ABŞ-da qalib kim olacaq: Donald Tramp, yoxsa Co Bayden?

78

Natiq Cəfərli: “Pensilvaniya və Texasda böyük mücadilə gözlənilir, yəni kimin prezident seçiləcəyi onların nəticələrinə əsasən müəyyənləşəcək”

“Kimin qələbə qazanmasından asılı olmayaraq, ABŞ Azərbaycanla münasibətləri kifayət qədər yüksək keyfiyyətdə saxlamağa çalışacaq”

Bu gün ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Odur ki, Demokrat Partiyasının namizədi Co Baydenlə Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında uzun müddətdən bəri gedən qızğın yarışın son mərhələsinə qədəm qoymaq üzrəyik. Qeyd edək ki, “Azadlıq radiosu”nun məlumatına görə, 3 noyabr seçkisi öncəsi artıq 90 milyondan çox amerikalının səs verdiyi bildirilir. Prezident Donald Tramp iki gün ərzində seçkidə həlledici rol oynayan ştatlarda 10 tədbir keçirib. Trampın rəqibi Co Bayden isə noyabrın 2-də onun üçün vacib sayılan Pensilvaniya ştatına diqqət ayırıb.

Rəy sorğuları Baydenin Trampı azı 8 faiz qabaqladığını ortaya qoyur, ancaq bir sıra həlledici ştatlarda fərq xeyli azdır. Yəni, Tramp Seçici Kollegiyasını qazanmaq üçün gərəkən 270 səsi əldə edə bilər. Keçmiş vitse-prezident Bayden Pensilvaniyada iki tədbir keçirib. 2016-cı ildə Tramp bu ştatda az fərqlə qalib gəlmişdi. İndi isə rəy sorğuları Baydenin öndə olduğunu göstərir. Pensilvaniyanın ən böyük şəhəri olan Filadelfiyada Bayden afroamerikalı icmaya müraciət edib, hamını seçkiyə getməyə çağırıb. O, Trampın COVID-19-la mübarizəsini “kriminala yaxın” adlandırıb, pandemiyanın “qaradərili icmada böyük itki ilə sonuclandığını” deyib. Bayden ölkədəki “sistematik irqçilik”lə də mübarizə aparacağını söyləyib. Tramp bu arada Miçiqan, Ayova və Şimali Karolinada dalbadal seçki tədbirləri keçirib. O, koronavirus pandemiyasının miqyasını kiçiltməyə çalışır, özünü iqtisadi rifah gətirəcək prezident kimi qələmə verir. Tramp seçicilərə xəbərdarlıq edərək deyir ki, Demokratlar “sol qanad bandasıdır”, vergiləri qaldıracaq, daha bir karantin elan etməklə iqtisadiyyatı çökdürəcəklər.

Baydenin seçilməsiylə Türkiyənin qarşısına düşmən mövqeyində olan bir Ağ Evin çıxma riski var

Yeri gəlmişkən, bu barədə Türkiyənin “Posta” qəzetində yayımlanan, Hakan Çelikin müəllifi olduğu və strateq.az-ın tərcümə etdiyi məqalədə deyilir ki, Donald Trampın ən böyük “kozırı” iqtisadiyyatdır. Qlobal şərtlərə və pandemiya dövrünün sarsıdıcı təsirlərinə rəğmən, Amerika iqtisadiyyatında durum bir çox ölkədən daha yaxşı görünür. Son məlumatlara görə, ABŞ iqtisadiyyatı III kvartalda da böyüyüb. Tramp öz ölkəsində iş yerlərinin sayını artırmağı bacarıb. Co Bayden isə ABŞ-ın oturuşmuş nizamının təsirli cəbhələriylə birlikdə media orqanlarının da dəstəyini alır. Media, daha öncə görünməyən bir dil və intensivliklə Tramp əleyhinə mövqe sərgiləyir. Polisin qaralara qarşı zorakılığı, cəmiyyətin qütbləşməsi, müxtəlif qalmaqallar və fərd olaraq aqressiv üslubdan istifadə etməsi Trampın çatışmazlıqları arasında yer alır. Bununla birlikdə, Demokrat Partiyasının namizədi Co Baydenin daha öncə ABŞ vitse-prezidenti olarkən vəzifəsini sadəcə ortabab yerinə yetirməsi, yaşının çox olması, yaddaşı ilə bağlı ciddi şübhələrin olması və ailə üzvlərinin dövlətlə əlaqədar məsələlərdə mənfəət münasibətləri qurması onu çətinə salacaq mövzular olaraq göstərilir.

