ABŞ-ın dövlət borcu son 70 ildə ilk dəfə iqtisadiyyatın həcmini üstələyib

10

2020-ci maliyyə ilində ABŞ-ın büdcə kəsiri hökumətin fevral ayında ölkəni tənəzzülə uğradan koronavirusla mübarizə aparması səbəbindən rekord həddə – 3,1 trilyon ABŞ dollarına yüksəlib.

“Report” “Dow Jones”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi cümə günü məlumat yayıb.

Pandemiya və ABŞ iqtisadiyyatının dəstəklənməsi üzrə səylər, eləcə də müəssisələrin bağlanması və işdən çıxarılmalar fonunda büdcə gəlirlərinin azalması nəticəsində dövlət xərclərinin artması büdcə kəsirini artırıb. ÜDM-ə nisbətən faiz göstəricisində kəsir 2020-ci maliyyə ilində 16,1%-ə yüksəlib. Bu da ABŞ hökumətinin İkinci Dünya müharibəsini sona çatdırmaq üçün kütləvi hərbi əməliyyatları maliyyələşdirdiyi vaxtdan – 1945-ci ildən bəri ən yüksək səviyyə deməkdir.

Federal hökumətin büdcəsinə daxilolmalar öncəki ilə nisbətən 1% azalaraq 3,4 trilyon ABŞ dolları təşkil edib, azalma əsasən koronavirusun bütün ölkəyə yayılmağa başladığı mart ayından bəri daha qabarıq görünür. Hökumətin xərcləri dövlətin kiçik müəssisələrə verdiyi kreditlər, işsizlik müavinətlərinin artırılması və ABŞ ailələrinə stimullaşdırıcı ödənişlər fonunda 47% artaraq rekord həddə – 6,5 trilyon ABŞ dollarına çatıb.

Dövlət borcu 2020-ci maliyyə ilinin əvvəlindəki 16,8 trilyon ABŞ dollarından sentyabr ayının sonunda 21 trilyon ABŞ dollarına yüksələrək 25% artıb. Büdcə məsuliyyəti komitəsinin məlumatlarına görə, dövlət borcu ÜDM-in 102 faizinə çatıb və 70 ildən çox müddətdə ilk dəfə bir tam maliyyə ilində iqtisadiyyatın həcmini üstələyib.