ACI HƏQİQƏT

54

(Əvvəli ötən saylarımızda)

Nigarançılıq

 Arvadı Hüseyn kişini səbirsizliklə və intizarla gözləyirdi. Tez-tez həyətə çıxıb Qubadan kəndə işləyən avtobusun nə vaxt gələcəyini gözləyirdi.

Gündüzdən yağan quşbaşı qar həyəti və bütün kəndi ağ örpəyə bürümüşdü. Ağacların budaqları belə qarla örtül- müşdü. Hərdənbir kəndarası yolla hərəkət edən maşınların faralarının işıqları altında qar dənəcikləri qiymətli daş-qaş kimi bərq vururdu. Gecə saat 10 olsa da, hələ avtobus kəndə gəlib çatmamışdı. “Bəlkə, yol bağlanıb, ona görə gəlib çıx- mayıb”,  – deyə ana nigarançılıqla düşündü.

Ağ neftlə yanan dəmir sobadan bir qədər aralıda ala-bula pişikləri xoruldayırdı.

Göyün üzü buludsuz idi. Qaranlıq səmada ulduzlar sayrışırdı. Aypara olmuş Ayın zəif nuru yerin ağ örpəyini azca da olsa işıqlandırırdı. Bu da hər bir yolçuya kifayət edirdi ki, gecə qaranlığında ətrafı yaxın məsafədən aydın görə bilsin. Ana kəndin, bəlkə də, yeganə sakiniydi ki, “ayazlı-şaxtalı bu qış axşamı”[1] həyəcan içində gözü yollarda qalmışdı.

Hələ pəncərədən həyətlərini açıq-aşkar görə bilirdi. Lakin şaxta gücləndikcə, bayır tərəfdən pəncərələrdə nazik buz təbəqələrindən cizgilər yaradır, getdikcə darvazadan evə doğru uzanan çığırı görünməz edirdi. “Bu kişi harda qaldı görəsən? Onu niyə polisə çağırıblar? Bəlkə, Akiflə bağlıdır? Balamdan nəsə bir xəbər vermək istəyirlər? Olmaya acı xəbərdir?!”

Ana qəlbi anidən kövrəldi, dodaqları titrədi, köksündə baş qaldıran ağrılı xiffətin, intizarın təsirindən biixtiyar göz yaşları yanaqlarından aşağı süzüldü.

Şaxta hamını evinə qovmuşdu. Kəndin itləri belə öz sığınacaqlarına çəkilmişdi.

Darvaza ağır-ağır açıldı. Əvvəl ərinin buxara papağı, sonra da özü göründü. “Yazıq kişi, oğlumuzun itkin düşmə- sindən sonra beli tamam bükülüb”, – deyə ana düşündü. Yerindən durub qapını açdı. Soyuq hava içəri hücum çəkib dəhlizə soxuldu və xoruldayan pişiyin şirin yuxusuna haram qatdı. Asta-asta atılan addımların ağırlığı altında qar xırtıldayır, gecənin lal sükunətini pozurdu.

Ana həyəcan içində qapının astanasında heykəl kimi donub qalmışdı.

Hüseyn kişi qapıda dayanmış arvadını yalın ayaqla qar üstündə görcək başını qaldırıb kövrəlmiş baxışlarla ona baxdı. Ömür-gün yoldaşı bir anda məsələnin nə yerdə oldu- ğunu başa düşdü. Ərinin sinəsinə qısıldı və hönkür-hönkür ağladı.

– Özünü ələ al, keçək içəri. Burada, qapının ağzında bu şaxtada belə ayaqyalın dayansan, ömrün uzun olmaz, – deyib arvadını birtəhər dəhlizə salıb qapını bağladı.

Ananın dizləri əsir, ayaq üstə zorla dayanırdı. Ürəyi sanki indicə dayanacaqdı. Havası çatmırdı. Birtəhər dəhlizdəki kətilin üstündə əyləşdi. Əllərini sinəsini döyüb ağladı…

 

***

01 fevral 1996-cı il. Müstəntiq Elxan Abdullayev bu gün və sonra görəcəyi istintaq hərəkətlərinin ağırlığını yadı- na saldıqca, ürəyi bir qədər də sıxılırdı. Axı cəsədin qalıqlarını neçə dəfə tanınmağa təqdim etmək olar? Neçə dəfə insanların qorxu dolu baxışlarını görmək olar? Bu son günlərdə hələ bircə dəfə də olsun bir ürəkaçan, sevincli  anlar yaşamamışdı. Axı o da Dəyanət kimi canilərin qətlə yetirdiyi, gündəlik hiss və duyğularla yaşayan insanlardan biriydi.

