ACI HƏQİQƏT

18

(Əvvəli ötən saylarımızda)

***

Sumqayıt şəhər Polis İdarəsinə gətirilən Dəyanət Kərimovun nikahsız arvadı Ələkbərova Samirə Vaqif qızı və qardaşı Ədalət əməliyyat işçilərinin suallarına heç bir müsbət cavab vermədilər. Cavablarından belə çıxdı ki, onlar “nə dəvə görüblər, nə də onun qığını”.

Cinayət işinin istintaqı nəyəsə ilişib qalmışdı.

Halbuki cinayətin qısa müddətdə açılması üçün bütün işlər ortadaydı. Əsas da maddi sübut olan “Volqa” maşını və onun üzərində tapılmış izlər. Yalnız bircə yol qalırdı, o da Dəyanət Kərimov idi.

Polis rəisi vəziyyəti bir daha müzakirə etmək və məsləhətləşmək üçün müavinləri T.Ağayevin, B.Bayramovun, cinayət-axtarış şöbəsinin rəisi F.Əliyevin və onun müavini X.Mənsimovun iştirakıyla saat 17:45-də əməliyyat müşavirəsi keçirdi. Polkovnik Ənvər Quliyev:

– Bəylər müəllim, siz Dəyanət Kərimov barəsində və keçən ilin yayından itkin düşmüş QAZ-24 markalı “Volqa” avtomaşınının sürücüsünün bizim axtarışda əməliyyat işinin olub-olmaması haqqında məlumat əldə edə bildinizmi? – deyə soruşdu.

– Bəli, Ənvər müəllim. Dəyanət Kərimovu keçən ilin dekabrında MTN əməkdaşları  tərəfindən aparılan əməliyyat nəticəsində tutulması və yeddi il azadlıqdan məhrum edilməsi, hal-hazırda  isə Bayıl İstintaq Təcridxanasında olması barədə tam məlumatımız vardır. Şöbəyə gətirilən “Volqa”nın həm özü, həm də sürücüsü keçən ilin yayından axtarışdadır. Əməliyyat nəticəsində bizə bəlli olmuşdur ki, 27.02.1994-cü il tarixdə bir qız ilə bir oğlan hava limanında həmin “Volqa”ya minmiş, sonra sürücü maşınla birgə yoxa çıxmışdır.

“Volqa”ya baxış keçirilmişdir. Sürücünün oturacağında qurumuş qana oxşar ləkələr aşkar edilmişdir. Sürücünün oturacağının üst damında isə iki deşik vardır. Biz belə hesab edirik ki, həmin deşiklər avtomatdan açılan “oçerd” atəşin nəticəsində əmələ  gəlmişdir. Cinayətdə şübhəli bilinən şəxs kimi polis idarəsinə gətirilən Dəyanətin qardaşı Ədalət və nikahsız yaşadığı Samirə bizim suallarımıza qaneedici cavab vermədilər. Onların hər ikisi qarajları olmadığını iddia edirlər. Mən şöbəmizin əməkdaşları ilə məsləhətləşdim və belə qərara gəldik ki, Bayıl istintaq təcridxanasında saxlanılan Dəyanətlə söhbət edək. Mən əminəm ki, Xələf müəllim onunla söhbət etsə, müsbət nəticə əldə edəcəyik. Çünki Xələf müəllim onu çoxdan tanıyır və həm də Dəyanətin ona hörməti vardır.

Babayev fikrini deyib oturdu. Ənvər Quliyev dedi:

– Bəylər müəllim, çox sağ olun. Siz qısa bir zamanda çox dəyərli məlumatlar toplamısınız. Əgər başqa təklifi olan yoxdursa, onda icazə verin mən cənab nazirə zəng edim.

Sonra Ənvər Quliyev Daxili İşlər Nazirliyinin rabitə xəttinə qoşulmuş telefonun dəstəyini götürüb nazir Ramil Usubovun qəbul otağına zəng etdi. Növbətçidən nazirlə danışmaq üçün ona bu barədə məlumat verməyi xahiş etdi.

Növbətçi:

–  Baş üstə, bircə dəqiqə dəstəyi yerinə qoymayın, indi məruzə edirəm.

Telefonun dəstəyindən növbətçinin başqa telefonun dəstəyini götürməsi və onun nazirlə danışığı eşidildi:

–  Cənab nazir, Sumqayıt şəhər polis idarəsinin rəisi Ənvər Quliyev sizinlə danışmaq istəyir.

Nazir:

–  Birləşdirin, – dedi.

Nazirin telefonun dəstəyini qaldırdığını duyan Ənvər Quliyev:

– Axşamınız xeyir, cənab nazir. Danışan Ənvər Quliyevdir. Sizi narahat etdiyimə görə üzr istəyirəm.

– Salam, Ənvər müəllim. Naməlum cəsədin tapılması ilə bağlı əməliyyat-axtarış işiniz necə gedir? Bir məlumat varmı?

