ACI HƏQİQƏT

54

(Əvvəli ötən saylarımızda)

Polkovnik Ənvər Quliyev kabinetinə daxil olub nazirliyin xüsusi rabitəsi vasitəsiylə daxili işlər naziri general-polkovnik Ramil Usubova aldığı məlumat barədə ətraflı məruzə etdi. Bu məlumatın doğru olub-olmamasına əmin ol- maq üçün qəbiristanlıqda texnika vasitəsilə axtarış aparacaqlarını da bildirdi. Ramil Usubov onun təklifi ilə razı ol- duğunu qeyd edərək, nəticəsi barədə dərhal məlumat verilməsini də tapşırdı.

Rəis məlumatın, doğrudan da, xüsusi əhəmiyyət kəsb etdiyini dərk edərək şəhər prokuroruna bu barədə məlumat verilməsini vacib bildi. Şəhər prokuroru Mahmud Nəbiyevin telefonunun nömrəsini yığdı. Bir neçə siqnaldan sonra dəstəkdə prokurorun səsi eşidildi:

–  Nəbiyev eşidir!

– Mahmud müəllim, salam. Ənvər Quliyevdir. İndicə bizə Corat qəsəbəsinin qəbiristanlığında Ayaz Mütəllimovun adamları tərəfindən bir maşın silahın basdırılması barə- də məlumat daxil olmuşdur. Məlumat polisin etibarlı şəxsi tərəfindən verilmişdir. Mən belə qərara gəlmişəm ki, qəbiristanlıqda axtarış aparaq. Siz nə məsləhət görürsünüz?

– Ənvər müəllim, mən axtarış aparılmasına etiraz etmirəm. Lakin axtarışı elə aparın ki, kimsənin qəbri zədələnməsin. Bu, çox ciddi məsələdir.

– Mahmud müəllim, narahat olmayın. Özüm axtarışa nəzarət edərəm. Sizə də əlavə məlumat verəcəyəm.

– Sizdən məlumat gözləyirəm.

– Baş üstə. Sağ olun.

– Sağ olun.

Rəis Tahir Ağayevin yanına çağırılması barədə göstəriş verdi. Kabinetə daxil olan Ağayevə dedi:

–  Tahir müəllim, bir Belarus ekskavatoru tapın. Yəqin ki, şəhərin tikinti təşkilatlarında bir saz ekskavator tapmaq olar. Əməkdaşlara da tapşırın ki, isti geyinsinlər. Çünki qəbiristanlıq dənizə yaxın bir yerdədir. Xəzərin küləyi soyuq havanı daha da sərtləşdirir. Bir yük maşını da olsun. Axtarış üçün hər şey hazır olanda mənə məlumat verin, bir yerdə gedərik.

Bir saatdan sonra əməliyyat qrupu, başda Sumqayıt şəhər polis idarəsinin rəisi Ənvər Quliyev olmaqla yola düş- dü. Şəhərdə əhalinin diqqətini cəlb etməmək üçün maşınla Səməd Vurğun küçəsinə çıxdılar.

Yanvar ayının sərt günlərindən biri idi. Dəniz tərəfdən əsən soyuq külək adamın üzünü qılınc kimi doğrayırdı. İyirmi dəqiqədən sonra maşınlar qəbiristanlığa çatdılar.

Rəis maşından düşdü. Əməkdaşları arxası küləyə düzdü. Xidməti formanın yaxalığını qaldırmağa icazə verdi.

Məlumat verən şəxsin köməyi ilə qəbiristanlığın axtarış aparılacaq sahəsini müəyyən etdilər. Artıq onlardan əvvəl qəbiristanlığa gətirilmiş ekskavatorun sürücüsü öz işinə başlaya bilərdi.

Polkovnik Ənvər Quliyev son tapşırıqlarını verdi. Sürücü ekskavatoru işə saldı. Polis işçiləri dərhal soyuq kü- ləkdən canlarını qurtarmaq üçün maşınlarda gizləndilər. Ekskavatorun səsi xəzri küləyinin vıyıltısında və dəniz dalğalarının gurultusunda eşidilməz oldu.

Polis işçilərinin baxışları ekskavatorun kovanına  zillənmişdi. Kovan hər dəfə yerdən torpaq çıxaranda silah görəcəkləri ümidi ilə ətrafdakılar gərgin anlar yaşayırdılar.

