ABŞ demokratiyanın beşiyi imicini itirir?

78

Ərəstun Oruclu: “ABŞ siyasətində korporativ və partiya maraqları artıq çoxdan milli maraqların fövqündə dayanır”

Elxan Şahinoğlu: “ABŞ-da dərin dövlət olsaydı, 4 il əvvəl Donald Trampın prezident seçilməsini bir yolla əngəlləyər, Ağ Evdə Hillari Klintonun oturmasını təmin edərdi”

Şahin Cəfərli: “Trampın dediklərini həqiqət kimi qəbul etsək, onda deməliyik ki, ABŞ-da sistem, yaxud dərin dövlət, gizli güclər və s. hansısa siyasətçinin gəlib istədiyi qədər hakimiyyətdə oturmasına imkan vermir”

Bugünlərdə, daha dəqiq desək, yanvarın 6-da Vaşinqtonda ABŞ-ın hazırkı prezidenti, son seçkilərdə rəqibi Co Baydenə məğlub olan Donald Tramp tərəfdarlarının Kapitoli binası önündə izdihamlı mitinqi zamanı aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib. Bundan sonra nümayişçilər ABŞ prezidenti seçkilərinin ratifikasiyası keçirilən Konqresin binasına girib və onu bir neçə saatlığa zəbt ediblər.

Qeyd edək ki, etiraz aksiyası və iğtişaşlar zamanı 4 nəfər ölüb, Konqresin iclası yarımçıq dayandırılıb, konqresmenlərin bir hissəsi isə təxliyə edilib. Bundan başqa, iğtişaşları yatırılmasına milli qvardiya cəlb edilib və Vaşinqtonda komendant saatı elan olunub. Aksiya iştirakçılarından 52 nəfəri saxlanılıb. Etirazçılar binadan çıxarıldıqdan sonra Konqres müzakirələri bərpa edib və Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyib. Bu isə o deməkdir ki, Tramp yanvarın 20-də səlahiyyətlərini ABŞ-ın yeni prezidentinə – Baydenə təhvil verməlidir.

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin fikrincə, Donald Trampın hərəkəti Rusiya prezidenti Vladimir Putinə hədiyyədir: “Bu, prezident Putinin alətidir. Putinin hədəfi demokratiyanın dünyadakı rolunu kiçiltmək idi. O, bununla məşğuldur. Onun köməkçisi isə uzun müddət Donald Tramp oldu”. Co Bayden isə öz növbəsində, Kapitoli iğtişaşı barədə danışarkən, Konqresə girənlərin terrorçular olduğunu bildirib: “Bu hücum ABŞ-a böyük ziyan vurdu. Bununla ABŞ-ın təməllərini sarsıtmağa çalışırdılar. Prezident qanundan üstün ola bilməz. Heç bir prezident kral ola bilməz və məhkəmə sistemi prezidentin əmrlərini yerinə yetirmək üçün fəaliyyət göstərmir. Biz qanunla idarə olunan bir dövlətik”.

“Trampın hakimiyyəti dövründə onu ABŞ seçkilərinə müdaxilə edən Rusiyanın seçdirdiyini iddia edən demokratlar bəlkə heç özləri də bilmədən bu gün baş verənlər üçün münbit zəmin yaratmış oldular”

Beləliklə, “Hürriyyət“in məlumatına görə, ABŞ-da baş verən ixtişaşlara dair mövqeyini bildirən siyasi şərhçi Ərəstun Oruclu hesab edir ki, yaşanan olayların əsas səbəbi ABŞ siyasi sisteminin böhranıdır: “Donald Trampın prezident seçilməsi özü elə həmin böhranın ciddi təzahürlərindən idi. Bu barədə hələ 2016-cı il prezident seçkilərindən həmən sonra yazmışdım. Elə həmin məqalənin P.S. bölümündə Trampdan “Mən yalnız qalib gəlsəm seçkilərin nəticələrini qəbul edəcəyəm!” sitatını da gətirmişdim. Gördüyümüz kimi, Tramp vədinə sadiq qalaraq 4 ildən sonra məğlubiyyətini qəbul etmədi və bu haqda da ABŞ mətbuatında çox yazılmışdı. Təxminən 2 il əvvəl “The İntercept” yazarı, britaniyalı jurnalist Mehdi Həsən və “New York Times” qəzetinin köşə yazarı Tomas Fridman təxminən, eyni sualı vermişdilər: “Donald Tramp seçkiləri uduzub Ağ Evdən çıxmaqdan imtina etsə nə baş verəcək?” Təəssüf ki, ən pis proqnozlar özünü doğrultdu. Amma bu, tək Trampın günahı deyil. Onun məsuliyyəti öz yerində, lakin Trampın 4 illik hakimiyyəti dövründə onu ABŞ seçkilərinə müdaxilə edən Rusiyanın seçdirdiyini iddia edən demokratlar bəlkə heç özləri də bilmədən bu gün baş verənlər üçün münbit zəmin yaratmış oldular. Hər bir halda, həmin əsassız (ona görə ki, aylarla aparılan təhqiqatlar ortaya heç bir sübut qoya bilmədi) iddialar da sonda bu işə öz töhfəsini vermiş oldu. Belə ki, demokratlar düz 4 il ərzində amerikalılara onların büt kimi inandıqları seçkilərin saxtalaşdırılmasının mümkünlüyünü aşıladılar. 4 ildən sonra isə onların atdığı bumeranq geri qayıtdı və özlərinin, daha doğrusu ölkənin başında çatladı”.

