ACI HƏQİQƏT

57

(Əvvəli ötən saylarımızda)

Ağamməd müəllim qonaqları üçüncü dəfə pürrəngi çaya qonaq etdi. Dəyanətdən başqa hamının kefi yaxşı idi. Xüsusilə Sumqayıt şəhər polis idarəsinin rəisi Ənvər Quliyevin birinci müavini Bəylər Bayramovun. Çünki rəisinin tapşırığını qısa müddətdə yerinə yetirmişdi. Birinci, Dəyanət Kərimovun etap edilməsi üçün əməliyyat qrupunu toplayıb təlimatlandıraraq Bakıya yola saldı. İkinci, polisin sərəncamında xüsusi projektorları olan bir neçə maşının, eləcə də 5-6 ədəd bel-kürəyin həmin maşınlara yüklənməsinə, xərək və “Qazel”in yola hazır olmasına göstəriş verdi. O, bu işləri görərkən Ənvər Quliyev yenidən Ramil Usubova zəng etdi. Köməkçi dərhal onu nazirlə calaşdırdı. Ənvər Quliyev nazirin ”eşidirəm” sözündən sonra məlumat verməyə başladı:

– Ramil müəllim, Dəyanət Kərimov taksi sürücüsünü öldürdüyünü etiraf etdi. Bayıla əməliyyat qrupu göndərmişəm. Dəyanəti birbaşa sürücünü basdırdığı yeri göstərmək üçün Corat qəbiristanlığına gətirəcəklər. Eksqumasiya üçün hazırladığımız qrupla bir azdan qəbiristanlığa yola düşəcə- yik. Şəhər prokuroru Mahmud müəllimə də məlumat vermişəm. Eksqumasiyada müstəntiqin iştirakı da təmin edilib.

– Ənvər müəllim, əsas meyitin tanınmasıdır. Eksqumasiyanı indi etməyiniz yaxşıdır, dəmiri isti-isti döyərlər. Səhər saat 9-da nəticəsini mənə məruzə edərsiniz.

Nəzarətçi polkovnik-leytenant Ağammədə Sumqayıt şəhər Polis İdarəsindən əməliyyat qrupunun gəlməsi barədə məlumat verdi.

–  Gəlsinlər, – dedi.

İçəri hündürboylu, cüssəli, xüsusi geyimli üç nəfər daxil oldu. Fərman Əliyev dedi:

– Dəyanət, getmək lazımdır. Heç nə götürmək də gərək deyil. Sumqayıtda gündəlik lazım olan hər şey sənə veriləcək.

Dəyanət ayağa qalxdı. Gələnlərdən biri onun sol qoluna qandal vurdu. Qandalın o biri tayını isə özünün sağ qoluna keçirdi. Bu qaydada ikinci adam özünün sol, Dəyanətin isə sağ qolunu qandalladı və kabineti tərk etdilər. Onların dalınca Fərman Əliyevlə Xələf Mənsimov ayağa qalxdılar. Mənsimov hələ də stolun üstündə qalmış Dəyanətin verdiyi konfetə nəzər saldı və onu götürüb Ağammədə sual dolu baxışlarla baxdı. Ağamməd yalnız çiyinlərini çəkib:

–  Xələf müəllim, burda çox şey taparsan, lakin bura necə daxil olduğunu bilə bilməzsən, – dedi.

Maşınlar yola düşdülər. Şəhərin küçələri tamamilə boş idi. Sanki işıqforlar da yolçuların tələsdiyini bilirdilər. Qarşıya çıxan işıqforlar yaxınlaşan maşınlara yaşıl işıqlarını yandırırdılar. Hava sakit idi, gündüz əsən xəzridən əsər-əlamət qalmamışdı. Səmada bulud görünmürdü. Hava ayaz idi.

Gecə yarısı Corat kəndinə çatdılar. Yolun kənarında onları gözləyən polis əməkdaşlarını gördükdə maşınlarını saxlayıb yerə düşdülər. Fərman Əliyev polis rəisi Ənvər Quliyevə yaxınlaşdı. Qısaca vəziyyəti məruzə etdi.

Dəyanətə yaxınlaşan müstəntiq Elxan Abdullayev onunla söhbət etdi. Dəyanət ifadəsini bir qədər dəyişdirərək sürücünün Fikrət tərəfindən qətlə yetirildiyini bildirdi. Həmin vaxt Samirə orada olmamışdı.

Müstəntiqin verdiyi: “Meyiti basdırdığınız yeri göstərə bilərsinizmi?” – sualına Dəyanət:

–  Gedəyin göstərim, – cavabını verdi.

