ACI HƏQİQƏT

81

(Əvvəli ötən saylarımızda)

***

Prezident həmişəki kimi səbirlə ölkədə son günlər baş vermiş hadisələr barədə daxili işlər naziri Ramil Usubovun məruzəsini telefonla dinlədi. Məruzə bitdikdən sonra dedi:

– Ramil, yadında qalsın, tarixən silahlı azğınların yaratdığı qorxu, xaos vaxtında dəf olunmayanda nəticədə onlarla günahsız insanın qanının  tökülməsinə səbəb olub. Siz vaxtında qanuni tədbirlər görsəydiniz, bəlkə, bu hadisələrin əksəriyyəti baş verməzdi. İndi isə işləyin, elə işləyin ki, heç bir cinayətkar cəzasız qalmasın. Nə də  günahsız insanlar incidilsin. Siz işləsəydiniz, mən xalqa müraciət etməzdim. Sağ ol.

Telefon dəstəyində siqnal səsləri eşidildi…

XTPD-nin idarəçilik ipi çoxdan əldən buraxılmşdı. O, daxili işlər naziri təyin edilən gündən bu “ipi” ələ ala bilməmişdi. Çünki polis əməkdaşları OMON-çulardan cindən qorxan kimi qorxurdular. Doğrudur, onların arasında vətənpərvər, dövlətini sevən, onun qanunlarına hörmət edən əməkdaşlar da az deyildi. Lakin dəstədə ümumi ab-hava yetərli olmadığına görə onun fəaliyyətinə son qoymaq günün zərurətinə çevrildi.

 

***

Yenə həmin bina, həmin dəhliz və həmin otağa açı- lan qapı, müstəntiqin hüzn dolu, həyəcanlı baxışları…

Ötən dəfədən fərqli olaraq, bu gün yatağından durar-durmaz ürəyinə daman həyəcanlar ona bəd və qorxulu xəbərlər gətirəcəyini, üzüntülü, ağrılı anlar yaşayacağını anlat- dı. Ürəyinin çırpıntısı durmadan artırdı və ona elə gəlirdi ki, indicə sinəsi bu döyüntülərə tab gətirməyib parçalanacaq.

Məhəbbətin insan qəlbində açdığı bu hisslər ruhunda özünə əbədi bir yuva qurur. Yəni ruhun bədəni tərk etdiyi anda o da ruhla birlikdə əbədiyyətə qovuşur. İndi o, dünən daxil olduğu otağa bir daha qədəm qoya bilmirdi. Elə bil ki, ayaqlarından ağır yük asılmışdı. Canında hey qalmamışdı.

Müstəntiq Savad xanımın halını başa düşürdü. Tanıma otağına əvvəlcə hal şahidlərini dəvət etdi.

Savad xanımın dolmuş gözləri onun indicə nalə çəkərək yerə səriləcəyini müstəntiqə xəbər verirdi. Lakin nə etmək olardı?! O, nə qədər ağır olsa da, bu gün istintaq hərəkətini icra etməyə məcbur idi.

– Savad xanım, mənim bacım, sizin daxilən çəkdiklərinizi bir insan kimi dərk edirəm. Halınıza səmimi qəlbdən acıyıram. Ərinizi geri qaytarmaq mümkün deyil. Ancaq siz övladlarınızın gələcəyi naminə yaşamalısınız. Hər bir qadın belə itkiyə məruz qala bilər. Bu cür dərdlərə çarə yoxdur, – deyə müstəntiq hüznlü bir səslə ona təsəlli verməyə çalışdı. Özünüzü üzməyin, mən sizə söz verirəm ki, cinayətkarlar layiq olduqları cəzanı alacaqlar. Bir də, məni də başa düşün, işlərimiz çoxdur. Mənim də vaxtım yox- dur. Xahiş edirəm, bu otağa keçək, cəmisi üç ədəd əşyadır. Onları sizə tanınmağa təqdim edərik. Baxın görün onlar, həqiqətən də, sizin ərinizə məxsusdur?

Savad xanım daxildə bir qüvvə tapıb açıq qapıdan içəri keçdi.

Stolun üstündə qoyulmuş hərbçi gödəkcəsinin, üzərində naxışlar olan göy rəngli köynəyi ilə qara çəkmələrin ərinə məxsus olduğunu dedi. Lakin özünü saxlaya bilmədi, göy köynəyi götürüb sinəsinə sıxdı, için-için hönkürərək ağladı. Göz yaşları yanağından süzülərək sinəsinə sıxdığı köynəyi islatdı.