Siyasi şərhçi “4 il ərzində ABŞ seçkilərinin saxtalaşdırıldığını iddia edənlər bu gün həmin seçkilərin saxtalaşdırılmadığına nə qədər amerikalını inandıra bilərlər?” sualına cavabında “Tramp tərəfdarlarının çox az bir hissəsini”, deyə qeyd edib: “Onlar isə ABŞ-ın az qala tən yarısıdır. Yuxarıda qeyd etdiyim və ABŞ-da geniş oxucu auditoriyası olan 2 müəllifin hələ xeyli əvvəl xəbərdarlıq etməsinə baxmayaraq, esteblişmentin belə hadisələrə hazır olmadığı üzə çıxdı. Məlum oldu ki, müxtəlif ölkələrdə seçkilərdən sonra baş verən mübahisələri danışıqlarla və dinc yolla çözməyə çağırışlar edən ABŞ-ın özünün eyni hallar üçün nəzərdə tutulmuş ən ciddi “arqumentləri” polis, milli qvardiya və komendant saatı imiş. Amma həmin “ciddi arqumentlər” də effektiv olmazsa, onda nələr baş verə bilər və ABŞ çalxalanarsa bunun dünyaya hansı təsirləri olar? Bu sualları haqqında isə düşünmək belə, qorxuludur. Odur ki, vəziyyətdən çıxış yollarını görünür, hər iki partiya birlikdə aramalı olacaq. Amma bu da praktikada heç də sözdəki qədər asan deyil. ABŞ siyasətində korporativ və partiya maraqları artıq çoxdan milli maraqların fövqündə dayanır və yetişməkdə olan böhranın başlıca səbəblərindən biri və bəlkə də birincisi elə budur. Əks təqdirdə, siyasi opponentlərə qarşı mübarizədə “seçkilərə müdaxilə olunub” iddiasını dövriyyəyə buraxmaqla və sutkada 24 saat gündəmdə saxlamaqla cəmiyyətin iki əsrdir istinad yeri olan təməl dəyərləri hədəfə almazdılar. Vaşinqtondakı qarşıdırmada artıq ilk qan da töküldü. Ümid edək ki, bu, həm də sonuncu qan olacaq. Başqa cür düşünmək isə sadəcə qorxuncdur, axı söhbət 330 milyon əhalisinin əlində 400 milyondan çox silah olan ölkədən gedir”.

“Amerikada dərin dövlət olsaydı, Trampa prezidentliyinin son günlərində anladardı ki, “məğlub olmusan, ölkəni qarışdırma!”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, ABŞ-da dərin dövlət olsaydı, 4 il əvvəl Donald Trampın prezident seçilməsini bir yolla əngəlləyər, Ağ Evdə onun rəqibi, daha təcrübəli Hillari Klintonun oturmasını təmin edərdi: “Amerikada dərin dövlət olsaydı, Trampa prezidentliyinin son günlərində anladardı ki, “məğlub olmusan, ölkəni qarışdırma!” Amerikada dərin dövlət olsaydı, siyasətçilərini anladardı ki, NATO-dakı müttəfiqimiz Türkiyəyə qarşı sanksiyalar bu ölkəni düşmənimiz Rusiya ilə daha da yaxınlaşdıracaq, bu, Amerikanın maraqlarına uyğun deyil. Amerikada dərin dövlət olsaydı, İraqda Səddam Hüseyn rejimini devirib bu ölkəni İranın müttəfiqinə çevirməzdi. Yaxın keçmişə də getsək, Amerikada dərin dövlət olsaydı, uzaq Vyetnamda müharibəyə baş qoşmazdı, deyərdi ki, “bizə nə kiçik ölkədəki kommunist rejimin qurulmasından”, əvəzində on minlərlə gəncini itirdi və yüz minlərlə vyetnamlını öldürdükdən sonra biabırçılıqla bu ölkəni tərk etdi”.

