ACI HƏQİQƏT

117

(Əvvəli ötən saylarımızda)

Fazil Muxtarov sıxılsa da, məzlum nəzərlərlə Baş prokurora baxdı və  sözə başladı:

–  Eldar müəllim, mən müstəntiqə, İsa müəllimə və polislərə də bildirmişəm ki, Afiyəddin Cəlilovu mən öldürmüşəm. Bu barədə də izahat və ifadələr vermişəm .  İfadəmə heç bir əlavəm yoxdur. İstəyirəm ki, siz məni tək qəbul edəsiniz.

– Muxtarov, mənim yanımda İsa Nəcəfovdan başqa heç kim yoxdur. Siz istədiyinizi deyə bilərsiniz, çəkinməyin.

– Eldar müəllim, istəyirəm ki, siz məni tək dinləyəsiniz, – Fazil bu sözləri xahiş tonu ilə dedi.

– Yox, – Baş prokuror ancaq bunu dedi, – əgər başqa sözünüz yoxdursa, gedə bilərsiniz.

Fazil Muxtarov ayağa durub kabineti tərk etdi.

Bir neçə dəqiqə araya sükut çökdü.

Baş prokuror qalxıb iş masasının arxasına keçdi. Nəcəfov isə ondan icazə istəyib öz iş otağına getdi. Qəbul otağına girər-girməz katibəsinə dedi:

–  Ziyafət xanım, Əlini tap, qoy yanıma gəlsin.

Kabinetə daxil olarkən ürəyi qəflətən siqaret çəkmək istədi.  Lakin daxildən gələn digər bir istək isə buna imkan vermədi. Dərhal istəyindən vaz keçdi. Çünki siqareti atandan bəri təbiətin gözəlliyini, baharın gəlişindən xəbər verən havanın ətrini hiss etməyə başlamışdı. Özü də son on ildə siqaretə nə üçün bu qədər aludə olduğunu başa düşə bilmirdi. Babası ömrünün axırınadək doğranmış tütün çəkmişdi. Uşaq vaxtı babasının müştüyünü təmizləyərkən kəskin iyli, qara rəngli, yapışqanlı yağın iyrəncliyini nə tez unutmuşdu? Axı həkimlərin dediyinə görə, insanın ağciyərinin kanalları da beləcə tutulur…

Fikirləşirdi ki, indi Əli gələcək. Siqareti əlindən yerə qoymayan bu insanın paltarı da tənbəki qoxuyur. Ancaq nə etmək olar. Hər kəsin bir qisməti var, pis adətdən yaxa qurtarmaq çox çətin olur.

Katibə içəri keçdi:

– İsa müəllim, Əlini tapdım. İndicə gələcək.

– Sağ olun. Mənə bir çay verin.

Bir azdən Əli gəldi:

– İsa müəllim, Fazil Eldar müəllimə nə danışdı ki? Təzə nəsə dedimi?

– Yox, heç nə demədi, Eldar müəllimlə təkbətək görüşmək istədi. O isə razılıq vermədi. Bilirsən, Əli, Fazilin ifadəsində Şəmsinin adı tez-tez çəkilir. Aydınlaşdır gör, o, necə adamdır, axtarışda deyil ki? Dəyanətin, Mahir Cavadovun, Elçin Əmiraslanovun ona münasibəti necə olub?

– İsa müəllim, artıq bəzi məqamları da aydınlaşdırmışam. Şəmsi Abdullayev Elçin Əmiraslanovun bölüyündə xidmət edib. Əmiraslanov və Dəyanətlə şəxsi münasibətləri yaxşı olub. Onlar Şəmsiyə çox bel bağlayıblar. Lakin Şəmsinin harda olması bəlli deyil.

– Əli, səhər Fazillə bir daha görüşərik. O, Şəmsinin harada olduğunu bilməlidir. Onunla bir də söhbət etmək istəyirəm. O, hələ itirilməmiş adamdır. Görünür, həyatın əzabına dözə bilməyib, yaxşı dolanmaq sevdası onu bu bəlaya salıb.

