ACI HƏQİQƏT

96

(Əvvəli ötən saylarımızda)

O, Eldar Həsənovun bu canfəşanlığının səbəbini də bilirdi. Bütün prokurorluğun strukturunu öz şəxsi maraqlarına tabe edən Baş prokuror bəzi hallarda istədiyinə nail olmurdu. Necə deyərlər, daş qayaya rast gəlmişdi. Ölkədə müstəqilliyin ilk aylarından yaranan və cəbhə hakimiyyətinin dövründə şölələnən xaos hələ də tam cilovlanmamışdı. Dövlət idarəçiliyinin bəzi sahələrində özbaşınalıq davam etməkdə idi. Düzdür, əvvəlki illərdən fərqli olaraq cəmiyyətdə qanunlar get-gedə işləməyə başlamışdı. Cəmiyyətdə qanuna hörmət var idi. Bütün bunlar Heydər Əliyevin canına qəsd edərək keçirdiyi yuxusuz gecələrin, istirahətsiz günlərinin nəticəsiydi. Lakin hələ də görüləsi işlər çox idi.

Ona görə də o, susmağı üstün tutdu. O, əmin idi ki, Fazil Muxtarov və Elşən Rəhimov nə Afiyəddin Cəlilovu, nə də onun sürücüsünü qətlə yetiriblər. Baş prokurorun da cinayətin kim tərəfindən sifariş verildiyini bildiyini güman edirdi. O həm də əmin idi ki, işin istintaqının Tahir Kazımova verilməsi son nəticədə bu “torbatikənləri” heç də yaxşı vəziyyətə qoymayacaq. Atalar yaxşı deyib: “Cücəni payızda sayarlar”.

– Yaxşı, Tahir müəllim, mən sizinlə razıyam. Gedin işi qəbul edin.

Söhbət bitdikdən sonra İsa Nəcəfovla Tahir Kazımov Baş prokurorun kabinetini tərk etdilər. Qəbul otağında onları gözləyən Rövşən Əliyevə İsa Nəcəfov:

–  Rövşən müəllim, siz gedə bilərsiniz, – dedi və Tahir Kazımovla birlikdə beşinci mərtəbəyə qalxıb kabinetə daxil oldular. Katibə Səadət xanım çay gətirdi.

– Tahir müəllim, sizdən bir tələbim var. İşin istintaqını obyektiv və düz aparın. Fazil Muxtarov bu cinayəti törətməyib, qatil Dəyanət Kərimovdur. O, peşəkar qatildir. Hadisədən bir neçə gün sonra şəhərdə sahibsiz 2108 “Jiquli” markalı avtomaşın tapılır. Onu 20-ci polis bölməsinə aparırlar. Baxış keçirilərkən avtomaşının salonundan RPQ-7 qumbaraatan, qumbaralar, konpesatoru və qundağı, bir neçə sandıqça patron tapılır. Polisin apardığı təhqiqat nəticəsində bəlli olur ki, bu avtomaşın Dəyanət Kərimova məx- susdur. Kalaşnikov avtomatının konpensatoru o zaman çıxarılır ki, ona səsboğucu qoyulsun. Avtomat patronları isə xü- susi patronlardır. Bu haqda DİN-nin kriminalistika idarəsi- nin rəyi var. İlkin sürəti aşağıdır. Bu patronlardan səsboğucudan istifadə edəndə atəş açırlar. Mən belə hesab edirəm ki, qətli Dəyanət Kərimov törədib. Lakin onun əməlini sübut etməyə dəlillərimiz azdır. Polis bölməsinə olan hücum nəticəsində maddi sübutlar götürülmüşdür. Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları haqsızlıq ediblər. İfadə alınmaqla və cinayəti etiraf etməklə cinayət açılmır. Siz peşəkar müstəntiqsiniz. İfadədəki etiraf yoxlanıldıqdan sonra, əgər bütün hallar təsdiqini taparsa, yalnız o zaman cinayət faktının açılmasından danışmaq olar. Fazilin ifadəsi alınmış, yoxlanılmışdır. O, iki qətlin icrasında iştirak edə bilməzdi. Əməllərin törədilmə prosesinə sərf edilən vaxt bunu sübut edir. İşi tam öyrənin, sonra sizinlə görüşərik.