 

***

 

Müstəntiq Abdullayev, Dəyanət ərizəsindəki etirafı ifadəsində təsdiq etməsə də, narahat olmadı. İstintaq taktikasını dəyişərək birinci Dəyanəti və arvadı Samirəni hərtərəfli dindirməyi qərara aldı.

Taksi sürücüsünü öldürməsi barədə yazdığı ərizə  kifayət qədər əsas verirdi ki, onun mətnini tam açmadan Samirəni inandırmaqla onu tam etirafa gətirsin.

Bir də ona görə ki, polis əməliyyatçıları F.Əliyev və X.Mənsimov taksi sürücüsü Nuruyevin qətlə yetirilməsini Dəyanət və Samirə tərəfindən deyildiyini təfsilatı ilə ona danışmışdılar. Dəyanəti təkrar dindirsəydi də, o, yenə Samirəni müdafiə etmək mövqeyi tutmaqla obyektiv həqiqətin müəyyən edilməsində istintaq üçün çətinlik yarada bilərdi.

Sumqayıt şəhər Polis İdarəsində Abdullayev dindirmə otağında yerini rahatlayıb daxili telefonla müvəqqəti saxlama kamerasında cinayət etməkdə şübhəli bilinən Ələkbərova Samirənin gətirilməsinə göstəriş verdi.

Samirənin kimliyi, zahiri görünüşü, özünü necə aparması, eləcə də lətafəti və gözəlliyi barədə kifayət qədər məlumatı vardı. Bilirdi ki, əgər Samirənin işvəsi və cazibədar gözəlliyi qarşısında zəiflik göstərsə, Rəsul Quliyevin sözü olmasın, “badbaxt” olacaq.

Elxan şübhəli şəxsin dindirmə protokolunu götürüb onun qıraqlarını üst-üstə qoyaraq sığalladı. Protokol blankının birinci üst səhifəsində Samirənin anket məlumatlarını yazdıqdan sonra Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan hüquqlarını izah etmək üçün məcəlləni açaraq həmin maddəni tapıb oxudu.

Samirənin gətirilməsini gözlədi. Hiss edirdi ki, artıq soyuqqanlılıq düşüncəsinə hakim kəsilib. O, indi ilk növbədə ədaləti və qanunçuluğu gözləyən müstəntiqdir.

Qapının döyülməsi müstəntiqdə ciddi əhval-ruhiyyə yaratdı. Və dərhal:

–  Gəlin, – dedi.

Qapı açıldı, içəri keçən polis serjantı dabanlarını cütlədi:

– Elxan müəllim, vətəndaş Samirə Ələkbərova göstərişiniz əsasında dindirilmək üçün gətirilmişdir.

Serjant sağ tərəfə çəkilib Samirənin və ikinci polis nəfərinin dindirmə otağına daxil olmasına imkan yaratdı.

Samirə müstəntiqə salam verdi. Onun qollarına qandal vurulmuşdu. Müstəntiq:

– Qandalları açın. Samirə xanım, buyurun əyləşin, – dedi.

Polis serjantı cəld qandalı açdı, Samirə müstəntiqlə üzbəüz oturdu. Sonra çox da böyük olmayan dindirmə otağına göz gəzdirdi. Pəncərələrə dəmir barmaqlıqlar vurulmuşdu. Sağ tərəfdə boş gözləri olan köhnə kitab rəfi vardı. Otağın döşəməsi taxtadan idi, amma hansı rəngdə olduğu  bilinmirdi. Divarlara əhəng çəkilsə də, rəngi solmuşdu. “Görünür, çoxdandır ki, burada təmir işləri aparılmır”, – deyə düşündü.

Müstəntiqin polis nəfərlərinə:

– Siz gedə bilərsiniz, – deməsi onun dindirmə otağına olan kiçik nəzəri ekskursiyasını yarımçıq kəsdi.

Samirə uzun qara saçlarını səliqə ilə darayıb çiyninə tökmüşdü. Əynində sinəsi azacıq açıq olan yundan toxunmuş, narıncı rəngli kofta və dizlərini örtən ətək vardı. Ayağına adi, ucuz ayaqqabı geyinmişdi.

Bir neçə gün müvəqqəti saxlama kamerasında olmasına baxmayaraq, bəyaz camalı öz gənclik təravətini itirməmişdi. Baxışlarından qorxu keçirdiyi hiss olunmurdu. Sıx və uzun kirpikləri iri qara gözlərinə gözəllik verirdi. Qaşları ensiz, lakin təbii idi. Kiçik ağzını örtən dodaqları sanki ən mahir heykəltəraş tərəfindən yonulmuşdu. Onun boynunun və zənəxdanının incəliyi, dərisinin zərifliyi zahiri görünüşünə füsunkar bir gözəllik qatırdı.

