“ABŞ-dakı etirazlara heç cür haqq qazandırmaq olmaz” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

21

“Bu, Trampın hakimiyyətdən əl çəkməsinə hesablanan siyasi proseslərdir”

“ABŞ-da baş verən etiraz aksiyalarından müəyyən siyasi qüvvələr istifadə edir. Bu Trampa qarşı bir prosesdir. Burada Çin və Rusiyanın müəyyən qruplarla işləyib etirazları qızışdırması mümkündür”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Onun sözlərinə görə, afroamerikalıların çoxu ABŞ cəmiyyətində cinayət və kriminala meyilli olublar: “Onlara qarşı təhlükəsizlik işçilərinin zorakı üsullarla davranması daim davam edib və bundan sonra da davam edəcək. Bu etirazlar heç də polis zorakılığına qarşı etirazlar deyil. ABŞ polisinin səlahiyyətləri genişdir və onlar şübhəli şəxsləri silahla zərərsizləşdirəndə heç kim onlara etiraz etmir. Son aylarda Trampla dərin dövlət arasında ziddiyyətin dərinləşməsi, Federal Ehtiyatlar Bürosu ilə görünməyən savaş bu etirazların tətiklənməsinə və Trampa qarşı istifadə edilməsinə gətirib çıxarıb. Etirazlar ifrat dərəcədə, vandalizm şəklində keçirilməklə birbaşa iqtisadiyyat və infrastrukturu hədəf alır. Bu insan haqlarının qorunması və polis zorakılığına qarşı etiraz deyil. Bu etirazlara heç cür haqq qazandırmaq olmaz. Bu, Trampın hakimiyyətdən əl çəkməsinə hesablanan bir siyasi proseslərdir”.

Politoloq hesab edir ki, ABŞ-ın fövqəl dövlət kimi zəifləməsi və iqtisadiyyatının sarsılması Rusiya və Çin kimi aqressiv ölkələrin işğal planının genişlənməsinə gətirə bilər: “Qeyd edim ki, Tramp bu anarxistlərin etirazının qarşısını alacaq. Əgər etirazlar sivil şəkildə keçirilsəydi Trampın mövqeyi zəifləyə bilərdi. Baş verən zorakılıq halları Trampın qətiyyətli addım atmasına və zorakılığa son verməklə mövqeyini güclənməsinə gətirə bilər”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org