Bir saatdan artıq qazma işi aparan ekskavator birdən dayandı. Kovanın bir daha yuxarı qalxmadığını görən polis rəisi maşından endi. Bunu görən müavin Tahir Ağayev də maşından düşərək ekskavatora tərəf yüyürdü. Ekskavatora çatıb sürücüyə qışqırdı:

–  Niyə dayandın?

– Rəis, kovanı qaldırıb-endirən qurğunun şlanqı partlayıb.

– Tez düzələr?

– Yox, şlanq tapmaq lazımdır.

Tahir Ağayev başqa bir söz deməyib geri döndü və maşının yanında gözləyən Ənvər Quliyevə yaxınlaşıb dedi:

–Ənvər müəllim, ekskavatorun şlanqı partlayıb. Yarım saata gedib yenisini gətirərəm. Ehtiyat üçün birini də da- nışmışam.

O, bunu deyib maşına oturdu və Sumqayıt şəhərinə doğru yola düşdü.

Həqiqətən, dediyi vaxtda geri qayıtdı. 10-15 dəqiqədən sonra Ənvər Quliyevə xarici markalı bir ekskavator gətirdiyi barədə məlumat verdi. Onlar maşına oturdular.

Rəis dedi:

– Tahir müəllim, mənim bu məlumatdan heç xoşum gəlmir. Mənə elə gəlir ki, biz burada silah yox, nəsə başqa şey aşkar edəcəyik. Özü də arzu olunmayan bir şey. Allah axırını xeyir eləsin.

– Ənvər müəllim, narahat olmayın. Görüşdüyümüz şəxs elə-belə adam deyil, çox ciddi adamdır. Tələsməyək, bir azdan məlumatın doğru olub-olmayacağının şahidi olacağıq,  – deyə Tahir Ağayev cavab verdi.

Gözlənilən vaxta ekskavator gəlib çatdı və işə başladı. Yenə hamının diqqəti ekskavatorun qalxıb-enərək torpağı qamarlayıb kənara tökən kovanına dikilmişdi.

Birdən növbəti dəfə torpaqdan çıxan kovanda paltarlı bir insan cəsədi göründü. Bunu müşayiət edənlərdən   çoxunun, necə deyərlər, ürəyi ağzına gəldi.

Polkovnik Ənvər Quliyev həyəcanla:

–Tahir müəllim, əməlli-başlı işə düşdük. Görün bir gəlib harada axşamladıq, – dedi.

Elə bu vaxt meyitin başı bədəndən ayrılıb yerə düşdü.  Ekskavatorçu kovanı bu vəziyyətdə yuxarıda saxlamalı oldu.  Axtarışda olanlar cəld maşınlardan düşüb oraya  qaçdılar. Gördükləri artıq çürümüş insan cəsədi idi.

Hadisədən həyəcanlanan Tahir Ağayev rəisinə nə de- yəcəyini bilmirdi. Bu, onun üçün çox gözlənilməz idi.  Axtarışın bu cür nəticələnəcəyini heç gözləmirdi.

Polkovnik dərhal prokurora bu barədə məlumat verməyi müavini Fərman Əliyevə tapşırdı. Eyni zamanda məh- kəmə-tibbi ekspertinin hadisə yerinə gəlməsinin təmin edil- məsinə göstəriş verdi. Nəzərləri Tahir Ağayevi axtarsa da, tapa bilmədi. Başa düşdü ki, o, hara və nə üçünsə gedib.

Hadisə yerinə gələn Sumqayıt şəhər prokuroru Mahmud Nəbiyevin və müstəntiq Elxan Abdullayevin gözləri qarşısında ürək parçalayan müdhiş bir səhnə açılmışdı.

Görəsən, bu bədbəxti kim və hansı məqsədlə qətlə yetirərək doğmalarını gözüyaşlı qoyub?!

 

***

 

Tahir Ağayev beşinci mikrorayonda qarşısına çıxan ilk mağazanın yanında maşını saxlatdırdı, düşüb mağazaya daxil oldu. Satıcının birindən müdirin harada olduğunu öy- rəndi.

–  Otağını mənə göstərin, – dedi.

Satıcı onu müdirin otağınadək müşayiət etdi. Ağayev müdirin kabinetinə daxil olub salam verdi. Özünü təqdim edib telefonla zəng etmək üçün icazə istədi. Ağayevi tanıyan mağaza müdiri:

– Tahir müəllim, buyurun, – deyib otaqdan çıxdı.