Müəllif iddia edir ki, Baydenin ölkəni idarəetmə qabiliyyətilə bağlı ciddi sual işarələri vardır. ABŞ qurumların güclü və idarəçilikdə təsirli olduğu bir ölkə olsa da, prezidentin enerjisi və liderlik qabiliyyəti, alacağı anlıq qərarlar da çox müəyyənedicidir. Türkiyə ilə ABŞ-ın münasibətlərinə gəlincə, iki ölkə arasında, Suriya və İraqdan tutmuş PKK və FETÖ məsələlərinədək, ciddi görüş ayrılıqları yaşanır. Liviya, Kipr və Şərqi Aralıq dənizi məsələlərində mövqelər fərqlidir. Türkiyənin S-400 almaq haqqında qərar verməsindən sonra Vaşinqton “CAATSA” adı ilə tanınan qanuna əsasən, bir sıra sanksiyaları gündəliyə gətirmişdi. Tramp indiyədək bunların tətbiq olunmasına imkan verməyib. Ankara ilə Vaşinqton arasındakı  münasibətlər enişlər və yüksəlişlərlə müşayət olunsa da, Trampın prezident Ərdoğanla bir çox məsələdə anlaşması əlaqələrin davam etməsini təmin etmişdir. Hətta problemlərə rəğmən, iki lider 100 milyard dollarlıq ticarət hədəfi qoymuşdu. “Posta” qəzeti yazır ki, Baydenin seçilməsi halında, prezidentlər arasındakı bu isti dialoqun ortadan qalxmasıyla birlikdə, Türkiyənin qarşısına düşmən mövqeyində olan bir Ağ Evin çıxma riski var. Baydenin qalib gəlməsiylə ABŞ-ın PKK və FETÖ-yə sahib çıxma siyasəti əməlli-başlı möhkəmlənə, Müdafiə Nazirliyinin Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) əməlli-başlı Türkiyənin qarşısına dikilə, Vaşinqton Yunanıstan, Ermənistan və Kipr kimi ixtilaflı məsələlərdə istiqaməti Türkiyə ilə problem yaşayan ölkələrin lehinə çevirə bilər. Hətta bu aralar elə də çox gündəlikdə olmayan “Xalqbank məsələsi” yenidən qızışdırılaraq, Ankaranın önünə sanksiya olaraq qoyula bilər. Beləliklə, Baydenin seçilməsi ehtimalı Ankara baxımından olduqca sıxıntılı və qeyri-müəyyən bir dövrün başlanğıcı olaraq görünür.

“4 il öncə Hillari Klintonla Donald Trampın mücadiləsi zamanı eyni qaydada Tramp sorğularda uduzurdu, lakin hamı nəticədən təəccübləndi”

