ABŞ Dövlət katibinin bütün xarici səfərləri ləğv edildi

348

ABŞ-ın Dövlət katibi Mayk Pompeonun, Avropa daxil olmaqla, bir çox xarici səfərləri ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, yeni seçilən Prezident Co Baydenin vəzifəyə gəlməsi səbəbi ilə belə bir addım atılıb.

“Qarşıdakı 8 gündə tamamlanacaq əvəzlənmələr olacaq. Həm Departamentin, həm də gələcək Prezidentin komandası bir neçə həftədir bu proseslə tam məşğul olur. Sərgilənən iş birliyi və peşəkarlıq səviyyəsindən məmnunuq. Gələn administrasiyadan Senatın təsdiq prosesi başa çatana qədər məsul vəzifələrdə qalacaq yeni məmurların karyeralarını təyin edən bir plan gözləyirik. Nəticədə, bu həftə Dövlət katibinin Avropaya səfəri də daxil olmaqla bütün planlaşdırılan səyahətlərini ləğv edirik”,- deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, ötən gün Mayk Pompeonun vəzifəsindən getməsinə bir həftə qalmış Belçikaya səfər edəcəyi, NATO Baş katibi Yens Stoltenberq və Belçika Baş nazirinin müavini, xarici işlər naziri Sofi Uilms ilə görüşəcəyinə dair məlumat yayılmışdı.

Daha sonra “Reuters” nəşri Lüksemburqun xarici işlər naziri Jan Asselborn da daxil olmaqla, Avropa siyasətçilərinin Pompeo ilə görüşməkdən imtina etməsi səbəbindən onun Avropaya səfərini ləğv etdiyini yazmışdı.