– İsa müəllim, işi obyektiv aparacağam. 1995-ci il mart dövlət çevrilişinə sui-qəsdlə bağlı OMON-da başlanmış cinayət işinin bir epizodu üzrə istintaqa mən rəhbərlik etmişəm. Əminəm ki, bu iş açılacaq. Şəmsinin soyadı Abdullayevdir. Onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuşdur, əvvəl-axır biz onu tapacağıq. İşin gedişatı barədə mən sizə mütəmadi məlumat verəcəyəm. Ola bilsin ki, yaxın günlərdə 10-15 günlüyə məzuniyyətə getdim. Müalicə olunmaq istəyirəm. Son illərdə keçirdiyim sarsıntı, psixoloji və fiziki gərginlik məni taqətdən salıb. Lakin istintaq qrupunun hər bir üzvünə konkret tapşırıqlar verəcəyəm.

– Sizə uğurlar diləyirəm. Yaxşıca dincəlin.

– Sağ olun, İsa müəllim, – deyə Tahir Kazımov sağollaşdı və kabineti tərk etdi.

Cinayət işini Əli Əliyevdən alıb icraatına qəbul etdikdən sonra Tahir Kazımov istintaq qrupunun üzvləri ilə kiçik bir müşavirə keçirdi:

– Sizi toplamaqda məqsədim icraatımıza yeni bir cinayət işinin verildiyini bildirməkdir. Afiyəddin Cəlilovun və sürücüsünün qətlə yetirilməsi ilə bağlı cinayət işinin is- tintaqının davam etdirilməsi mənə tapşırılmışdır. İstintaq planını özüm tutaram. Ediləcək istintaq hərəkətlərini sizlərə tapşıracağam. Lakin siz də cinayət işinin materialları ilə tanış olmalısınız. İndi isə hadisə yerinə getməliyik.

Hadisə yerinə baxış keçirtməkdə məqsəd cinayətkarların hadisə yerinə gəlib qətli icra etdikdən sonra hansı yolla çıxıb getmələrini təxmini müəyyən etmək idi. Bunun da nəticəsində şahid bazası əldə edilə bilərdi. Lakin hadisədən uzun müddət keçirdi. Yeni şahidlərin müəyyən edilməsi çox çətin olardı. Tahir Kazımov bunu bilsə də, cinayəti açmaqda hər bir vasitədən istifadə etmək istəyirdi.

Hadisə yerindən qayıtdıqdan sonra istintaq qrupunun üzvləri ilə birlikdə cinayət işində olan hadisə yerinin müayinə protokollarını öyrənib fikir mübadiləsi etdilər. Nəticədə qərara alındı ki, ilk növbədə cinayət işi tam öyrənilsin və baş prokurorun göstərişi birinci növbədə icra edilsin – Fazil Muxtarov dindirilsin. İfadəsindən irəli gələn digər istintaq hərəkətləri icra edilsin. Nəticədə işin alınmasına əsas olan arqumentlərin əsaslı və qanuni olması müəyyən edilsin.

Tahir Kazımov Fazil Muxtarovu şəxsən özü dindir- məyi qərara aldı. 03 iyul 1997-ci il tarixdə BPİ-də istintaq qrupunun üzvü Qabil Qasımovla birlikdə Fazil Muxtarovu dindirməyə başladı. Ona görə “başladı” yazırıq ki, dindirmə xeyli müddət – bir neçə gün davam etdi. Bu, onun özünəməxsus istintaq taktikası idi. Dindirilən şəxs söhbət əsnasında  xəyalən keçmişinə qaytarılır, öz tarixçəsini danışmağa başlayır. Get-gedə öz hisslərinə qapılır. Naticədə özündən asılı olmayaraq, istintaqa lazım olan faktları da etiraf etməli olur.

Kazımov və Qasımov hər bir dindirmənin sonunda məhkumu təcridxanaya göndərdikdən sonra Muxtarovun söylədiklərini təhlil edir, Cavadov qardaşlarına nə qədər yaxın olduğunu, törədilmiş və iştirak etdiyi cinayətlərdəki rolunun nələrdən ibarət olduğunu dəqiqləşdirərək növbəti dindirməyə hazırlaşırdılar.