Əməliyyat-axtarış qrupu tez hərəkətə gəlib Dəyanət olan maşını arxadan müşayiət etməyə başladı. Kənddən bir neçə kilometr aralandıqdan sonra qabaqdakı maşın sağa – bağlar massivinə tərəf döndü. Heç yüz metr getməmiş öndəki maşın dayandı.

Bəylər Bayramovun göstərişilə projektorlu  maşınların mühərrikləri işə salındı. Ətrafda hökm sürən sükunət pozuldu. Projektorların gur işığı Dəyanətlə gedən əməliyyatçıların yolunu işıqlandırırdı. Artıq nə küləyin vıyıltısı, nə də Xəzərin dalğalarının gurultusu eşidilirdi. Əməliyyatda iştirak edənlər sərt soyuğu hiss etmirdilər. Sanki keçirdikləri həyəcan onların qanının hərarətini yüksəltmişdi. Polislər irə- lilədikcə, dərindən nəfəs alır, havaya buraxdıqca, nəfəsləri projektorların işığında və havanın soyuq qatında dolanbac buxar kəmərinə çevrilirdi.

Dəyanət getdikcə addımlarını yeyinlətsə də, qolları qandallı olduğundan istəyinə nail ola bilmirdi. O, elə bil qəlbinə təskinlik vermək üçün içini didən xatirələri indicə açı- lacaq məzara gömmək istəyirdi.

Əməliyyatçılar Dəyanətlə bərabər məftillə hörülmüş çəpərin yanında dayandılar. Dəyanət əlilə hasarın dibinə yaxın yeri göstərib sürücünü burada basdırdığını dedi. Bəylər Bayramov əlində bel tutmuş polis əməkdaşlarına torpağı qazmaq tapşırığı verdi. Polislər Dəyanətdən təxminən hansı hissədən qazmaq lazım olduğunu soruşdular.

– Mənə elə gəlir ki, onu bu istiqamətdə basdırmışıq, – deyə o, əliylə torpağın bir qədər aşağı çökmüş yerini göstərdi, – baxın, bu sahə ətrafına nisbətdə çökmüşdür. Elə buranı da qazın, – dedi.

Polis işçilərləri qazmağa başladılar. Hal şahidlərindən və prokurorluğun müstəntiqindən savayı, hamı kənara çəkilmişdi. Uzun müddət açıq havada olmadığından Dəyanət acımış məxluq kimi hər tərəfə boylanırdı. Hərdənbir də başını arxaya verib ulduzlu səmaya tamaşa edirdi.

Onun bu hərəkəti Elxan Abdullayevin nəzərindən qaçmadı. “Bəşər övladı nə qədər vəhşi, zalım, qaniçən olsa da, yenə təbiətin gözəlliklərinə və sirlərinə  heyransız ötüşə bilmir”, – deyə bir anlıq düşündü. Belə bir soyuq havada biyabana çıxıb saatlarla bu cür istintaq hərəkətlərini aparmaq ürəyindən olmasa da, yaşadığı bircə anın mənasını, xüsusilə də mavi səmanın gözəlliyini dərindən duyunca, əhvalı dəyişdi, vücuduna bir rahatlıq gəldi. Başını qaldırıb səmanı xeyli seyr etdi. Buludlar arasından çıxmış Ay təzəcə köynəyindən çıxmış bir hilala  bənzəyirdi. Böyük Ayı və Saçlı qızlar bürclərinin ulduzları sayrışırdılar. Ölməz şair Mikayıl Müşfiqin “Gecə düşüncəsi” şeirinin ilk misraları qəlbinin dərin guşəsində səs-səsə verdi:

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

Həqiqətən də, Mikayıl Müşfiqin poetik lirikası, orta əsr görkəmli italyan rəssamı Rafael Santinin əsərlərinin lirik ricəti kimi canlı, incə, mənalı bir sözə, dərin fəlsəfəyə ma- likdir,  – deyə düşündü. “Görəsən, nə vaxtsa Müşfiqin məzarı tapılacaqmı? Görəsən, milyonlarla onu sevən insana şairin məzarını ziyarət etmək qismət olacaqmı?”- Elxan Abdullayev verdiyi suallara cavab tapa bilmədi.

Yorulduqlarına görə belləri öz yoldaşlarına verən polislərin səsi onu xəyaldan ayırdı. “Görəsən, hələ çox qazacaqlar?” – deyə fikrindən keçirdi. Məzarlıqda bellərin kənara atdığı torpağın xışıltısından və maşın mühərriklərinin saldığı səslərdən başqa heç bir səda eşidilmirdi.

Torpaq qumlu olduğundan çox asanlıqla qazılırdı və bu da onu göstərirdi ki, bu yer yaxın zamanlarda qazılıb kənara atılmış, sonra da yenidən yerinə doldurulmuşdu.

