ACI HƏQİQƏT

60

(Əvvəli ötən saylarımızda)

…Samirə sonuncu cümləni bitirib nöqtə qoydu. Dönüb onun çiyni üstündən yazdıqlarını oxuyan müstəntiqə baxdı. Elxan Abdullayev keçib yerində oturdu. Və diqqətlə əli günahsız insan qanına batmış, Allahın yaratdığı bu gözəl qadını bir daha diqqətlə süzdü.

Samirənin çöhrəsindən daxili gərginliyin çəkildiyi artıq aydın hiss olunurdu. O, sanki uzun zaman belində da şıdığı ağır bir yükü, nəhayət ki, yerə qoymuş insanı xatırladırdı.

Qadının bu halı müstəntiq üçün qeyri-adi deyildi. Hansısa motivin təsiri altında ağır cinayət törədənlər həmişə səmimi etirafdan sonra belə hala düşürdülər.

O, Samirəyə baxıb daxilən özünə sual verdi: “Görəsən, həyatda Dəyanətə yox, başqa birisinə rast gəlsəydi, onun taleyi və qisməti necə olardı?”

“Kim bilir?!” – deyə özü də cavab verdi.

Müstəntiq Samirəyə bir neçə dəqiqləşdirici suallar verib cavab aldıqdan sonra dindirməni bitirdi.

Samirə Ələkbərova ifadəsinə sonuncu qeydini yazaraq imza etdi: “İfadəmi özüm yazdım, imzamla təsdiq edirəm”.

***

Əməliyyatçıların çevik hərəkəti müstəntiq Elxan Abdullayevi məcbur edirdi ki, öz iş tempini sürətləndirsin.

Sumqayıt şəhər Polis İdarəsində əldə edilən hər bir məlumat əməliyyat müşavirəsində müzakirə edilir, sonra da dərhal yoxlanılırdı.

Xələf Mənsimov əməliyyat müşavirələrinin birində Dəyanətə məxsus maşınlara mütəxəssislərin iştirakı ilə baxış keçirilməsini təklif etdi. Məqsəd itkin düşmüş şəxslərin  maşınlara məxsus və Dövlət Yol Polis İdarəsində qeydiyyata alınmış mühərrik və banların Dəyanətin maşınlarında olub-olmamasını yoxlamaq idi.

Xələf Mənsimovun təklifi qəbul olundu. Onun özünə də bu işin icrası tapşırıldı.

Polis idarəsinin həyətinə gətirilmiş maşınlar arasında VAZ-2108 markalı “Jiquli” ilk növbədə Xələf Mənsimovun diqqətini cəlb etdi. Xarici görünüşünə görə bu “Jiquli” köhnə maşına bənzəyirdi. O, “Jiquli”nin mühərrik hissəsinə baxmağı qərara aldı. Mütəxəssiz kapotu qaldırdı. Mühərrikin təzə olduğunu görcək:

– Xələf müəllim, mühərrik təzədir. İndiki zamanda hər adamın avtomaşınına təzə mühərrik qoydurmağa imkanı olmur. Bu, şübhəlidir.

Xələf Mənsimov “Jiquli”nin mühərrikinə diqqətlə baxıb mütəxəssisin rəyini təsdiqlədi. Mühərrikin nömrəsi silinməmişdi. Bu, onların işini asanlaşdıracaqdı.

Xələf Mənsimov mühərrikin nömrəsini qeyd etdikdən sonra Bayramovun kabinetinə qalxdı. İçəri daxil olub:

– Bəylər müəllim, Dəyanətə məxsus “Jiquli” markalı maşında təzə mühərrik aşkar  elədik. Sizdən xahiş edirəm ki, bu mühərrikin itkin düşmüş şəxslərin avtomaşınlarına məxsus olub-olmamasını müəyyən etmək üçün Daxili İşlər Nazirliyinin axtarış şöbəsinn rəisi Elxan Rzayevdən onun araşdırılmasına göstəriş verməsini  xahiş edəsiniz. Sorğu göndərsək, cavabı gec alacağıq. Bu məsələ elə telefonla həll olunsa, daha yaxşı olar.

Bəylər Bayramov:

–  Xələf müəllim, mühərrikin nömrəsini yazdığınız kağızı mənə verin. Dərhal həll edəcəyəm. Gedə bilərsiniz. On-on beş dəqiqəyə həll edəcəyəm, – dedi.

Bayramov kağız parçasına yazılmış rəqəmlərə diqqətlə baxdı, sonra isə Daxili İşlər Nazirliyinin telefon sorğu kitabında Elxan Rzayevin telefon nömrəsini tapıb nazirliyin rabitə şəbəkəsinə məxsus telefonun dəstəyini götürdü və nömrəni yığdı. Saatına baxdı. Hələ nahara bir saat vardı.

