ABŞ-ın 28-ci prezidentinin dənizçiyə hədiyyə etdiyi cib saatı Londonda oğurlanıb

297

ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun britaniyalı dənizçiyə hədiyyə etdiyi qızıl cib saatı Londonda oğurlanıb. Bu barədə “Zvezda” xəbər yayıb. Bildirilir ki, bu saat 1914-cü ildə Ağ Evin başçısı tərəfindən ABŞ-a məxsus “Julia Trubee” şxunasının heyətinin xilas edilməsinə görə dənizçiyə özəl hədiyyə kimi təqdim edilib.

Xatirə xronometrinə “ABŞ prezidentindən “Nubian” paroxodunun kapitanı Çarlz Lourensə” yazısı həkk olunub. Mütəxəssislərin fikrincə, oğurlanan əşyanın dəyəri təxminən 27 min dollardır (45 900 AZN). 14 karat ağırlığında olan zinət əşyası Britaniyanın paytaxtında antik mağazada saxlanılıb, oradan isə 12 dekabr tarixində naməlum şəxs tərəfindən oğurlanıb.

Bildirilir ki, oğru özünü vazalardan biri ilə maraqlanan kimi göstərərək satıcı ilə sövdələşməyə başlayıb. Qiymətdə razılığa gəlinmədikdə satıcı vazanı rəfə qoymaq üçün üzünü çevirib, bu zaman həmin şəxs saatı oğurlayıb. Hazırda hüquq-mühafizə orqanları cinayətkarı axtarır.