ACI HƏQİQƏT

63

(Əvvəli ötən saylarımızda)

Əməliyyat işçiləri Məhərrəmov Akifin meyitinin axtarışına yollandıqdan az sonra Sumqayıt Şəhər Polis İdarəsinə başına qaragül dərisindən buxarı papaq qoymuş ahıl bir kişi daxil oldu.

Nəzakət xatirinə paltosunu çıxartdı. Pencəyinin sol döşünə beşguşəli, birinci dərəcəli “Şərəf ordeni”, Stalin- qrad uğrunda döyüşdə iştirak etdiyinə görə orden və digər orden-medallar taxılmışdı. Növbətçi polis zabiti yerindən durub onu qarşıladı, salamını aldı:

–  Ağsaqqal, kimi istəyirsiniz?

– Dünən Quba rayon Polis İdarəsindən mənə dedilər ki, yoldaş Xələf Mənsimov məni çağırıb. İndi gəlmişəm. Oğlum… – Qocanın  gözləri yaşardı, – iki ildən çoxdur ki, oğlum itkin düşüb. Mən onun nə dirisini, nə də ölüsünü tapa bilirəm.

– Dayı, narahat olmayın. Mən sizi Xələf müəllimin otağına ötürərəm. Buyurun! Dayı, hər şey Yaradanın əlin- dədir. Narahat olmayın.

Zabit bir qədər məsələdən hali olduğundan müharibənin od-alovundan çıxmış, dünya görmüş bu insana toxtaxtlıq verməyə çətinlik çəkirdi.

Onlar ikinci mərtəbəyə qalxdılar. Dəhlizlə bir  qədər gedib sağ tərəfdə olan növbəti qapının yanına çatanda zabit ayaq saxladı:

– Dayı, siz gözləyin, mən Xələf müəllimə sizin gəldiyinizi məruzə edim.

Zabit qapını astaca döydü. Qapının arxasından “buyurun” sözünü eşitcək içəri keçdi.

– Xələf müəllim, vətəndaş Məhərrəmov Hüseyn sizin çağırışınızla burdadır.

Mənsimov ayağa qalxıb qapıya yaxınlaşdı. Zabit qapını açdı və Xələf Mənsimov çölə çıxıb qapının arxasında onu gözləyən Hüseyn kişiyə salam verdi, onu doğmaca adamı kimi qucaqladı.

– Hüseyn müəllim, buyurun içəri.

Əvvəlcə qonaq, sonra isə özü kabinetə daxil oldu. Növbətçi zabit onları tərk etdi.

Onlar üzbəüz əyləşdilər. Qonağın sual dolu baxışları onu bir an məngənə kimi sıxdı. Atanın çəkdiyi intizar, qəm-qüssə və oğul xiffəti bu kiçik kabinetin aurasını dəyişdiyindən Xələf müəllimin nitqi tutuldu. O, özünü bir qədər təqsirkar adam kimi hiss etdi. Dərin hüznlü insan kimi özündən asılı olmayaraq, başını aşağı saldı. Gözləri nəmləndi, ürək çırpıntısı bir qədər də artdı. Araya darıxdırıcı sükut çökdü.

Böyük müharibə qırğınından Allahın salamat çıxar- dığı Hüseyn kişi birinci dilləndi:

– Xələf müəllim, mən müharibədə çox insan cəsədi görmüşəm. Keçdiyim döyüş yolu həmişə saysız-hesabsız meyitlərlə dolu olub. Bilirəm, oğlum artıq yoxdur. Çox güman ki, onu öldürüblər. Anasının da gözü yollardadır. Az qalıb ki, ağlamaqdan gözləri kor olsun. Heç olmasa onun qəbrini tapaq. İnanın ki, bu, bizim üçün çox böyük təskinlik olacaq.

Xələf  Mənsimov başını qaldırdı:

– Hüseyn kişi, oğlunuzu öldürüblər. Cinayətkarlar bəllidir. Bir azdan oğlunuzun meyitini meyitxanaya gətirəcəklər. Orada onun qalıqlarını sizə təqdim edəcəyik. Sizə təskinlik vermək üçün söz tapa bilmirəm. Allah cinayətkarların cəzasını versin.

