ACI HƏQİQƏT

63

(Əvvəli ötən saylarımızda)

Tahir Kazımov Dəyanəti diqqətlə dinlədi. Söylədiyini analiz edərək bunların həqiqətə uyğun olmadığını dərk etdi və başa düşdü ki, əgər dindirmənin taktikasını dəyişməsə, “həbsxana məktəbi” keçmiş Dəyanəti səmimiyyət yoluna gətirmək mümkün olmayacaq. O ayağa qalxıb dedi:

–  Dəyanət, sən ibtidai istintaqda əvvəllər verdiyin ifadəni təkrarlayırsan, düz danışmırsan. Sizin baxışlarınızdan mən bunu hiss edirəm. Tökdüyün nahaq qanlar səni boğur. Əgər istəyirsənsə, bu yüklərdən, sıxıntılardan azad olasan, rahatlaşasan, onda ürəyini tam boşaltmalısan. Daxildən çəkdiyini bizimlə bölüşməyincə, ruh vəziyyətin də dəyişməyəcək.

Dəyanət, Tahir Kazımovun bu sözlərindən sonra bir qədər fikrə getdi. Hiss olunurdu ki, o, daxilən vəziyyəti götür-qoy edir. Lakin hansısa düşüncələri ona düzünü deməyə imkan vermirdi. Sanki o, iki yol ayrıcında çaşıb qalmışdı.

Stəkanlara süzülmüş çay soyuyub qalmışdı.

Dəyanətin ifadə verməkdə tutduğu mövqe istintaqçıları bir qədər pərt etsə də, bunu büruzə vermirdilər. Çünki onlar əsl sübutlarını ortaya qoya bilməmişdilər.

Nəhayət, düşüncələrdən ayrılan Dəyanət dedi:

– Mən hər şeyi düz deyirəm, heç nəyi gizlətmirəm.

Kazımov başını bulayıb müstəntiq Abdullayevə müraciət etdi:

– Siz dindirməni davam etdirin, mən bir azdan gəlirəm.

Otaqdan çıxarkən dedi:

– Dəyanət, yenə də bir fikirləş. Fikrət və Şəmsi Abdullayevlə üzləşə bilərsən. Mənsə bunu istəmirəm. Çünki onda sənin vəziyyətin daha da pisləşə bilər.

Şəmsinin adının Kazımov tərəfindən çəkilməsi onu ani olaraq həyəcanlandırsa da, dedi:

– Tahir müəllim, bəlkə də, ola bilsin Fikrət və Şəmsi Afiyəddin Cəlilovu qətlə yetiriblər. Lakin mən bu cinayətdə iştirak etməmişəm.

– Yaxşı, onda özün bil, – deyib Tahir Kazımov otaqdan çıxdı.

Kazımovun geri qayıtması iki saatdan çox çəkdi.

Dindirmə otağına daxil olarkən Dəyanət Kərimov verdiyi ifadəsinin son sətirlərini oxuyurdu. Sonra o, qələmi götürüb protokoldakı sonuncu sətirdən sonra: “Protokolu oxudum, ifadəm mənim sözlərimlə düz yazılmışdır” cümləsini yazıb imza etdi.

Kazımov bir söz demədən əyləşdi. Dindirmə proto- kolunu alıb diqqətlə oxudu. Dəyanət beş epizodda – qəsdən adam öldürmə cinayətində yalnız cinayətin izlərini gizlətmək üçün meyitlərin basdırılmasında iştirak etdiyini etiraf etmişdi.

Afiyəddin Cəlilovun qətlə yetirilməsi ilə əlaqədar isə yalnız onu göstərmişdi ki, təşkil olunmuş əməliyyatda iştirak etsə də, Cəlilovu qətlə yetirə bilmədikdən sonra Şəmsi ilə o, cinayədə iştirak etməmişlər. İfadəsindən belə görünürdü ki, bütün cinayətlər Fikrətlə Elçin Əmiraslanovun təhriki və rəhbərliyi altında törədilmişdir.

Protokolda dindirmədə iştirak etdiyini təsdiq edən qeyd aparıb imzaladıqdan sonra onu müstəntiq Abdullayevə verdi. Çox təəssüf hissiylə Dəyanətə baxaraq dedi:

–  Dəyanət, sən istintaqa indiyədək məlum olan və istintaq sənədlərində öz əksini tapan faktlardan başqa bu gün bizə heç nə demədin. Qanunda səmimi etiraf deyilən bir hal var. İkinci dəfədir ki, sizə bu halı başa salıram. Siz istintaqa öz etirafınızla cinayətin açılmasına yardım, kömək etsəniz, məhkəmə tərəfindən cəza təyin olunan zaman bu hal nəzərə alınacaqdır. Özünüz bilin, onsuz da, Fikrəti Rusiyanın Krasnodar şəhərində tutmuşuq. Fikrəti gətirdikdən sonra o, hər şeyi açıb danışacaq.

