskvaya qayıtdı.

İllər keçdi. Əlli ildən artıq vaxt keçdikdən sonra Mircəfər Bağırovun adsız qəbri açıldı. Onun cəsədi oğlunun yanında torpağa tapşırıldı və ata öz arzusuna çatdı.

Həqiqətən də, Rəbbimiz hər bir bəndəsini öz arzusuna çatdırandır.

***

06 fevral 1996-cı il tarixdə müstəntiq Elxan Abdullayev Dəyanət Kərimovun ifadəsinin yerində təkrar yoxlanılması üçün onun müvəqqəti saxlama kamerasından çıxarılıb Corat qəsəbəsinin qəbiristanlığına aparılması göstərişini verdi. Dəyanət Akif Məhərrəmovun meyitinin qəbiristanlıqdan kənardakı qamışlıqda basdırıldığı yeri göstərdi.

Yenə də ekskavator torpağı qazıq-qazıq etdi. Yenə də torpağın alt qatında basdırılmış meyit çıxdı. Meyit müayinə olunması üçün Sumqayıt şəhər MTE və PA şöbəsinə göndərildi.

Sumqayıt şəhər MTE və PA şöbəsinin qarşısında Hüseyn kişi ilə arvadını Xələf Mənsimov qarşıladı. Hava soyuq və küləkli olduğuna görə onlar şöbəyə daxil oldular. Məhkəmə tibb ekspertinin otağında müstəntiq Elxan Abdullayev hal şahidləri ilə birlikdə onları gözləyirdilər. Xələf Mənsimov müstəntiqə Hüseyn kişinin arvadı ilə birgə gəldiyini və dəhlizdə gözlədiklərini söylədi.

Elxan Abdullayev hal şahidləri ilə birlikdə dəhlizə çıxıb onlarla görüşdü. Tanınmanın gedişi barədə onlara məlumat verdi. Habelə hal şahidlərinə onların Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdi.

Ana gərginlik içərisində titrəyirdi. Bu heç də dəhlizin buzlaşmış divarlarından qopan soyuğun təsirindən deyildi.

Müstəntiq sual dolu baxışlarla Hüseyn kişiyə baxdı. Hüseyn kişi bu baxışların mənasını – müstəntiqin nə demək istədiyini başa düşsə də, bir söz demədi.

Müstəntiqin ardınca təşrih otağına hal şahidləri, sonra isə Hüseyn kişi və arvadı daxil oldular.

Təşrih stolunun üstündə Akifin cəsədinin qalıqları və paltarları qoyulmuşdu. Ana az bir müddət bunlara baxa bildi, sonra  titrək əllərini oğlunun başına sarı uzatdı. Sanki o, bütün əzaları canlı olan övladının alnını, yanaqlarını, qapanmış gözlərini və nəmli saçlarını titrəyən zərif barmaqla- rı ilə sığalladı. Sinəsindən qopan inilti isə getdikcə gücləndi. Ana özündən asılı olmadan əyilərək övladının əzasız başını sinəsinə basdı. Dodaqlarından: “Yox! Ay bala!“ deyə qopan fəryadı divarlarda əks-səda verdi, ətrafdakıları ruhən, qəlblərinin dərinliklərinədək kövrəldib sarsıtdı…

Bu faciəvi səhnəyə baxa bilməyən hal şahidləri və müstəntiq gözləri yaşlı halda təşrih otağını tərk etdilər.

***

Bir neçə aydan sonra Sumqayıt şəhər Prokurorluğu cinayət işinin ibtidai istintaqını tamamlayıb işi məhkəməyə göndərdi. Ali Məhkəmənin 28 avqust 1996-cı il tarixli hökmü ilə Dəyanət iki epizod, arvadı Samirə isə bir epizod üzrə ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə görə uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildilər.

