Abşeronda sənədsiz evlər nə vaxt qeydiyyata alınacaq?

15

Akif Əliyev: “Abşeronda 18 min 600-ə yaxın sənədsiz ev haqda məlumat anketi tərtib edilib”

Məlum olduğu kimi, prezident İlham Əliyev sənədsiz evlərin qeydiyyata alınması haqda sərəncam imzalayıb və lazımi qurumlara göstəriş verib. Buna əsasən də sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı Bakıda rayon icra hakimiyyətlərində komissiya təşkil edilib. Bakı şəhərinin əksər rayon və qəsəbələrində, o cümlədən Sabunçu, NZS, Keşlə, Qaraçuxur qəsəbələrində həmin komissiya üzvləri evlərin sənədləşdirilməsi məqsədilə iş aparırlar, gəlib evlərin sahəsini ölçüb-biçirlər.

Sənədsiz evlərin ən çox tikildiyi rayonlar Qaradağ, Sabunçu, Suraxanı və  Abşeron olsa da, Abşeron rayonun Masazır qəsəbəsində evlərin sənədləşdirilməsi məqsədilə iş aparıldığını müşahidə etmirik. Maraqlıdır ki, Abşeron rayonunda sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı komissiya təşkil edilib, iş aparılırmı, evlərin kvadmetri ölçülürmü?

“Cənab prezidentin fərman və tapşırıqları müzakirə olunmur, dərhal icra olunur”

 “Hürriyyət”in sualını cavablandıran Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əliyev dedi ki, bunun bir qısa cavabı var: “Deyərdim ki, məlumatım yoxdur. Amma ikincisi, cavab verməyə məcburam. Birincisi, cənab prezidentin fərman və tapşırıqları müzakirə olunmur, dərhal icra olunur. Abşeron rayonunda da komissiya təşkil olunub və komissiya bütün kənd, qəsəbə üzrə sənədsiz yaşayış evlərinin qeydiyyata alınması prosesini tamamlayıb. Bu günə qədər 18 min 600-ə yaxın sənədsiz ev barəsində məlumat anketi tərtib edilib”.

Bəs, ilk olaraq dediniz ki, “məlumatım yoxdur” amma cavablandırdınız” dedikdə A. Əliyev belə söylədi: “Siz mənə dediniz ki, Abşeron rayonunda ən çox sənədsiz ev var. Bunu haradan bilirsiniz? Ona görə, mənə qəribə gəldi”.

“20 mini 500 minə böləndə neçə faiz edir?”

“Mətbuatda gedən informasiyanı dedim” deyə qeyd etdikdə isə A. Əliyev dedi: “Ona görə ki, mətbuatda dəqiq olmayan məlumat yayırsınız. Respublika üzrə yazılıbdır ki, 500 minə yaxın sənədsiz ev var. Abşeronda 18 mindir. Tutaq ki, bundan sonra mart ayının axırına qədər 20 min olsun. 20 mini 500 minə böləndə neçə faiz edir? Niyə deyirsiniz ki, Abşeronda sənədsiz evlər çoxdur?”

“İcra nümayəndəliyində ev sahibləri özləri də qeydə aldıtdıra bilərlər”

Redaksiyamıza müraciət edən sakinlər Masazırda sənədsiz evlərin qeydiyyata alınmadığını bildirirlər dedikdə isə, A. Əliyevin reaksiyası bu cür oldu: “ İşləyirlər, yəqin mart ayının axırına qədər o evlərin də qapısını döyəcəklər. Əgər sürətləndirməyini istəyirsinizsə, həmin yerli ekspert komissiyasının Masazır üzrə səlahiyyətli nümayəndəsi, yəni Abşeron rayon icra hakimiyyəti başçısının Masazır inzibati ərazi vahidi üzrə nümayəndəsi Şahlar müəllimə yaxınlaşsınlar, icra nümayəndəliyində ev sahibləri özləri də evlərini qeydə aldıra bilərlər”.

Yeri gəlmişkən, Masazır sakinlərinin qeyd etdiyinə görə, yanvar ayında onlara deyiblər ki, gəlib evinizi qeydə alacağıq, ancaq hələ də gələn yoxdur. Sakinlər ümid edirlər ki, onların evləri də qeydə alınacaq, evlərinə çıxarış ala biləcəklər.

Əslində, sənədsiz evləri sənədləşdirməyin həm vətəndaşa, həm də dövlətə faydası var. Evlərə çıxarış verilməsi vətəndaşın evinə qeydiyyata düşməsini asanlaşdırırsa, sənədsiz evlərə çıxarışın verilməsindən dövlət daha çox qazanacaq. Birincisi, 500 mindən çox evdən əmlak vergisi yığılacaq. İkincisi, həmin evlərdə yaşayanların qeydiyyata alınması hüquq-mühafizə orqanlarının işini asanlaşdıracaq, yəni cinayətkar qeydiyyat ünvanına görə tapılacaq. Eləcə də bu evlər sənədləşərsə, həmin evlərin sığortalanması baş verə bilər ki, bu da böyük miqdarda mənfəət deməkdir. Amma buna baxmayaraq, neçə illərdi prezident İlham Əliyev sənədsiz evlərin sənədləşdirilməsi üçün sərəncam imzalasa, lazımi qurumlara göstəriş versə də, proses kimlərinsə marağına uyğun olmadığı üçün əngəllə qarşılaşır. Ümid edək ki, bu dəfə prezident İlham Əliyevin bu yöndə sərəncam və tapşırıqları əngəl tanımayacaq, sənədsiz evlər sənədləşdiriləcək.

Şamo EMİN, Hurriyyet.org