Dəyanət yenə də susdu və heç nə demədi. Lakin dərindən nəfəs alaraq fikrə getdi. Onun daxilən təlatüm içində olduğunu çətinliklə duymaq olsa da, Kazımov bunu hiss etdi  və ona görə də dedi:

–  Dəyanət, sizə üç gün vaxt verirəm, fikirləşin. Bu müddət ərzində mən müstəntiqləri göndərəcəyəm Krasnodar şəhərinə. Fikrəti bir gündə dindirib qayıdacaqlar. Fikrət sənin cinayətlərini danışdıqdan sonra sənə heç bir kömək olunmayacaq, ancaq Fikrətə olunacaq.

Dəyanət başını aşağı salıb dinmədi.

Tahir Kazımov Abdullayevə Dəyanətin yenidən Qobustan həbsxanasına qaytarılması barədə göstəriş verdi. Bir neçə dəqiqə sonra polis nəfərləri içəri daxil oldu. Dəyanətin qollarına qandal vurub özləri ilə aparanda o:

– Tahir müəllim, tezliklə yenə görüşəcəyik – deyib otaqdan çıxdı.

Abdullayev kiçik makinanı götürüb çamadana qoydu. Dindirmə protokolunu da istintaq materialları olan qovluqda səliqə ilə yerləşdirdi, başını qaldırmadan dedi:

– Tahir müəllim, sizə belə gəlmir ki, Dəyanət tələyə düşən tülkü kimi özünə çıxış yolu axtarır?! İki dəfə Ali Məhkəmə tərəfindən etdiyi ağır cinayətə görə üst-üstə 30 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. İndi isə dedikləri cinayətlərin hər hansı bir epizodu üzrə cinayətin icraçısı kimi təqsiri sübut olunarsa, ömürlük həbs cəzası alacaq. Siz ona müəyyən dərəcədə şans verdiniz,  görək necə olur. Həm də o, Fikrətin həbs edildiyinə inandı. Sizi inandırıram ki, o, canının hayındadır. Mən sizin taktikanızı düzgün tapmışammı? – deyə sual dolu nəzərlərlə Kazımova baxdı.

Kazımov fikirli–fikirli:

–  Bəli, düz tapmısınız, – deyə cavab verdi.

 

Zindan

Dəyanət  Qobustan  həbsxanasında xüsusi təhlükəli canilər üçün ayrılmış birnəfərlik kamerada yerləşdirilmişdi. Bu kamera dəhlizin lap sonunda idi. Oraya çatmaq üçün bir neçə dəmir barmaqlıqlı qapıları keçmək lazım gəlirdi.

İndi bu anda o, nəzarətçilərin müşayiəti ilə dəhlizdə tələsmədən addımlayırdı. Kameraların kiçik nəfəslikləri hərdən açılır, artıq tanıdığı məhkumlar onu izləyir və bəzən də qapı arxasından onunla salamlaşırdılar. Budur, artıq o, öz yerinə çatdı. Nəzarətçinin əmriylə üzünü divara çevirdi. Arxadan qollarına vurulan qandal açıldı. O, öz yuvasına daxil oldu. Ağır qapı gurultuyla bağlandı. Açıq ayaqyolunun  üfunəti burnuna doldu, amma ürəyi bulanmadı. Artıq çoxdan bu məkana alışmışdı. Öz daxili mənini özünə həmsöhbət etmişdi.

O, yerə bərkidilmiş dəmir çarpayının üstündə oturdu. Sonra durub üzü dəmir barmaqlıqlara açılan nəfəsliyi açdı. Qobustan səhrasının soyuq, quru  havası içəri doldu. Yenə çarpayıda oturub düşündü. Nə etməli? O artıq edam kürsü- sünə çıxarılıb boynuna kəndir halqası keçirilən, ölümə məhkum edilmiş caninin yaşadığı anları yaşayırdı.

