ABŞ-da proseslər “vətəndaş müharibəsi”nə gətirib çıxaracaqmı? – POLİTOLOQ ŞƏRH ETDİ

591

Yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Ev yaxınlığında təşkil olunmuş mitinqdə çıxış edərkən tərəfdarlarını həmin vaxt seçki nəticələrinin Konqres tərəfindən təsdiqlənməsi ilə bağlı yürütdükləri mübahisədə “zəif Respublikaçılara kömək etmək” üçün Kapitoli binasına doğru getməyə çağırıb. Hazırkı prezidentin tərəfdarlarından ibarət dəstə Kapitoli binasını mühasirəyə alıb, binaya daxil olaraq prezident seçkilərində qalib gəlmiş Co Baydenin qələbəsinin təsdiqləndiyi Konqresin birgə sessiyasını yarımçıq kəsiblər. Bundan sonra əraziyə milli qvardiyaçılar cəlb olunub, iğtişaşlar zamanı, həmçinin beş nəfər ölüb.

ABŞ Konqresinin Nümayəndələr Palatası hazırkı prezident Donald Trampın impiçmentinə səs verib. Konqresmenlərin qərarı Donald Trampı barəsində aşağı palata tərəfindən iki dəfə impiçment elan edilmiş ilk prezident kimi ABŞ tarixinə yazıb. ABŞ-da baş verənlər bir tərəfdən demokratiyanın göstəricisi, digər tərəfdən isə iğtişaş kimi qiymətləndirilir. Hazırda, təxminən 15-20 minlik qüvvə Vaşinqtona yığılıb.

Maraqlıdır ki, “demokratiyanın beşiyi” adlandırdığımız ABŞ-da nələr baş verir? Proseslər “vətəndaş müharibəsi”nə gətirib çıxaracaqmı?

Mövzuyla bağlı politoloq Şahin Cafərliylə həmsöhbət olduq. Politoloq Hurriyyet.org-a müsahibəsində, Trampın dörd illik hakimiyyəti dövründə sözügedən qüvvələrin intibah dövrü yaşadığını bildirib. Məhz, bu səbəbdən onlar Trampın hakimiyyətdən getməsini qəbul edə bilmir:

“Yanvarın 6-da iğtişaşlar başladı. Radikal millətçi ünsürlər konqres binasına hücum edib, içəri daxil oldu. Yeni hücum təhlükəsi də gözlənilir. Hər halda Federal Təhqiqatlar bürosunun açıqlamasına görə, həmin qüvvələr inauqrasiya ərəfəsində yeni hücumlar edə bilər. Yəni, belə bir təhdid var. Ona görə də müxtəlif ştatlardan milli qvardiya bölmələri  Vaşinqtona gətirilib. Təxminən 15-20 minlik qüvvə Vaşinqtona yığılıb. Yəgin ki, real təhlükə mövcuddur ki, bu qədər qüvvə paytaxta gətirilib. Yoxsa o qədər qüvvəni mərkəzə niyə gətirsinlər ki?…ABŞ-da bu təhlükə son illər xeyli artıb.  Yəni, radikal millətçilər, irqçilər Trampın simasında bir növ öz adamlarını Ağ Evdə görürlər. Bu Trampın dörd illik hakimiyyəti dövründə sözügedən qüvvələrin intibah dövrü yaşanıb. Çünki, əvvəllər ABŞ sistemi onları daim əzib və küncə sıxışdırıb. Amma, Trampla bu qüvvələrin fikirləri üst-üstə düşürdü. 1861-1865-ci illərdə olmuş vətəndaş müharibəsindən sonra ilk dəfə olaraq konqres binasına iğtişaşlarla daxil olunur. Sözügedən qüvvələr Trampın seçkidə məğlub olmasını qəbul edə bilmir. Onlar səmimi olaraq inanırlar ki, seçkidə saxtakarlıq olub. Düşünürlər ki, ABŞ  sistemi bilərəkdən onların adamını Ağ evdən atmaq üçün saxtakarlıq edib. İndi də ədaləti təmin etmək üçün Trampı hakimiyyətdə saxlamağa çalışırlar. Həmin qüvvələr bu düşüncəylə hərəkət edir. Düşünürəm ki, ABŞ sistemi yaxın zamanlarda bu cür radikal qrupları neytrallaşdırmağa başlayacaq. Çünki, son illər onlara demək olar ki, toxunan olmayıb və nəticədə dirçəliblər. Artıq, ölkə daxilində ciddi təhdid vəziyyətinə gəliblər. Yeni seçilmiş prezident Bayden dəonları “daxili terrorçular” kimi qiymətləndirib. Ümumiyyətlə, demokratların onlara baxışı birmənalı deyil. Əgər, ölkə daxilində bu qədər terrorçu varsa, məntiqlə dövlət onlara qarşı tədbir görməlidir. Baydenin dövründə həmin qrupların əziləcəyini düşünürəm. Onlar da bunu bildikləri üçün bu cür aqrressiv münasibət göstərir”.

Qeyd: Müsahibəni daha ətraflı növbəti qəzet buraxılışımızda oxuya bilərsiniz.

YƏHYA