– Cənab nazir, elə o işlə bağlı sizi narahat edirəm. Artıq şübhəli şəxsləri müəyyən etmişik. Onlardan biri Dəyanət Kərimov Bayıl İstintaq Təcridxanasında saxlanılır. Qanunsuz odlu silah gəzdirdiyinə görə 7 il həbs cəzasına məhkum edilib, “omon”çudur. Xahiş edirəm, Bayıl İstintaq Təcridxanasının rəhbərliyinə göstəriş verəsiniz ki, bizim əməliyyatçılar onunla görüşə bilsinlər. Zərurət olarsa, bizim istintaq təcridxanasına etap etsinlər. Lazım olan sənədləri sabah göndərərik.

– Quliyev, göstəriş verəcəyəm. Lakin yeni bir nəticə əldə etsəniz, vaxtın gecliyindən asılı olmayaraq, mənə dərhal məlumat verin. Onsuz da səhər saat 5-dək işdə oluruq.

– Baş üstə, cənab nazir. Sumqayıt Polis İdarəsinin də əməkdaşları elə siz dediyiniz iş rejimində işləyirlər.

– Sağ olun, – deyib Ramil Usubov dəstəyi yerinə qoydu.

Ənvər Quliyev onun komandasını səbirsizliklə gözləyən əməkdaşlara nazirdən razılıq aldığını bildirdi.

Polis idarəsindən çıxan Fərman Əliyev və Xələf Mənsurov “Jiquli” maşınına oturdular. Gecə saat 12-nin yarısı olardı. “Jiquli” sürətlə yerindən tərpənib Sumqayıtın baş küçələri ilə Sumqayıt-Bakı istiqamətinə aparan yola doğru şütüyürdü. Yollar, demək olar, bomboş idi. Bu, onların Bayıl İstintaq Təcridxanasına tezliklə çatacaqlarına imkan verirdi.

Doğrudan da, heç iyirmi dəqiqə keçməmiş onlar Bayıl həbsxanasına çatdılar. Məlumatlar var ki, XX əsrin tanınmış şəxslərindən biri sayılan İosif Vissarianoviç Çuqaşvili – Stalin də bu həbsxanada bir müddət yatıb.

Stalin Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı  Məhəmməd Əmin Rəsulzadəni bu həbsxanadan azad edib özü ilə Moskva şəhərinə aparmışdır…

Xələf Mənsurov dəmir qapını döydü və eyni zamanda divardakı düyməni basdı. Ayaq səsləri eşidildi. Qapının yuxarısında olan kiçik nəfəslik açıldı.

Fərman Əliyev vəsiqəsini açıq nəfəsliyə uzatdı. Uzanan əl onu götürüb baxdı və dəmir qapını açıb onları içəri dəvət etdi. Onlar Bayıl həbsxanasının ərazisinə daxil olan kimi dəmir qapı arxalarınca bağlandı.

Gün ərzində Bayıl həbsxanasına gəlib-gedənlər arasında müstəntiqlər sayca üstünlük təşkil edirdilər. Bu sətirlərin müəllifi də Bayıl həbsxanasına çox ayaq döymüşdü. Lakin bura onun  üçün ən arzuolunmaz yer idi. Çünki spesifik kif qoxusu verən dindirmə otaqları, xüsusən də döşəməyə bərkidilmiş stol və stullar  həmişə onu sıxırdı…

… Nəzarətçi onları təcridxananın rəis müavini Ağamməd müəllimin iş otağına apardı. Qapını döyüb içəri keçdi və  farağat dayandı:

–  Rəis, qonaqlar gəldi, – dedi.

Fərman Əliyev və Xələf Mənsirov içəri keçib rəis müavini Ağammədlə görüşdülər. Kabinet sahibi onlara masa ətrafında qoyulmuş stulları göstərərək:

–  Buyurun, əyləşin, – dedi.

Qonaqlar yerlərini rahatladıqdan sonra o:

– Gəlişinizin səbəbini bilirəm. Bu haqda nazirimiz Ramil müəllimin tapşırığını mənə çatdırıblar. Dəyanəti gətirsinlərmi?!

Fərman Əliyev:

–  Hə, nə qədər tez gətirsələr, biz də işimizi bir o qədər tez qurtararıq, – dedi.

Ağamməd qapının astanasında dayanan nəzarətçiyə:

– Dəyanət Kərimovu gətirin, – deyə göstəriş verdi.

Bir neçə dəqiqədən sonra qapı yenidən döyüldü. Kabinet sahibi hündürdən:

– Gəlin, – dedi.

Qapı açıldı. Nəzarətçi Dəyanət Kərimovu əlləri qandallı içəri gətirdi. Rəis müavini ona oturmağı təklif etdi. O, qonaqlarla salamlaşıb onlarla üzbəüz oturdu.

Ağamməd müəllim nəzarətçidən Dəyanətin qollarındakı qandalları açmağı tapşırdı. Qandal açıldıqdan sonra Dəyanət biləklərini ovxaladı.