Qələmini kənara qoyub iki məfhum fakt: insan və insanlıq haqqında düşünməyə başladı.

Dünyaya göz açan bəşər övladı cismani bir varlıqdır. Lakin onun insanlığı nə ilə bəlli olur? Sözsüz ki, öz əməliylə. O əməl ki, Rəbbimiz onu təqdirəlayiq bilmişdir. Axı əməllər də təzadlıdır. Birinə xoş gələn başqasına xoş gəlmir.

Tarixdə qeyd olunur ki, Babək əsir götürdüyü əlibağlı adamların qarşısından aparılanda əsirlər ah-vay edib ağlamışdılar. Aqşinin adamları onlardan nə üçün ağladıqlarını soruşanda əsirlər hamısı bir səslə:

– O, bizimlə çox yaxşı rəftar edirdi, – deyə cavab vermişdilər.

Xörəkpaylayan qul xörəyi Həzrəti Əlinin üstünə tökəndə Həzrəti Əli gülümsəyərək:

–  Səni azad etdim, – deyə onu qul olmaqdan xilas etmişdi.

Qonağı Həzrəti Əliyə:

–  Məgər onu bu hərəkətinə görə bağışlasaydın, bəs deyildimi? – deyə sual vermişdi.

– Yox, bu, bəs etməzdi. Çünki bu hadisə onun yadına düşdükcə, o, qorxuya düşüb əziyyət çəkəcəkdi. Ona görə də mən onu azad etdim.

Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılov telefon köşkündə telefonla danışarkən bir yük maşını onu vurur. Əhmədiyyə Cəbrayılov milisə bildirir ki, maşın idarə olunmurdu, sürücünün heç bir təqsiri yoxdur.

İndi o da iki qütbün arasında çabalayırdı. Bir tərəfdən fələyin yetim qoyub cinayətkar böyütdüyü Dəyanət və onun kimilər, digər tərəfdən də günahsız qurbanları və onların əzizləri. Bəs körpənin günahı nə idi?

Bəs o?  Axı o da bir insandır, onun da qəlbində nifrət, hiddət və mərhəmət vardır. Bəs necə olsun? Müstəntiq olsa da, kimdir o?

“Yox, mən ilk növbədə dövlət qanununu təmsil edirəm. Heç vaxt ayrı bir səmtə meyil edə bilmərəm. Çünki dərhal Haqqın mənə verdiyini itirə bilərəm”, – o düşündü.

Sonra ağ kağızı makinaya qoyub tələsmədən barmaqları ilə hərfləri döyəcləməyə başladı.

 

QƏRAR

Həbsə alınan şəxslərin uşaqlarının haqqında

Himayə tədbirləri barəsində

01 fevral 1996-cı il,                                  Sumqayıt şəhəri.

Sumqayıt şəhər Prokurorluğunun baş müstəntiqi E.Abdullayevin icraatında olan 41409 nömrəli cinayət işinin ibtidai istintaqının topladığı materialları nəzərdən keçirib,

 

Müəyyən etdim:

 

01 fevral 1996-cı ildə AR CM-nin 94-cü maddəsinin 1-ci bəndində, 145-ci maddəsinin 2-ci hissəsinin 1-ci, 2-ci bəndlərində, 220-ci maddəsinin 1-ci hissəsində nəzərdə tu- tulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində vətəndaş Ələkbərova Samirə Vaqif qızının barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 167-ci maddəsinə əsasən həbs qətimkan tədbiri seçilmişdir.

İstintaq zamanı müəyyən edilmişdir ki, sonuncunun himayəsində 19 avqust 1995-ci ildə anadan olmuş körpə uşağı vardır.

Qeyd olunanları, habelə Samirə Ələkbərovanın körpə uşağı haqqında himayə tədbirləri görülməsi zərurəti oldu- ğunu nəzərə alıb, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 94-cü maddəsinin tələblərini rəhbər tutub,

Qərar verdim:

  1. Həbsə alınan Samirə Vaqif qızı Ələkbərovanın nəzarətsiz qalmış körpə uşağı, anası Ələkbərova Nigar Hüseyn qızının himayəsinə verilsin.
  2. Bu barədə həmin şəxslərə elan edilsin.

Sumqayıt şəhər Prokurorluğunun

baş müstəntiqi: E.O.Abdullayev.