Bir neçə siqnaldan sonra telefonun dəstəyində Elxan Rzayevin tanış səsini eşitdi:

–  Rzayev sizi eşidir!

– Elxan müəllim, salam. Sumqayıtdan Bəylər Bayramovdur. Necəsiniz?

– Salam, Bəylər müəllim. Sağ olun, yaxşıyam. Siz necəsiniz?

– Kömək etsəniz, lap yaxşı olaram.

– Buyurun, Bəylər müəllim. Əlimizdən gələn köməyi sizdən əsirgəmərik.

– Elxan müəllim, xahiş edirəm, deyəcəyim nömrəli “Jiquli” mühərrikinin məxsus olduğu avtomobilin axtarışda olub-olmaması ilə bağlı bizə məlumat verəsiniz.

O, mühərrikin nömrəsini dedi. Elxan Rzayev:

– Bəylər müəllim, indi  kartotekadan yoxladıb sizə məlumat verərəm. Sağ olun.

Bayramov da: “Sağ olun”, – deyib düçar olduğu intizardan qurtulmaq üçün qəbuluna gələn əməkdaşları bir-bir kabinetinə dəvət etməyə başladı. Qəbulda olanları diqqətlə dinləməyə çalışsa da, buna çox çətin nail olur, amma hiss- lərini büruzə vermirdi.

Daxili İşlər Nazirliyinin rabitəsinə qoşulan telefonun zəngi onun nigarançılığına son qoydu. Dəstəyi cəld götürüb:

–  Bayramov sizi eşidir, – dedi.

– Bəylər müəllim, Rzayevdir. Sizin  tapşırığı yerinə yetirdik. Dediyiniz mühərrik VAZ-2199 markalı “Jiquli” maşınında olub. Bu maşın Məhərrəmov Akif Hüseyn oğluna məxsus olmuşdur. Akif Məhərrəmov 15 iyul 1993-cü ildə Quba şəhərinə gedərkən itkin düşmüşdür. İndiyədək nə özü, nə də maşını tapılıb. Əməliyyat-axtarış işi Bakı şəhər Xətai Rayon  Polis idarəsində aparılır.

Bəylər Bayramovun qaş-qabağı açıldı. Qəbulundakı adamın rəisin eyninin açıldığını hiss etdiyindən danlaqdan canının qurtaracağına ümidi artdı.

– Çox sağ olun, Elxan müəllim. Sizin məlumat bizə çox kömək edəcək. Bizə görə nə qulluğunuz var?

–  Sağ olun, Bəylər müəllim, mən sizə uğurlar diləyirəm.

Dəstəyi yerinə qoyduqdan sonra Bayramov təbəssümlə qəbulunda olan zabitə baxdı:

–  Bala, dur get. İşinə ciddi yanaş, əməliyyat işinin sirlərini öyrən. Əgər çətinə düşsən, Xələf müəllimə müraciət et. O, sənə kömək edər, – dedi.

Gənc zabit cəld yerindən durub sağ əlini furaşkasına apardı.

– Baş üstə, cənab polkovnik, – deyib kabinetdən çıxdı.

Bayramov daxili telefonun nömrəsini yığdı. Dəstəkdə Xələf Mənsimovun səsini eşitcək:

– Xələf müəllim, VAZ-2108-in üstündə olan mühərrik Məhərrəmov Akif Hüseyn oğluna məxsus VAZ-2199 markalı “Jiquli”nin üstündə olub. 1993-cü ilin iyul ayının 15-də Akif Quba şəhərinə gedəndə itkin düşüb. Onun haqqında Bakı şəhər Xətai rayon Polis İdarəsində əməliyyat-axtarış işi aparılır. O işi tələb edin. İndi isə Dəyanət Kərimovla söhbət edin. Görün bu faktı o, necə izah edəcək. Nəticəsini mənə və Ənvər müəllimə məruzə edin. İndi mən özüm də ona bu faktı məruzə edəcəyəm.

Mənsimovun bu an keçirdiyi hissləri Bayramovdan başqa digəri çətin duya bilərdi. Peşəkar “xəfiyyə” “oldu” kəlməsini söylədi, cəld kabinetdən çıxıb müvəqqəti saxlama bölməsinə getdi. Nəzarətçiyə Dəyanəti gətirməsini tapşırdı.