***

Mən sizə Dəyanətin necə bir cinayətkar olduğunu söylədim. O, sübut qarşısında aciz qalır və dərhal da etdiyi cinayəti etiraf edirdi. Ona görə də biz onunla yalnız faktlar əsasında danışmalıydıq. Ola bilsin ki, ilk anlar bu peşəkar qatil bizimlə ünsiyyətə girməsin. Lakin buna baxmayaraq, biz onunla inadla söhbətə başlamaq və onu danışmağa cəlb etmək üçün adi insani duyğulardan istifadə etməliydik.

2000-ci ilin 7 aprel tarixi Tahir Kazımovun müstən- tiq S.Abdullayevlə Bakı şəhəri Səbayıl rayon Polis İdarəsinin 8-ci polis bölməsində Dənayət Kərimovla olan növbəti görüşü beş illik istintaq əməliyyat işlərinin başa çatmasıyla nəticələnməli idi. Polis bölməsinin rəisi və rayon prokuroru Tahir Kazımovun göstərişini icra edərək, onlara Dəyanətlə istintaq hərəkəti aparmaq üçün lazım olan şəraiti yaratmışdı.

Tahir Kazımov dindirmə otağında masanın baş tərəfində  deyil, Dəyanətlə üzbüz oturmağa üstünlük verdi.

O, müstəntiq S.Abdullayevə:

–Siz kresloda əyləşin. Dindirməni mən başlayacağam. Siz isə verilən ifadələri makinada çap edərsiniz. Bu dəfə onunla konkret danışmağa çalışaq.

– Baş üstə, Tahir müəllim, – deyə Abdullayev cavab verdi.

Dindirmə otağı o qədər böyük deyildi. Balaca pəncərəsi varıdı. Pəncərəyə çöldən dəmir barmaqlıqlar vurulmuşdu. Nəfəsliyi bərk-bərk bağlanmışdı. İçəridə hava çatışmırdı. Dəyanət gətirilənə kimi Tahir  nəfəsliyi açdı. Qapını da açıq qoydu ki, çölün havası otağın havasını təzələsin.

Abdullayev makinanı stolun üstünə qoydu. Bir ədəd dindirmə protokolunu qatlayıb üz hissəsinə anket məlumatı yazmaq üçün onu makinanın çarxı arxasına yerləşdirdi. Sonra çarxı fırlayıb protokolun yuxarı sol küncündə cinayət işinin say nömrəsini (105608) və ilini (2000) çap etdi.

Daha sonra “dindirmə protokolu” sözünün qarşısında iri hərflərlə “ŞAHİD” sözünü, ayın tarixini, öz vəzifəsini, adının baş hərfini və soyadını yazdı.

Dəhlizdən addım səsləri gəlirdi. Hiss olunurdu ki, otağa yaxınlaşırlar. Çünki ayaq səsləri getdikcə daha da aydın eşidilirdi. Kazımov qanrılıb qapıya baxdı.

İçəriyə ilk öncə polis əməkdaşı daxil oldu. O:

– Cənab prokuror, dustaq Dəyanət Kərimov gətirilmişdir, – deyərək raport verdi.

Kazımov:

–  Keçin içəri, – deyib ayağa qalxdı.

Dəyanət onu görən kimi dilləndi:

–Tahir müəllim, salam. Niyə zəhmət çəkib gəlmisi- niz? Axı son dəfə mən sizə hər şeyi danışdım. Deyəcəyim heç nə qalmayıb.

– Dəyanət, keçin əyləşin. Mənə belə gəlir ki, siz törətdiyiniz cinayətləriniz barədə istintaqa çox az məlumat vermisiniz.

Dəyanət keçib Kazımovun qarşısında əyləşdi. Polis nəfəri onun qollarına vurulmuş qandalı açdı. O, biləklərinə baxdı, növbəylə əvvəlcə sol, sonra sağ biləyini ovuşdurdu. Başını qaldırıb gülümsəyərək:

–  Tahir müəllim, buyurun, sizi eşidirəm, – dedi.

