ABŞ mətbuatı yazdı: “Əsədin ağır günləridir” – Xalasının oğlu da üz çevirdi

33

Hurriyyet.org xəbər verir ki, Amerikanın “Vaşinqton Post”  qəzetində dərc edilmiş, Suriyadakı hadisələrdən bəhs edən məqalədə Bəşər Əsədin 2011-ci ildən bəri ən çətin günlərini keçirdiyi iddia edilir.

“Vaşinqton Post” qəzeti bu çətinliklərin “Əsədlə xalası oğlu Rami Makluf arasındakı problemlər, ölkədə iqtisadi vəziyyətin ağırlaşması, Əsədin müttəfiqi olan Rusiya mətbuatında  ona qarşı dərc edilən tənqidi xəbərlərin işarə vurduğu gərginlik” olduğunu yazır.

Qəzet ölkənin cənubundakı Dera vilayətində baş vermiş yeni üsyanların da müxalifət qiyamlarını canlandıracağını iddia edir.

“Çatam Haus” analitika mərkəzinin əməkdaşı olan Lina Xətib “Vaşinqton Post” nəşrinə müsahibəsində deyib: “Bəşər Əsəd doqquz illik müharibə ərzində ən kövrək dövrünü yaşayır. Əsəd getdikcə İran və Rusiyanın dəstəyindən daha çox asılı olmaqdadır. Seçicilərinə verə biləcəyi yerli mənbələri yoxdur. Beynəlxalq ictimaiyyət tərəfindən müsbət qəbul edilmir, əvvəlki hərbi qüdrəti də qalmayıb. Həmişəkindən daha zəif haldadır”.

Əsəd ilə qohumu Rami Makluf arasındakı nifaq Maklufun “Feysbuk” hesabında paylaşdığı şikayətlərdən bəlli olub. Makluf dövlətin onun malına əl uzatdığını yazmış və artıq Əsəd ilə birbaşa əlaqə kanalı olmadığına işarə vurmuşdu. O, hökumətin vergi borcu qismində tələb elədiyi 600 milyon dolları ödəməyəcəyini bildirib, öz şirkətinin əlaqələri vasitəsilə Suriya hökumətinin iqtisadiyyatını çökdürəcəyini deyib.

Makluf ötən həftə sosial mediada belə yazmışdı: “Müharibə dövründə vaz keçmədim, bu şərtlər daxilində təslim olacağımı düşünürsünüzsə, məni tanımırmışsınız”.

“Vaşinqton Post” qəzetinin yazdığına görə, Suriya hökuməti Maklufu hədəfə almaqla yanaşı, müharibə dövründən qazanc əldə eləmiş digər suriyalı zəngin biznesmenləri də ölkə istisadiyyatına maddi dəstək verməyə çağırıb.

“Vaşinqton Post” qəzeti Rusiya mətbuatında Əsədi tənqid edən məqalələrin dərc edilməsini iki ölkə arasında münasibətlərin gərginləşdiyinin əlaməti olduğunu qeyd edib.

Qəzet ən sərt tənqidlərdən birinin Rusiyanın Dəməşqdəki keçmiş səfiri Aleksandr Aksenyonok tərəfindən səsləndirildiyini yazıb. Aksenyonok təhlil yazısında Əsədin siyasi güzəştlərə getməməsinin Rusiyanın siyasi mənafeyinə zidd olduğunu və hökumətin korrupsiya və cinayətkarlıqla mübarizə üçün təsirli idarəçilik sistemi qura bilmədiyini bildirib, “Rusiya edə biləcəyi güzəştlərin son həddinə çatıb”,  – deyə qeyd edib.

Rusiyalı analitiklər isə bu tipli şərhlərin Moskva ilə Dəməşq arasında güclü siyasət dəyişikliyinin əlaməti olmadığını bildiriblər.

Hurriyyet.org