Onlar bir müddət susdular. Ata ürəyində için-için ağlayırdı. Bunu sinəsinin tez-tez qalxıb-enməsindən və dodaqlarının bir-birinə sıxılmasından açıq-aydın hiss etmək olurdu. Ruhunun iniltisi də nəfəsindən eşidilirdi. Kabinetdə bu halın neçə vaxt davam etdiyini Xələf hiss etmədi. Nəhayət, qolundakı saatın əqrəblərinin gündüz saat 3-ə işlədiyini görüncə dedi:

– Hüseyn müəllim, mən sizi başa düşürəm. Övladı öz çiynində qara torpağa tapşırmaq ata üçün ən faciəvi və ağır bir haldır. Ancaq fələyin işini, qəzavü-qədəri bilmək olmur. Hamımızın başına bu hal-qəziyə gələ bilər. Belə vəziyyət- də biz acizik. Bilirəm, bu cür anları siz çox yaşamısınız. Cəbhədə, yəqin ki, neçə-neçə dostlarınızı itirmisiniz. Axı dostlar da övlad kimi, bəlkə, onlardan da artıq əzizdilər. Mən də ən əziz dostumu itirmişəm. İllər uzunudur ki, onun xiffətini çəkirəm.

Xələfin baxışlarındakı ata dərdinə olan şərikliyi Hüseyn kişini bu qalib qocaman əsgəri sanki mətinləşdirdi. Yalnız bircə kəlmə:

–   Olacağa çarə yoxdur,  – dedi.

Bundan sonra Xələf Mənsimov:

– Xahiş edirəm, gedək bizim bufetə nahar edək, ona kimi bir xəbər çıxar, o zaman gedərik meyitxanaya.

İki saatdan sonra Mənsimov, Hüseyn kişiylə birlikdə Sumqayıt şəhər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Şöbəsinə gəldilər. Abdullayev onları qarşılayıb aparılacaq istintaq hərəkətlərinin məqsədini və qaydasını Hüseyn kişiyə izah etdi. Sonra hər üçü otağa daxil oldular.

Təşrih stolunun üstündə olan, hələ tam çürüməmiş cəsədin bədən üzvlərinin qalıqlarına, rəngi bilinməyən geyimlərinə baxdılar. Hüseyn kişi kəllə sümüyünə baxdıqdan sonra:

– Oğlum Akifin ağzında beş qızıl dişi, alt çənədə – sağ tərəfdəki arxa dişlərinin üzərində körpücük var idi. Lakin bu meyitdə həmin əlamətlər yoxdur, – dedi.

Müstəntiq, Hüseyn kişinin dediklərini müvafiq protokola yazdıqdan sonra tanımada iştirak edənlər onu  imzaladılar.

Mənsimov, Hüseyn kişiyə təskinlik verib vidalaşdı:

– Mən əminəm ki, biz onu tapacağıq, narahat olmayın.

Xələf Mənsimov atanın yaralı qəlbini bir daha sızlatmamaq üçün ifadəsində “onu” kəlməsini işlətdi.

İş günü faktiki olaraq başa çatmışdı. Müstəntiq sənədləri qovluğa yığıb iş yerinə – Sumqayıt şəhər Prokurorluğuna qayıtdı. Son günləri gərginlik içində keçdiyindən həm fiziki cəhətdən, həm mənən yorulmuşdu. Digər tərəfdən, istintaqı və müddəti başa çatmış cinayət işi seyfdə onu gözləyirdi. Yalnız işin ittihamnaməsini yazıb məhkəməyə göndərilməsi üçün prokurora təqdim etməliydi. Ona görə də bu iş üzrə axşam ittihamnaməni yazıb qurtarmağı qərara aldı.

Abdullayev planlaşdırdığı işləri yalnız səhərisi günün axırına kimi görüb qurtardı.

Mənsimov isə bir daha Dəyanətlə söhbət etməyi qərara aldı. Saatına baxdı, iş gününün başa çatdığını gördü. Bir qədər fikirləşdi. “Gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır”, – deyə düşündü. “Yox, cəsədin tanınmasının nəticəsini rəisə məruzə edim. Sonra gedərəm evə. Vanna qəbul edib bir az dincələrəm”, – o, öz-özünə dedi.

