ABŞ-ın Açıq Səma müqaviləsindən çıxmaq barədə qərarının səbəbləri – RƏY

57

Bu gün NATO ABŞ-ın Açıq səma müqaviləsindən çıxmaq barədə birtətəfli qərarı ilə bağlı videoiclas keçirməyi planlaşdırır. ABŞ öz addımını Rusiya tərəfindən ərazisinin bəzi rayonları üzərində inspeksiya uçuşlarını məhdudlaşdırmaqla əlaqələndirir.

1992-ci ildə bağlanan və iştirakçı dövlətlərin səma məkanında silahsız kəşfiyyat aparatlarının sərbəst uçuşlarını nəzərdə tutan Açıq səma müqaviləsi dünyada və Avropada silahlar üzərində nəzarət sisteminin mühüm tərkib hissəsidir. Elə bugünkü iclasın vacibliyini NATO rəhbərliyi silahlar üzərində nəzarətin Alyansın təhlükəsizliyi üçün kifayət qədər böyük əhəmiyyəti ilə izah edir.

Azərbaycan Açıq səma müqaviləsinə imza atan ölkələr sırasında olmasa da onun aparıcı dünya mərkəzləri ilə strateji əməkdaşlığında və dünyada təhlükəsizliyin təmin edilməsində vacib rolunu qəbul edir. NATO ilə əməkdaşlıq kontekstində bu özünü Azərbaycanın Alyans tərəfindən həyata keçirilən bir sıra hərbi-siyasi tədbirlərdə, sülhməramlı və antiterror əməliyyatlarında, həmçinin Avropadakı təhlükəsizlik proseslərində iştirak etməsində büruzə verir.

Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Azərbaycan Qoşulmama hərəkatının üzvü olduğu üçün bu proseslərdə iştirak edə bilmir. Lakin bizim qonşu Rusiya və Türkiyə bu məsələlərə olduqca çox cəlb olunublar, yaxından iştirak edirlər və bu, bilavasitə bizə də təsirisiz ötüşmür:

“ABŞ ötən il müqavilədən çıxacağını bəyan etmişdi və əsas kimi Rusiyanın Abxaziya və Cənubi Osetiya sərhədləri yaxınlığında və Kalinininqrad üzərində uçuşları qadağan etməsini göstərmişdi. Rusiyanı həm də ABŞ-ın kritik infrastrukturu barədə məlumat toplamaqda ittiham edirlər. Müqavilə 1992-ci ildə imzalanıb. Həmin dövrdə Soyuq müharibə yenicə başa çatmışdı. İndi isə reallıqlar tam dəyişib. Şəraitin dəyişməsi yəqin ki, müqavilə və razılaşmaların ya ləğv edilməsini, ya da müasir tələblərə uyğunlaşmasını labüd edir. Daha çox ABŞ müqavilədən çıxmağa can atır. Bu, fikrimcə Rusiyanın hərbi-texniki imkanlarının genişlənməsi ilə bağlı ola bilər. ABŞ dəfələrlə Rusiyanın onun ərazisi üzərində uçuş keçirmək istəyini rədd edib və bunu uçuş həyata keçirmək istəyən təyyarələrin kəşfiyyat imkanlarının geniş olması ilə izah edib. Bundan başqa Putinin hakimiyyətə gəlməsindən sonra Rusiya bir casus dövlətinə çevrilib.

ABŞ müqavilənin verdiyi imkanlardan Rusiyanın sovet dövründə KGB-nin əsas sahələrindən biri olan sənaye casusuluğu məqsədilə istifadə etməsindən narahat olmuş ola bilər. Məsələn, Tu-154 təyyarəsi 2017-ci ABŞ Mərkəzi kəşfiyyat idarəsinin, Prezidentinin Kemp-Deviddəki iqamətgahları üzərində uçuş həyata keçirib. Ehtimal ki, ABŞ-ı narahat edən əsas bu səbəbdir”.