ABŞ-la Türkiyə arasında növbəti “S-400” QALMAQALI

207

Elxan Şahinoğlu: ““S-400” raketlərini sınaqdan keçirməsi Türkiyənin təbii haqqıdır”

 “Türkiyənin  NATO-dan çıxması mümkün deyil”

“Fighter Jets World” portalının yaydığı məlumata görə, Türkiyə Mürdət aviabazasında Rusiya istehsalı olan “S-400 Triumf” zenit-raket komplekslərini “F-16 Fighting Falcon” və “F-4 Phantom II” qırıcılarına qarşı sınaqdan keçirib.

Məlumata əsasən, sınaqlar zamanı qırıcılar yüksək və alçaq hündürlükdə uçuşlar həyata keçirir. Zenit-raket sistemlərinin sınağı 4 iyuldan 26 noyabra kimi davam edəcək.

Rəsmi Ankaranın ABŞ-ın “S-400”-lə bağlı sınaqların başlayacağı təqdirdə sanksiyaların tətbiq ediləcəyi yönündəki təhdidlərinə hələ də məhəl qoymadığı qeyd edilir.

Qeyd edək ki, 2019-cu ilin noyabrında “YouTube” portalında Türkiyənin Ankara vilayətində Rusiya istehsalı “S-400” zenit-raket komplekslərinin 4-cü nəsil “F-16 Fighting Falcon” vasitəsilə sınaqdan keçirilməsinə dair görüntülər yayımlanmışdı.

Yeri gəlmişkən, ötən həftə “Defense News” nəşrinin yaydığı məlumata görə, beşinci nəsil “F-35 Lightning II” bombardmançı qırıcıların yaradılması proqramı ilə bağlı ABŞ və Türkiyə arasında yaranan narazılığı aradan qaldırmaq üçün Cənubi Dakotadan olan senator Con Tyun 2021-ci maliyyə ili üçün nəzərdə tutulan müdafiə büdcəsindən Türkiyədən “S-400” zenit-raket sistemlərini almağı təklif etmişdi. O, hesab edir ki, Türkiyədə olan “S-400” zenit-raket sistemləri ABŞ ordusuna raketlərin alınması üçün ayrılan vəsait hesabına əldə edilə bilər. Senatın Xarici işlər komitəsinin respublikaçı sədri Cim Riş isə ““Sanksiyalar vasitəsilə Amerika düşmənlərinə müqavimət haqqında” (CAATSA) qanuna əsasən Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməlidir” demişdi.

“İstənilən reaksiya Türkiyə tərəfindən qəbul edilməyəcək”

Putin nə etdisə, Rusiyada iqtisadi inkişafa nail olmadı” - ELXAN ...

Türk ordusunun “S-400” zenit-raket sistemlərini Amerikanın “F-16 Fighting Falcon” və “F-4 Phantom II” qırıcılarına qarşı sınaqdan keçirməsi ilə bağlı fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Hürriyyət”ə deyib ki, burada qeyri-adi bir hadisə baş verməyib: “Əgər Türkiyə neçə milyard dollar ödəyib “S-400” raketlərini alıbsa, əlbəttə ki, onları sınaqdan çıxarmalıdır. Alınan istənilən hərbi texnika sınaqdan keçirilməlidir. Bütün dünya dövlətlərində belədir. Çünki müəyyən problemlər, müxtəlif səbəblər ola bilər. Həmin hərbi raketlərin sınaqdan keçirilməsi Türkiyənin təbii haqqıdır. Pulu ödənilib. Ola bilsin Amerikanın reaksiyası olsun. Amma tərsinə olacağını düşünürəm. Çünki amerikanlar başa düşürlər ki, onsuz da türklər bu raket komplekslərini alıblar. Amerikanlar daha öncə etiraz edirdilər ki, bu raketləri Türkiyə almasın, amma alınıb, pulu ödənilib, Türkiyədə yerləşdirilib və artıq sınaqdan keçirilir. İstənilən reaksiya Türkiyə tərəfindən qəbul edilməyəcək. Necə ki, Türkiyəyə indi Ayasofiya ilə bağlı təzyiq etməyə çalışırlar, amma Türkiyə öz daxili qərarını verdi. Ona görə, düşünürəm ki, hətta reaksiya olsa belə, bu, Türkiyənin siyasətinə təsir etməyəcək. Yenə təkrar edirəm, raketlər alınıb, yerləşdirilib və onların təbii olaraq sınaqları keçirilir”.

