ABŞ “TikTok” sosial şəbəkəsinin Çin hakimiyyəti ilə əməkdaşlıq etdiyi barədə sübutlara malikdir

51

ABŞ Çinin Birləşmiş Ştatlarda fəaliyyət göstərən texnologiya kompaniyalarının, o cümlədən “TikTok” sosial şəbəkəsinin istifadəçilər barədə məlumatları Pekin hakimiyyətinə ötürməsi ilə bağlı sübutlara malikdir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo Newsmax TV telekanalının efirində “TikTok” və “WeChat, sosial şəbəkələrinin, həmçinin “Huawei” kompaniyasının amerikalı istifadəçilər barədə məlumatları Çinə ötürmələrinin sübutu barədə suala cavab verərkən deyib.

“Bu kompaniyaların hər birinin Çin Kommunist partiyası qarşısında öhdəliyi var. Onlardan xaricdə çalışmaları üçün informasiya ötürmək tələb olunur… ABŞ həmin kompaniyaların Çinin milli təhlükəsizliyi üçün çalışdıqlarını dəqiq bilir və biz bunu qəbuledilməz hesab edirik”, – deyə Maykl Pompeo bildirib.

Çinin Birləşmiş Ştatlardakı səfiri Suy Tyankay isə öz növbəsində Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik üzrə illik forumda çıxış edərkən, “TikTok” ilə Çin hökuməti arasında əlaqəni sübut edən dəlillərin təqdim edilmədiyini deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 15-nə qədər “Microsoft” və ya digər Amerika kompaniyasına satılmayacağı təqdirdə “TikTok” əlavəsinin Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağı ilə hədələyib. Həmçinin o, sosial şəbəkənin sahibi olan “ByteDance” kompaniyasını “TikTok” əlavəsindəki payından tam imtina etməyə çağırıb. ABŞ administrasiyası milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin Çin hökuməti ilə əlaqəsi olduğunu və Pekin üçün məlumat toplamaq üçün istifadə edildiyini düşünür.