ABŞ-ın təhdidindən sonra ÜST gözlənilməz açıqlama verdi: “Çin suallara cavab verməlidir”

42

Hurriyyet.org xəbər verir ki, ABŞ rəhbərliyinin kəşfiyyat təşkilatlarına Çin ilə Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı hər hansı bir məlumatı ört-basdır edib etmədiyi ilə bağlı təhqiqat aparmaq göstərişi verməsindən sonra ÜST-ün Çin nümayəndəsi  doktor Qauden Qalea sensasiyalı açıqlama verib.

İngiltərə mətbuatına müsahibə verən Qalea deyib: “Yanvar ayının 3-dən 16-dək Çin ÜST-ə 41 yoluxma halından savayı, heç bir məlumat vermədi. Bu zaman kəsiyində sadəcə 41 yolxuma halı vardımı? Məncə, elə deyil. Bu epidemiyanın təbiətinə görə, o dövrdə yoluxma sayının artmaması sadəcə mümkün deyil. Daha çox yoluxma vardımı? Çin bu suala cavab verməlidir”.

Hazırda Çinin ölkə miqyasında araşdırma apardığını bilirik, lakin, bizi dəvət eləmədilər”.

Doktor Qalea “Skay Nyus”a (SkyNews) açıqlamasında ÜST-ün daim Çindəki araşdırmalarda iştirak eləmək istəyi ilə müraciət elədiyini, lakin Çinin ÜST-ün bu tələbini həmişə rədd elədiyini bildirib: “ÜST daima Çinin Səhiyyə Komissiyasına və rəhbər orqanlarına tədqiqatlarda iştirak tələbi ilə müraciət edir. Virusun köklərinin aşkar edilməsi çox mühümdür. Heyvan-insan təsiri də çox mühümdür və araşdırılmalıdır. Virusun təkrar-təkrar yayılmasının qarşısını almaq üçün mümkün qədər çox şey bilməliyik”. O, Çinin ÜST-ə verdiyi rədd cavabları üçün səbəb göstərmədiyini də əlavə edib.

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp ÜST-ün “Çinin ictimaiyyətlə əlaqələr agentliyi kimi işlədiyini” bildirərək” söyləmişdi: “Tədqiqatçılarımız Çinin bunu qəsdən, yoxsa səhvən etdiyini araşdırırlar. Hazırda sizə bundan artıq məlumat verə bilmərəm… ÜST xəcalət çəkməlidir. Çünki Çinin ictimaiyyətlə əlaqələr agentliyi kimi işləyir. Biz hər il bu təşkilata 500 milyon dollara yaxın vəsait verdiyimiz halda, Çin sadəcə 38 milyon dollar ödəyir. Az, yaxud da çox olması fərq eləmir. Bu adamlar qorxunc səhvlər, xüsusilə də dünyada yüzminlərlə insanın ölümünə səbəb olacaq səhvlər etdiyi halda, ÜST-ün bir bəhanəsi ola bilməz”.

Hurriyyet.org