“ABŞ-da prezident seçkiləri məhkəmədə bitə bilər”

123

Şahin Cəfərli: “Hazırda seçkinin taleyi 3 ştatda – Pensilvaniya, Viskonsin və Miçiqanda düyünlənib”

“Az da olsa, yarışın bərabərə bitməsi ehtimalı da var, bu halda prezidenti Konqresin Nümayəndələr Palatası seçir”

Natiq Cəfərli: “ABŞ-da kim prezident olur olsun, bir çox ənənələr, ənənəvi və daimi maraqlar həmişə qorunacaq”

“Odur ki, Azərbaycan qələbə çalıb yeni reallıq yaradandan sonra Tramp da, Bayden də realıqla hesablaşıb məmləkətlə normal əlaqələr quracaq”

Respublikaçı prezident Donald Tramp və onun Demokrat Partiyasından olan rəqibi Co Bayden arasında bir sıra həlledici ştatlarda qızğın rəqabət gedir. Bu barədə “Azadlıq radiosu”nda yer alan məlumata görə, adıçəkilən ştatların nəticələrinin bilinməsi bir neçə gün çəkə bilər. O da bildirilir ki, Bayden noyabrın 4-dəki çıxışında seçkini udmaq üzrə olduğunu hiss etdiyini və bu səbəbdən də seçiciləri səbrli olmağa çağırıb. Donald Tramp isə daha döyüşkən mövqe tutaraq, demokratları seçkini oğurlamağa çalışmaqda suçlayıb və böyük qələbə gözlədiyini vurğulayıb.

Qeyd edək ki, Bayden Florida kimi əsas ştatları udmağa ümid edirdi. Ancaq nəticələr gəldikcə Trampın Floridanı qazandığı, Pensilvaniya, Miçiqan və Corciya kimi digər ştatlarda öndə getdiyi görünür. Seçki rəsmiləri isə xəbərdarlıq edirlər ki, poçtla göndərilən bülletenlərin sayı çoxdur, ştatlarda fərqli qaydalar tətbiq olunur və bütün səslərin sayılması bir neçə saat, hətta daha çox çəkə bilər. Pensilvaniyada səssaymanın yekunlaşması seçki günündən sonra üç günədək çəkə bilər. Seçkinin qalibi olmaqdan ötrü 270 elektoral səs lazımdır. CNN televiziyası Baydenin 220, Trampın 210 səs yığdığını xəbər verir. Böyük seçki gününə qədər 100 milyondan çox seçicinin poçtla, yaxud məntəqələrə gedərək səs verdiyi bildirilirdi. Bu, 2016-cı ildə seçkiyə getmiş seçicilərin 73 faizi demək idi.

Tramp ştat sayında irəli olmasına baxmayaraq, səs sayına görə Baydendən geridədir

Bu arada, “Amerikanın səsi” isə xəbər verir ki, ABŞ-ın mərkəzi İndiana ştatında Tramp gözlənildiyi kimi qələbə çalıb. Prezident oxşar nəticəni qonşu Kentaki ştatında sərgiləyib. Respublikaçı namizədin habelə Florida, Texas, Ohayo, Alabama, Arkanzas, Cənubi Dakota, Tennessi, Missuri, Cənubi Karolina, Qərbi Virciniya, Nebraska, Yuta, Vayominq, Montana, Luiziana və Oklahoma ştatlarında qalib gələcəyini proqnozlaşdırılıb. Demokrat namizəd Co Bayden isə öz növbəsində, Nyu York, Vermont, Massaçusets, Delaver, Merilənd, Minnesota, Nyu Meksiko, Kolorado, İlinoys, Konnektikut, Oreqon, Kaliforniya, Vaşinqton, Nyu Hempşir və Virciniya ştatlarında, habelə paytaxt Vaşinqton DC şəhərində (şimal-qərbdəki Vaşinqton ştatından fərqlidir – red.) rəqibini üstələməkdədir. Namizədlərin hər ikisi partiya tərəfdarlarının çoxluq təşkil etdiyi ştatlarda qələbə çalmağa yaxın olsalar da, əsas diqqət ictimai dəstəyin təqribən bərabər səviyyədə olduğu güman edilən ştatlara yönəlib. Şərq ştatlarında səs sayımı davam etdiyi bir məqamda qərb vaxt zonasındakı ştatlarda səsvermə hələ də gedir. Ölkənin bir sıra bölgələrində səsvermək üçün insanların uzun növbələrə dayandıqları xəbər verilib.

Yeri gəlmişkən, axar.az-ın “Foks” televiziyasına istinadən yaydığı informasiyaya görə, Donald Trampın seçkidə dəstəyini aldığı seçicilərin sayı 50 milyonu keçib. Oxşar vəziyyət Trampın rəqibi olan Co Baydenlə də bağlı yaranıb. Hazırda hər iki namizədi dəstəkləyən seçicilərin sayının 60 milyon nəfərə çatdığı bildirilib. Bununla belə Trampın indiyə qədər 23 ştatda, Baydenin isə 19 ştatda qalib gəldiyi bildirilib. Digər ştatlarda isə hələlik yekun nəticə müəyyənləşməyib. Tramp ştat sayında irəli olmasına baxmayaraq, səs sayına görə Baydendən geridədir. Hazırda səs nisbəti 224-ün 213-ə Baydenin xeyrinədir.