On dəqiqə keçdi. Birdən polis əməkdaşının torpağa vurduğu bel yumşaq bir əşyaya dəydi. O, torpağı götürüb kənara atdı, sonra cibindən çıxardığı fanarla açılan yeri işıqlandırdı. Çuxurda “xaki” rəngli parça görünürdü. Qazılan yerin daha yaxşı işıqlandırılmasını tələb etdi. Maşınlardan birini çuxura yaxınlaşdırıb projektorunu oraya tuşladılar. Bir neçə dəqiqədən sonra çuxurdan əynində hərbçi gödəkçəsi olan çürümüş bir meyitin qalıqları göründü.

Polis əməkdaşları cəsədin yan-yörəsindəki torpağı təmizlədikdən sonra onun dağılmış əzalarını ehtiyatla bir yerə toplayıb çuxurun kənarına qoyulmuş xərəyin üstünə yığ- dılar. Mənsimov Dəyanətin üzünə baxdı. Dəyanət isə çox soyuqqanlılıqla bu mənzərəyə tamaşa edirdi. Onun vicdan əzabı çəkib-çəkməməsini hiss etmək olmurdu.

Müstəntiq hiddət və nifrətini zorla birtəhər boğaraq Dəyanətdən soruşdu:

– Bu, taksi sürücüsünün cəsədidir?

– Bəli, odur!

– Axı o, tanınmaz haldadır, nədən tanıdın? – deyə Mənsimov soruşdu.

– Əynindəki gödəkçədən, bir də avtomat güllələrinin təpəsində, tapanca gülləsinin alnında açdığı deşikdən.

Mənsimov ordan aralanıb xidməti maşınında əyləşən rəisi Ənvər Quliyevə vəziyyəti qısaca məruzə etdi.

– Ənvər müəllim, taksi sürücüsünün cəsədi  tapıldı.

Prokurorluğun müstəntiqi, məhkəmə tibbi ekspertlə cəsədin müayinəsi ilə bağlı işləri görməyə başladılar.

– Mən belə hesab edirəm ki, polis işçilərindən bir qismi müayinə qurtarana kimi burada qalsın, Dəyanəti isə idarəyə aparaq. Sonra cəsədi meyitxanaya apararlar. O, tanınmaz vəziyyətdədir. Qohumlarını tanımaya dəvət edərik. Qalan işi müstəntiq özü görəcək. Sonra da nə problem çıxsa, müstəntiqə kömək edərik.

Ənvər Quliyev bir söz demədən meyit çıxarılan çalaya doğru addımladı.

Dan ulduzu öz parıltısıyla əməliyyatçıların diqqətini cəlb edirdi. Ondan aralıda isə ay halə şəklində mavi səmanın gözəlliyinə şahidlik edirdi. Lakin artıq Şərqdən – dəniz üzərindən dan yerinin tezliklə açılacağı hiss olunurdu.

Çürümüş cəsəd çaladan götürülüb kənarda xərəyin üstünə qoyulmuşdu. Sifətinin dərisi, demək olar ki, çürüdüyündən, qara rəngə çalırdı. Göz bəbəklərinin yerində iki müdhiş oyuq əmələ gəlmişdi. Əzələləri tamamılə çürüdüyü üçün əzaları bir yerə yığılmışdı.

Hər bir insanı bu hala düşmək gözləyir. Lakin biz bunu dəfələrlə görsək və şahidi olsaq da, inanmırıq. Bu səhnə nəsə yaddaşımıza bəzi hadisələr kimi həkk olunmur! Niyə? Axı bu hal gözlərimiz önündə, hər gün demirəm, həftədə bir dəfə canlansa, biz nə vəziyyətə düşərik? Həyata necə baxarıq? Bir-birimizə qarşı münasibətimiz necə olar? Hansı əməllərdən çəkinərik? Yəqin ki, onda xeyirxahlıq hər bir insanın həyat amalı ola bilər. Bu, mümkündürmü? Bəs alın yazısı? Fələyin oyunu?

Təfəkküründə baş qaldıran bu düşüncələr onu ucu-bucağı görünməyən dərin bir ümmana sürüklədiyini duydu.

Lakin: “Olacağa çarə yoxdur”,- deyib rəis geriyə dönərək tələsmədən xidməti maşınına doğru getdi. Köksündə yumrulanan daxili yükün ağırlığını hələ də hiss edirdi. Axı mərhumdan ötrü gözü yolda qalan, onun xiffətini çəkən, onu dünyaya gətirən və əzizləyən, sevən insanlar da vardı?!

Bu da həyatın imtahanı!!! Yaranışın mənası!!!

Ənvər Quliyev xidməti maşınının yanından ötərək üzüaşağı, yorğun ləpələri sahilə astaca çırpılan dənizə tərəf addımladı.