 “Bu, hansısa bir konqresmenin ağılagəlməz, məntiqsiz bir təklifi idi”

“Buna baxmayaraq, bir neçə gün öncə konqresmenlərdən biri “S-400”-lərin Türkiyədən satın alınması ilə bağlı təklif irəli sürmüşdü” dedikdə E.Şahinoğlu belə cavab verib: “Bu, çox ağılsız bir təklifdir. Mən başa düşmürəm, konqresmenlər bu qədər ağılsızdılar, düşünsünlər ki, Türkiyə öz aldığı raketləri Amerikaya sata bilər. Bu, mümkün olan bir şey deyil. Səbəblərini izah edə bilərəm. Birincisi, bu raketləri pulla alıb. Bunu Amerikaya satsa, Rusiya ilə münasibətləri çökər, durduğu yerdə gərginləşəcək. Bu, Türkiyəyə lazımdır? İkincisi, anlaşmaya görə Türkiyə bu raketləri üçüncü ölkəyə sata bilməz. Üçüncü səbəb elə Amerikanın özüdür. Yəni konqresmenlərin nə deməsindən asılı olmayaraq, Pentaqon bu raketləri Türkiyədən almaz. Çünki onda da Pentaqonda ciddi suallar yaranacaq ki, bu raketləri niyə alırsınız? Öyrənmək üçün, yoxsa Türkiyəni tərəfimizdə tutmaq üçün alırsınız? Yaxşı, tutaq ki, bu raketləri aldın. Axı, Türkiyə Rusiyadan başqa hərbi texnika ala bilər. Onları da Amerika Türkiyədən alacaq? Və yaxud tək Türkiyə bu raketləri almır ki. Artıq Hindistan da Rusiyadan “S-400” raketlərini alır. Onda belə çıxır ki, Amerika Hindistandan da onu almalıdır. Bu, hansısa bir konqresmenin ağılagəlməz, məntiqsiz bir təklifi idi. Amma inanmıram ki, bunu Ağ Evdə, Dövlət Departamentində və yaxud Pentaqonda ciddi qəbul edələr”.

“Bunun qarşısını 2-3 il bundan qabaq olmaq olardı”

“Ancaq Türkiyə NATO ölkəsi olduğu üçün “S-400”-lər vasitəsilə məlumatların Rusiyaya ötürüləcəyini, onun agentura sistemi olduğunu qeyd edirlər. Ona görə, bu məsələnin bitmədiyini deyirlər” deyə nəzərə çatdırdıqda E.Şahinoğlu qeyd edib ki, o mərhələ artıq çoxdan keçib: “Bunu 1-2 il qabaq danışırdılar. Bu raketlər artıq alınıb və yerləşdirilib. Yəni məsələ bitib. Bəli, Rusiya üçün böyük imic məsələsidir ki, tarixində ilk dəfə NATO dövlətinə raket satıb. Bu, həm də Rusiyanın maraqlarına ona görə cavab verir ki, Türkiyə ilə NATO ölkələrinin arasında bir az gərginlik yaratsın. NATO ölkələri deyəndə daha çox Amerika nəzərdə tutulur. Amma bu mərhələ artıq keçib. Bunun qarşısını 2-3 il bundan qabaq olmaq olardı. Amma bunun elə günahkarı Amerikanın özüdür. Çünki Türkiyə Rusiyadan qabaq Amerikadan “Patriot” raketlərini almaq istəyirdi, amerikanlar satmadılar. Türkiyə də özünü qorumaq məqsədilə Rusiyadan aldı və Rusiya da danışıqları qısa zamanda bitirib, bir az da Türkiyə-Amerika münasibətlərini gərginləşdirmək üçün bunu Türkiyəyə satacağını elan etdi. Əslində, bütün hallarda günah yenə Amerikanın üzərindədir. “S-400” raketləri NATO sisteminə uyğundur, uyğun deyil, qatar artıq gedib. Bunu geri çəkmək mümkün olmayacaq”.

 “Amerika da Türkiyəni birdəfəlik itirmək istəməz

E.Şahinoğlunun fikrincə, Türkiyənin  NATO-dan çıxması mümkün deyil: “Birincisi, Türkiyə özü NATO-dan çıxmaq istəmir. Özü istəməsə, heç kim onu NATO-dan çıxara bilməz. İkincisi, Amerikada nə qədər Türkiyəni tənqid etsələr də, (tək Amerikada tənqid edirlər) o biri NATO dövlətlərini Türkiyənin “S-400” alıb-almaması heç maraqlandırmır da. Baxmayaraq ki, Amerika “S-400” raketlərinə görə sərt tənqid edir, amma Amerika da Türkiyəni birdəfəlik itirmək istəməz. Çünki Türkiyə NATO-dan çıxsa, Avrasiya regionunda təkbaşına oyun aparmağa başlayacaq. Bu, heç Amerikanın da maraqlarına cavab vermir”.

“Amerikanın sanksiyaları heç bir nəticə verməyib”

Şahinoğlunun sözlərinə görə, Amerika “S-400” raketlərini sınaqdan keçirdiyi üçün ya Türkiyəni tənqid edəcək, açıqlamalar, bəyanat verəcək, ya da sanksiya haqqında düşüncələr ortaya qoyacaq: “Amma indiyə kimi müşahidələr göstərir ki, Amerikanın sanksiyaları heç bir nəticə verməyib. Yəni hər bir dövlət öz daxili qərarını verir və bu qərar çərçivəsində hərəkət edir”.

Şamo EMİN, Hurriyyet.org