Ağayev nömrəni yığdı. Bir müddət keçdi, haçandan- haçana dəstəkdən səs gəldi. Cavab verən onun istədiyi adam idi. Ona təklikdə görüşmək lazım olduğunu söylədi. “Yaxşı”   cavabını eşidən kimi dəstəyi yerinə qoyub çıxdı.

Sumqayıtda işlədiyi müddətdə artıq onların vəziyyətdən asılı olaraq əvvəldən müəyyən olunmuş görüş yerləri vardı. Ona görə telefonda harada görüşəcəkləri barədə bir kəlmə də danışmadılar. On beş dəqiqədən sonra onlar görüşdülər.  O, həyəcanını gizlədə bilməyib:

–  Allah evini tiksin, sən bizi işə saldın, – dedi, – bu, nə məsələdir?  Silah əvəzinə meyit çıxdı.

Etibarlı şəxs soyuqqanlılıq və təmkinlə cavab verdi:

– Tahir müəllim, narahat olmayın. Tapdığınız bir taksi sürücüsünün cəsədidir. Bakıda aeroport yaxınlığında Corat sakini Dəyanət Kərimov və onun arvadı tərəfindən öz taksisində öldürülüb. Maşının damında iki güllənin açdığı deşik və oturacağında isə qan ləkəsi vardı. Bu maşın Dəyanətin qardaşı Ədalətin Corat qəsəbəsindəki qarajında gizlə- dilmişdi. Siz işinizi davam etdirin. İndiyədək gizli qalan çox hadisələr sizə bəlli olacaq.

Hadisə yerində isə artıq prokurorluğun əməkdaşları soyuq şimal küləyinin qandondurucu təsirinə baxmayaraq, hal şahidlərinin iştirakı ilə qeydlər aparır, fotoşəkillər çəkir, çürümüş cəsədin üstündə qala biləcək cinayət izlərini aşkara çıxarmağa çalışırdılar. Prokuror polis rəisinə zarafatla:

–  Ənvər müəllim, ə bə qardaş, bəs silahlar nə oldu? – deyərək onsuz da qanı qaralmış polis rəisini qapıldığı məyusluq hissindən qoparmağa çalışdı.  Ənvər Quliyevin, necə deyərlər, ürəyindən qara qanlar axırdı. Cinayətin açılma ehtimalının çox az olması haqqında fikirləşirdi. Gözü isə yolda, Sumqayıt tərəfdən gələn maşınlarda qalmışdı. Ürəyində: “Bəs bu Tahir Ağayev harda qaldı?” – deyə öz-özünə sual verdi.

Kəsə yolla hadisə yerinə qayıdan Ağayev furaşkasını gözlərinin üstünə basıb meşin kəmərlə çənəsinin altında birləşdirən rəisinin tez-tez yola tərəf boylanaraq narahatlıq keçirdiyini uzaqdan görmüşdü.

Ona görə də küləyə sinə gərərək rəisini narahatçılıqdan qurtarmaq üçün iri addımlarla gəlmək istəsə də, çətinlik çəkirdi. Çünki ayağını yerdən üzər-üzməz güclü, sərt külək onu geriyə itələyir, qum dənəciklərini sifətinə çır- pırdı. Sol əli ilə külək papağını aparmasın deyə, onu başında saxlamağa çalışırdı. Bu da onun hərəkətini daha da çətinləşdirirdi.

Ənvər Quliyev növbəti dəfə yola baxarkən arxadan Tahir Ağayevin çox zəif səsini eşitdi:

–Rəis, heç narahat olmayın, bütün məsələni aydınlaşdırdım.

Qulaqlarını soyuqdan qorumaq üçün papağının qulaqlarını aşağı salan prokuror Mahmud Nəbiyev Ağayevin dediklərini eşitməsə də, üzündəki ifadədən onun xeyir xə- bərlə geri döndüyünü duydu. Ənvər Quliyev xəzrinin vıyıltısından, dəniz dalğalarının gurultusundan uzaq olmaq üçün Tahir Ağayevə və Mahmud Nəbiyevə maşında oturmağı təklif etdi. Onlar maşına oturanda sürücü istər-istəməz isti yerini tərk edib sərt şimal soyuğunun qoynuna atıldı.

Rəis dilləndi:

– Ay Tahir müəllim, gəl çıx də. Səhərdən gözümüzün kökü saraldı. Bu qədər nigarançılıq olar?! Bir tərəfdən  də Mahmud müəllimin zarafatyana qınağı ovqatımı pozub. De görüm, etibarlı adamının başımıza açdığı nə oyundu?