“Nəvəyə olan nənə məhəbbətini heç ana məhəbbəti də əvəz edə bilməz. Nənənin məhəbbəti tükənməzdir, şirindir, zərifdir, həlimdir. Dövlətə məxsus, kimsələri olmayan körpələr evində isə belə insani məhəbbət mövcud deyil”, – deyə düşündü.

Sonra müstəntiq qərarını bir də oxudu, onu cinayət işinin materiallarına əlavə etdi. Qərar bu gün onu razı salıb məmnun edən yeganə prosessual hərəkət idi. Müstəntiq günün qalan hissəsini Dəyanət və Ədalət Kərimovların işi üzrə şahid şəxslərin dindirilməsinə həsr etdi.

Sabahısı gününü isə naməlum cəsədlərin və onların paltarlarının tanınmasına həsr etməyi qərara aldı. Planlaşdırdığı istintaq hərəkətləri barədə prokuror Mahmud Nəbi- yevə məlumat verdi.

02.02.1996-cı il. Sumqayıt şəhər MTE və PA şöbəsində müstəntiq artıq bir neçə dəqiqəydi ki, Tahir Bəşirovun bacısı Dilşad Məmmədağa qızı Həsənovanı gözləyirdi.

Dilşad Həsənovanın verdiyi ifadədən də məlum olurdu ki, qardaşı Tahir ağır cinayət törətdikdən sonra indiyə kimi onun barəsində heç bir məlumatları olmamışdır. Buna baxmayaraq, o, bəzi əlamətlərə görə qardaşını tanıya bilərdi.

Nəhayət, Dilşad Həsənova gəlib çıxdı. Salam verib gecikdiyinə görə üzr istədi. Elxan Abdullayev sözə başladı:

– Dilşad xanım, hal şahidləri Reyhan Tağıyevanı və Rəna Mustafayevanı sizə təqdim edirəm, tanış olun. Onların iştirakıyla 23 yanvar 1996-cı ildə Corat qəsəbəsində qumluq sahədən aşkar edilmiş meyiti və onun əynində olan paltarları sizə təqdim edəcəyik. Siz isə onlara baxıb fikrinizi bildirəcəksiniz. İndi isə xahiş edirəm, içəri keçəsiniz.

Qadınlar içəri keçdilər. Təşrih stolunun üstündə qafa boşluğundan ayrılmayan kəllə, skelet qalıqları, stolun arxasında isə paltarlar asılmışdı.

Dilşad Həsənova tanınmağa təqdim edilənlərə diqqətlə baxıb dedi:

–  Kəllə mənim qardaşıma məxsusdur. Onun sol üst çənəsində dörd qızıl dişi vardı. Bu boz köynək də ona məxsusdur, onu qırmızı naxışlarından tanıdım.

Dilşad qardaşının cəsədinin qalıqlarına baxanda qəhərlənmədi. Bu hal isə müstəntiqin nəzərindən qaçmadı. “Görünür, qardaşının toy sahibini öldürməsini ona bağışlamamışdır, yaxud da ötən illər onun dərdini yüngülləşdirmişdi”, – deyə düşündü.  O, müvafiq protokol tərtib etdi, tanınmada iştirak edənlər də protokolu imzaladılar.

Bir saatdan sonra Elxan Abdullayev şahid Mustafayeva Məryəm Dərviş qızına 30 yanvar 1996-cı ildə Corat qəsəbəsi qəbiristanlığının yaxınlığındakı yolun kənarında tapılan kişi meyitini hal şahidlərinin iştirakıyla tanınmağa təqdim etdi. Məryəm Mustafayeva meyitin (cəsədin) konus formalı qabaq dişlərinin quruluşundan, dişlərinin uzun və nazikliyindən, yan dişlərinin kiçkəklərinin batıq olmasından onun itkin düşmüş tanışı Əliyev Tariyelə məxsus olduğunu bildirdi. Prosessual hərəkət qanuna müvafiq olaraq sənədləşdirildi…

***

… Qapı döyüldü. Sobaya yaxın qoyulmuş qoltuqlu kresloda mürgüləyən Hüseyn kişi oyandı.

“Görəsən, bu axşamçağı onlara təşrif gətirən kimdir? Olmaya yenə də sahə müvəkkilidir?” Əllərini dayaq verib yerindən qalxdı. Ağır addımlarla qapıya sarı yeridi. Dəhlizdəykən qapı yenə döyüldü. Özünü saxlaya bilməyib əsəbi halda:

– Gəlirəm, gəlirəm, – dedi.

Bir neçə addım ataraq sürgünü dartıb qapını açdı. Doğrudan da, astanada sahə müvəkkili dayanmışdı. O, salam verib:

–  Hüseyn əmi, içəri keçmək olar? – dedi.