“Yox, hər şeyi ölçüb-biçmək lazımdır. Tahir Kazı- mov məni aldada da bilər, – deyə düşündü. – Deyir Fikrət tutulub, cinayətin kim tərəfindən törədildiyini açıb deyəcək. Desin də. Bundan imtina edib aradan çıxandan sonra Cəlilov qətlə yetirilib. Axı mən də Şəmsi kimi qətlin icrasından imtina edə bilərdim?!.. Necə ki, mən bu barədə ifadə verdim də. Ancaq Kazımov inanmadı. Niyə? O, əvvəlki müstəntiqlərdən fərqlənir, qabiliyyətlidir. Adamı inandırmağı bacarır. Ancaq Şəmsidən öncə Elçin də tutulub, ağır da cəza alıb. O da bu həbsxanada yatır. Axı Şəmsini bu işə cəlb edən də odur. Kazımov Elçinin adını niyə çəkmədi? Bu, çox maraq- lıdır. Elçin bu işin Cavadov qardaşlarının göstərişiylə icra edildiyini də bilirdi. Üç ildən çoxdur ki, yatır. Görünür, Elçin susur. Əgər Fikrət tutulubsa, onda mən nə etməliyəm? Tutaq ki, Cəlilovun qətlinə görə məsuliyyətdən yayındım. Bəs qalan qətllərin icrasından və ya onlarda iştirakımdan necə yayına bilərəm?”

Fikirləri, düşüncələri düşdüyü situasiyanın təhlili ilə məşğul olsa da, baxışları dəmir barmaqlıqlar arxasında olan azadlığa yönəlmişdi. Lakin belə getsə, o, ömrünü məhbəsdə başa vuracaqdı. Əməlləri, tökdüyü qanlar azadlığın yollarını onun üzünə artıq birdəfəlik bağlamışdı.

Kazımovla yenidən görüşənədək Dəyanət fikirlərinin əsarətindən xilas ola bilmirdi. İstintaqın gedişində tutacağı mövqe özünə də aydın deyildi.

Dəmir qapının kiçik nəfəsliyi taqqıltı ilə açıldı. Dəyanət çarpayıdan durub qapıya yaxınlaşdı. Məhkumlara nahar paylayırdılar…

… Prokuror Tahir Kazımovun kabinetində başlayan istintaq-əməliyyat müşavirəsi qısa müddətdə başa çatdı. Ha- mı yekdilliklə qərara aldı ki, Dəyanətə həqiqəti danışması üçün son şans verilsin. Bununla da istintaqa bəlli olmayan, Cəlilovun qətlində iştirak edən üçüncü şəxs müəyyən edilsin. O, bu epizodda ən mötəbər sübut daşıyıcısı olan şəxs olacaqdı.

Dəyanət beş gündən sonra yenidən xüsusi təyinatlı maşında Bakıya yola salındı. Mənzilə çatmaq üçün 80 kilo-metrdən artıq yolu bu qapalı maşında getməli idi.

“ İndi yenidən vəziyyətim haqda düşünə bilərəm”, – o fikirləşdi. – Kazımovla görüşüm ən azı iki saatdan sonra olacaq. Necə danışım? Nə edim? Bəlkə, elə susum? Yox, bu da çıxış yolu deyil. Bəlkə, əlimə yenidən düşən bu imkandan istifadə etdim. Çünki istintaq başa çatsa, mən bir də Günəşi, göydə üçüşan buludları azadlığın əlamətləri olan bu divarsız, tavansız, qapısız mühitdə görməyəcəyəm, əsən gilavarın, xəzrinin sifətimə dəyən yumşaq oxşamasını hiss etməyəcəyəm. İndi yazdır, bu fəsli çox sevirəm. Abşeron baharının xüsusi ab-havası və gözəlliyi var. Çinar ağaclarının yarpaqları təzəcə oyanıb, özü də yamyaşıldır. Altı illik həbsxana həyatımda əzab-əziyyətdən başqa heç nə hiss etməmişəm. Yalnız Sumqayıtda aparılan cinayət işində dörd dəfə qaranlıq səmanı, kükrəyən Xəzəri, xəzrinin kəsici soyuq küləyini gördüm və hiss elədim. Qəbiristanlıqda vaxtım keçsə də, qollarıma qandal vurulsa da, azadlıqda idim. Müstəntiqə elə ifadə verməliyəm ki, ifadəmi yoxlamaq üçün məni hadisə yerinə aparsınlar, heç olmasa bir anlıq da olsa bayırda olum. Bütün bunlar mənim həyatda yaşadığım sonuncu ən xoşbəxt anlar olacaq. Mən nə üçün əvvəllər bunları, azadlığın nəşəsini duymamışam? Duymamışam deməzdim, qanmamışam, dəyərləndirməmişəm.

