ABŞ gizli danışıqlar aparır: Tramp Rusiya ilə gücünü Çinə qarşı birləşdirir… – Putin buna imza atacaqmı? – MÜSAHİBƏ

42

İyunun 3-dən neftin qiyməti qalxmağa başlayıb. Bunun OPEC+ ölkələrinin may-iyun aylarında hasilatı azaltmaq barədə qəbul etdiyi qərardan qaynaqlandığı bildirilir. Digər tərəfdən, pandemiya dövründə dünya iqtisadiyyatında bir sıra çətinliklər yaşanır. ABŞ-da qaradərili Corc Floydun öldürülməsindən sonra başlayan iğtişaşlar səngimək bilmir. Bu amillər də iqtisadiyyata müəyyən təsir göstərir. Donald Tramp tərəfindən canlı keçirilməsi planlaşdırılan G7 sammitində də mühüm qərarların verilməsi qaçılmazdır. Çinə qarşı müttəfiqlərin sayəsində ABŞ tərəfindən yeni sanksiyaların tətbiq olunub-olunmaması isə sual altındadır.

Publika.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli dünya iqtisadiyyatının son durumunu dəyərləndirib, bir sıra proqnozlar verib.

Hurriyyet.org müsahibəni təqdim edir:

– Neftin qiymətinin artmasını hansı amillər şərtləndirdi?

– Neftin qiymətinə təsir edəcək əsas üç məsələ var. Birincisi, yaxın günlərdə OPEC və Rusiyanın növbəti görüşü planlaşdırılır. Aprel ayının ilkin anlaşmasına görə 9,7 milyon barrel ümumi azalma nəzərdə tutulurdu və bu ayın sonu bu anlaşma bitməli idi. İyul ayından isə 7.5 barrel azalma olacağı gözlənilirdi. Yəni, iyulun 1-dən 2 milyona yaxın neft hasilatının artırılması düşünülürdü. Amma yeni təklifə görə bu 9,7 milyon barrelin ilin sonuna qədər uzadılması təklif edilib. Təklifi Səudiyyə Ərəbistanı edib. Rusiya isə buna ilkin olaraq müsbət reaksiya verib. Bu amil “Reuters” agentliyi tərəfindən yayılan kimi neft bazarına müsbət təsir etdi. İkinci məsələ isə Avropa ölkələrinin karantindən çıxmaq üçün planlarının açıqlanması ilə bağlı oldu. Bir çox aviaşirkətlər, o cümlədən Avropa birliyi çərçivəsində hərəkət edən aviaşirkətlər iyunun 15-dən aviareyslərin açılacağı ilə bağlı ilkin açıqlama verdilər. Bu da neft bazarına müsbət təsir göstərdi. Bu informasiyaların aviakerosinin və neft məhsullarının istehlakının artımına dəlalət edəcəyi bildirildi. Buna görə də bu səbəblər neftin qiymətinə təsir göstərdi. Üçüncü amil isə dolların özünün məzənnəsi ilə bağlıdır. ABŞ-da son bir həftədə baş verən iğtişaşlarla əlaqədar olaraq dünya bazarlarında dollar indeksi kifayət qədər aşağı düşüb. Yəni, təqribi 2 faizdən bir qədər yuxarı azalma müşahidə edilir. Hətta rəqəmsal olaraq istifadə etsək, məsələn, 10 gün öncə avro qarşısında 1 dollar 8 sent idisə, bu gün 1 dollar 12 sentdir. Yəni, dollar avro qarşısında 4 sent ucuzlaşıb. Dolların ucuzlaşması həmişə neftə müsbət təsir göstərir. Ucuz dollar daha baha neft deməkdir və belə bir formul işə düşür. Yəni, bu üç amil – həm OPEC və Rusiyanın anlaşması, həm Avropanın karantin rejimindən yavaş yavaş çıxması, həm də dolların ucuzlaşması neftə təsir göstərdi. Fundamental səbəblərə gəlincə isə, bu səbəblər hələ də öz həllini tapmayıb.