– Buyur, bala, keç içəri, – deyə Hüseyn kişi kənara çəkildi ki, sahə müvəkkili içəri daxil ola bilsin. Sonra qapını örtüb polis zabitini qonaq otağına dəvət etdi.

Qonaq otağı 20-25 kvadrat metr olardı, səliqə-sahman hökm sürürdü, yerə xalça döşənmişdi. Dəyirmi  stolun ətrafında altı stul qoyulmuşdu. Stolun üstünə toxunma nazik məxməri parçadan örtük salınmışdı. Evin ən qiymətli əşyaları servantın rəflərində düzülən büllur qab-qacaqlar idi. Sol divardan əllə toxunmuş bahalı xalça, xalçanın üstündən isə Hüseyn kişinin arvadı ilə bərabər çəkdirdiyi fotoşəkilləri asılmışdı. Pəncərələrdən asılan zərif pərdələrin arxasından şüşəgülü və xınagülünün kiçicik pəmbə çiçəkləri görünürdü. Sağ tərəfdə isə cilalanmış palıd ağacından hazırlanmış dolabın üstündə köhnə bir “Rubin” markalı televizor qoyulmuşdu.

Hüseyn kişi sahə müvəkkilinə:

– Bala, otur, soyuqdan gəlmisən, bir stəkan çaya qonaq ol, – dedi və ucadan:

–  Arvad, bizə zoğal mürəbbəsi ilə bir pürrəngi çay gətir, – dedi.

Sahə müvəkkili dedi:

–  Hüseyn kişi, çay üçün sağ olun. Gəlməyimin səbəbi sizin yenidən Sumqayıt şəhər Prokurorluğuna dəvət olunmağınızdır. Səhər günortadan sonra, təxminən saat 3-4 arasında orada olmalısınız. Səbəbini, yəqin ki, bilirsiniz.

Ağbirçək ana balaca bir sinidə iki armudu stəkanda çay, yanında kiçik qablarda zoğal mübəbbəsi, iki ədəd çay qaşığı gətirib stolun üstünə qoydu.

Hüseyn kişi armudu stəkanın birini sahə müvəkkilinin qarşısına qoydu, digərini isə öz qarşısına çəkdi.

Sahə müvəkkilini diqqətlə dinləyən ata fikrə getmişdi. Düşünürdü ki, Sumqayıta getməyinin səbəbini arvadına bildirsə, ondan əl çəkməyəcək, özü ilə aparmağı tələb edə- cək. Lakin bu səhnədən hansı hala düşəcəyini bilmirdi.

Sahə müvəkkili armudu stəkana bir qaşıq zoğal mürəbbəsi salıb qarışdırdı. Stəkanı əvvəl bir ovcuna, sonra isə digər ovcuna aldı. Elə bil soyuqdan donmuş barmaqlarını onun istisində qızdırmaq istəyirdi.

– Bala, rayona gedən yolu bu gecə yağan qar bağlamayıb ki? – Hüseyn kişi sual verdi.

–Yox, gecə yağan qarı səhərə yaxın təmizləyiblər. Kəndlərə avtobus işləyir, heç bir problem yoxdur. Qusar-Bakı magistralı da tərtəmizdir.

Çayını içib qurtarmış sahə müvəkkili ayağa durdu.

– Əmi, çay üçün çox sağ olun. İşim var, icazə verin mən gedim, – dedi.

– Bala, sənə uğurlar diləyirəm. Qoy Allah səni xətadan, bəladan qorusun, – deyib qonağı yola saldı. Qayıdıb yenə sobanın yanındakı kresloda oturdu.

Ana qonağın getdiyini görüb ərinin yanına gəldi, onun tutqun çöhrəsinə baxaraq titrək səslə dedi:

–  Mən də səninlə gedəcəyəm!

Ata heç bir söz demədi, heç deyə də bilməzdi. Çünki onun ana iztirabına və xiffətinə çarə qılmağa nə sözü, nə də onun istəyinə qarşı çıxmağa qüdrəti vardı.

– Arvad, insan ömrü olduqca qısadır. Gələnlər gedib, gəlmişik gedəcəyik. Lakin qara torpaqda öz övladınla yan-yana əbədi yuxuya dalmaq da bir xoşbəxtlikdir.

– Kişi, düz deyirsən. Allahdan o qədər diləmişəm ki, heç olmazsa oğlumuzun basdırıldığı yeri bilək.

***

(Ardı var)

[1] S.Vurğunun “Komsomol” poemasından.