– İsa müəllim, sizin tapşırıq mənə aydındır. Narahat olmayın. İstintaqda birinci gün deyil işləyirəm. Admiralın qətlə yetirilməsi ilə əlaqədar başlanmış cinayət işi üzrə istintaq hərəkətlərini də davam etdirirəm. Sabah saat neçədə desəniz, mən şəhər polis idarəsində olacağam. Fazillə də söhbət edərik. İcazə verin mən gedim.

– Buyurun.

– Salamat qalın.

Ertəsi gün İsa Nəcəfov Məhərrəm Əliyevlə razılaşdırdığı kimi onun kabinetinə daxil oldu. Hal-əlvaldan sonra Məhərrəm Əliyev ondan Fazilin ifadəsinə inanıb-inanmadı- ğını soruşdu:

–Məhərrəm müəllim, yadınızdadırsa, Fazil Muxtarov Rusiyanın Krasnoyarsk diyarının Noyabrsk şəhərindən gətirilən günü sizinlə və Ramil müəllimlə birlikdə dindirilərkən nə cür ardıcıl və həqiqətə uyğun ifadə verdi. Şəmsi Rəhimovun qətli ilə bağlı heç nəyi gizlətmədi. İlk ifadəsindən istintaq üçün qaranlıq qalan hal olmamışdı. İfadəsindəki bütün hallar hadisə yerinin müayinəsindən görünən hallarla üst-üstə düşürdü. Cinayətin digər iştirakçıları da dindirildikdən sonra bizə hər şey gün kimi aydın oldu. Fazil isə qatilə oxşamır. Elşən Rəhimov da bu cinayətdə iştirak etməyib. O, yanız bir nəfərin Afiyəddin Cəlilovun öldürülməsindən xəbəri ola bilməsini bizə anlatmağa çalışır- o da Şəmsidir. Cəlilovla sürücüsünü bir silahdan qətlə yetiriblər. Fazil isə deyir ki, Afiyəddini o, sürücüsünü isə Elşən öldürüb. Məhər- rəm müəllim, xahiş edirəm, tapşırıq verin, Fazili buraya- sizin kabinetinizə gətirsinlər. Müstəntiq Əliyev də qəbul otağındadır. İcazə verin, o da gəlsin.

Məhərrəm Əliyev qəbul otağında oturan katibinə müvəqqəti saxlama yerindən Fazil Muxtarovun gətirilməsi üçün tapşırıq verdi. Sonra:

–  Müstəntiq Əliyev gəlibsə, qoy buyursun içəri, – dedi. Sonra bildirdi:

–İsa müəllim, bizim əməliyyat işçilərimiz başqa mövqedədirlər. Onlar belə hesab edirlər ki, Fazil Muxtarov düz danışır.

– Məhərrəm müəllim, sizin əməliyyatçılar cinayət işinin materialları ilə heç tanış deyillər. İşin xüsusatlarını da bilmirlər. Ona görə Fazilin ifadəsindəki xüsusatları təmiz pul kimi dəyərləndirirlər. Lakin faktiki olaraq o pullar qəlpdir.

Bu arada qapı döyüldü. Əvvəlcə müstəntiq, onun ardınca təcridxananın rəisi içəri daxil oldu. Əli yaxınlaşıb on- larla görüşdü və Nəcəfovun yanındakı stulda əyləşdi. Farağat dayanaraq sağ əlini furaşkasına aparan zabit Həsən məlumat verdi:

– Cənab general, Fazil Muxtarovu gətirmişəm.

– Yaxşı, onu içəri gətir.

Zabit geri döndü, açıq qapının astanasında dayanmış əli qandallı Muxtarovu içəri çağırdı. Muxtarov içəri keçdi.

Baş polis idarəsinin rəisi Məhərrəm Əliyev təklif etdi:

– Muxtarov, yaxın gəl, burada əyləş.

Fazil rəisin iş masasına yaxınlaşıb salam verdi, sonra Nəcəfovla üzbəüz oturdu. Onun qoluna vurulmuş qan- dalı açdılar.