Bir neçə dəqiqədən sonra Dəyanət otağa daxil oldu. Salam verib, məyyən edilmiş kətildə əyləşdi. Pəncərəsiz otağı işıqlandıran elektrik lampasının saçdığı parlaq işıq Mənsimova imkan verirdi ki, Dəyanətin keçirdiyi daxili həyəcanı açıq-aydın hiss edə bilsin. Dəyanətin xasiyyətinə yaxşı bələd olduğu üçün dilləndi:

– Dəyanət, gəl kişi kimi danışaq. Sənin 2108 markalı “Jiquli”nə baxış keçirtdim. Maşının köhnə olsa da, mü- hərriki təzədir. Bu mühərriki hardan almısan? Onu sənə kim satıb?

Dəyanət sualı dinləyib düşüncəyə qərq oldu. Daxi- lində bir-birinə əks olan qüvvələr, qorxu-həyəcan hisslərinin təsiriylə könül tarazlığını didib parçalayırdı. Bilmirdi ki, hə- qiqəti desin, yoxsa Sumqayıta gətirilərkən beynində axtardığı və tapdığı “çıxış yolu” ilə getsin.

Yenə də götür-qoy etdi. “Fikrət hələ tutulmayıb. Elçin də hardasa gizlənir. Rövşən Cavadov qara torpağa tapşırılıb, orada uyuyur. Mahir isə xaricdə sığınacaq tapıb. Yaxşısı budur ki, hər şeyi atım Fikrətin üstünə!  Elçini də ifşa eləsəm, yəqin ki, mənə güzəştə gedərlər, – deyə o, son nəticəyə gəldi:

– Xələf müəllim, sizə bir cinayət barədə səmimi etiraf etmək istəyirəm.

1993-cü ilin yay aylarında Fikrət bizə gəldi. Məni çölə çağırıb dedi ki, dəniz kənarına gedək. Mən evdən çıxıb onunla birlikdə dəniz kənarına gəldim. Orada VAZ-2109 markalı avtomaşında 4 nəfər tanımadığım adam gördüm. Fikrət onları mənə təqdim edib bildirdi ki, Qazax “omon”çularıdır. Onlardan birini – Qazax OMON-nun komandiri Elçini mənə təqdim etdi. Sonra bildirdi ki, onların maşınında baqajda meyit var, onu basdırmaq lazımdır. Mən onların maşınına minib qəbiristanlığın arxasına sürdürdüm. Orada meyiti basdırdıq. Sonra bizi gözləyən Fikrətlə Elçinin yanına gəldik. Meyit sellofana büküldüyündən onun əynində nə olduğunu görmədim. Meyiti basdıranda hava qaranlıq idi. Sonra mən onlarla vidalaşıb evə qayıtdım.

Həmin gün saat 24 radələrində Fikrət qırmızı VAZ-2199 “Jiquli” ilə bizə gəldi. Maşın mənim qarajımda qaldı. Fikrət onun hissələrini söküb satdı. Mühərriki isə mənə verdi. İstəsəniz, meyiti basdırdığımız yeri göstərə bilərəm.

– Yaxşı, Dəyanət. Sən gözlə, mən müstəntiqlə danışım, – Xələf sözünü bitirib nəzarətçini çağırdı. Dəyanəti ona təhvil verib kabinetinə getdi. Əvvəlcə polis idarəsinin rəisi Ənvər Quliyevə, sonra Bəylər Bayramova, daha sonra isə Fərman Əliyevə Dəyanətin etirafı haqqında məlumat verdi. Axırda müstəntiq Elxan Abdullayevə məlumat verib hava qaralmamış növbəti məzarın açılması barədə öz fikrini bildirdi.

Abdullayevin polis idarəsinə gəlməsi çox çəkmədi. Dəyanəti dindirməzdən öncə Mənsimovla görüşdü. Məlumatla tam tanış olduqdan və Dəyanətin 2108 markalı “Jiquli”sinin mühərrikinə baxış keçirildikdən sonra Dəyanətin şübhəli şəxs qismində ifadəsini aldı. Dəyanət ifadəsində Xələf Mənsimova etdiyi etirafı bir daha təsdiq etdi.

İstintaq-əməliyyat qrupu Corat qəsəbəsinin qəbiristanlığına çatanda günün günorta çağı idi. Yenə də Xəzər kükrəyirdi. Dalğaları aramsız olaraq sahili döyəcləyirdi. Küləyə qarşı uçan qağayılar hərdən dalğalar sahilə çatmazdan öncə suyun üzərində görünən xırda ölü balıqları dimdiklərinə almaq üçün dənizin sularına baş vurur və yeni- dən havaya qalxırdılar. Bir dəstə qaşqaldaq uçaraq sahildən xeyli aralı suya qondu.

