ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları iki ölkə arasındakı MÜNASİBƏTLƏRƏ NECƏ TƏSİR EDƏCƏK?

384

Şahin Cəfərli: “Türkiyə Müdafiə Sənayesi Katibliyi ABŞ-dan ixracat lisenziyaları, eləcə də ABŞ və beynəlxalq maliyyə qurumlarından kredit ala bilməyəcək”

“Bayden Türkiyənin təsirli olduğu regionlarda həyata keçirəcəyi siyasətdə bu ölkəyə ehtiyac duyacaq”

“ABŞ Rusiyadan S-400 ZRK aldığı üçün Türkiyəyə qarşı çoxdan gözlənilən sanksiyalarını açıqladı. Sanksiyaları 2 hissəyə bölmək olar: fərdi və sektoral. Birincisi yüngül sanksiyadır: müdafiə sənayesi katibi İsmayıl Dəmir və bu idarənin daha 3 vəzifəli şəxsinə ABŞ vizası verilməyəcək, onların ABŞ-dakı mal varlıqları (varsa) dondurulacaq”. Hurriyyet.org xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçinin sözlərinə görə, ikincisi nisbətən ağırdır: “Türkiyə Müdafiə Sənayesi Katibliyi ABŞ-dan ixracat lisenziyaları, eləcə də ABŞ və beynəlxalq maliyyə qurumlarından kredit ala bilməyəcək. Bu, o deməkdir ki, Türkiyə hərbi sənayesinin istehsal etdiyi məhsullarda hansısa detal ABŞ şirkətlərindən alınıbsa və onların iştirakı ilə hazırlanıbsa, həmin məhsulların ixracı mümkün olmayacaq. Məsələn, ATAK helikopterlərinin mühərrikinin hazırlanmasında ABŞ şirkəti də iştirak edir, bu helikopterin xaricə satışı baş tutmayacaq. Zatən Pakistana satışa ABŞ imkan vermirdi. Məhdudiyyətlər CAATSA (ABŞ-ın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə) qanunu çərçivəsində qəbul olunub. Qanunda Rusiyadan bu tip silahlar alan ölkələrə qarşı ümumilikdə 12 sanksiya tədbiri nəzərdə tutulur”.

“Bu qərar ABŞ-Türkiyə münasibətlərinə necə təsir edəcək” sualını cavablandıran Şahin Cəfərli qeyd etdi ki, Türkiyədə sanksiyaların ağır olmadığı yönündə rəy hakimdir: “Valyuta birjasının ilkin reaksiyası da bunu göstərir. Hökumətin reaksiyası da çox sərt sayılmaz. Sanksiyanın Tramp dövründə qəbul olunması yüngülləşdirici amildir, o baxımdan ki, hazırkı administrasiya gedir və Bayden gələr-gəlməz Türkiyəyə qarşı sanksiya tətbiq etmək basqısından xilas oldu. Ankara da köhnə hökumətin qərarına görə yeni hökumətlə münasibətlərini korlamaq istəməz. Bu durum tərəflərə problemlərin səmimi müzakirəsi və qarşılıqlı addımlarla S-400 problemini çözmək imkanı verir. Türkiyə hərbi sənayesi son illər xeyli inkişaf edib, amma ölkənin F-35 başda olmaqla, yüksək texnoloji silah sistemlərinə və ehtiyat hissələrə, eləcə də kreditlərə ehtiyacı var. Türkiyənin Suriyada, Liviyada, son olaraq Qarabağda öz dronları vasitəsilə hörmətdən saldığı Rusiya silahına görə özünü F-35-dən məhrum etməsi yanlışdır və komik görünür. Bayden isə Türkiyənin təsirli olduğu regionlarda həyata keçirəcəyi siyasətdə bu ölkəyə ehtiyac duyacaq. Ona görə də, qarşıdakı mərhələdə ölkələr arasında bütün problemlər yoluna qoyulmasa belə, münasibətlərdə qopma da olmayacaq. Prezident Ərdoğanın ABŞ-dakı səfiri dəyişdirməsi, Ədalət və İnkişaf Partiyasının qurucularından olan Murad Mərcanı Vaşinqtona göndərməsi də onun konstruktiv əhvala kökləndiyini və ABŞ-la münasibətlərin qorunmasından yana olduğunu göstərir. Rusiyanın çox operativ şəkildə Lavrov səviyyəsində məsələyə reaksiyası və ABŞ-ı qınaması onun NATO içərisinə təfriqə salmaq, Türkiyəni Qərbdən mümkün qədər uzaqlaşdırmaq niyyətindən irəli gəlir. Yeri gəlmişkən, bu gün Türkiyə və Ukrayna arasında pilotsuz aviasiya vasitələri və korvetlərin birgə istehsalı, bu sahələrdə Ukraynaya texnologiya transferinə dair müqavilə imzalanıb. Türkiyənin Ukraynaya bu dəstəyi önəmlidir və Qərb tərəfindən də lazımınca qiymətləndirilməlidir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org