Ənvər Quliyev Nənsimovun məruzəsini dinlədikdən sonra əməliyyat müşavirəsi keçirməyi qərara aldı. Müşavirə iştirakçıları təyin edilmiş vaxtda artıq rəisin kabinetində öz yerlərini tutmuşdular. Ənvər Quliyev sözə başladı:

– Cənab zabitlər, son günlər əldə etdiyimiz mə- lumatlar təsdiq edir ki, şərəfli döyüş yolu keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin bəzi əməkdaşları ölkə daxilində mütəşəkkil quldur dəstələri yaradıb tamah məqsədilə vətən- daşları qətlə yetiriblər. Hadisələrin illər ərzində törədilməsi onu göstərir ki, bu canilər vəzifə mənsəblərinə arxayın olublar. Uzun müddət cəzasız qalmaları da bunu sübut edir. Biz əməliyyat işimizin effektifliyini son dərəcə artırıb şəhərimizdə vətəndaşların təhlükəsizliyini təmin etməliyik.

Əməliyyat müşavirəsinin iştirakçıları da onun fikri ilə razılaşdıqdan sonra, Dəyanət Kərimovun iştirak etdiyi bütün cinayətlərin tam, hərtərəfli açılması üçün xüsusi əməliyyat – axtarış planının hazırlanması qərara alındı.

Abdullayev polis idarəsinin qapısından içəri keçərkən onu düşündürən birinci məsələ dindirmə otağının qızdırılması idi. Otaq soyuq olsa, işi çətinləşəcəkdi. Çünki o, soyuğu sevmirdi. Növbətçi postuna yaxınlaşıb Dəyanət Kərimovun dindirilməsi üçün gətirilməsinə göstəriş verdi. Özü isə sağa dönüb dəhlizin axırında yerləşən dindirmə otağına tərəf addımladı. Dəmir barmaqlıqlı qapının arxasında duran polis nəfəri qapını açdı. O, içəri keçib qapını açdı, ilk addımını atdıqda isti hava onun üzünə vurdu. Kefi bir qədər duruldu.

Paltosunu, papağını, hətta pencəyini çıxarıb dolab- dan asdı. Əyni bir qədər yüngülləşdi. “İndi işləmək olar”, – deyib stolun arxasına keçdi. Polis idarəsinin yeməkxanasına zəng edib bir çaynik çay, iki armudu stəkan gətirilməsini tapşırdı. Dəyanətlə söhbəti necə başlayacağını düşünmüşdü. Onun xarakterinə az-çox bələd olmuşdu.

Ə.Haqverdiyevin “Ayın şahidliyi” hekayəsi yadına düşdü. Gecə çayın kənarında quldurlar tərəfindən bir yolçu qətlə yetirilməzdən öncə səmadakı aya baxır. Bu quldurbaşının diqqətindən qaçmır. Aya baxmağının səbəbini yolçudan soruşur. Yolçu:

–  Bir zaman gələcək, bu ay mənim sizin tərəfinizdən qətlə yetirildiyimə şahidlik edəcək, – deyir.

Quldurbaşı gülür:

–  Ayın dili var ki, şahidlik də etsin, ay bədbəxt ?

Yolçu qətlə yetirilir və malı götürülür. Aylar, illər  ötür, yolçunun qardaşı onu axtarmaq üçün çöllərə düşür. Axırda həmin qulduq dəstəsinə qoşulur. Günlərin birində gecə vaxtı çayın həmin yerindən keçərkən quldurbaşı aya baxır və gülümsəyir. Yolçunun qardaşı bunun səbəbini soruşanda quldurbaşı hadisəni danışır. O, qardaşının kim tərəfindən qətlə yetirildiyini bilir və onun intiqamını alır.

İndi tale elə gətirib ki, Dəyanət də özü-özünü ifşa etməyə məcbur olur. Necə deyərlər: “Haqq nazilər, amma üzülməz”.

Qapının açılması Abdullayevi real vəziyyətə gətirdi.

