ABŞ-da yüzlərlə insan cəsədi yük maşınlarında gözləyir

291

ABŞ-da koronavirus kabusu hər keçən gün daha da artmağa başlayıb. Son statistikaya görə ABŞ-da bu günə qədər 12,5 milyondan çox insan koronavirusa yoluxub, 260 mindən çox insan isə bu virusun qurbanı olub.

ABŞ-da koronavirusdan ən çox əziyyət çəkən şəhərlərdən biri də Nyu-Yorkdur. “New York Post”un yaydığı məlumata görə, şəhərdə koronavirusdan ölən 650 insan cəsədi morq əvəzi kimi istifadə edilən, dondurucusu olan yük maşınlarında qalıb.

Məlumatda qeyd edilib ki, həmin cəsədlərin 230-nun yaxınları tapılmayıb, digərləri isə dəfn olunması üçün ailələrinin maddi imkanı çatmadığı üçün qalıb.

Nyu-Yorkun bələdiyyə başçısı Bill de Blasio yük maşınlarında saxlanılan cəsədlərlə bağlı bunları bildirib: ”Onlar sadəcə “Covid-19”un deyil, hər cür iqtisadi və sosial xəstəliyin qurbanı oldular”.

Məlumata görə şəhərdə dəfnlə bağlı xərclər may ayında 900 dollar idisə, noyabr ayından etibarən bu vəsait 1700 dollara qədər qalxıb.

Xalidə, Musavat.com