Qəlbinin guşəsində hələ də gizlicə yaşayan insani hisslər onu ittiham etmir, sadəcə qınayırdı. Ani olaraq içindən bir səs gəldi: “Sən arzuna çatmaq istəyirsənsə, onda törətdiyin cinayətləri etiraf et. Bəlkə, uca Xaliq səni də, məni də bağışladı?!”

Bu onun artıq can üstündə olan vicdanından salamat  qalan bir duyğunun çağırışı idi.

Kazımov Abdullayevlə dindirmə otağında Dəyanətin gətirilməsini gözləyirdi.

Keçən dəfəki kimi Seyfəddin şahidi dindirmə pro- tokolunu makinaya salaraq özünün və Dəyanətin anket məlumatlarını yazdı. Polis işçisi qapını döyüb icazə aldıqdan sonra içəri keçdi  və Dəyanətin gətirildiyini bildirdi.

Dəyanət salam verdi. Ona göstərilən yerdə oturdu.

Kazımov otaqda var-gəl edirdi. Fikirli olduğundan içəri daxil olanlara o qədər də məhəl qoymadı. Polis əməkdaşları otağı tərk etdikdən sonra Dəyanətin qarşısında dayanıb diqqətlə onun gözlərinin içinə baxdı, psixoloji durumunu özü üçün aydınlaşdırmağa çalışdı və onun tərəddüd içində olduğunu anladı.

–  Dəyanət, fikirləşdinizmi? – deyə soruşdu.

Dəyanət gözünü Kazımovun baxışlarından yayındı- rıb başını aşağı saldı və dinmədi.

Kazımov:

–Dəyanət, müstəntiqlər Krasnodarda Fikrətlə görüşüblər. İlk dindirmə zamanı Fikrət Bakıya gətirildikdə bütün cinayətlər barədə ətraflı ifadə verəcəyinə söz verib. Lakin müstəntiqlər hal-hazırda konkret cinayətlər – qətllər barədə yenə də onu dindirməkdə davam edirlər. Bəs siz nə fikirləşirsiniz? Danışaq, yoxsa Fikrətin qayıtmasını gözləyək?!..

Tahir Kazımovun inamlı sözləri və Dəyanətin daxili xudbinliyi onun ruhunu didməyə başladı, könül rahatlığını tamamilə alt-üst etdi.

Tahir Kazımov dedi:

–  Dəyanət, Afiyəddin Cəlilovu qətlə yetirməyə kiminlə getmişdiniz?  Fikrətlə səni bilirik, üçüncü adam kim olub? Onun kim olduğunu artıq Fikrət müstəntiqlərə bildirib. Amma sənin xeyrinə onun adını sizdən eşitmək istəyirəm .

Dəyanət  başını qaldırmadan dedi:

–  Rövşən Cavadovun sürücüsü Səxavət. Şəmsi Abdullayev özünü bıçaqla vurandan sonra Rövşən Cavadov öz sürücüsü Səxavəti bizimlə göndərdi. Afiyəddinin yaşadığı evin blokuna Səxavətlə girdim. Fikrət isə qonşu binanın damına çıxıb Cəlilovun gəlməsini bizə xəbər verdi. Planı Fikrət işləyib hazırlamışdı.

Bu, istintaq qrupunun indiyədək əldə etmək üçün yorulmadan can atdığı son məqsəd idi. Ancaq Kazımov Dəyanətin qətlin bütün detallarını dəqiqliklə danışacağına inanmırdı. Dəyanət, çox güman ki, öz vəziyyətini yüngülləşdirmək üçün cinayətin, hadisənin bəzi hallarını yanlış deyə- cək, yaxud da heç deməyəcəkdi. Hər bir halda, Afiyəddin Cəlilovun qətlə yetirilməsinə dair cinayət işini açılmış hesab etmək olardı. O, düşüncələrinə yekun vuraraq dedi:

–  Seyfəddin müəllim, Dəyanətdən ətraflı lazımi qaydada ifadə alın. Onun polis bölməsinin müvəqqəti saxlama kamerasında hələlik yerləşdirilməsinə göstəriş verin və bu barədə lazımi prosessual qərar qəbul edin. Dindirməni tam bitirdikdən sonra tez prokurorluğa qayıdın və gəldiyinizi mənə dərhal xəbər verin. Dəyanət, biz sizin ifadənizi yerində yoxlayacayıq. Eləcə də səmimi etirafınızı cinayət işində qeyd edəcəyik.

Kazımov sözünü bitirib dindirmə otağından çıxdı. İndiki halda onun əsas məqsədi Səxavətin şəxsiyyətini müəyyən etmək idi.

(Ardı var)