– Artım dinamikası qarşıdakı dönəmdə də müşahidə olunacaqmı? Neftin qiymətinin yuxarı həddi neçə dollar ola bilər?

– Hələlik bu müsbət xəbər axını fonunda qiymət qalxır. Ancaq, hasilatla istehsal arasında 10-12 milyon fərq var. Yəni, bu gün dünyada istehsal olunan neftin 12 milyon barreli hər gün istehsal olunmur və anbarlara yığılır. Çünki hələ də istehlak çox aşağı səviyyədədir. Yəni, bütün bu amilləri nəzərə alsaq, hətta neftin gələcək taleyi ilə bağlı proqnozlar vermək çox çətindir. Çünki neftin qiyməti iqtisadiyyatdan daha çox siyasi amillərə və siyasi bəyanatlara da bağlıdır. Amma hər halda iqtisadi amilləri nəzərə alsaq neftin qiymətinin kəskin bahalaşması ehtimalı hələ ki, çox aşağıdır. Bu, hətta sıfıra yaxındır. Ən yaxşı halda 40-45 dollar həddində neftin qiymətini yaxın aylarda görə bilərik. Çünki bu da həm istehsalçı, həm də istehlakçı ölkələr üçün indiki dövr üçün çox yaxşı qiymətdir. İstehsalçılar 45 dollar civarında neft qiyməti olsa ən azı mənfiyə işləməyəcəklər. Yəni, burada heç bir ziyan olmaz. İstehlakçı ölkələr üçün də ona görə sərfəlidir ki, bu, benzinin və aviakerosinin qiymətini aşağı səviyyələrdə saxlamağa imkan verir.

– Koronavirus pandemiyasının ikinci dalğasının olacağı proqnozlaşdırılır və artıq səhiyyə sistemləri buna hazırlaşır. Bəs dünya iqtisadiyyatını nə gözləyir?

– Bu əsasən payız aylarında gizlənilir. Əgər doğrudan da ikinci dalğa olacaqsa, bu zaman dünya iqtisadiyyatı daha ağır duruma düşə bilər. Çünki, yeni-yeni açılan iqtisadiyyat sahələri ancaq payız aylarına qədər özlərinə gəlməyə başlayacaq. Yəni, öncəki dövriyyələrinə payız aylarında belə keçməsi bir çox hallarda çətin görünür. Əgər virusun ikinci dalğası gələrsə, payızda yeni özünə gəlməyə başlayan turizm, ictimai iaşə, xidmət sahələri və qeyri-ərzaq ticarəti yeni bir zərbə almış olacaqlar. Bu, dünya iqtisadiyyatında çox böyük və həddindən artıq ciddi təlatümlər yaradacaq. Ona görə də ikinci dalğanın olma ehtimalı var. O vaxta qədər də həm vaksininin, həm də dərmanın tapılmaması dünya iqtisadiyyatında çox böyük problemlərə və yenidən neft qiymətlərinin də ucuzlaşmasına, dünya iqtisadiyyatının daralmasına və iqtisadi münasibətlərin yenidən minumuma enməsinə səbəb ola bilər.

– ABŞ və Çin arasında gedən çəkişmələri dünya iqtisadiyyatı üçün yeni risk adandırırlar. Bu rəqabət iqtisadi olaraq ABŞ-ı, yoxsa Çini qalib çıxaracaq?

– Əslində qısa vadədə hamı uduzur. Çünki Çinlə ABŞ arasında ticarət dövriyyəsi təqribən 1,1 trilyon dollardır. Bu qarşılıqlı ticarət dövriyyəsidir. Düzdür, Çin daha çox mal satır, amma hər halda ABŞ-ın da 500 milyard dollara yaxın satacağı və ya satdığı mal var. Bu, əsasən texnoloji məhsullardır ki, ABŞ Çinə satır. Bu qarşıdurmada həm ABŞ, həm Çin, həm də dünya iqtisadiyyatı və dünya ticarəti ziyanlı görünür. Amma orta və uzun vadədə götürsək təbii ki, ABŞ-ın üstünlükləri daha çox görünür. Çünki, Çinin valyuta rezervləri 3 trilyona yaxındır. Bu valyuta rezervlərinin böyük əksəriyyəti dollarda saxlanılır. Yəni, bunlar hamısı ABŞ dollarında və ABŞ-ın borc kağızlarındadır. Ona görə də düşünürəm ki, orta və uzun vadədə bu problem əgər həll olunmasa Çinin bu işdən ziyanla çıxacağı açıq-aşkar görünür. ABŞ-ın həm öz iqtisadiyyatından yaranan üstünlükləri var, həm də dollardan doğan üstünlükləri var. Dollar dünya valyutası olduğu üçün, dünyanın ticarət dövriyyəsinin 72 faizi bu pul vahidi üzərindən aparılır. ABŞ istənilən halda bu qarşıdurmadan orta və uzun vadədə daha güclü çıxa bilər.