Məhərrəm Əliyev zabitin getməsinə icazə verdi.

Nəcəfov sözə başladı:

–  Fazil, ifadənizi dönə-dönə oxumuşam. İfadəniz həqiqətə uyğun deyil. Siz nəinki Cəlilovu qətlə yetirmisiniz, hətta bu cinayətdə belə iştirak etməmisiniz. Yalan danışma- ğınızın səbəbi nədir? Bəlkə, buna sizi vadar edən var?

– İsa müəllim, heç kim məni vadar etmir, mən yalan danışmıram. Cəlilovu mən vurmuşam, Elşən də sürücüsünü.

Fazil susdu və daha danışmadı.

Dindirən və dindirilən öz daxili dünyalarına qapandılar. Sanki onlar bir-birini ürəklərində qınayırdılar: prokuror məhkumu yalan danışmaqda və ağır cinayəti  nahaqdan boynuna götürməkdə, məhkum isə prokuroru sadəlövcəsinə səmimi, ədalətli olmaqda və inadkarlıqda. Prokurorun baxışlarından təəssüf və narazılıq, məhkumun baxışlarından isə sıxıntı və imkansızlıq hisslərinin ifadəsini aydınca görmək olurdu.

– Fazil, müstəntiq sizinlə yenə söhbət edəcək. Fikirləşin, götür-qoy edin. Mən istərdim ki, siz həqiqəti danışa- sınız. Sizi müəyyən qədər başa düşürəm. Onsuz da bu iş açı- lacaq. Bizə bir məsələdə görün kömək edə bilərsinizmi? Şəmsini tapmaqda bizə kömək edin. Əli müəllim, xahiş edirəm, Fazili sizinlə birlikdə hazırladığımız suallar əsasında dindirin.

 

Şah dedi: olsa da məndə çox qüdrət,

Daha qüdrətlidir lakin həqiqət.

(Sədi Şirazi “Bustan”)

 

Təxminən 3-4 gündən sonra gecə saat 11-ə işləmiş Əli Əliyev Nəcəfovun iş otağına daxil oldu. Müstəntiqin  pərişan və həyəcanlı halı hansısa bir xoşagəlməz hadisənin baş verdiyinə dəlalət edirdi.

Əli qapının kandarından  bildirdi:

– İsa müəllim, Afiyəddin Cəlilovun qətli ilə bağlı cinayət işini mənim icraatımdan götürürlər. İndi Baş prokuror Eldar Həsənov məni qəbuluna çağırmışdı. Dedi ki, işi Tahir Kazımova təhvil verim.

– Əli, əyləş görüm, bir az toxta. Məsələni indicə aydınlaşdırarıq.

O, daxili telefonun dəstəyini qaldırdı. Eldar Həsənov sanki bu zəngi gözləyirmiş kimi dərhal telefona cavab verdi.

– Eldar müəllim, axşamınız xeyir.

– Axşamınız xeyir.

– Əli mənim yanımdadır. Bildirir ki, siz cinayət işini onun icraatından götürürsünüz. Buna nə səbəb olub?

– İsa müəllim, Ramil müəllim gedib Prezidentin qə buluna və Prezidentə məruzə edib ki, siz müstəntiqə Fazil Muxtarovu dindirməyə imkan vermirsiniz tezliklə cinayət açılsın.

– Eldar müəllim, biz ki bir yerdə Fazili qəbul etdik. Onun ifadəsini sizə məruzə etdim. İfadəyə münasibətimi də bildirdim. Siz isə mənə heç nə demədiniz. Burada müstəntiqlik nə var ki?

– İsa müəllim, siz bilmirsiniz Prezidentin buna reaksiyası necə pis oldu. Daha mən heç nə deyə bilmərəm. Ramil müəllimdən soruşun.

– Sizi başa düşdüm, Eldar müəllim. Mənə sözünüz yoxdur ki?

– Yox.

–  Gecəniz xeyrə qalsın. Sağ olun.

– Xeyrə qarşı. Sağ olun.