Kazımovun fikrincə, Muxtarov sadəlövh adam deyildi. Savadsız olsa da, qarşısındakı adamın vəzifəsindən və mövqeyindən çəkinmirdi. Belə demək mümkünsə, bu illər ərzində aparılmış istintaq və məhkəmələr onu “kamilləşdirmişdi”.  Digər tərəfdən, həbsxana həyatı və bu mühitdə görüb-götürdükləri  xarakterində silinməz  izlər buraxmışdı.

Dindirmə 10 iyun 1997-ci ildə başa çatdı. Bundan sonra Tahir Kazımov Fazil Hüseynov və Elçin Əliyevlə görüşməyi qərara aldı. Onların dindirilməsinin sənədləşdirilməsini isə istintaq qrupunun üzvlərinə həvalə etdi.

Kazımov səhərisi Baş prokurorun göstərişini icra edib başa vurduğuna görə İsa Nəcəfovla görüşməyə qərar verdi. Qəbul otağına daxil olub katibəyə bildirdi ki, onun İsa müəllimin yanına gəldiyini xəbər versin.

Katibə  telefonla birinci müavinə Tahir Kazımovun gəldiyini məruzə etdi.

– Gəlsin.

Katibə telefonun dəstəyini yerinə qoyub:

–  Tahir müəllim, buyurun keçin içəri, – dedi.

İsa Nəcəfov Tahir Kazımovun məruzə etmək üçün onun yanına bu tezliklə gələcəyini bilirdi. Çünki peşəkar müstəntiq üçün dindirdiyi və ifadəsini aldığı şəxsin dedik- lərinin nə dərəcədə həqiqətə uyğun olduğunu yetərincə qiymətləndirmək o qədər də çətin deyildi. İstintaq da insan fəaliyyətinin ayrılmaz sahəsidir. Bu sahənin də özünəməxsus “mikelancelolar”ı vardır. Onların “tikdikləri” işləri hələ heç bir kəsə məhkəmə istintaqında “dağıtmaq” nəsib olmamışdı.

– Tahir müəllim, Fazil Muxtarovu dindirdinizmi? – deyə o, sual verdi.

– Bəli, İsa müəllim, Fazili dindirdim.

– Sizcə, o, düz danışır?

– Sizə belə deyə bilərəm. Lakin bunu başqası ilə müzakirə etsək və ya ölkə rəhbərliyinə telefon açıb desəniz, təsdiq etməyəcəyəm –  Fazil Muxtarov yalan danışır.

– Əgər yalan danışırsa, niyə ifadəni yazdınız?

– Yalanını sübut etmək üçün onun dediklərini yoxlamalıyıq. Çünki bunsuz yalan danışdığını heç kimə sübut edə bilmərik.

İsa Nəcəfov zahirən onunla razılaşdı. Lakin cinayət işinin materiallarında cinayətin Dəyanət Kərimov tərəfindən icra edildiyini təsdiq edən kifayət qədər sübut vardı. Digər tərəfdən, cinayətkarların hadisə yerinə gəlmələri, öz qurbanlarını gözləmələri, eləcə də hadisə yerini tərk etmələri bir yana qalsın, qətllərin icra edilməsi mexanizmi də işdə olan materiallarla ziddiyyət təşkil edirdi. Ona görə də əbəs yerə vaxt sərf edərək Fazilin ifadəsini yoxlamağa ehtiyac yox idi.

Afiyəddin Cəlilov və sürücüsü eyni silahdan açılan atəşlə qətlə yetirilmişdilər. Afiyəddin Cəlilov bir güllə ilə qətlə yetirilmişdi. Fazil Muxtarov isə ifadə verirdi ki, o, Cəlilova 2-3 dəfə atəş açmış, sürücüsünü isə Elşən Rəhimov qətlə yetirmişdir.

Digər tərəfdən, onunla razılaşmağa məcbur oldu ki, bu versiya təkzib olunmayınca, düzgün istiqamətdə istintaqı aparmaq mümkün olmayacaq. Çünki polis bütün imkanla- rından istifadə edərək özünün haqlı olduğunu sübut etməyə çalışmaqla istintaqın gedişatına maneələr törədəcəkdir.

