ABŞ-da siyasi böhran dərinləşir – Sietlin bələdiyyə başçısından “Tramp, sığınacağına geri dön!” çağırışı  

96

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Sietl şəhərinin bələdiyyə başçısı Cenni Durkan şəhərdə etirazçıların yaratdığı “muxtar bölgə” məsələsi ilə bağlı tənqid səsləndirən ABŞ prezidenti Donald Trampa “sığınacağına qayıt” cavabını verib.

Sietl şəhərinin demokrat bələdiyyə başçısı Cenni Durkan “Qaradərililərin həyatı mühümdür” etiketi ilə “Tvitter” hesabında verdiyi açıqlamada yazıb: “Hamımızı təhlükəsizlikdə saxla. Sığınacağına geri qayıt”.

“Anandolu Agentliyi”nin verdiyi xəbərə görə, Vaşinqton ştatının valisi demokrat Cey İnsli də ölkə prezidentinə qarşı çıxaraq deyib: “Hökuməti idarə etməyə qabil olmayan bir adam Vaşinqton ştatının işinə qarışmamalıdır”. O, Trampa müraciətlə: “Tvitterdə yazmaqdan əl çək”, – sözlərini səsləndirib.

Sietl bələdiyyəsinin mətbuat katibi Lori Patrik deyib: “Hər hansı silahlı Antifa yaraqlısı ilə qarşılaşmamışıq. Yenə də vəziyyəti yaxından izləyirik”.

Xəbər verdiyimiz kimi,  dünən ABŞ prezidenti Donald Tramp Vaşinqton ştatının Sietl şəhərindəki nümayişçilərin bələdiyyə və parlament binalarını işğal eləməsi ilə bağlı açıqlamasında deyib: “Radikal solçu demokratlar tərəfindən idarə edilən Sietl daxili terrorçuların hakimiyyətinə keçib. Qanun və nizam-intizam!”

Qaradərili şübhəli Corc Floydun həbs edilərkən polis zorakılığının qurbanına çevrilməsindən sonra Sietl şəhərində keçirilən mitinqlər zamanı bir qrup nümayişçi bələdiyyə binasını işğal edib və parlamentin binasından “Sietl Muxtar Bölgəsi” löhvəsini asıb. Tramp hadisələrə münasibətini “Tvitter”də bəyan edib.

Vaşinqtonun valisi demokrat Cey İnsli ilə Sietlin bələdiyyə başçısı, demokrat Cenni Durkana müraciət edən Tramp deyib: “Şəhərinizi geri qaytarın. Qaytarmasanız, mən alaram. Bu, oyun deyil. Bu çirkin anarxistlər təcili şəkildə dayandırmalıdırlar. Təcili hərəkətə keçin”.

Minneapolisdə 46 yaşlı Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra  ölkədə “polis islahatı” və “irqçiliyə son” tələbi ilə başlayan nümayişlərin gedişində paytaxt Vaşinqton da daxil olmaqla bir çox iri şəhərlərdə iğtişaş və talan hadisələri baş verib. Dövlət şəhərlərə milli qvardiyaçıları göndərmək məcburiyyətində qalıb.

Tramp isə hadisələrin arxasında “Antifa və radikal sol qrupların” olduğunu irəli sürərək, bu qrupları “daxili terrorçular” adlandırmışdı.

Hurriyyet.org