– ABŞ-da Corc Floydun öldürülməsi ilə başlanan işğtişaşlar iqtisadiyyata necə təsir göstərəcək?

– Əslində, bu iğtişaşların nə zamana qədər davam etməsi maraqlıdır. Burada əsas məsələ ABŞ-da payızda keçiriləcək prezident seçkiləridir. Bu iğtişaşlar prezident seçkilərinə ilkin təsir mexanizmlərinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. ABŞ-da bu iğtişaşlar böyüyəcəksə və Trampın verdiyi açıqlamalar insanları daha çox qıcıqlandıracaqsa düşünürəm ki, Trampın noyabr seçkilərində qalib gəlmə şansı kifayət qədər azalır. ABŞ iqtisadiyyatında da hazırda ciddi problemlər var. Ölkədə işsizlik 21 milyona çatıb. Bu son illərin ən yüksək göstəricisidir. İşsizliyin artması, iqtisadi tənəzzülün olması, iqtisadiyyatda ciddi problemlərin yaranması, bundan əlavə bu şəkildə iğtişaşların olması Trampın seçkilərdə lider olma şansını kifayət qədər azaldır.

– Donald Tramp G7 sammitini canlı keçirmək üçün Rusiyanı və Çinin rəqiblərini Vaşinqtona dəvət edib. Orada Çinə qarşı ağır sanksiyalar barədə qərar veriləcəyi gözlənilir. Çinə qarşı hansı qərarlar qəbul oluna bilər? Rusiya bu qərarlara imza atacaqmı?

– Əslində, hələ ki, bu sammitin nə vaxt keçiriləcəyi dəqiq bilinmir. Hətta, G10 formatı da təklif olunub. Burada Rusiya ilə yanaşı Avstraliyanın, Hindistanın və digər Cənubi Afrika Respublikası kimi böyük dövlətlərin dəvət olunması gözlənilir. Əgər G10 formatı canlı baş verəcəksə Vladimir Putin G8 formatına yenidən dönməyi çox istəyir. Bunun əvəzinə ABŞ tərəfindən yəqin ki, gizli danışıqlar gedir. Çinə qarşı hər hansısa birgə addımların atılması ehtimalı var. Çünki, Çinin böyüməsi və güclənməsi ABŞ-dan daha çox Rusiyaya təhdid yaradır. Rusiya siyasi çevrələri Çinin təhdidinin daha güclü olduğunu anlayırlar. Bununla bağlı Rusiyada kifayət qədər analitik məlumatlar da dərc olunur. Çünki, bu gün Çinin Rusiya ilə sərhəd bölgələrinə, xüsusilə də Rusiyanın Amur, Baykal vilayətlərinə hələ də Çindən milyonlarla insanların qeyri-qanuni köç etməsi məlumdur. Yəni, bir müddətdən sonra – çinlilər orada möhkəmləndikdən sonra əhalinin say etibarilə çox ciddi diasporaya malik ola bilərlər. Rusiyanın Amur çayı və Baykal ətrafı torpaqlarında Çinin əhalisinin hegemon bir gücə çevrilməsi ehtimalı da var. Bu nöqteyi-nəzərdən kifayət qədər problemlər var. Ona görə də Rusiya və ABŞ-ın Çinə qarşı maraqları müəyyən mənada üst-üstə düşə bilər.