“Əlində geniş səlahiyyətlər olan prezident seçkinin həqiqi nəticələrini təhrif etmək və hakimiyyətdə qalmaq üçün bütün gücündən istifadə etsə də, buna nail ola bilmədi”

Hürriyyət” xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, əlində geniş səlahiyyətlər olan prezident seçkinin həqiqi nəticələrini təhrif etmək və hakimiyyətdə qalmaq üçün bütün gücündən istifadə etsə də, buna nail ola bilmədi: “Putinin deputatı deyir ki, Amerika bundan sonra demokratiyadan danışmasın. Məntiqi tuta bilmirəm: parlament binasına hücum, yəni cinayət hadisəsi baş veribsə, niyə demokratiya mövzusunda danışmaq olmaz? Məntiqlə, həmin kütlənin sərbəst toplaşmasına icazə verilməsəydi, yaxud onlar toplandıqdan sonra aksiya dağıdılsaydı, o zaman demək olardı ki, daha demokratiyadan dəm vurmasınlar. Digər tərəfdən, avtoritar ölkələrdə seçki saxtakarlığı ölkə rəhbərlərinin bilavasitə göstərişi, təşkilatçılığı ilə həyata keçirildiyi və onların hakimiyyətinin ömrünü uzatmağa yönəldiyi halda, ABŞ-da bu gün ökə rəhbərinin özü saxtakarlıqdan, hüquqlarının pozulmasından danışır. Əgər Trampın dediklərini həqiqət kimi qəbul etsək, onda deməliyik ki, ABŞ-da sistem, yaxud dərin dövlət, gizli güclər və s. hansısa siyasətçinin gəlib istədiyi qədər hakimiyyətdə oturmasına imkan vermir və lazım biləndə onu Ağ Evdən kənara atır. Anormal durum kimi görünsə də, belə baxanda, elə də pis deyil. Məsələn, ABŞ-da heç kim Putin kimi 20 il hakimiyyətdə qalıb, sonra arsız-arsız konstitusiyanı öz şəxsi fikirlərinə və ehtiyaclarına uyğun dəyişdirə bilməz. Məsələnin faktoloji tərəfi isə bundan ibarətdir ki, əlində geniş səlahiyyətlər olan prezident seçkinin həqiqi nəticələrini təhrif etmək və hakimiyyətdə qalmaq üçün bütün gücündən istifadə etsə də, buna nail ola bilmədi. Əvvəlcə mübahisəli ştatlarda – Miçiqan və Pensilvaniyada seçicilər kollegiyasının respublikaçı üzvlərinə təzyiq etdi ki, onlar Baydenin qələbəsini təsdiqləməsinlər. Lakin həmin respublikaçılar yalnız seçkinin nəticələrini və qanunları rəhbər tutacaqlarını bildirməklə öz partiyalarının faktiki liderinin, ölkə prezidentinin tələbini rədd etdilər”.

Bundan sonra Trampın komandasının yerli məhkəmələrdə çoxsaylı iddialar qaldırdığını vurğulayan Şahin Cəfərli bildirib ki, bu iddiaların hamısı hakimlər, o cümlədən Trampın təyin etdiyi mühafizəkar hakimlər tərəfindən rədd edilib: “Sonra Ali Məhkəməyə çıxdılar. Bu yüksək instansiyada qüvvələr nisbəti 6-3 mühafizəkarların xeyrinədir və ötən 4 ildə 3 hakim Tramp tərəfindən təyin olunub. Lakin Ali Məhkəmə də daxil olan 2 müraciəti yekdilliklə rədd etdi. Daha sonra Tramp Konqresdəki respublikaçılara səsləndi ki, nəticələrin təsdiqlənməsinin qarşısını mümkün qədər almağa çalışsınlar. Bu çağırışa gələcəkdə Trampın radikal fanat kütləsinin səsinə ehtiyac duyacağını düşünən müəyyən sayda respublikaçı Konqres üzvü qoşulsa da, əksəriyyəti dəstək vermədi. Ən sonda Tramp 5 ildir gecə-gündüz bərabər addımladığı vitse-prezidentinə müraciət etdi ki, Senatda nəticələri təsdiq etməsin. Vitse-prezident bu çağırışı rədd etdi ki, Konstitusiya mənə belə bir səlahiyyət verməyib. Bu qısa xronologiya da göstərir ki, hələlik ABŞ-ın demokratiyadan danışmağa haqqı var. Elə Tramp kimi təsadüfi adamın prezident ola bilməsi faktının özü sübutlardan biridir ki, Amerika demokratiyadan danışa bilər. Hərçənd, son 4 ildə demokratiyanın problemli tərəflərinə və fəsadlarına da şahid oldular”.

Vazeh BƏHRAMOĞLU