Dəyanət  salam  verib yerə bərkidilmiş kətildə oturdu. Nəzarətçi onun qollarından qandalı açdı, icazə aldıqdan sonra otaqdan çıxdı. Dəyanətin çöhrəsində artıq əvvəlki günlərdən fərqli olaraq, mütilik duyulurdu. Baxışlarında nigarançılıq və sual ifadəsi görünürdü. Hadisələrin gedişi onun vəziyyətinin daha da ağır olacağına şəhadətlik edirdi. Çünki o, qətlə yetirdiyi insanların yerini səhv salırdı. Məzardan de- diyi şəxsin yox, istintaqa məlum olmayan, lakin adı itkin dü- şənlərin siyahısında qeyd edilənlərin cəsədi çıxırdı. O, hələ bilmirdi ki, məzardan Məhərrəmov Akifin deyil, qətlə yetirdikləri Tariyel Əliyevin cəsədi çıxıb.

Dəyanət, Abdullayevin baxışında bütün bunları oxuya bildi. Lakin müstəntiqin ona nə sual verəcəyini səbirlə gözləməyə başladı. Birinci müstəntiq dilləndi:

– Dəyanət, siz özünüzü qeyri-səmimi aparırsınız. Elə edin ki, məhkəmə sizin etirafınızın səmimiliyinə inana bilsin. Meyit dalınca meyit aşkar edilir. İndiyəcən aşkar edilən birinci cəsədin kimə məxsus olduğunu istintaqa deməmisiniz. Buna səbəb nədir? Axı əvvəl-axır biz etdiyiniz bütün cinayətlərin üstünü tam təfsilatı ilə açacağıq. Onda sizin vəziyyətiniz heç də yaxşı olmayacaq.

Dəyanət bir söz deməyib müstəntiqi dinlədi. Yenə də fikrində vəziyyətini götür-qoy elədi. Köhnə taktikasından bir qədər əl çəkdi. Aşkar edilən birinci cəsəd üzrə etdiyi cinayəti tam etiraf etmək qərarına gəldi.

– Elxan müəllim, 1994-cü ilin dekabr ayının 14-də qayınanamgilə getmişdim. Orada orta yaşlarında bir kişi gördüm, oturub çaxır içirdi. Qayınanam Nigar onu mənə qohumu kimi təqdim etdi. Dedi ki, Tahir adam öldürüb, indi də gizlənir. Polislər onu axtarırlar. Sənin imkanın var, onu sərhəddən o tərəfə keçirmək lazımdır. Lakin Tahirin hərəkəti mənim xoşuma gəlmədi. O, mənə dedi ki, eşitmişəm xalaqızımı incidirsən? O, məni hədələdi, amma məndən xahiş etdi ki, ona köməklik edim ölkədən çıxsın. Mən də razılaşdım. Görüş yerini müəyyən etdikdən sonra danışdı- ğımız yerdə Tahirlə görüşdüm. O, mənim idarə etdiyim VAZ–2108 markalı, dövlət nömrə nişanı olmayan avtomaşına oturdu. Onu aldadıb Corat qəsəbəsinin bağlar sahəsinə apardım. Orada PM markalı tapancayla atəş açıb onu öldürdüm. Qardaşım Ədalətlə birlikdə aparıb basdırdıq. Onu basdırdığım yeri sizə göstərə bilərəm. O ki qaldı atası tərəfindən tapılmayan cəsədə, bu haqda mənim Xələf müəllimlə söhbətim olub. O, Tariyelin cəsədidir. VAZ-ın mühəndisidir. Məryəm adlı bir qadın məni onunla tanış edib. Tariyel erməni olduğundan Fikrətlə Elçin Əmiraslanov tərəfindən qətlə yetirilib. Lakin onu mən basdırmışam.  VAZ-2199 maşınının sürücüsü Akif Məhərrəmovu basdırdığım yeri də göstərə bilərəm. Elxan müəllim, siz məni də başa düşün. Eıçin Əmiraslanovla Fikrət çox təhlükəli adamlardır. Onların əlləri hər yerə çatır. Fikrət bir neçə dəfə ilişsə də, havadarları – Cavadov qardaşları onu xilas etmişdilər.

Dəyanətlə müstəntiqin bugünkü görüşü uzun çəkdi. Dindirmə protokolundakı ifadəsi əvvəlkinə nisbətən daha geniş oldu. Dəyanət hələ də öz aqibəti ilə tam razılaşmırdı.

 

(Ardı var)