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirdi ki, bəzi sorğu nəticələrinə görə, Co Bayden öndə görünür: “Artıq son iki gündə üç müxtəlif nüfuzlu sorğu şirkətinin məlumatı açıqlanıb. Onların hamısında Co Bayden öndə görünür. Amma burda bir maraqlı detal var. Belə ki, Amerikada keçən dəfə də belə olmuşdu. Yəni 4 il öncə Hillari Klintonla Donald Trampın mücadiləsi zamanı eyni qaydada Tramp sorğularda uduzurdu. Lakin hamı nəticədən təəccübləndi. Çünki Trampın qalib gələcəyini çox az insan gözləyirdi. Odur ki, indi də buna bənzər bir məsələ ola bilər. Çünki sorğular zamanı bir çox hallarda insanlar Trampa səs verəcəyini söyləmirlər. Ona görə ki, sorğu keçirənlər əsasən liberal çevrələrin nümayəndələridir. Onların isə Trampla o qədər də arası yoxdur. Bu səbəbdən də sorğu keçirən şirkətləri nəzərə alaraq, insanlar Trampa səs verəcəyini söyləmirlər. Hətta dünyada buna “Breksit effekti” adı da qoyulub. Çünki Böyük Britaniyanın “Breksit” öncəsi keçirilən sorğularda əhalinin böyük bir qismi Britaniyanın Avropa Birliyindən çıxmasının əleyhinə səs verəcəklərini bildirmişdilər. Amma bunun əksi baş verdi, 53 faizə yaxın əhali Britaniyanın Avropa Birliyindən çıxmasını dəstəklədi. Yəni o zaman vətəndaşlar “Breksit”ə loyal baxdığını gizlətməyə çalışırdı. İndi də ola bilər ki, Trampa loyal baxdıqlarını gizlətməyə çalışan bir qrup var”.

“İstər demokratlar, istərsə də respublikaçılar üçün Azərbaycan bölgədə vacib tərəfdaşdır”

ABŞ seçkilərində olduqca maraqlı çəkişmənin gözlənildiyini deyən politoloq hesab edir ki, bir neçə həlledici ştat var və orada gərgin mübarizə gedəcək: “Məsələn, Pensilvaniya və Texasda böyük mücadilə gözlənilir. Yəni kimin prezident seçiləcəyi onların nəticələrinə əsasən müəyyənləşəcək. Çünki öncədən nəticəsi məlum olan ştatlar var. Misal üçün son 50 ili götürsək, Kaliforniya istənilən halda demokratlara səs verir. Odur ki, Trampın bu ştatda qələbə qazanması çox zəif ehtimaldır. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, nəticə sürprizlərlə ola bilər. Ən azından onu demək mümkündür ki, başabaş bir mücadilə olacaq. Yəni bir-iki ştatın nəticəsi həlledici olacaq”. Donald Tramp dönəmində ABŞ-ın Azərbaycanla münasibətlərinin kifayət qədər müsbət dinamikada inkişaf etdiyini vurğulayan REAL-ın icra katibi qeyd etdi ki, kimin qələbə qazanmasından asılı olmayaraq, ABŞ Azərbaycanla münasibətləri kifayət qədər yüksək keyfiyyətdə saxlamağa çalışacaq: “Donald Trampın Azərbaycanla münasibətləri kifayət qədər normal, rəvan çərçivədə idi. Demokratların dönəminə gəlincə, bundan öncə Barak Obamanın prezidentliyində Azərbaycanla münasibətlərdə bəzi problemlər yaşansa da, ümumilikdə həm iqtisadi, həm də təhlükəsizlik nöqteyi-nəzərdən kifayət qədər ciddi münasibətlər qurulmuşdu. Odur ki, Azərbaycanın xarici siyasət prioritetlərində ABŞ önəmli rola malikdir. Bu səbəbdən də kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ-la münasibətlərin keyfiyyətlə davam etdirilməsinə, daha üst mərhələyə çıxarılmasına çalışılacaq. Düzdür, Co Baydenin seçkidən öncə Dağlıq Qarabağla bağlı bəzi xoşagəlməz açıqlamaları olub. Yeri gəlmişkən, Donald Trampın da Ermənistanın qulağına xoş gələ biləcək açıqlamaları olub. Amma bunların hamısını seçkiyə bağlamaq lazımdır. Lakin istər demokratlar, istərsə də respublikaçılar üçün Azərbaycan bölgədə vacib tərəfdaşdır. Odur ki, kimin qələbə qazanmasından asılı olmayaraq, ABŞ Azərbaycanla münasibətləri kifayət qədər yüksək keyfiyyətdə saxlamağa çalışacaq”.

Vazeh BƏHRAMOĞLU