Polis əməkdaşları soyuqdan qorunmaq üçün isti xidməti palto və papaqlarını geyinmişdilər.

Məzarı açmaq üçün EK-300 markalı ekskavator qəbiristanlığın yanında onları gözləyirdi. Bir qrup polis nəfəri də avtobusun içərisində əmrə müntəzir vəziyyətdə oturmuşdu.

Dəyanət, banı dəmirdən olan polis UAZ-nın lap arxa hissəsində əli qandallı vəziyyətdə oturmuşdu. Onlar qəbiristanlığa çatdıqda, o, maşında olan polislərə bir qədər də irəliyə getmək lazım olduğunu bildirdi. Maşınlar UAZ-ın arxasınca irəlilədi. Bağlar massivinə çatanda o:

– Burada saxlayın. Meyiti qəbiristanlığın hasarına yaxın yerdə basdırmışıq, – dedi.

Maşınlar dayandı. Polis nəfərləri və zabitlər oturduqları isti yerlərini tərk etməyə məcbur oldular. Şimal küləyinin ilikdondurucu soyuğunu dərhal hiss etdilər. Sumqayıt şəhər polis idarəsinin rəis müavini Bəylər Bayramov başqalarından fərqli olaraq papağının qulaqlığını açmadı. Lakin küləyin onu alıb aparacağından ehtiyat edərək hər iki əli ilə bir qədər aşağı basdı və alnı görünməz oldu. Fərman Əliyevə tərəf dönərək:

–  Fərman müəllim, tapşırın Dəyanətə buşlat və isti papaq versinlər. Yazıqdır, yoxsa soyuqlayar, günaha batarıq. Onsuz da onun cəzasını bu dünyada məhkəmə, o biri dünyada isə Allah verəcək.

Fərman Əliyev “baş üstə” deyib UAZ-a tərəf getdi.

Avtobusdakı polis nəfərləri yerə düşüb axtarış aparılacaq yerə kimsənin yaxınlaşmaması üçün canlı hasar çəkdilər.

Fərman Əliyevin göstərişi ilə polis nəfərlərindən biri buşlatını çıxarıb Dəyanətə verdi. Digər biri isə Dəyanətə  toxunma yun başlıq verdi. O, UAZ-ın dəmir barmaqlıqlı arxa qapısı açılanda yerə düşdü. Onu dövrəyə alan polis nəfərlərinin əhatəsində buşlatı geyinib, yun başlığı başına keçirdi. Sonra yenidən hər iki biləyinə qandal vuruldu, bir əli polis nəfərinin sağ əlinə qandallandı. Polis nəfərləri dediyi istiqamətdə qəbiristanlığın hasarına tərəf yeridilər.

Qəbiristanlığın hasarından şərq tərəfdə, təxminən 18 metr aralıda hamar bir yerdə dayanıb ətrafı gözdən keçirdi. Nişanəni görüb sağ ayağının ucu ilə o yeri göstərərək:

–  Meyiti burda basdırdıq, – dedi.

Müstəntiq ekskavatorun sürücüsünə göstərilən yeri qazması üçün göstəriş verdikdən sonra hal şahidlərinin yaxı- na gəlməsini  xahiş etdi.

Yenə xəzri keçən dəfə olduğu kimi şiddətlə əsərək axtarışda iştirak edənlərə göz açmağa imkan vermirdi.

Lakin bu dəfə heç on dəqiqə keçməmiş ekskavato- run kovanının götürdüyü torpağın altından çürüməkdə olan meyitin qalıqları göründü.

Hal şahidləri belə mənzərə ilə birinci dəfə rastlaşdıq- larına görə dərhal bir-iki addım geriyə çəkilərək üzlərini yana çevirdilər. Xəzri küləyinin üzlərinə çırpdığı qum dənə- ciklərinin ağrısını insan cəsədinin qalıqlarına baxmaqdan daha üstün tutdular.

Prokurorluğun baş müstəntiqi Abdullayev məhkəmə  tibb eksperti E.Məmmədovun diqtəsiylə qeydlərini aparmağa başladı:

“… 80 sm çala qazıldıqdan sonra insan meyiti aşkar edildi.

Meyitin əzələ toxumaları artıq çürümək üzrə idi. Əynində olan paltarlar toxumalara yapışdığından onların  rəngini müəyyən etmək mümkün olmurdu. Meyitin ayaqları bədən nahiyəsindən ayrılmışdı. Ayaqlar üzərindəki əzələ toxumaları çürümüş vəziyyətdədir”.

Meyit ətraflı müayinədən ötrü Sumqayıt şəhər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Şöbəsinə göndərildi.

 

(Ardı var)