“Seçkilərin nəticələri göstərir ki, Baydenin asan qələbəsini proqnozlaşdıran sorğu şirkətləri 2016-cı ildə olduğu kimi, yenə yanıldılar”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən siyasi şərhçi Şahin Cəfərlinin qənaətincə, ABŞ-da prezident seçkiləri məhkəmədə bitə bilər. O qeyd edib ki, hazırda seçkinin taleyi 3 ştatda – Pensilvaniya, Viskonsin və Miçiqanda düyünlənib: “Hər üçündə Tramp öndə gedir. Amma 3 noyabrdan əvvəl poçtla verilmiş səslərin əksəriyyəti hələ sistemə daxil edilməyib. Məlumdur ki, demokratların mütləq əksəriyyəti 3 noyabrı gözləmədən poçtla səs verib. Tam əksinə, respublikaçıların böyük qismi isə məhz seçki günü məntəqələrdə, fiziki olaraq səs verib. Təsəvvür edin ki, poçtla göndərilmiş konvertlərin bir qismi hələ yoldadır, ünvana çatmayıb. İndi Tramp deyir ki, bu, fırıldaqdır, seçki bitdikdən sonra yetişən məktub-bülletenlər qəbul edilməməlidir. Şəxsi düşüncəmə görə, seçki günündən əvvəl məktubla səs vermək qaydası doğru deyil. Bütün ölkə üçün vahid seçki günü müəyyənləşdirilsə və vahid seçki qanunvericiliyi olsa, daha yaxşıdır. Amma ABŞ-ın unikal federal sistemi (hər ştatın fərqli qanunları və qaydaları var), Konstitusiya dəyişikliyi prosedurunun çox mürəkkəb olması (bunun üçün ştatların dörddə üçünün razılığı tələb olunur), ənənələrə və presedentlərə əsaslanan anqlo-sakson kültürü arxaik qayda-qanunların dəyişdirilməsinə və modernləşdirilməsinə imkan vermir”.

Siyasi şərhçinin fikrincə, seçkilərin nəticələri göstərir ki, Baydenin asan qələbəsini proqnozlaşdıran sorğu şirkətləri 2016-cı ildə olduğu kimi, yenə yanıldılar: “Trampın qələbə şansı real görünür. Demokratların kritik ştat olan Floridada növbəti məğlubiyyəti onlara ağır zərbə oldu. Bu ştatda Kuba mühacirləri başda olmaqla, ciddi latınamerikan mənşəli (hispanic) kütlə var. Bu təbəqə Kuba rejiminə qarşı təzyiq siyasətinin və orda rejim dəyişikliyinin tərəfdarıdır. Respublikaçılar onların bu gözləntilərinə daha uyğun siyasət yeritdiyi halda, demokratlar Obama dövründə Kubaya münasibətdə yumşalma siyasəti aparırdı və Bayden həmin vaxt ikinci adam idi. Qeyd edim ki, az da olsa, yarışın bərabərə (269-269) bitməsi ehtimalı da var. Bu halda prezidenti Konqresin Nümayəndələr Palatası seçir”.

“ABŞ tək qanunlarla deyil, həm də ənənələrlə idarə olunur və bu, Amerikanı güclü edən əsas amillərdən biridir”

“Hürriyyət”in məlumatına görə, Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə ABŞ-da seçkilərin nədən məhz noyabrın ilk 2-ci çərşənbə axşamı keçirilməsinin səbəbələrini izah edib. Onun sözlərinə görə, bu qanun qəbul edilərkən 2 məsələ nəzərə alınıb: “Birincisi, bazar günü xristian aləminin müqəddəs günüdür, bu gün seçki olmazdı – camaat kilsələrə gedirdi. İkincisi, o zaman ABŞ-da normal yol-iz yox idi, kilsələr isə əsasən böyük şəhərlərdə, qəsəbələrdə idi. Bazar gün ibadətə kəndlərdən atla, araba ilə gedən camaat, ən yaxşı halda 1-ci gün səhərə yaxın kənddə-kəsəkdə olan evlərinə çatırdılar, 1-ci gün gün boyu dincəlirdilər. Ona görə də qərara gəliblər ki, noyabrın ilk 2-ci günü (çərşənbə axşamı) seçki olsun. Bəs niyə noyabr ayı? Çünki o zaman ABŞ aqrar ölkə idi, əhalinin tamamına yaxını torpaqda işləyirdi, əkin-biçin ilə məşğul idi. Noyabrın əvvəlinə isə məhsul yığımı artıq bitmiş olurdu, havalar da çox soyumurdu deyə, məhz noyabrın əvvəlinə seçki salıblar”. ABŞ-ın tək qanunlarla deyil, həm də ənənələrlə idarə olunduğunu deyən politoloq hesab edir ki, bu, Amerikanı güclü edən əsas amillərdən biridir: “Ona görə də, ABŞ-da kim prezident olur olsun, bir çox ənənələr, ənənəvi və daimi maraqlar həmişə qorunacaq. Odur ki, Azərbaycan qələbə çalıb yeni reallıq yaradandan sonra Tramp da, Bayden də realıqla hesablaşıb məmləkətlə normal əlaqələr quracaq”.

Vazeh BƏHRAMOĞLU