Telefon dəstəkləri yerinə qoyuldu. O, gecə saat 11-in yarısı olsa da, Prezidentə zəng etməyi qərara aldı. Bilirdi ki, Prezident iqamətgahda olsa da, dincəlmədən işləyir.

İsa Nəcəfov telefonun dəstəyini götürüb nömrəni yığdı. Üçüncü siqnaldan sonra telefonun dəstəyi qaldırıldı.

– Bəli, sizi eşidirik, – deyə səs eşidildi.

– Axşamınız xeyir, İsa Nəcəfovdur. Cənab Prezidentlə danışmaq istəyirəm.

– Bir dəqiqə gözləyin, – cavabını eşitdi.

Prezidentin telefon dəstəyini götürməsini hiss edən kimi o:

–  Axşamınız xeyir, cənab Prezident.

– Axşamın xeyir.

– Cənab Prezident, Afiyəddin Cəlilovun qətli ilə bağlı olan cinayət işinin istintaqını Eldar Həsənov başqa müstəntiqə tapşırır.

– İsa, işlə bağlı qərarı mən qəbul etmişəm. Sən hissə qapılma, bu, mühüm dövlət işidir. Mənə deyirlər ki, sən müstəntiqə Fazil Muxtarovu dindirməyə imkan vermirsən ki, cinayət işi açılsın.

–Cənab Prezident, onlar yalan danışırlar. O dindirilib, Fazil bu cinayəti törətməyib. Onlar istəyirlər ki, Fazili bu cinayət ilə əlaqədar məhkəməyə versinlər. Məhkəmədə bu iş dərhal dağılacaq və o, bəraət alacaq. Şəmsi Rəhimovun qətlə yetirilməsilə əlaqədar çıxarılmış hökm haqqında müxtəlif fikirlər yaranacaq.

– İsa, mən o boyda vəzifələr tutan bu üç adama necə inanmayım?! Sən işin istintaqına nəzarət edəcəksən. İşin istintaqını isə qoy başqa müstəntiq aparsın.

– Baş üstə, cənab Prezident. Mənə başqa tapşırığınız yoxdur ki?

– Yox. Sağ ol.

– Gecəniz xeyrə qalsın, cənab Prezident. – Səs kəsildi. Prezident dəstəyi yerinə qoymuşdu.

İsa Nəcəfov dəstəyi bir qədər əlində saxlayıb fikrə getdi. Telefonun aramsız siqnalları sanki onu real həyata qaytardı. Dəstəyi telefonun üstünə qoyub Əlinin pərişan sifətinə baxdı.

– Əli, bu həyatdı, özü də iyrənc bir reallıqdır. Bizə zaman lazımdır. Mən səhvə yol vermişəm, gərək axırıncı görüşümüzdə Fazilə deməyəydim ki, Afiyəddin Cəlilovu o qətlə yetirməyib. Görünür, mənim mövqeyimi Ramil Usu- bova bildiriblər. O da Eldar Həsənovla və Namiq Abbasovla məsləhətləşib, “dostlarım” da bu halı çox yaxşı qiymətləndiriblər. Əllərinə gərəkli fürsət düşdüyünü dərk ediblər. Bir- likdə Prezidentin qəbulunda olublar. Bundan sonra, Allah bilir, mənim haqqımda nələr deyiblər. Prezidentin dediyindən mənə hər şey aydın oldu. Ancaq atalar yaxşı deyib: “Sən saydığını say, gör fələk nə sayır”.  Fazilin etirafı hələ cinayətin açılması demək deyil. Afiyəddin Cəlilovu peşəkar qatil Dəyanət öldürüb. Bu haqda heç olmasa Dəyanətin bacısının ifadəsinə baxaydılar. Zaman onsuz da kimin haqlı, kimin haqsız olduğu barədə nə vaxtsa öz hökmünü verəcək. Hökmün təntənəsini görmək üçün dözərək səbir etməliyik.  Haqq nazilər, amma üzülməz.

Baş tutmayan həbs

(Ardı var)