Müstəntiq bunları seyr etdikcə, hisslərin onu yolundan azdıracağını anlayaraq məlahətli baxışlarını ona zilləyən Samirəyə müraciət etdi:

–  Samirə xanım, siz əriniz Dəyanətlə birlikdə ağır cinayətdə, vətəndaş Nuruyev Əhsən Ağabala oğlunu qətlə yetirməkdə şübhəli bilinirsiniz. Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan şübhəli şəxsin hüquqlarını sizə izah edirəm.

O, aramla maddənin müddəalarını oxuyub izah etdi. Samirə isə bu hüquqların nə üçün ona izah edilməsinin fərqinə varmadan öz hisslərinin təsiri altında südəmər qızının onsuz necə yaşayacağını düşünürdü. Ona kim baxacaq? Kim ona yemək verəcək? Onu kimlər böyüdəcək? Kim onun çığırtısına dözüb yuxusuz gecələr keçirəcək? Suallar çox, cavablarsa yox idi!!!

Lənət olsun Dəyanətlə görüşdüyü o günə. Nə üçün qızlar yaraşıqlı və cüssəli oğlanları görəndə ağılları kütləşir? Axırda da ki, bu günə qalırlar.

–  Samirə xanım, hüquqlarınız sizə aydındırmı?

– Bəli,  hüquqlarım mənə aydındır.

Sonra müstəntiqin neçənci ildə anadan olması, təhsili və ünvanı barədə suallarına cavab verdi. Hüququnun ona izah edilməsi faktını təsdiq etmək üçün dindirmə protokolunun birinci səhifəsinə imza etdi.

O yalnız indicə ağrılı-acılı günlərinin başlandığını dərk etdi. Uzun müddət işıqlı dünyaya, təmiz havaya həsrət qalacağını anladı.

Müstəntiqlə söhbəti çox uzun çəkdi və onun suallarına cavab verdi.

Nəhayət, müstəntiqin: “İfadənizi özünüz yazmaq istəyirsiniz?” sualına bir anlıq düşünərək “Bəli!” cavabını verdi.

Elxan Abdullayev dindirmə protokolunu açdı. İfadəsini haradan və necə yazmağa başlamasını ona göstərdi.

Xətti yaxşı olmasa da, qrammatik səhvlərə yol vermədən yazmağı bacardı. Samirə yazmağa başlayanda müstəntiq onun əllərinin də qeyri-adi, yaraşıqlı olduğunu müşahidə etdi.

Samirə ilk cümləni müstəntiqin diqtəsi ilə: “Mənə verilən suallara dair göstərə bilərəm ki” şəklində yazdıqdan sonra özünün həyat tarixcəsini protokola həkk etdi:

Mən 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, 1981-ci ildə 15 nömrəli məktəbin 1-ci sinfinə gedib, 1991-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. Məktəbi bitirdikdən sonra bir müddət BTZ zavodunda makinaçı işləmişəm. Həmin müddətdə mən pioner düşərgəsində olarkən Dəyanət Kərimovla tanış olmuşam, onunla yaxın münasibət saxlamışam. Dəyanət Corat qəsəbəsində yaşayırdı. Əvvəllər o, Bədən Tərbiyəsi İnstitutunda oxuyub, oranı bitirdikdən sonra polis orqanlarına qəbul olunmuş, Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etmişdir. Mən bildiyimə görə, Dəyanət Rövşən Cavadovun şəxsi mühafizəçisi olmuşdur. Mən 1993-cü ildə Dəyanətlə nikah bağlamışdım, amma toyumuz olmamışdı. Nikahımızdan bir qızımız vardır. Mən Dəyanətlə ailə qurduqdan sonra öz evimizdə qalmışdım. Dəyanətin evinə getməmişəm. Dəyanət arabir gəlib bizim evdə qalırdı. Mənim onların evinə getməməyimin səbəbi o olmuşdur ki, Dəyanət məni öz evlərinə aparmaq istəmirdi. Həm də ki, mənim bildiyimə görə, onun bacısı bizim nikahın tərəfdarı deyildi. Çünki o, Dəyanəti öz xalası qızı ilə evləndirmək niyyətində idi. Mən Dəyanətin nə işlə məşğul olması barədə dəqiq heç nə bilmirdim.