Tahir Kazımov Dəyanətin həm süni təbəssümündən, həm də səsinin ahəngindən hiss etdi ki, o, növbəti 15 illik cəza aldıqdan sonra heç də yaxşı əhval-ruhiyyədə deyil. Hə- yatının qalan hissəsini qalın divarlar və bağlı qapılar arxa- sında keçirəcəyini duymuş və artıq bununla razılaşmışdı. Bugünkü dindirmədə Dəyanət onların gözlədikləri ifadəni verməyəcəkdi. Ona düşünməkçün vaxt vermək lazım idi, yoxsa cinayətləri açmaq olmazdı. Ona görə dedi:

–  Dəyanət, bu gün sizə tam imkan yaradılacaq ki, ifadənizi sərbəst verəsiniz. Yəni sizə heç bir dəqiqləşdirici suallar verilməyəcək. Mən bilmək istəyirəm ki, siz nə qədər səmimisiniz. Əgər siz istintaqa qarşı qeyri-səmimilik göstərsəniz, onda biz sizi sübutlar əsasında dindirəcəyik.

Bu vaxt qapı döyüldü. Kandarda əlində sini olan bir yeniyetmə göründü. Sinidə bir çaynik, üç ədəd armudu stəkan və nəlbəki, bir də qənddan vardı. O, içəri keçib sini- ni stolun üstünə qoydu, stəkanlara çay süzüb qonaqların qarşısına qoydu və bir söz demədən çıxıb getdi. Qənddana adi karamel konfetlər qoyulmuşdu. Dəyanət konfetlərə baxıb istintaq təcridxanasında Xələf Mənsimova bağışladığı konfeti xatırladı.

Tahir Kazımov:

–  Dəyanət, bəy verən atın dişinə baxmazlar, – deyib gülümsədi. – Keçək əsas məsələyə. Təkrarən deyirəm, biz sizdən səmimi etiraf gözləyirik. İndiyəcən etdiyin, iştirakçısı olduğun və gördüyün bütün cinayətlər barədə ifadə vermənizi tələb edirik. Haqqınızda mənə çox şey məlumdur.

Dəyanət baxışları ilə Tahir Kazımovu süzdü:

– Tahir müəllim, söz verirəm ki, sizə qarşı səmimi olacağam. Bildiyim bütün faktları ifadəmdə göstərəcəyəm.

– Abdullayev, Dəyanətə suallarınızı verin.

– Dəyanət, – Abdullayev soruşdu. – Atanızın adı.

– Kərim.

Abdullayev makinada çap etdi.

Kərimov Dəyanət Kərim oğlu 1969-cu ildə Sumqayıt şəhəri Corat qəsəbəsində anadan olub, ailəlidir, az yaşlı bir qızı var, azərbaycanlı, ali təhsillidir, 1993-cü ildə Bədən Tərbiyəsi İnstitutunu bitirib, sözündən belə çıxır ki, üç dəfə məhkum olunmuşdur. Sumqayıt şəhərinin Corat qəsəbəsində 512 nömrəli evdə yaşamışdır. Pasport: XXX1 – JQ 649104, 23.12.94-cü ildə Sumqayıt RPİ tərəfindən verilmişdir.

Nəhayət, Dəyanət ifadə verməkdən boyun qaçırdı- ğına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci, yalan ifadə verdiyinə görə isə 179-cu maddəsilə məsuliyyət daşıması haqqında xəbərdar edildiyini təsdiq edərək dindirmə protokoluna imza atdı.

Abdullayev dindirmə protokolunu yenidən tərsinə çevirərək qatladı və makinaya yerləşdirdi.

Tahir Kazımov dedi:

– Dəyanət, etdiyin ilk cinayətdən başlayıb həbs olunana kimi harada, nə zaman, kimlərlə və hansı silahlardan istifadə etməklə, kimin təhrikçiliyi ilə törətdiyin qətlləri bir-bir tələsmədən danış. Sizi inandırıram ki, səmimi etirafınızı məhkəmə cəza təyin edərkən nəzərə alacaqdır.