Artıq polis orqanları əvvəlki kimi deyildilər. Gec də olsa, “cəsarətə” gəlmişdilər. Ancaq yersiz hərəkətlər idi. Kor tutduğunu buraxmadığı kimi əməliyyatçılar da Fazil Muxta- rovun zorən etiraf ifadəsindən əl çəkmək istəmirdilər. Ona görə də istintaq qrupunun rəhbəri Tahir Kazımov aparılan istintaq hərəkətlərinin nəticələrini onların iştirakı ilə müza- kirə etməyi qərara aldı. Belə bir müzakirə 21 iyul 1997-ci il tarixdə Baş prokuror Eldar Həsənovun yanında keçirildi.

Müzakirədə daxili işlər naziri Ramil Usubov, onun birinci müavini Zahid Dünyamalıyev, milli təhlükəsizlik naziri Namiq Abbasov və Baş prokurorun birinci müavini İsa Nəcəfov iştirak edirdilər.

Baş prokuror müzakirəyə sədrlik edirdi:

– Əziz qonaqlar, toplanmağımızın məqsədini bilirsiniz. Vaxtdan səmərəli istifadə etmək üçün gəlin ilk olaraq  istintaq qrupunun rəhbəri Tahir Kazımovu dinləyək. İşi icra- atına qəbul etdiyi gündən indiyədək görülən işlər barədə bizə məlumat versin. Sonra zərurət yaranarsa, biz də öz təkliflərimizi, rəyimizi bildirərik. Əgər razısınızsa, Tahir müəllim məruzəsinə başlasın.

Tahir Kazımov müşavirə masasının ayaq tərəfində əyləşmişdi. Baş prokurorun çıxışından sonra qonaqların razılaşıb bir söz demədiyini görərək ayağa qalxdı:

– Hörmətli Eldar müəllim, Afiyəddin Cəlilovun qətlə yetirilməsi ilə bağlı cinayət işini icraata qəbul etdikdən sonra iş üzrə maddi sübutları qəbul edərkən bir sıra problemlə üzləşdim. Əli Əliyev maddi sübutları Milli Təhlükəsizlik Nazirliyinin istintaq söbəsindən vaxtında götürmədiyindən və onların saxlanılmasına səhlənkarcasına yanaşıldığından hadisə yerindən götürülən bir neçə sübut itmişdir. Bu maddi sübutların heç birinin cinayətin açılmasında əhəmiyyəti olmamışdır. Cinayət işinin materialları mənim tərəfimdən, eləcə də istintaq qrupu tərəfindən ətraflı öyrənilmişdir. Hadisə yerinə yenidən baxış keçirmişik. Fazil Muxtarovun ifadəsi alınmışdır. Təxminən bir həftəlik iş günü yalnız onun dindirilməsinə həsr edilmişdir. İstintaq qrupu Fazil Muxtarovun ifadəsini yoxlamayınca, onun doğru və yalan danışması barədə heç nə deyə bilməyəcəyik. Onun ifadəsi əsasında bir neçə şəxs, o cümlədən Elçin Əliyev və Fazil Hüseynov dindirilməli və istintaq eksperimenti keçirilməklə ifadəsi yerində yoxlanılmalıdır.

Tahir Kazımov məruzəsini bitirib:

– Əgər işlə bağlı sualınız varsa, Eldar müəllim, mən cavab verməyə hazıram, – dedi.

Eldar Həsənov:

–  Ramil müəllim, Namiq müəllim, mənə belə gəlir ki, Tahir müəllim istintaq qrupunun qısa müddətdə gördüyü işlər barədə ətraflı məlumat verdi. Kimin hər hansı bir təklifi varsa, buyurub desin.

Ramil Usubov və Namiq Abbasov məruzə ilə razılaşdılar. Lakin heç kim Fazil Muxtarovun dindirilməsindən sonra cinayətin açılması barədə bir kəlmə belə danışmadı.

Baş prokuror dedi:

– Tahir müəllim, siz istintaqınızı davam etdirin, mütəmadi olaraq işin gedişatı barədə mənə məlumat verin.

Müşavirə  bununla da bitdi.

 

(Ardı var)