O, Xələf Mənsimovu çoxdan tanıyırdı. Ona görə də ona müraciət etdi:

– Xələf müəllim, necəsiniz? Xeyir ola, məni görməyə gəlmisiniz? – deyə cibindən bir konfet çıxarıb Xələfin qarşısına qoydu, – çayı bununla içsəniz daha xoş olar, – dedi.

Mənsimov ömründə birinci dəfə idi ki, belə gözəl bükümü olan konfet görürdü. Bu, heç vaxt yaddaşından silinməyəcəkdi. Lakin daxili hissini gizlədərək bu yaraşıqlı gəncin gözlərinə diqqətlə baxdı. Səsinə səmimilik tonu verərək:

–  Dəyanət, konfetə görə çox sağ ol. Mən bunun üçün səni görməyə gəlməmişəm. Qardaşın Ədalət və arvadın Samirə də şöbədədirlər. Qarajından QAZ-24-ü də götürmüşük. Qardaşın da, arvadın da bizə hər şeyi danışıblar. İndi isə hadisənin necə baş verdiyini, sürücünün meyitinin harada basdırıldığını səndən öyrənmək istəyirik.

Dəyanət bu sözlərdən “nokdaun” vəziyyətinə düşsə də, soyuqqanlılığını qorumağa çalışdı:

– Mənim qarajım yoxdur. Mən heç kimi də öldürməmişəm, – dedi. Lakin cavabının Xələf Mənsimova inandırıcı təsir bağışlamadığını duyunca sarsıldı.

Fərman Əliyev:

– Dəyanət, cinayətini könüllü boynuna alsan, məhkəmə sənə cəza təyin edəndə bunu mütləq nəzərə alacaq. Sən yaxşı fikirləş, “Volqa”nın güllə yerləri durur. Samirə və qardaşının ifadəsindən başqa, sizin “Volqa”da oturduğunuzu görən sürücülər də  var. Onlar sizi dərhal tanıyacaqlar.

Bu, artıq onun üçün “nokaut” idi. Dəyanət başını aşağı saldı və fikrə qərq oldu. Həbsxanada yatdığı bu aylar ərzində aldığı dərslərin ona heç cür kömək edə bilməyəcəyini dərk edincə:

– Mən sizə sürücünün harаda basdırıldığı yeri deyə bilərəm. İstəsəniz, göstərə də bilərəm, – dedi.

Fərman Əliyev dedi:

–  Dəyanət, sizin söylədiklərinizi müstəntiq könüllü etiraf kimi sənədləşdirəcək.

– Dəyanət, – deyə Xələf Mənsimov dilləndi, – sən bu cinayəti necə törətdiyini bizə danış.

– Xələf müəllim, 1994-cü ilin fevral ayında tanışım Samirə ilə gecə yarısı Bakı şəhər aeroportunda tutduğum QAZ-24 markalı taksi ilə evə qayıdırdıq. Yolda sürücü ilə yolxərci üstündə mübahisəmiz oldu. Məni döyəcəyini görüb gödəkçəmin altındakı avtomatdan atəş açaraq onu yaraladım. O ölməmişdi, çəkib arxa oturacağın üstünə uzatdım. Sonra sükanın arxasına oturub dəniz qırağına gəldim. Gördüm ki, sürücü ölüb, qorxdum, onun meyitini aparıb Corat qəbiristanlığının yanında basdırdım. Məni həmin yerə aparsanız, göstərə bilərəm. Maşını da aparıb öz qarajıma qoydum. Bir neçə aydan sonra məni həbs etdilər. Qısaca bu qədər!

– Dəyanət, sən bu barədə istintaq təcridxanasının rəisinin adına bir ərizə yaz. Bu ərizə sənin səmimi etirafın kimi cinayət işinə əlavə ediləcək. Məhkəmə cəza təyin edəndə bunu nəzərə alacaq. Ağamməd müəllim, xahiş edirəm, Dəyanətə şərait yaradasınız ki, o, sizin rəisin adına ərizə yazsın, – deyə Mənsimov Ağammədə müraciət etdi.

– Xələf müəllim, Dəyanət qonşu otaqda oturub bu ərizəni yaza bilər.

Rəis müavininin çağırışı ilə nəzarətçi gəldi, Dəyanət və Xələf Mənsimovla bərabər qonşu otağa keçdilər.

Çox hadisələrin şahidi olan əməliyyatçılar Dəyanətin vicdan əzabı çəkmədən sakit danışdığı bu cinayət hadisəsinə ürək ağrısı ilə qulaq asdılar, daxilən Xaliqin belə bir cəlladı nə üçün yaratdığının səbəbini dərk edə bilmədilər.

Kabinet sahibinin icazəsilə Əliyev xüsusi rabitə ilə rəisi Ənvər Quliyevə zəng edib vəziyyəti təfsilatı ilə danışdı. Dəyanətin Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlama hissəsinə aparılması üçün xüsusi dəstənin yollan- masını, Corat qəbiristanlığında eksqumasiya aparılması üçün texniki vasitələri qəbiristanlığa gətirib hazır vəziyyətdə olmasını  xahiş etdi.

(Ardı var)