Hökm sürən sükunəti yalnız dənizin ləpələrinin çıxardığı şırıltı səsləri pozurdu. Bu səs həm də qan-tər içində bağrı çatlayıb yerdə uzanmış atın dərindən aldığı son nəfəsi idi elə bil…

Bir dəstə quş onun başı üzərindən uçaraq sahildən xeyli aralıda suya qondu. Qağayılar nədənsə gözə dəymirdilər.

Dənizdən əsən soyuq mehi məlhəm kimi ciyərlərinə çəkdikcə köksündə baş qaldıran və onu incidən ağrılar tədricən sakitləşməyə başladı. Ömər Xəyyamın rübaisindən bir beyt yadına düşdü:

Məhtabə çıxıb könlünü şad eylə ki, bir gün

Özlər də qəmər bizləri, bulmaz bu məkanda.

Bu qədər reallığı, həyatiliyi əks etdirən dahi Ömər Xəyyam! Bir gün də məni torpağa göməcəklər. Amma kimlər və necə?! Xoşbəxtliyin düsturunu kim müəyyən edib? Doğrudan da, Salon düz deyib: “Həyatını necə başa vurmasına görə demək olar kim xoşbəxtdir”. Həqiqətən, doğmalar arasında ruhunu sənə verənə qaytarmaq  ən böyük xoşbəxtlikdir. Lənətə gəlsin insanların həyatını zəhərləyən massonlar, Azərbaycanı qan çanağına döndərmək istəyən düşmənlər! Elə bir zəmanə gəlib ki, lap Hüseyn Cavid deyən kimidir:

Biri izlər, biri dəhşətlə qaçar,

Biri dovşan, biri qızmış canavar.

Üç qarış torpaq ikən son yatağın

Bu didişmək nəyə lazım bu qadar.

Keçirdiyi gərginlik onun yuxusunu tamamilə ərşə çəkmişdi. İdarəyə qayıtmağı qərara aldı. Ancaq əməkdaşlarına saat 10-dək istirahət etməyə icazə verdi.

Saat 08:45-də DİN-nin rabitə xəttinə qoşulmuş telefonun zəngi kresloda mürgüləyən rəis Ənvər Quliyevi diksindirdi. Dərhal telefonun dəstəyini götürüb:

– Ənvər Quliyev eşidir, – dedi.

– Ənvər müəllim, cənab nazir sizinlə danışmaq istəyir. Hazırsınızmı?

–  Bəli, hazıram.

Dərhal:

–  Ənvər müəllim, sabahınız xeyir, – deyə Ramil Usubovun səsini eşitdi,– bilirəm, gecəni yatmamısınız, yorğunsunuz. Ancaq nə etmək olar?! Respublikadakı vəziyyət bunu tələb edir. Nə məlumatınız var? Dəyanət Kərimovun dediklərini yoxladınızmı?

– Cənab nazir, Dəyanəti Bayıldan birbaşa Corat qəsəbəsinə gətirdik. Taksi sürücüsünü məzarlıqda basdırmayıb, kənarda basdırıb, Bağlar massivində, şosse yoldan bir qədər aralıda. Yerini göstərdi, qazdıq. Dəyanət meyiti tanıdı. Meyitin əynində əməliyyat-axtarış işində təsvir edilmiş paltarlar vardı. Mərhum Nuruyev Əhsən Ağabala oğlu 1994-cü ilin fevral ayının sonlarından itkin düşmüşdü. Dəyanət arvadı Samirə ilə Bakı Hava Limanında onun QAZ-24 markalı maşınına minərək Sumqayıt şəhərinə gəlib, sonra isə Corat qəsəbəsinə gediblər. Maşını ələ keçirmək üçün onu Corat qəsəbəsinin girəcəyində, dəniz kənarında qətlə yetiriblər. Prokurorluğun müstəntiqi hal-hazırda onu dindirir. Cənab nazir, mənə  belə gəlir ki, biz bir çox bağlı cinayətlərin üstünü açacağıq. Bu, mütəşəkkil cinayətkar qrupun işidir. Dəyanət təkbaşına bu işləri görə bilməzdi.

Quliyevin məruzəsini bitirdiyini hiss edən Ramil Usubov:

–  Ənvər müəllim, əməliyyat işlərini qaldırın. İtkin düşənlərin Dəyanət Kərimovla hər hansı bir münasibətləri olub-olmadığını yoxlayın. Prokurorluqla əməkdaşlığınızı bir qədər də çevik edin. Mütəmadi olaraq mənə məlumat verin. Sağ olun.

Dəstəyin yerinə qoyulduğunu hiss edən rəis Ənvər Quliyev də dəstəyi yerinə qoydu. Mədəsində baş qaldıran aclıq hissi onu nahar etməyə məcbur etdi.

 

(Ardı var)