Tahir Ağayev köksünü ötürüb ruhuna əmin-amanlıq çökmüş insan kimi etibarlı adamının dediklərini təkrar etdi.

Prokuror və rəis bir anlıq düşüncələrə qərq oldular. Hərəsi ayrı-ayrılıqda: “Bundan sonra nə etmək lazımdır?”- deyib özlərinə verdikləri suala özləri də cavab axtarırdılar.

Birinci Mahmud Nəbiyev dilləndi:

–  Ənvər müəllim, hadisə yerinin müayinə protokolu əsasında bu gün – 23 yanvar 1996-cı il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə mən cinayət işi başlayacağam. Siz isə təcili əməliyyat-axtarış qrupu yaradıb, buradakı işinizlə paralel olaraq bizimlə, yəni prokurorluqla sıx əlaqədə cinayətkar şəxslərin tapılıb həbs edilmələri üçün əməliyyat işinə başlayacaqsınız. Demək olar ki, şübhəli şəxslər artıq bizə bəllidirlər. Bunlar bir ailənin üzvləridir. Onların olduğu yer, yaşadıqları ünvan dərhal müəyyən olunmalıdır. Maddi sübutların əldə edilməsi üçün əməliyyat tədbirləri də təcili həyata keçirilməlidir.

Ənvər Quliyev vaxt itirmədən xidmət üzrə müavini Tahir Ağayevə, idarənin cinayət-axtarış şöbəsinin rəisi Fərman Ağayevə və müavini Xələf Mənsimova bir saatdan sonra kabinetində olmalarını tapşırdı. Mahmud Nəbiyevdən onun hadisə yerində lazım olmadığını öyrəndikdən sonra şəhər polis idarəsinə qayıtdı. Rəisin dediyi vaxtda əməliyyat müşavirəsi başladı. O, hadisə barədə qısa məlumat verdi. Tahir Ağayev isə etibarlı şəxsdən aldığı məlumatı cinayət-axtarış şöbəsinin rəhbərlərinə danışdı.

Polkovnik Ənvər Quliyev bundan sonra iştirakçıların fikrini bilmək istədi.

Əməliyyat işləri üzrə rəis müavini Bəylər Bayramov təcili olaraq etibarlı şəxslə cinayət-axtarış şöbəsinin əməkdaşlarından birinin yenidən görüşməsinin zəruriliyini vurğu- ladı. Çünki alınmış məlumat hərtərəfli deyildi. İkincisi, bu məlumatın əsl mənbəyi bəlli olmadan və ondan ətraflı məlumat almadan hər hansı əməliyyat-axtarış işi aparmaq müm- kün olmayacaqdı.

Tahir Ağayev Bəylər Bayramovun bu təklifinə etiraz etdi. Məlumat mənbəyinin ondan başqa kiməsə bəlli olmasının məxfiçilik prinsipinə zidd olduğunu bildirdi. Mü- bahisənin uzanacağını başa düşən Ənvər Quliyev işə qarışmağın vaxtı çatdığını hiss edərək dedi:

– Cənab zabitlər, mən hər iki tərəflə razıyam. Lakin yaranmış vəziyyətin mürəkkəbliyini də nəzərə alın. Qəbiristanlıqdan kənar bir yerdə naməlum kişi cəsədi tapılıb. İşi tezliklə açmasaq, vəziyyətimiz yaxşı olmayacaq. Çünki ağır cinayətlərin açılma faizi kəskin sürətdə aşağı düşəcək.

Digər tərəfdən, Tahir müəllim, etibarlı şəxslə ikinci dəfə görüşüb gələndən sonra aldığınız məlumat əsasında dediniz ki, hələ gizli məqamlar çoxdur, onlar açılmalıdır. Ona görə də mən təklif edirəm ki, Xələf müəllim sizin etibarlı adamınızla görüşsün. Sonrakı əməliyyat işlərini yalnız bundan sonra planlaşdıra bilərik. Vaxtımızın az olduğunu nəzərə alaraq, sizdən xahiş edirəm ki, bütün əməliyyat hərəkətlərini cəld və qanunun tələblərinə əməl olunmaqla icra edəsiniz.

Müşavirə bitdi. Tahir Ağayev ilə Xələf Mənsimov danışa-danışa kabinetdən çıxdılar.

(Ardı var)