– Tahir müəllim,  – Dəyanət dilləndi, – söz verirəm ki, sizinlə səmimi olacağam.

Lakin onun məqsədi ürəyində ikinci məhkəməyədək və ondan sonra istintaq üçün hazırladığı xüsusi gedişin və ya öz mövqeyini gözləməklə bütün qətllərin başqaları tərəfindən törədildiyini etiraf etmək idi.

Müstəntiq Abdullayev Dəyanətin tarixcəsini qisaca yazdıqdan sonra onun mətləbə keçməsini dediyi kimi də çap etdi.

– Mən indi istəyirəm ki, əvvəllər törətdiyim ağır cinayətlər barədə könüllü olaraq ətraflı ifadə verim. İndi dəqiq yadımda deyil, ya 1992, ya da 1993-cü ildə Sumqayıt şəhər sakini Tariyel adlı şəxsin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq onu göstərə bilərəm ki, payız ayları olardı. Fikrətlə (Tahirov Əliyusif Damət oğlu) Qazax XTPD-nin bölük komandiri Elçin Əmiraslanov axşamüstü təxminən saat 9 radələrində mən Coratda evdə tək olarkən bizim evə gəliblər. Onlar evdən məni çağırıblar və deyiblər ki, mən evdən bel də götürüm, onlar məni dəniz qırağındakı yolda gözləyirlər. Onlar gedən kimi mən evdən çıxıb onların da- lınca getdim və evdən bel də götürmüşdüm. Yola çıxanda gördüm ki, yolda açıq göy rəngli VAZ-2109 markalı maşın dayanıb. Maşının salonunda Elçin Əmiraslanovla Həsən adlı bir nəfər oturmuşdu. Mən Fikrətlə maşına yaxınlaşdım. Maşında oturan Həsən adlı adam, zənnimcə, Bakı şəhərində yaşayırdı. Mən onu Fikrətə görə tanımışam. Həsən bir neçə dəfə bizim evimizə gəlib-gedib. Sonralar bilmişəm ki, Həsən Bakıxanov qəsəbəsində (keçmiş Razin) yaşayır, özü də rusdilli idi. Mən Həsənin evində olmamışam. Həsəni Elçin Əmiraslanov yaxşı tanıyırdı. Mən Elçingil oturduğu maşına yaxınlaşanda başa düşdüm ki, həmin maşın Sum- qayıt şəhər sakini Tariyelin maşınıdır, çünki həmin maşını Tariyelin sürdüyünü görmüşdüm. Mən Tariyeli belə tanımı- şam ki, o, Corat qəsəbəsində yaşayan Məryəm adlı qadının yanına gəlib-gedirdi. Mən də həmin Məryəmi yaxşı tanıyırdım. Məryəm də mənə demişdi ki, Tariyeldən XTPD-nin əməkdaşları – “omon”çular 20.000 ABŞ dolları pul istəyirlər. O vaxt da Məryəm mənə müraciət etmişdi ki, mən Tariyelə 20.000 ABŞ dolları pul verim, köməklik eləyim. Mən də ona dedim ki, mənim o qədər pulum yoxdur. Bundan əvvəl Fikrət mənə demişdi ki, Tariyel Sumqayıt şəhərində 13-cü mikrorayonda yaşayır, özü də ermənidir. O həm də mənə Tariyeli göstərmişdi. Sonralar mən Məryəmin xahişi ilə Tariyelin maşınında Lerik rayonuna, Məryəmin tanışının yanına getmişik. Mən Fikrətlə maşına çatıb əyləşdim. Maşında Fikrət mənə dedi ki, Tariyeli öldürüblər, meyiti də maşının baqajındadır və məndən xahiş etdi ki, gedək qəbiristanlıqda onlara yer göstərim, onlar da meyiti basdırsınlar.

(Ardı var)