Elxan Abdullayev dindirmənin məqsədini əsas götürərək şübhəli şəxsin dindirməsini konkret suallar əsasında aparmağa qərar verdi:

– Samirə xanım, xahiş edirəm, növbəti sətrin əvvəlində “sual” sözünü yazıb iki nöqtə qoyun. Yazdınız? Sağ olun. Dəyanətdə hər hansı markalı avtomaşının olub-olmaması barədə nə göstərə bilərsiniz? Xahiş edirəm, yeni sətrin başlanğıcında “cavab” sözünü qeyd edib iki nöqtə qoyun və cavabınızı yazın.

– Mən Dəyanəti tanıyandan onda ağ rəngli VAZ-2105, qara rəngli VAZ-2108, ağ rəngli VAZ-099, sarı rəngli VAZ-2106 avtomaşınları görmüşəm. Dəyanətin özü şəxsən həmin maşınlarla bizim evə gəlirdi. Özüm şəxsən həmin maşınlara minmişəm. Hər dəfə mən Dəyanətdə təzə bir maşın görəndə mənə bildirirdi ki, həmin maşınlar onun dostu Fikrətindir. Mən özüm həmin maşınları Fikrətdə də görürdüm. Fikrət Dəyanət ilə dostluq edirdi. Dəyanətin sözlərindən mənə məlum olmuşdu ki, Fikrət də “omon”çudur….

Müstəntiq Samirədən avtomobillər barədə səmimi cavab aldıqdan sonra qəflətən ona əsas sualını verdi:

– Dəyanətdə QAZ-24 markalı, açıq qəhvəyi rəngli maşının olub-olmaması barədə sizə nə məlumdur?

Samirə müstəntiqin sualını yazıb dayandı.

Çöldə xəzri küləyinin müdhiş səsi aydın eşidilirdi. Sanki külək pəncərəyə vurulmuş yoğun dəmir barmaqlıqları yerindən qoparmaq istəyirdi. Hava qaraldığından və otaqda məzhun bir mühit hökm etdiyindən onun canı daha da sıxılırdı. Neçə ay idi ki, bir atəşlə həyatına son qoyduğu insanın ruhu ona rahatlıq vermirdi. Daxilində xəcalət və qorxu hisslərinin yaratdığı ağırlıq və sıxıntıdan canını qurtara bilmirdi.

“Yox, mən susmayacağam. Etdiyim ağır günahı boynuma almalıyam ki, bəlkə, onda yüngülləşdim. Qoy mənə hökm oxunsun, ağır cəza verilsin, mən də öz cəzamı çəkim. Bəlkə, bununla Allahın qarşısında etdiyim günahlarımı yuya bildim! Və məni üzən, qəlbimi sonsuz dərəcədə incidən ağır xatirələrdən birdəfəlik azad oldum !!!”

Bu düşüncələrin təsiri altında Samirə qələmi əlinə götürüb müstəntiqə baxmadan dindirmə protokolunun yeni sətrində “cavab” sözünü yazdı, daxilində indiyədək qoruyub gizli saxladığı sirləri köksündən bir-bir qopararaq protokola köçürdü:

“Mən səmimi ifadə verərək 1994-cü ilin fevral ayında həyat yoldaşım Dəyanətlə birgə törətmiş olduğum cinayət barəsində ifadə vermək istəyirəm. Belə ki, qeyd olunan tarixdə, təxminən gecə saat 23 radələrində Dəyanət bizim evə gəlib bildirdi ki, mən onunla hava limanına getməliyəm. Qeyd etmək istəyirəm ki, oraya getməmişdən əvvəl Dəyanət mənə maşın gətirməyi təklif eləmişdi və bildirmişdir ki, maşını gətirib satarıq, pul edərik.

Buna əsasən, yuxarıda qeyd etdiyim tarixdə mən Dəyanətlə birlikdə onun idarə etdiyi ağ rəngli “Moskviç” markalı maşını ilə hava limanına gəldik. Mən həmin maşının kimə məxsus olduğunu bilmirəm. Biz hava limanına gələndən sonra həmin maşını oradakı dayanacağa qoyub taksilər dayanan yerə gəldik. Dəyanət orada dayanmış maşınları gözdən keçirdi. Sonra isə mənimlə birlikdə açıq qəhvəyi rəngli QAZ-2410 markalı “Volqa” maşınının sürücüsünə yaxınlaşdı, Sumqayıta getməyi təklif etdi. Həmin sürücü bizdən ona verməli olduğumuz pulun miqdarını soruşanda Dəyanət ona bildirdi ki, gedək Sumqayıta, orada danışarıq. Tez həmin maşına oturduq. Onun sürücüsü hündürboylu, dolu bədənli adam idi, əynində də hərbi gödəkcə vardı. Maşının üzərində “taksi” sözü yazılmamışdı.

(Ardı var)