ABŞ-da Xəzər regionunda kritik infrastruktura təhdidlər müzakirə edilib

13

 

Avqustun 7-də Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə “Xəzər regionunda kritik regional infrastruktura təhdidlər” mövzusunda virtual formatda təqdimat və müzakirələr keçirilib.

“Report” bu barədə səfirliyə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-ın Dövlət Departamentinin, Enerji Departamentinin və Konqresin peşəkar heyətinin, Vaşinqtonda fəaliyyət göstərən Səfirliklərin, ABŞ-ın və ölkəmizin, eləcə də Türkiyə və İsrailin tanınmış beyin mərkəzlərinin nümayəndələrinin, enerji və təhlükəsizlik üzrə ekspertlərin iştirak etdiyi tədbirə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov da qatılıb. Tədbirin məqsədi iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş gərginliklərin, regionun kritik enerji və nəqliyyat infrastrukturuna yaxınlığı xüsusunda yaratdığı təhdidlər və Ermənistanın aqressiyasının regional bağlantılara yaratdığı təhlükələr məsələsində agahlılığın artırılması olub.

E.Süleymanov iyulun 12-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatdan bəhs edərək, bununla Ermənistan beynəlxalq hüququn prinsiplərini, o cümlədən, beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğunu bildirib. Səfir son təxribatın ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionunda və qoşunların təmas xəttində deyil, Ermənistan Azərbycan sərhəddində baş verməsinə diqqət çəkərək, bu ərazinin yaxınlığından regionun əsas enerji və infrastruktur layihələrinin keçməsi barədə məlumat verib.

SOCAR-ın vitse-prezidenti E.Nəsirov Ermənistanın hərbi aqressiyasının Azərbaycan/Xəzər qazının Avropaya nəqlinin başlanmasından 3 ay başlandığının təsadüfi olmadığını qeyd edib. Əlavə edib ki, Azərbaycan və Xəzərin enerji resurslarını Qərb dünyasına, dünya bazarına bağlayan bütün infrastruktur qovşaqları – Bakı-Tbilisi-Ceyhan boru kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Supsa boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi avtomobil yolu hamısı təqribən 45 mil (72 km) enində “Gəncə Dəhlizi” çərçivəsində, hazırkı hərbi əməliyyatların çox yaxınlığından keçir. Bu faktlar qarşısında və bu bölgənin Azərbaycan üçün həssaslığını nəzərə alaraq, hazırkı aqressiyanın kim tərəfindən başlanması heç kimdə şübhə doğurmamalıdır.

Tədbir çərçivəsində səfirliyin müşaviri Orxan Zeynalov iyul ayında Tovuzda baş vermiş eskalasiyanın kritik infrastruktur qovşalarına və təsisatlarına təhdidləri və bunun Ermənistan tərəfdən öncədən düşünülmüş aqressiya olmasının səbəbləri barədə geniş təqdimatla çıxış edib. Tədbir müzakirə və sual-cavab sessiyası ilə davam etdirilib və səfir Süleymanov və E.Nəsirov iştirakçıların suallarını cavablandıraraq, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və onun nəticələrinin iqtisadi və geosiyasi xüsusda Azərbaycana və geniş regiona yaratdığı təhdidlər barədə danışıblar.

Tədbirə müşahidə edilən böyük maraq, Vaşinqton hüdudlarından da kənara çıxıb və Ankaradan Türkiyə Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə baş diplomatı Erdem Tunçər, ölkəmizdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Esmira Cəfərova da iştirak edib.

Tədbirə ABŞ və tərəfdaş ölkələr, həmçinin, aparıcı beyin mərkəzləri tərəfindən göstərilən böyük maraq xüsusunda mövzu üzrə Vaşinqtonda dialoqun davam etdirilməsi planlaşdırılır.